Məhkəmə qərarları › İş №2(103)-4816/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4816/2021

30.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4816/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(005)- 1990/2020 saylı qətnaməsindən Cavabdeh3 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” markalı minik avtomobilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya geri qaytarılması və vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manatın və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı 11.11.2020-ci il tarixdə məhkəmənin dəftərxana vasitəsilə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobilinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı geri qaytarılması, avtomobil olmadığı təqdirdə avtomobilin dəyərinin-23.000 (iyirmi üç min) manat məbləğində pulun və vəkil xidməti üçün ödənilmiş 200 (iki yüz) manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ona məxsus olan “HYUNDAY AZERA” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini satmaq üçün “057 CARS” avtosalona müraciət etmişdir. Avtosalonun direktoru Seyid adı ilə tanınan Cavabdeh1 ilə avtomobilin 32.000 manata satılması barədə razılığa gəlmişlər. Həmçinin Cavabdeh1 “HYUNDAY AZERA" markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək üçün etibarnamə də vermiş və avtomobili həmin avtosalona qoymuşdur. Həmin vaxt Cavabdeh1 maşına görə iddiaçıya 2000 manat pul ödəmiş, qalanını isə 3 ay ərzində ödəyəcəyini bildirmişdir. Həmin 3 ay ərzində Cavabdeh1 ona cəmi 9000 manat pul ödəmiş və 3 aydan sonra cavabdeh pulun qalanını iddiaçıya vermək əvəzinə, avtomobilin mühərrikinin yararsız hala düşdüyünü, avtomobilin düzəldilməsi üçün 4000-5000 manat lazım olduğunu demişdir. Ona görə də maşının qalan pulunun tamamilə ödənilməsini cavabdehə bildirmişdir. Daha sonra Cavabdeh1 usta olan Seymurun avtomobili ilə iddiaçının maşınını barter edərək, dəyişməyi təklif etmişdir. “HYUNDAY AZERA” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Seymura məxsus olan “KİA OPTİMA” minik markalı, **-SR-*** qeydiyyat nişanlı avtomobillə dəyişəcəyini bildirmiş və **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı, 2011-ci il buraxılış tarixli nəqliyyat vasitəsini 02.05.2019-cu il tarixli qeydiyyata əsasən iddiaçının mülkiyyətinə keçmişdir. Bu məqsədlə də avtomobil 03.05.2019-cu il tarixdə Cavabdeh1 etibarnamə ilə verilmişdir. Lakin bir müddət keçdikdən sonra iddiaçıya məlum olmuşdur ki, avtomobili Cavabdeh1 idarə etmir, o avtomobili hansı yollasa başqa şəxslərə satmış lakin pulu iddiaçıya verməmiş və ona bu deyildiyi haldaya avtomobili ya da pulu geri qaytaracağını bildirmişdir. Cavabdeh1 avtomobili qaytarmadığına görə ona avtomobili idarə etmək üçün vermiş olduğu etibarnamənin ləğv edilməsi üçün 05.07.2019-cu il tarixdə Bakı şəhəri 44 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri 44 saylı Notariat Ofisinin 05 iyul 2019cu il tarixli 113 saylı məktubundan görünür ki, 99SR886 qeydiyyat nişanlı, KİA OPTİMA markalı avtomobilə dair 03.05.2029-cu iltarixli, 7E-3242 reyestr üzrə təsdiq edilmiş Cavabdeh1 verdiyi etibarnamə ləğv edilmiş, yenədə cavabdeh avtomobili geri qaytarmamışdır. Həmin vaxtlarda iddiaçını Bakı şəhər Baş Polis İdarəsinə çağırmışdırlar. Cavabdeh1 tərəfindən avtomobilin digər şəxslərə satılmağı iddiaçıya daha sonra məlum olmuşdur. Belə ki, X13 ilə avtomobillər barter olunduğu gün, yəni 02.05.2019-cu il tarixdə 99SR886 qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobili Əhməd Cavabdeh2 etibarnaməli idarəçiliyinə verərək avtomobili ona satmışdır. Cavabdeh2 da həmin avtomobili 07.05.2019-cu il tarixdə X3 etibarnaməli istifadəsinə vermiş, X11 həmin avtomobili 07.05.2019-cu il tarixdə X4 etibarnaməli istifadəsinə vermiş, X12 bu avtomobili Cavabdeh3 qeyri-rəsmi satmışdır. Hazırda avtomobil Sumqayıt şəhərində yerləşən və Cavabdeh3 işlətdiyi avtomaşınların alğı-satqısı salonunda saxlanılır. Azərbaycan Respublikası AD 511226 saylı X2 Şəhadətnaməsindən görünür ki, “KİA OPTİMA" minik markalı **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi 02.05.2019-cu il tarixdən ünvan 1 ünvanında yaşayan İddiaçıdur. Məhkəmə avtomobilin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətlərində cinayətin əlamətləri olduğuna görə onların barəsində xüsusi qərardadda çıxarmalıdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, İş № 2(005)- 1990/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil Cavabdeh1 alınaraq İddiaçı geri qaytarılması, həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 (iyirmi bir min beş yüz) manat Cavabdeh1 tutularaq İddiaçı verilməsi, Cavabdeh1 100 (yüz) manat məbləğində hüquqi xidmətə görə xidmət haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(005)-1990/2020 saylı qətnaməsinin ləğv edilərək, cinayət əlamətləri ilə bağlı xüsusi qərardad çıxarılması və ərizənin baxılmamış saxlanması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu mübahisəli məsələ məhkəmədə baxıldığı zaman cavabdeh bir neçə dəfə vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmədə baxılan mübahisə avtomobil işinin mülki iddianın deyil, cinayət təqibinin predmeti olmasını və həmin işin araşdırılması üçün tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmasını bildirmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Cavabdeh2 saxta sənəddən istifadə etməklə və dələduzluq yolu ilə cavabdehə “Kia” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil satmışdır. Yəni polis baş leytenantı Cavabdeh2 “Kia” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilin X9 məxsus olmasına dair AD № 429504 saylı X2 şəhadətnaməsi olduğu halda, guya həmin şəhadətnaməni itirməsi barədə müraciət etmiş və alğı-satqı müqaviləsi əsasında həmin nəqliyyat vasitəsi ilə bağlı İddiaçı adına AD № 511226 saylı yeni şəhadətnamə almışdır. Lakin polis baş leytenantı Cavabdeh2 həmin avtomobili alğı-satqı müqaviləsi ilə İddiaçı satdığı və onun adına yeni şəhadətnamə aldığı halda, guya itmiş kimi göstərdiyi həmin avtomobilin keçmiş AD № 429504 saylı şəhadətnaməsi ilə eyni avtomobili təkrar olaraq 07.05.2020-ci il tarixdə baş etibarnamə ilə 17 min manata cavabdehə satmışdır. Həmin avtomobili aldıqdan sonra cavabdeh onun adına rəsmiləşdirilməsi üçün müraciət etdikdə, onda olan AD № 429504 saylı şəhadətnamənin sistemdə itmiş kimi qeydiyyata düşməsi və həmin avtomobilin artıq İddiaçı adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Qətnamədən eyni zamanda İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(005)-1990/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamədə deyilir, “İş materiallarında İddiaçı tərəfindən iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hər hansı etibarnamə verilməsi aşkar olunmamışdır. Beləliklə, hazırki mübahisə üzrə məhz iddiaçı, qaytarılmasını tələb etdiyi əmlakın onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Avtomobilin iddiaçının mülkiyyətində olduğu mübahisə mövzusu olmasa da, məhkəmə hesab edir ki, onun artıq məhz cavabdeh olaraq Cavabdeh3 və Cavabdeh2 kimi göstərilən şəxsin qanunsuz sahibliyində olması öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi, avtomobil iddiaçı tərəfindən Cavabdeh1 - istifadəsinə verilmişdir; bu isə cavabdehlər olaraq Cavabdeh3 və Cavabdeh2 qarşı yönəlmiş “müvafiq iddia tələbinin dispozitiv şərtlərinin olmaması deməkdir”. Həmçinin qətnamədə deyilir ki, “Cavabdeh3 09.09.2020-ci il tarixdə məhkəməyə poçt vasitəsilə yazılı vəsatətlə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Cavabdeh2 saxta sənəddən istifadə etməklə və dələduzluq yolu ilə ona mənə “Kia” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil satmışdır”. Həmçinin Cavabdeh3 məhkəmə iclasında da dedi ki, 99SR886 qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil Sumqayıt şəhərində yerləşən və ona məxsus olan avto salondadır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, avtomobil hal-hazırda da onun sahibliyindədir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətini müdafiə edərək, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 apellyasiya şikayətlərini qəbul etməyərək, izahatında əlavə olaraq qeyd etdi ki, mübahisəli avtomobili o, bir neçə dəfə idarə etmişdir. Avtomobilin onun sahibliyində olmadığını bildirərək, ona aid hissədə məhkəmənin düzgün nəticəyə gəldiyini bildirdi. Xahiş etdi ki, ona aid hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, qətnamə iddianın Cavabdeh1 aid qismən təmin edilən və Cavabdeh3 aid rədd edilən hissələrində ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan AD seriyalı, 457475 nömrəli “X2 şəhadətnaməsi”nin surətinə əsasən 2013-cü il buraxılışlı, **-EP-*** dövlət qeydiyyat nişanlı, “HyundaiAzera” minik markalı avtomobil İddiaçı mülkiyyətində olmuşdur. AD seriyalı, 429504 nömrəli “X2 şəhadətnaməsi”nin surətinə əsasən 2011-ci il buraxılışlı, **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil X6 mülkiyyətində olmuşdur. AD seriyalı, 511226 nömrəli “X2 şəhadətnaməsi”nin surətinə əsasən 2011-ci il buraxılışlı, **-SR-*** dövlət qeydiyyat nişanlı, “KiaOptima” minik markalı avtomobil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən İddiaçı 05.07.2019-cu il tarixli, 113 saylı məktubun surətindən görünür ki, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı, 2011-ci il buraxılış tarixli nəqliyyat vasitəsinə dair 03.05.2019-cu il tarixli, 7E-3242 reyestr üzrə təsdiq edilmiş ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 verdiyi etibarnamə Sizin 05.07.2019-cu il tarixli, 8İ-6558 reyestrli ərizəəsasən həmin tarixdə ləğv edilmişdir. X13 tərəfindən X7 verilmiş nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamənin surətinə əsasən 08.05.2019-cu il tarixdə **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil 11 ay 24 gün müddətinə 02.05.2020-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 19.05.2020-ci il tarixli, 016-44614-/220 saylı məktubuna əlavə edilmiş məlumatlara əsasən **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil 18.02.2019-cu il tarixli şəhadətnaməyə əsasən X1 olmuş, 02.05.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən sonuncunun adından qeydiyyatdan çıxaraq, 02.05.2019-cu ildə verilmiş şəhadətnaməyə əsasən İddiaçı sahibliyindədir. Həmin avtomobilə görə Cavabdeh1, X5, X4 adlarına etibarnamələr verilmişdir. “KORALL CONSULTİNG” Hüquq və Qiymətləndirmə Mərkəzinin 11 noyabr 2020-ci il tarixli, KC/MR 11-007/20 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən **-SR-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, mühərrik 5XXGAR63CG007218, albalı metallik rəngli “KİA OPTİMA” minik markalı avtomobilin 11 noyabr 2020-ci il tarixinə bazar dəyəri 21.500 (iyirmi bir min beş yüz) manat təşkil edir. 08.05.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Cavabdeh1 tanıyır, qohumluq əlaqəsi yoxdur. İddiaçı Şərifov X10 özü tanış edib. E.Şərişov “KİA OPTİMA" minik markalı avtomobilini satmaq üçün Cavabdeh1 vermişdir, buna görə də avtomaşını idarə etmək üçün etibarnamə də verdi. Lakin Cavabdeh1 maşının nasaz olduğunu deyirdi. Cavabehlərdən Ruslanı tanımır, Əhmədin yanında bir neçə dəfə görmüşdür. “KİA OPTİMA" minik markalı avtomobili bir neçə dəfə Ruslanın da idarə etdiyinin şahidi olub. Beləliklə işin araşdırılmış halları ilə müəyyən olunur ki, 2011-ci il buraxılışlı **-SR-*** dövlət qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil X6 mülkiyyətində olmuş, sonradan alğı-satqı müqaviləsi əsasında həmin avtomobilə dair İddiaçı 02.05.2019-cu il tarixli şəhadətnamə verilmişdir. Hazırda avtomobilin mülkiyyətçisi İddiaçıdur. Həmin avtomobilə görə Cavabdeh1, X5, X4 adlarına etibarnamələr verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən İddiaçı 05.07.2019-cu il tarixli, 113 saylı məktubun görünür ki, **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı, 2011-ci il buraxılış tarixli nəqliyyat vasitəsinə dair 03.05.2019-cu il tarixli, 7E-3242 reyestr üzrə təsdiq edilmiş ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1 verdiyi etibarnamə İddiaçı 05.07.2019-cu il tarixli, 8İ-6558 reyestrli ərizənə əsasən həmin tarixdə ləğv edilmişdir, bu barədə məlumat “Elektron notariat” informasiya sisteminə daxil edilmişdir. Birinci instansiya məhkəməsi iddianı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə rədd edərkən qeyd etmişdir ki, iş materiallarında İddiaçı tərəfindən iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hər hansı etibarnamə verilməsi aşkar olunmamışdır. Beləliklə, hazırki mübahisə üzrə məhz iddiaçı, qaytarılmasını tələb etdiyi əmlakın onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Avtomobilin iddiaçının mülkiyyətində olduğu mübahisə mövzusu olmasa da, məhkəmə hesab edir ki, onun artıq məhz cavabdeh olaraq Cavabdeh3 və Cavabdeh2 kimi göstərilən şəxsin qanunsuz sahibliyində olması öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi, avtomobil iddiaçı tərəfindən Cavabdeh1 – istifadəsinə verilmişdir; bu isə cavabdehlər olaraq Cavabdeh3 və Cavabdeh2 qarşı yönəlmiş müvafiq iddia tələbinin dispozitiv şərtlərinin olmaması deməkdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya iddianın Cavabdeh2 aid təmin edilməyən hissədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, hazırkı məhkəmə araşdırması zamanı avtomobilin Cavabdeh2 qanunsuz sahibliyində saxlanıldığı müəyyən olunmur. Kollegiya iddianın Cavabdeh3 aid təmin edilməyən hissədə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri, özünün izahatı ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan avtomobil Cavabdeh3 qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. Göstərilən qanunvericilik aktı normalarına əsasən kollegiya hesab edir ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, mübahisəli avtomobil Cavabdeh3 qanunsuz sahibliyində olduğundan, iddiaçı avtomobilin geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, iddia Cavabdeh3 aid hissədə əsaslıdır. Avtomobil Cavabdeh1 qanunsuz sahibliyində olmadığından, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. İddiaçının digər tələbi isə “avtomobil olmadığı təqdirdə avtomobilin dəyərinin – 23.000 (iyirmi üç min) manat məbləğində pulun verilməsi barədədir. Məhkəmə bu hissədə iddianı qismən əsaslı hesab edirək qeyd etmişdir ki, 11 noyabr 2020-ci il tarixli, ekspert rəyinə əsasən **-SR-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2011-ci il, mühərrik 5XXGAR63CG007218, albalı metallik rəngli “KİA OPTİMA” minik markalı avtomobilin 11 noyabr 2020-ci il tarixinə bazar dəyəri 21.500 olaraq göstərmişdir. Buna görə də, avtomobil olmadığı təqdirdə avtomobilin dəyərinin – 21.500 (iyirmi üç min) manat məbləğində pulun iddiaçıya verilməsi hissəsidə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə eyni zamanda, Cavabdeh3 “mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi və bu mülki işin baxılmamış saxlanılması” barədə vəsatətinə dair qeyd etmişdir ki, iddiaçının əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə eyni zamanda, iddianın hüquqi xidmətlərə görə 200 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cavabehlərdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissələrdə də qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunduğundan, hüquqi yardıma görə xərclər, işin halları nəzərə alınmaqla, Cavabdeh3 ağlabatan məbləğdə, yəni 100 manat məbləğində tutularaq iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin iddiaçı iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh3 iddiaçının xeyrinə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(005)-1990/2020 saylı qətnaməsi- iddianın Cavabdeh1 aid qismən təmin edilən və Cavabdeh3 aid rədd edilən hissələrində ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissələrdə qismən təmin edilsin. **-SR-*** qeydiyyat nişanlı, “KİA OPTİMA” minik markalı avtomobil Cavabdeh3 alınaraq İddiaçı geri qaytarılsın. Həmin avtomobil olmadığı halda avtomobilin dəyəri 21.500 (iyirmi bir min beş yüz) manat Cavabdeh3 tutularaq İddiaçı verilsin. Cavabdeh3 100 (yüz) manat məbləğində hüquqi xidmətə görə xidmət haqqı və 30 (otuz) manat məbləğində dövlət rüsumunu alınaraq İddiaçı verilsin. İddia Cavabdeh1 aid hissədə təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar