Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4774/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 qarşı iş üzrə (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri alınması və ya dəyərinin pulla ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması və ya dəyərinin pulla ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-881/2023 nömrəli 05 may 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 19 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Nizami RPİ-də xx.xx.2022-ci il tarixli verdiyi izahatında göstərmişdir ki, onun Rəsmiyyə Əliyava ilə qohumluq münasibəti var, onların evinə mütəmadi olaraq gəlibgetmişdir. Rəsmiyyənin göstərdiyi paltaryuyanı 2017-ci ildə, dəqiq yadında qalmadığı tarixdə onlara alıb vermişdir. Yəni onun verdiyi 1200 manat pulun müqabilində Rəsmiyyənin bacısı Nailə həmin məişət texnikasını almışdır. Həmin paltaryuyanı Rəsmiyyə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində olan evində saxlamışdır. Onlara gəlib getdikdə həmin paltaryuyanın istifadə etmədiklərini görmüşdür. Səbəbini onlardan soruşduqda Rəsmiyyə ona demişdir ki, paltaryuyan iri həcimli olduğu üçün onu işlədə bilmirlər. Buna görə də, o, həmin paltaryuyanı onlardan Rəsmiyyənin icazəsi ilə həmin tarixdə yaşadıqları evdən götürüb yenisini alıb verəcəyinə söz vermişdir. Lakin həmin tarixdən pulu ödməməmişdir. Paltaryuyanın pulunu Rəsmiyyə 10 gün ərzində ödəcəyinə söz verir. Qeyd edir ki, həmin paltaryuyanı əmisi oğlunun ailəsinə vermişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin evlərindən apardığı “PANASONİC NA140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşının qanunsuz sahibliyindən alınaraq onlara qaytarılması, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyəri olan 4945 manat məbləğində pulun onların xeyrinə tutulması və ödənilmiş 70 manat olmaqla, cəmi 5015 manat pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, onlar cavabdeh ilə 1995-ci il tarixində tanış olmuşlar. Onların bu tanışlıqların uzun illərdir ki, ailəvi davam etmişdir. Ağabey Kiçibəyov ara-sıra onlara gəlib, zamanı gələndə həyatının ən xoş və ya ağrılarını onlarla bölüşüb, onlar da belə hallarda daima ona qayğı göstərmiş, hər bir söhbətlərində aradakı səmimiyyəti, mehribanlığı qoruyub saxlamışlar və ona daha çox diqqət yetirmişlər. Beləliklə, onlar evlərinə ev cihazları dükanından hissə-hissə ödənişlə ağ rəngində “PANASONİC NA-İ40VG3” 10 kq paltaryuyan maşın almışlar. Amma mətbəxlərində təmirlə bağlı iş çox olduğundan paltaryuyan maşını istifadə etməmişlər. Hazırda həmin ağ rəngində “PANASONİC NA-140VG3” 10 kq paltaryuyan maşının qiyməti 4945 manatdır. 2017-ci ilin mart ayında Ağabey Kiçibəyov onlara gəlib bildirmişdir ki, bu paltaryuyan maşını ona versinlər, onun evində paltaryuyan xarab olmuşdur, həm də 5 kq-dır və çox kiçikdir. O, maaşını alanda gətirib pulunu verəcək və onlar özlərinə lazım olan vaxtda alarlar. Cavabdeh dəfələrlə gəlmiş, israrla onlardan xahiş etmişdir ki, paltaryuyan maşını ona versinlər, onlar da cavabdehin səmimiliyinə inanaraq paltaryuyan maşını cavabdehə vermişlər. xx.xx.2017-ci il tarixində Ağabey gəlib evlərindən paltaryuyan maşını aparmışdır, lakin uzun müddət keçməsinə baxmayaraq Ağabey Keçibəyov paltaryuyan maşının pulunu gətirib verməmişdir. O, beləcə onların etibarlarından sui-istifadə edərək, onları aldadaraq ağ rəngdə “PANASONİC NA-140VG3” markalı 10 kq markalı paltaryuyan maşını aparır və bu zamana kimi pulunu heç qaytarmağı da düşünmür. Onlar cavabdehə dəfələrlə zəng etmiş, mesaj yazmışlar. Ağabey Kiçibəyov bildirirdi ki, 3 günə, 5 günə pulu gəlirib verəcəkdir. Günlər, həftələr, aylar belə keçmiş, onlara heç bir cavab verməmişdir. Bundan başqa 2019-cu ilin iyun ayın 6-da onlar Ağabey Kiçibəyov ilə yolda rastlaşmış və bütün bu olanlar barədə danışmışlar. Cavabdeh onlara demişdir ki, o, paltaryuyan maşını evinə aparmamış, başqası üçün aparmışdır, bir gün zəngləşib danışarlar. O, vaxtdan bu zamana kimi Ağabey Kiçibəyov heç bir dəfə də onlara zəng etməmişdir. X3 onların etibarlarından sui-istifadə edib, onları aldadaraq evlərindən qiymətli əşyalarını aparmışdır. O, apardığı ağ rəngli “PANASONİC NA-140VG3” 10 kq paltaryuyan maşının qaytarmalı və ya dəyərinin pulunu onlara ödəməlidir. X5suz hərəkəti ilə bağlı Sabunçu rayon Baş Polis idarəsinə müraciət etsələr də, müraciətlərini məhkəmə qaydasında etmələri onlara izah edilmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 may 2023-cü il tarixli 2(007)-881/2023 nömrəli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddia qismən təmin edilmiş, cavabdeh X2 “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılması, həmin əşya qaytarılmadığı təqdirdə isə onun dəyəri kimi 1200 manat məbləğində pul və ödənilmiş 17 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 53 manatının İddiaçı1 aid edilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh 2017-ci il tarixdə iddiaçılardan “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşını təhvil almış və 1200 manat pulu iddiaçılara verəcəyini öhdəsinə götürmüşdür. Lakin hazırkı vaxtadək nə əşya, nədəki onun dəyəri iddiaçılara qaytarılmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli izahatı ilə “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşının hazırda mövcud olduğunu və onun tərəfindən əmisi oğlunun ailəsinə verdiyini qeyd etmişdir. Belə ki, əmlakın cavabdeh tərəfindən kimə verilməsindən asılı olmayaraq cavabdeh tərəfindən təhvil alınmışdır və hazırda əmlakın cavabdehin sahibliyində olması halı da istisna edilmir. Bu səbəbdən iddiaçılara məxsus olan əşya geri qaytarılmalıdır.
6. Məhkəmə tərəfindən “PANASONİC NA-140VG3” markalı 10 kq ağ rəngində olan paltaryutan maşının 989 manata alındığı müəyyən edilsə də, hazırda iddiaçılar beş il üzrə, əmlakın dəyərinin beş misli miqdarında, yəni 4945 manat məbləğində pulun ödənilməsini xahiş etmişlər. Məhkəmənın xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili 900 manat, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında isə 1000 manat təklif etdiklərini bildirmişdir. Cavabdeh isə polis idarəsində verdiyi izahatında əmlakın 1200 manata alındığını və dəyərini 10 gün müddətində ödəyəcəyini qeyd etmişdir. Məhkəmə şəxsən cavabdeh tərəfindən tərtib edilmiş izahatda qeyd edilənləri iddianın qismən etirafı kimi qəbul edərək, cavabdeh tərəfindən 1200 manat məbləğində pulun iddiaçılara ödənilməsi ilə bağlı öhdəlik götürdüyünü qeyd edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh tərəf iddiaçılara edilmiş ödənişlərə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, Mülki Prosessual Məcəllənin 14.2, 52.2, 88, 106.1, 106.3, 119.1, 191.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, iddianın tamamilə təmin edilməsi və cavabdehdən alınmalı əmlakın dəyəri olan 4945 manat məbləğində pulun onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehdən alınmalı əmlakın dəyərinin 4945 manat məbləğində olduğunu bildirsələrdə, məhkəmə çox az miqdarda cəmi 1200 manat məbləğində pul tutmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.
12. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
19. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə iddiaçıların apellyasiya şikayətinə münasibətdə, iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçılar 2014-cü il tarixdə “PANASONİC NA- 140VG3” markalı 10 kq ağ rəngində olan paltaryuyan maşın almışlar. Həmin paltaryuyan maşın 2017-ci ildə Cavabdeh verilmişdir.
27. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli paltaryuyan maşını 989 manata əldə etmişlər.
28. İddia tələbində isə əmlak özü olmadıqda, əmlakın dəyəri olaraq 4945 manat məbləğində pulun tutulmasını tələb etmişlər.
29. Cavabdehin Nizami Rayon Polis İdarəsində xx.xx.2022-ci il tarixdə vermiş olduğu izahatı ilə müəyyən edilir ki, cavabdeh 2017-ci ildə paltaryuyan maşını götürdüyünü etiraf etmiş, həmçinin 10 gün ərzində 1200 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İzahatda məhz paltaryuyan maşının onun verdiyi 1200 manat müqabilində alındığını bildirilsə də, sonda paltaryuyan maşının pulunun qaytarılacağı göstərilmişdir. Həmçinin, cavabdeh paltaryuyan maşını əmisi oğlunun ailəsinə verdiyini qeyd etmişdir.
30. Birinci instansiya məhkəməsi cavabdehin etirafı həcmində əmlakın dəyəri olaraq 1200 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir.
31. İddiaçılar apellyasiya şikayətində əmlakın dəyərini mübahisələndirərək, hazırda əmlakın dəyəri olaraq 4945 manatın tutulmasını xahiş etmişlər.
32. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır.
33. İddiaçılar paltaryuyan maşının 4945 manat olduğunu iddia etsələr də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişlər. Həmçinin müəyyən olunmuşdur ki, iddiaçılar həmin avadanlığı 989 manata almışlar.
34. İddiaçılar apelyasiya şikayətində 4945 manat tələb etmələrini paltaryuyan maşının 2017-ci ildən indiyədək cavabdehin istifadəsində olması nəticəsində onlara dəymiş zərər kimi əsaslandırsalar da, zərərlə bağlı iddia tələbləri olmamışdır. İddia ərizəsindən də görünür ki, iddiaçılar 4945 manatı cavabdehdən alınmalı olan əmlakın dəyəri kimi göstərmişlər.
35. Kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq cavabdehin etirafını əsas götürərək 1200 manat məbləğində pulun tutulması qənaətinə gəlmişdir.
36. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-881/2023 nömrəli iş üzrə 05 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.