Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4794/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suxaxanı Rayon Məhkəməsinin 2(010)-1237/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2900 manat məbləğində pulun, iddiaçının nəvəsinin əlilliyi ilə əlaqədar Cavabdeh1 “Beynəlxalq Bank”-da olan hesab nömrəsinin bağlanması, hesaba köçürülən məbləğlər mənimsənilmişdirsə 2 qat ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödəmiş olduğu dövlət rüsumunun və digər xəsrclərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə “Azərneftyağ” İB-də bir yerdə işləmişdir. 2018-ci il iyun ayında təsadüfən çimərlikdə görüşmüş bundan sonra telefon əlaqəsi qurmuşlar. 2019-cu ilin əvvəllərində Rəşid ona zəng edərək bildirmişdir ki, Sabunçu rayonu Balaxanı qəsəbəsində 2 mərtəbəli ev almışlar, başqa yerdə kirayədə yaşamamağı, gedib onlarla bir yerdə yaşamağı ona təklif etmişdir. Cavabdeh1 arvadı digər Cavabdeh2nın doğum günü münasibətilə onu evlərinə dəvət etmiş, elə həmin məclisdə demişlər ki, təqaüdçüdürlər, heç bir yerdə işləmirlər, evlərinin 1-ci mərtəbəsi boşdur, gəlib orada yaşasa, həm də onlara baxsa, bunun əvəzində evi onun nəvəsinin adına keçirərlər. O isə sadəcə maddi yardım etməyə razı olduğunu bildirdi. Rəşidin də köməyi ilə 2019-cu ilin iyun ayında kirayədə qaldığı evdəki əşyaları cavabdehlərin evinə daşımışlar. 8 aydan çox cavabdehlərə baxmış, hər ay təxminən cavabdehlərə 350-400 manatdan çox pul xərcləmiş, evə nə lazımdırsa hər şeyini o almış, əlavə olaraq 100 manat borc almışlar, 4 dəfə Lənkərana gedəndə onlara 140 manat vermişdir. 2020-ci ilin aprel ayında cavabdehlərdən evi nəvəsinin adına rəsmiləşdirməyi tələb etdikdə, onlar bundan boyun qaçırmış və bundan sonra onunla münasibətləri pozmağa başlamışlar. İddiaçı yatdığı zaman telefonunun səsini qısmışlar ki, eşitməsin, yatıb qalsın nəticədə işə geciksin, xalçanın üzərinə qəsdən şüşə qırıntıları tökmüşlər ki, ayağı yaralansın və.s. Samirə bildirmişdir ki, o, evdən çıxsın, çünki hər ay kirayə üçün 350 manat verə biləcək yeni bir kirayənişin tapıb. O da cavabdehlərdən bu vaxta qədər onlara çəkdiyi 2000 manat xərci geri tələb etmişdir. Bununla bağlı 02 iyun 2020-ci ildə akt tərtib etmişlər,Cavabdeh1 imza atmamış, lakin Cavabdeh2 aktı imzalamış və pulu iyul ayının əvvəllərində ödəyəcəyini öhdəsinə götürmüşdür. Bir ay keçdikdən sonra Samirəyə zəng vurduqda sonra zəng vur danışaq deye cavab vermiş, lakin sonra başqa bir nömrədən ona zəng gəlmiş ki, Samirədən pul istəmə istiyirsən mənimlə görüşək. Beləlikdə Samirə ona başqası vasitəsilə hədə qorxu gəlmişdir. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Suxaxanı Rayon Məhkəməsinin 2(010)-1237/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsiylə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suxaxanı Rayon Məhkəməsinin 2(010)-1237/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının iş materiallarına əlavə etdiyi 02.06.2020-ci il tarixdə tərtib olunmuş aktın kserosurətinə görə X3 İddiaçı olan 2000 manat borcunu 8-10 aya ödəyəcəyinə, vaxtında verilməsə 2700 manat olacağına dair imza etmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı cavabdehlərə məxsus evdə bir müddət əvəzsiz olaraq yaşamış, həmin müddət ərzində hər iki tərəf gündəlik xərcləri qarşılamışlar. İddiaçı cavabdehlərə məxsus evdə qalmasına görə kirayə haqqı ödəməmiş, tərəflərin izahatlarından görünür ki, belə bir anlaşma tərəflər arasında olmamışdır. Hazırda iddiaçının tələbinin əsasını cavabdehlərə məxsus evdə qaldığı dövrdə cari xərclərin tələb edilməsi təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsaslı deyil və formal mülahizələrə söykənir. Belə ki, iddiaçı həmin evdə razılıq əsasında kirayə pulu ödəmədən əvəzsiz olaraq qalmış, birgə təsərrüfat əsasında da müəyyən dolanacaq xərcləri çəkmişdir. Həmin xərclərin cavabdehlərdən istənilməsinin maddi hüquqi əsasını iddiaçı sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin qalan hissələri ilə bağlı da qeyd edir ki, tələblər formal mülahizələrə əsaslanmışdır və maddi hüquq normaları baxımından heç bir əsası yoxdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də, bir qayda olaraq olmayan şeyləri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə kollegiya qeyd edir, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələrdən ibarət olmaqla iş materialları ilə təkzib olunduğundan əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suxaxanı Rayon Məhkəməsinin 2(010)-1237/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suxaxanı Rayon Məhkəməsinin 2(010)-1237/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4794/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4794/2021
04.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver