Məhkəmə qərarları › İş №2(103)-4812/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4812/2022

05.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4812/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh3 və onun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)- 110/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Məmmədəliyev Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Çiləgir kəndində sahəsi 0,09 ha olan, Qusar rayonu Ləzə kəndində sahəsi 0,19 ha olan və Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahələrinin açıq hərracda satılmasına dair 17 oktyabr 2019-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən həyata keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, həmin torpaq sahələrinin bərabər şəkildə onunla cavabdeh Məmmədəliyev Lətif Cavabdeh2 oğlu arasında bölünməsi və həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 oktyabr 1992- ci ildə cavabdeh Məmmədəliyev Cavabdeh2 ilə nikaha daxil olmuş və Xətai Rayon Məhkəmisinin 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. Qusar rayonu Çiləgir kəndində sahəsi 0,09 ha olan və Qusar rayonu Ləzə kəndində sahəsi 0,19 ha olan torpaq sahələri 2014-cü ildə, Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahəsi isə 2017-ci ildə Cavabdeh2 Məmmədəliyevin mülkiyyətinə keçmişdir. Cavabdeh1 MMC tərəfindən həmin torpaq sahələrinin açıq hərracda satışı həyata keçirilmiş və 17 oktyabr 2019-cu il tarixli 122 saylı hərracın yekunları barədə protokollara və müqavilələrə əsasən Cavabdeh3 Tapdıq oğlu tərəfindən əldə edilmişdir. Hesab edir ki, hərrac qanunsuz keçirildiyindən, onun nəticəsi də etibarsız hesab edilməlidir. Belə ki, hərrac keçirilərkən həmin torpaq sahələrinin birgə nikah dövründə əldə olunmuş ümumi birgə əmlak olması nəzərə alınmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)- 110/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı, Qusar rayonu Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahələrinə İddiaçı və Məmmədəliyev Cavabdeh2 hər birinin ½ hissədə payı müəyyən edilərək həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüquqlarının tanınması; Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, Qusar rayonu Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli 120 saylı, 121 saylı və 122 saylı hərracın yekunları haqqında protokolların və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh3 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 Məmmədəliyev iddiaçının keçmiş əridir. Onunla Cavabdeh2 Məmmədəliyev arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, Cavabdeh2 Məmmədəliyevə 57500 ABŞ dolları məbləğində borc vermişdir. Həmin borcun məhkəmə qaydasında tutulmasına dair qətnamə mövcuddur. İddiaçı ilə borclu H.Məmmədəliyev borc müqaviləsi bağlanan zaman nikahda olmuşlar. Sözügedən torpaq sahəsini Cavabdeh2 Məmmədəliyev xx.xx.2017-ci il tarixdə onu aldadaraq borca aldığı pulun əvəzində əldə etmişdir. Qətnamə onun hüquqlarını və qanunvericiliyin tələblərini pozmaqla qəbul edimişdir. Cavabdeh1 MMC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə işin faktiki halları araşdırılmadan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı bu iddianı qaldırmaqla Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-6630/2017 saylı icra vərəqəsi üzrə pul tələbinin birgə nikah dövründə əldə edilmiş əmlaka yönəldilməsindən yayınmağa çalışmışdır. Hərrac qanunun tələblərinə uyğun keçirilmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kolegiyasının 10 avqust 2021-ci il tarixli 2(103)- 5306/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)-110/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 18 aprel 2022-ci il tarixli, 2(102)- 1941/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kolegiyasının 10 avqust 2021-ci il tarixli 2(103)-5306/2021 saylı qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və onun vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətini müdafiə etdiklərini bildirdilər və təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətlərini əsassız hesab edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırki halda cavabdehlərin apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş edilməklə, qətnamə tam mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən hüquqi mövqeyi nəzərə alıb hesab edir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 Tabdıq oğlu tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməli, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Məmmədəliyev Cavabdeh2 ilə X3 arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmış, Qusar rayonu Çiləgir kəndində sahəsi 0,10 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Məmmədəliyev Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə, Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Məmmədəliyev Cavabdeh2 adına xx.xx.2014-cü il tarixdə, Qusar rayonu Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Məmmədəliyev Cavabdeh2 adına xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin torpaq sahələri Cavabdeh2 Məmmədəliyevin və İddiaçı birgə nikah dövründə əldə etdiyi əmlaklardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-6630/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, Cavabdeh2 Məmmədəliyevdən 57500 ABŞ dolları məbləğində pulun Cavabdeh3 xeyrinə tutulması qərara alınmışdır. Qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Məmmədəliyevin mülkiyyətində olan qeyd edilən torpaq sahələrinin üzərinə həbs qoyulmuş, borcun ödənilməsi həmin əmlaklara yönəldilmişdir. Hərracın dayandırılması barədə xx.xx.2019-cu il tarixdə hərrac təşkilatına müraciətlər edilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-8579⁄2019 saylı qərardadı ilə həmin torpaq sahələrinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Cavabdeh1 MMC (hazırda "xxxx" MMC) tərəfindən Qusar rayonu Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, Qusar rayonu Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərracın nəticələrinə dair Cavabdeh1 MMC-nin xx.xx.2019-cu il tarixli 120 saylı, 121 saylı və 122 saylı protokollarına və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələrə əsasən həmin torpaq sahələri Cavabdeh3 Tabdıq oğlu tərəfindən əldə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-5696/2018 saylı qətnaməsinə əsasən, İddiaçı ilə Məmmədəliyev Cavabdeh2 arasında nikah pozulmuşdur. İddiaçı mübahisəli torpaq sahələrinə dair mülkiyyət hüququnun olduğunu qeyd edərək, həmin əmlakların birgə nikah dövründə əldə edildiyini, bu səbəbdən də keçirilmiş hərracların qanunsuz olmasını bildirir və hesab edir ki, bu əsaslara görə hərracın nəticələrinin etibarsız hesab edilərək, mülkiyyət hüququ bərpa olunmalı və həmin əmlaklar üzərində ½ payı müəyyən edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin edib iddiaçının mübahisələndirilən əmlaklara dair ½ hissədə payının müəyyən edilməsi və həmin əmlaklara dair keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1, 37.2-ci, Mülki Məcəlləsinin 213.2, 225.1, 225.6-cı maddələrinə istinad edərək qeyd etmişdir ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Mübahisəli torpaq sahələrinin İddiaçı və cavabdeh Məmmədəliyev Cavabdeh2 nikah müddətində əldə etdikləri ümumi mülkiyyət olması isə mübahisəsizdir. Məhkəmə, mübahisələndirilən əmlaklara dair keçirilmiş hərracın etibarsızlığı ilə bağlı isə qeyd etmişdir ki, Cavabdeh1 MMC ("xxxx" MMC) tərəfindən Qusar rayonunun Çiləgir kəndində yerləşən 0,09 ha və 0,10 ha həyətyanı torpaq sahələrinin, Qusar rayonunun Ləzə kəndində yerləşən 0,19 ha torpaq sahəsinin açıq hərracdan satılmasına dair keçirilmiş hərrac, o cümlədən, Cavabdeh1 MMC-nin 120 saylı, 121 saylı və 122 saylı, 17 oktyabr 2019-cu il tarixli hərracın yekunları haqqında protokolları və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilələr etibarsız hesab edilməlidir. Bu zaman məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 415.2, 415.4, 415.5, 416.1, 416.2-ci, “İcra haqqında” Qanunun 53.2, 62.1, 62.2-ci maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi halları düzgün müəyyən edilməmiş, işdəki sübutlar prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməmiş, maddi hüquq normaları düzgün tətbiq və təfsir olunmamış, bu səbəbdən də qətnamə qanuni və əsaslı olmamışdır. (MPM 217.1-ci maddə) Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, mübahisələndirilən torpaq sahələrinin iddiaçı ilə cavabdeh Məmmədəliyev Cavabdeh2 ümumi birgə mülkiyyətləri olması mübahisə predmetini təşkil etmir. Mübahisəli məsələ həmin əmlakların cavabdeh Məmmədəliyev Cavabdeh2 borclu kimi tanındığı icra sənədinin icrası qaydasında hərracdan satılmasının qanuniliyidir. İddianı təmin edərək keçirilmiş hərrac nəticəsində bağlanılan alqı-satqı müqavilələrini etibarsız hesab edən birinci instansiya məhkəməsi mövqeyini MM-in 337.1 və 416.1-ci maddələri ilə əsaslandırmışdır. Lakin Mülki Məcəllənin 416.1-ci maddəsinin dispozisiyasına əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə tərəfindən isə hərracın keçirilməsi ilə bağlı qaydaların pozulması halı müəyyən olunmamış və bununla bağlı əsaslandırma aparılmamışdır. İddiaçının tələbinin əsasını hərracın keçirilməsi qaydası deyil, hərracdan satılan əmlakın onunla cavabdeh Məmmədəliyev Cavabdeh2 ümumi birgə mülkiyyətlərində olması və həmin əmlak hərracdan satılarkən mülkiyyət hüququnun pozulması təşkil edir. Bununla bağlı nəzərə alınmalıdır ki, mübahisələndirilən hərrac cavabdeh Məmmədəliyev Cavabdeh2 təşəbbüsü ilə deyil, sonuncudan borc məbləğinin tutulmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar keçirilmişdir. Yəni, hərrac “İcra haqqında” Qanunun 53 və 61.2-ci maddələrinə uyğun olaraq icra məmurunun sifarişi əsasında keçirilmişdir. Bu zaman qeyd olunmalıdır ki, qeyd olunan Qanunun müddəalarına görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarət olmaqla, həmin hərəkətlərdən birincisi icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən, sonrakı hərəkətlər isə icra məmuru tərəfindən həyata keçirilir. Hazırki işdə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi üzrə tələb borclu Məmmədəliyev Cavabdeh2 adına rəsmi qeydiyyata alınan torpaq sahələrinə icra məmurun qərarı (sifarişi) ilə yönəldilmiş və iddiaçı “İcra haqqında” Qanunun 89-cu maddəsinə uyğun olaraq əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə deyil, artıq keçirilən hərracın etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının mübahisələndirdiyi əmlaklar birgə nikah dövründə əldə edilmiş ümumi əmlaklar olsa da, iddiaçının əri olan Məmmədəliyev Cavabdeh2 həmin əmlaklardan bir hissəsini məhz birgə nikah dövründə hazırki iş üzrə Cavabdeh3 aldığı borc pulun hesabına əldə edildiyindən, həmin borc ümumi borc hesab olunmalıdır. Bu səbəbdən də qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə əlaqədar iddiaçının mübahisələndirdiyi əmlaklar üzərinə həbs qoyulub hərraca çıxarılması və hərracda satılması qanuni olmuşdur. İddiaçı iddia ərizəsində, habelə məhkəmə iclaslarında verdiyi izahatlarda hərracın keçirilmə qaydasının pozulması halına istinad etməmişdir. Bu səbəbdən də hərracın keçirilməsinin etibarsız olması barədə iddiaçının tələbi əsassız olmuşdur. Lakin, işə baxan birinci instansiya məhkəməsi hər hansı bir əsas olmadan hərracın nəticələrini etibarsız hesab etməsi qanunun tələblərinə uyğun olmamışdır. Kollegiya həmçinin onu da qeyd edir ki, qanuni qüvvədə olan məhkəmə qətnaməsi 2017-ci il tarixdə icraya yönəldilmiş, həmin vaxtda mübahisələndirilən əmlakların üzərinə həbs qoyulmuş, digər icra hərəkətləri aparılmış, iddiaçı isə nikahda olduğu müddətdə bu məhkəmə qətnaməsindən məlumatsız olması və hazırki iddianı qaldırdığı vaxta (xx.xx.2020-ci il) kimi qətnaməni, həmin qətnamənin icrası ilə bağlı həyata keçirilən icra hərəkətlərini mübahisələndirməmiş, yalnız həmin əmlaklar hərracda satıldıqdan sonra hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası qeyd edilən qanunun tələblərinə əsaslanaraq, iddiaçının hazırki iddianı qaldırmasını hüquqdan sui-istifadə kimi qiymətləndirir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin olunması üçün hər hansı bir hüquqi əsas olmamışdır. Lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verərək, iddianı təmin etməklə qəbul etdiyi qətnamə qanuni və əsaslı olmamışdır. Bu səbəbdən də apelyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 387, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)-110/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MMC, Məmmədəliyev Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahələrinin açıq hərracda satılmasına dair hərracın nəticələrinin etibarsız hesab edilməsi, həmin torpaq sahələrinin bərabər şəkildə onunla cavabdeh Məmmədəliyev Lətif Cavabdeh2 oğlu arasında bölünməsi və həmin əmlaklar üzərində bərabər paylı mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar