Məhkəmə qərarları › İş №2(103)-4778/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4778/2024

30.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4778/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-198/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Nəsimi rayon icra şöbəsinə, Nəsimi rayon icra şöbəsinin keçmiş icra məmuru Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh4 MMC və "Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi və.s» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Nəsimi rayon icra şöbəsinə, Nəsimi rayon icra şöbəsinin keçmiş icra məmuru Cavabdeh5, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh4 MMC və "Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-yə qarşı «əmlakın qiymətləndirilməsi rəyinin ləğv edilməsi və.s» tələbinə dair iddiası üzrə icraata xitam verilməsi qərara alınmışdır. Daha sonra İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Eyni zamanda İddiaçı məhkəməyə şikayətin verilmə müddətinin bərpasına dair ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı İddiaçı 2(006)-198/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Daha sonra İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsin 25 iyun, 2024-cü il tarixli, 2(006)- 198/2024 nömrəli qərardadının ləğv edilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsin 17 yanvar, 2024-cü il tarixli, 2(006)-198/2024 nömrəli qərardadından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək, bərpa olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-198/2024 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İddiaçı apellyasiya icraatı zamanı məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir və ərizəsində göstərmişdir ki, məhkəmə tərəfindən (*** *** ** **) saylı telefonuna SMS yəni mesaj göndərilmiş, 17 yanvar 2024-cü il tarixində məhkəmə iclasında iştirak etmişdir. Məhkəmədən sonra Beyləqan rayonuna getmiş anamın 40 mərasimi keçirildikdən sonra onun qəbrinin götürülməsi ilə bağlı rayonda olmuşdur .İclas katibi Səbinə xanıma və hakimə məhkəmədə bildirmişdir ki, evdə olmayacaq, rayona gedir, qərardad hazır olanda ona məlumat verilməsini və ya SMS göndərilməsini xahiş etmişdir. Qərardadı həmişə göndərdiyi elektron poçt ünvanına yollamağını xahiş etmişdir. O, dəfələrlə ərazi üzrə 10 saylı Poçtla əlaqə saxlamış, hər dəfə ona bildiriblər ki, Nəsimi rayon Məhkəməsi tərəfindən heç bır qərardad və məktub göndərilməyib. Beyləqan rayonunda anasının ölümündən sonra stres keçirmişdir. Bundan sonra 18 aprel 2024-cü il tarixində Nəsimi rayon Məhkəməsinə gələrək, rəsmi şəkildə qəbzə imza edərək, 17 yanvar 2024-cü il tarixli qərardadın surətini alaraq apellyasiya şikayəti hazırlanıb qanunla nəzərdə tutulmuş 10 gün müddətində elektron məhkəmə vasitəsi ilə məhkəməyə göndərmişdir. Göründüyü kimi,İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmamışdır. Bu səbəbdən iddiaçı kimi hesab edir ki, apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-198/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 198/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, sözügedən qərardaddan şikayət isə İddiaçı tərəfindən elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsinə dair birinci instansiya məhkəməsi haqlı mövqedə olmuşdur. Belə ki, ərizəçi qətnamədən şikayət vermək üçün müəyyən olunmuş müddəti üzürlü səbəb olmadan ötürərək apellyasiya şikayəti vermişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, belə olan halda buraxılmış prosessual müddətin bərpa olunması əsaslı ola bilməz.. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Mülki Prosessual Məcəllədə müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim oldunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qərardadın çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cañete de Goñi İspaniyaya qarşı” işi üzrə qərarının 36-cı paraqrafında qeyd edilir ki, apelyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla haqlı olaraq hesab etmişdir ki, hüquqi müəyyənlik prinsipi, qanuna itaətin və hüquqi intizamın təmin olunması məqsədilə qanuni qüvvəyə minməsindən sonra qətnamədən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizənin təmin olunması qanuni və əsaslı hesab edilə bilməz. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, qanunla müəyyən edilmiş müddətin əhəmiyyəti ondan ibarətdir ki, hüquq münasibətləri iştirakçılarını intızamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. O da nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-198/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-198/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar