Məhkəmə qərarları › İş №2(103)-4818/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4818/2024

03.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4818/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mənzilin təhvil verilməsi və pulun ödənilməsi tələbi barədə” iddiasına, iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” iddiasına dair bir icraatda birləşdirilmiş işə üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 may 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) birinci iş barədə məlumat

1. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarı, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının xx.xx.2021 tarixli 77 saylı sərəncamına və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintinin X1 xx.xx.2020-ci il tarixli “Qəzalı vəziyyətdə olan binaların istismara yararsız hesab edilməsi barədə” aktına uyğun olaraq qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə söküntüsü nəzərdə tutulmuş, cavabdeh MTK ilə arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 059 saylı "xxxx" ilə müəyyən edilmiş Nərimanov rayonu, Qarabağ küçəsi 41, ev 10 ünvanında yerləşən və ümumi sahəsi 31,26 kv.metr olan mənzilinin əvəzinə, həmin mənzilin ümumi sahəsinə 20% əlavə edilməklə və MTK tərəfindən yeni inşa edilmiş binada ümumi sahəsi 39,68 kv.m-dən ibarət təmirli mənzilin dərhal ona verilməsi və MTK tərəfindən əlavə olaraq hər ay 100 manat olmaqla mənzilin kirayəsi üçün bugünə kimi ödənilməmiş (20 ay x 100 manat=) 2.000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 430 manat məbləğində pulun ona ödənilməsi öhdəliyin MTK-nin üzərinə qoyulmasına barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən qərara, sərəncama və “Qəzalı vəziyyətdə olan binaların istismara yararsız hesab edilməsi barədə” akta uyğun olaraq qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə söküntüsü nəzərdə tutulmuş Nərimanov rayonu, Qarabağ küçəsi 41, ev 10 ünvanında yerləşən və iddiaçıya məxsus hüquqi sənədi əsasında 31,26 kv.m faktiki sahəsi olan 31,26 kv.m-dən ibarət mənzilin əvəzinə güzəştli şərtlərlə MTK tərəfindən yeni inşa edilmiş binanın "xxxx" blokunun, 2-ci mərtəbəsində, 2 saylı 39,68 kv.m-dən ibarət təmirli mənzilin iddiaçıya verilməsi öhdəliyinə dair cavabdeh MTK ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə 059 saylı "xxxx" bağlanmışdır. Müqavilə bağlandıqdan sonra məlum olmuşdur ki, müqavilə ilə nəzərdə tutulan 300 manat kirayə pulu ailədə uşaqların oxuduğu 177 saylı məktəbə yaxın ərazidə müvəqqəti olaraq mənzil kirayə etməyə kifayət deyildir. Bu səbəbdən də 300 manata həmin ərazidə kirayə mənzil müqaviləsi bağlamaq mümkün olmamışdır. İddiaçı, icarəyə götürdüyü mənzilin ona ayda 400 manata icarəyə verildiyini təsdiq edən müqavilənin surətini MTK-ya təqdim etmişdir. MTK ilə iddiaçı arasında şifahi öhdəliyə və MTK nümayəndələrinin təklifinə əsasən hər ay mənzilə görə müqavilə əsasında iddiaçıya ödəməli olduqları 400 manat məbləğin 300 manatını müqaviləyə əsasən hər ayda, hər ayda əlavə 100 manatı isə ilk 5 aya görə 500 manat olmaqla hər növbəti 5 aya görə 500 manat məbləğində mənzilə görə kirayə pulu MTK tərəfindən iddiaçıya ödənilməli idi. İddiaçıya əlavə olaraq yalnız 100 manat olmaqla kirayə pulu, cəmi bir dəfə 500 manat MTK tərəfindən ödənilsə də, sonradan bu əlavə 100 manat kirayə pulu ödənilməmişdir. Beləliklə, MTK tərəfindən iddiaçıya söz verilən əlavə hər aya görə 100 manat kirayə pulu, bugünə qədər isə 2.000 manat pul MTK tərəfindən ona ödənilmir. İddiaçı, bu pulları borc götürərək özü qaldığı ev üçün kirayə pulunu öz cibindən ödəməyə məcbur olmuşdur. Biri İİ qrup əlil uşaq olmaqla bu hallar iddiaçının 5 nəfərlik ailəsi üçün ciddi çətinliklər yaradır. Daha acınacaqlısı isə o hal oldu ki, keçmiş qonşuları artıq öz yeni evlərinə köçməyə başladığı halda iddiaçıya evinin yerində inşa edilmiş binada, yuxarıda qeyd edilən edilən qərara, sərəncama və “Qəzalı vəziyyətdə olan binaların istismara yararsız hesab edilməsi barədə” akta əsasən onunla MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" ilə müəyyən edilmiş sahəyə köçə bilmir. MTK həmin müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmir. MTK, bu qanunsuz və əsassız hərəkətini onunla əsaslandırır ki, guya müqavilədə göstərilən yeni inşa ediləcək binanın "xxxx" bloku dedikdə MTK heç də iddiaçının MTK-ya təhvil verdiyi mənzilin yerində inşa olunan binanı nəzərdə tutmurmuş, gələcəkdə, haçansa qonşu ərazilərdə inşa ediləcək binanı nəzərdə tuturmuş.

3. Qeyd edilən bu iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və iddia ərizəsinin əsasında 2(005)-706/2024 saylı mülki işin icraatı başlanmışdır. b) ikinci iş barədə məlumat

4. MTK-nın buna səlahiyyəti olan nümayəndəsi MTK-nın adından İddiaçı qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 059 saylı, ünvan 1 ünvanında yerləşən, cavabdehin məcburi köçkün kimi məskunlaşdığı ümumi sahəsi 31,26 kv.m olan mənzilin, ümumi sahəsi 39,68 kv.m-dən ibarət mənzillə əvəzləşdirmə müqaviləsinin etibarsız hesab edilməsi və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin İddiaçı MTK-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bu iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində ərazinin abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı Şəhər İH başçısınınn xx.xx.2021-ci il tarixli, 77 saylı sərəncamı ilə icarə əsasında MTK-nın istifadəsinə 1,2351 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi MTK-nın istifadəsinə verilməmişdən əvvəl Nərimanov Rayon İcra Hakimiyyəti, Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmışdır. Qeyd olunan sərəncamla MTK-ya yuxarıda göstərilən torpaq sahəsinin qəbulu və onun sanitar vəziyyətinə nəzarət, ayrılmış torpaq sahəsindən qanunla nəzərdə tutulmuş qaydada istifadə, ərazinin və obyektin memarlıq planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırma, tikinti işlərinə başlamazdan öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması və FHN-nin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyin alınması, ərazidə layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə “Baş plana” işlənilməzdən əvvəl həmin kommunikasiya xətlərinin köçürülməsi RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla öz vəsaiti hesabına həyata keçirilməsi tapşırılmışdır. MTK tərəfindən Nərimanov rayonunun Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının sakinlərinin əksəriyyətinin qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həyata keçirilmişdir. Sərəncam əsasında yuxarıda göstərilən ərazinin MTK-nın daimi istifadəsinə verildikdən sonra, sakinlər tərəfindən həmin mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim edilmiş və onlarla əvəzləşdirmə müqavilələri bağlanırdı. Lakin İddiaçı MTK-nın işçilərini aldadaraq, onların etibarından sui-istifadə etməklə Nərimanov rayonu, Qarabağ küçəsi 41, ev 10 ünvanında yerləşən mənzilin onun mülkiyyətində olmasını və bu halı təsdiq edə biləcək “Daşınmaz əmlakın dövlət reyestrindən” ona verilmiş "xxxx" onlara təqdim edəcəyini bildirmiş və MTK ilə xx.xx.2021-ci il tarixli "xxxx" bağlanmasına nail olmuşdur. Bir müddətdən sonra isə MTK-ya məlum olmuşdur ki, İddiaçı tərəfindən MTK-ya təhvil verilmiş mənzil onun mülkiyyətində olmamış, o, həmin mənzildə Laçın rayonundan olan məcburi köçkün kimi məskunlaşmışdır. İddiaçı tərəfindən aldadıldığı üçün MTK hesab edir ki, onunla İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" etibarsız hesab edilməli və İddiaçı MTK-ya qarşı irəli sürdüyü iddia rədd edilməlidir.

6. MTK-nın iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş və iddia ərizəsinin əsasında 2(005)-1696/2024 saylı mülki işin icraatı başlanmışdır. c) işlərin bir icraatda birləşdirilməsi barədə məlumat

7. Rayon Məhkəməsinin ikinci iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmiş və birlikdə baxılmışdır (iş № 2(005)-706/2024. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilməsini, İddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" ilə müəyyən edilmiş 39,68 kv.m-dən ibarət təmirli mənzilin MTK tərəfindən İddiaçı təhvil verilməsi, İddiaçı iddiasının qalan hissəsinin təmin edilməməsini, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun bir hissəsinin MTK-ya aid edilməsini, bu məqsədlə 390 manat məbləğində pulun MTK-dan tutularaq İddiaçı ödənilməsini, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin İddiaçı özünə aid edilməsini, MTK-nın İddiaçı qarşı irəli sürülmüş iddianın təmin edilməməsini, MTK-nın ödədiyi dövlət rüsumunun MTK-nın özünə aid edilməsini qət etmişdir.

9. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı onunla MTK arasında bağlanmış "xxxx" üzrə MTK qarşısında üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, yaşadığı və söküntüsü nəzərdə tutulmuş mənzili xx.xx.2022-ci il tarixdə MTK-ya təhvil vermişdir. Bu hal 091 №-li akt ilə təsdiq edilir və tərəflər arasında mübahisə doğurmur. Lakin cavabdeh MTK həmin müqavilə üzrə İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilədə nəzərdə tutulmuş mənzili ona təhvil verməmişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı “mənzilin MTK tərəfindən ona təhvil verilməsi barədə” tələbi əsaslıdır. İddiaçı həmin tələbi əsaslı olsa da, “pulun ödənilməsi tələbi barədə” tələbi əsassızıdır. Belə ki, İddiaçı bu tələbin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda müəyyən edilir ki, MTK-nın İddiaçı qarşı irəli sürdüyü “müqavilənin etibarsız hesab edilməsi barədə” iddiasının təmin edilməsi üçün əsas mövcud deyil. Buna görə də MTK-nın iddiası əsassız hesab edilməlidir. e) apellyasiya şikayəti barədə məlumat

10. MTK-nın buna səlahiyyəti olan nümayəndəsi MTK-nın adından həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının rədd, MTK-nın iddiasının isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. MTK-nın iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış bu apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. f) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

12. MTK-nın vəkili (nümayəndəsi) Vəkil3 apellyasiya baxışının əvvəlki iclaslarında iştirak edərək, apellyasiya şikayətini müdafiə etmiş və şikayətin, habelə MTK-nın İddiaçı qarşı irəli sürdüyü iddia tələbinin məzmununa uyğun izahat vermişdir.

13. Növbəti iclasa MTK-nın vəkili (nümayəndəsi) gəlməmişdir. O, iclas təyin edilmiş xx.xx.2024-cü il tarixdə Məhkəməyə ərizə ilə müraciət edərək, iclasın başqa tarixə təxirə salınmasını xahiş etmiş və bunu icraatına olan cinayət işi üzrə aparılan istintaq hərəkətlərində iştirak etməli olması ilə izah etmişdir. Məhkəmə ərizəni əsassız hesab edərək təmin etməmiş, apellyasiya baxışı iclasını təxirə salmamışdır. Çünki əvvəlki iclaslarda MTK-nın vəkili (nümayəndəsi) iştirak edərək, izahatını vermiş və mövqeyini bildirmişdir (birinci əsas). Digər tərəfdən MTK-nın vəkilinin (nümayəndəsinin) ərizəsinə əlavə edilmiş, prokurorluq tərəfindən ona göndərilmiş sms bildirişdən görünür ki, həmin bildiriş ona 2 gün əvvəl göndərilmişdir, amma hazırkı iş üzrə apellyasiya baxışının iclasının xx.xx.2024-cü il tarixə təyin edilməsi barədə o, 14 gün əvvəl xəbərdar edilmişdir. Belə olan halda MTK-nın vəkili (nümayəndəsi) ilk növbədə prokurorluq orqanına müraciət edərək, cinayət işi üzrə prosessual hərəkətlərin təxirə salınmasını xahiş etməli, onun müraciətinə əsaslandırılmış “rədd cavabı” verildiyi halda həmin cavabı Məhkəməyə təqdim etməli idi ki, Məhkəmə yaranmış vəziyyəti üzürlü hesab edilib-edilməməsini müzakirə edə bilsin. Lakin MTK-nın vəkili (nümayəndəsi) bunu etməmişdir (ikinci əsas). Odur ki, Məhkəmə, MTK-nın vəkilinin (nümayəndəsinin) gəlməməsini məhz üzürlü səbəbdən baş verməsi kimi qiymətləndirməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

14. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdilər. g) apellyasiya baxışının həddi barədə məlumat

15. İddiaçı iddiası Rayon Məhkəməsi tərəfindən qismən təmin edilsə də, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

16. MTK, qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, onun iddiasının təmin, İddiaçı iddiasının rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, MTK, İddiaçı iddiasının bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır.

17. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə MPM-nin 372.6-ci maddəsinin tələbindən çıxış edərək, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat

18. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, icarəyəverən olaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi olan Cavabdeh MTK arasında bağlanmış 1642 №-li “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən” (torpaq icarə müqaviləsi) görünür ki, Bakı ŞİH başçısının 77 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli “Yerquruluşu planına” əsasən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ, Ə.Vahid, T.Şıxəliyev və Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanmışdır. Sahə MTK-nın istifadəsinə 49 il müddətinə verilmişdir.

20. MTK və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 059 saylı “Əvəzləşdirmə müqaviləsindən” görünür ki, Bakı ŞİH başçısının 77 saylı, xx.xx.2021 tarixli sərəncamına əsasən, MTK, Nərimanov rayonunun Qarabağ, Ə.Vahid, T.Şıxəliyev, Ə.Əlizadə küçələrinin kəsişməsində yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu ərazidə yeni yaşayış binalarının tikintisini həyata keçirərək. İddiaçı yaşadığı 10 saylı mənzili Nərimanov rayonu, Qarabağ küçəsindəki 41 saylı binada yerləşir ki, həmin bina da MTK tərəfindən qeyd edilən sərəncma əsasən sökülməlidir. İddiaçı məxsus və söküntüsü üçün MTK-ya təhvil verilən 10 saylı mənzilin ümumi sahəhi sənəd əsasında və faktiki olaraq 31,26 kv.metrdir. Bunun əvəzində İddiaçı MTK tərəfindən yeni inşa ediləcək binanın "xxxx" blokunun, 2-ci mərtəbəsində yerləşən, sahəsi 39,68 kv.metr təşkil edən və MTK tərəfindən təmir edilmiş 2 saylı mənzil veriləcək (bənd 1.1.). İddiaçı mülkiyyətində olan və söküntüsü nəzərdə tutulmuş mənzildən köçdüyü gündən etibarən, yeni inşa edilən yaşayış binasından ona verilən mənzilin açarı təqdim olunanadək aylıq 300 manat məbləğində kirayə pulunu MTK-dan tələb etmək hüququ vardır (bənd 2.2.3.). MTK binanın bünövrəsi qoyulduğu andan 18 ay müddətinə mənzilin açarlarını İddiaçı təqdim etməyi öz öhdəsinə götürür (bənd 2.3.3.).

21. İddiaçı ilə MTK-nın buna səlahiyyəti olan işçisini xx.xx.2022-ci il tarixdə birgə tərtib etdikləri 091 №-li aktdan görünür ki, İddiaçı özünə məxsus mənzili, onunla MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 059 saylı "xxxx" şərtlərinə əsasən MTK-ya təhvil vermişdir.

22. "xxxx" ASC tərəfindən, "xxxx" ASC tərəfindən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən, 37 saylı MKİS tərəfindən verilmiş arayışlardan görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı (mənzil onun tərəfindən MTK-ya təhvil verilən anına) içməli sudan istifadəyə, çirkab suların axıdılması, elektrik enerjisindən istifadəyə, təbii qazdan istifadəyə və kommunal xidmətlərdən istifadəyə görə borcu yoxdur.

23. Laçın Rayon İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 280 №-li arayışdan görünür ki, İddiaçı 1992-ci ilin may ayından Laçın rayonundan məcburi köçkün düşərəkhəmin mənzildə arvadı və 3 övladı ilə yaşayır.

24. Apellyasiya icraatı zamanı Məhkəmənin sorğusuna əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı tərəfindən MTK-ya təhvil verilmiş və Nərimanov rayonu, Qarabağ küçəsi ev 41-də yerləşən 10 saylı mənzilin “Daşınmaz əmlakın dövlət reyestrində” xüsusi mülkiyyətdə olan daşınmaz əmlak qeydiyyata alınmamışdır.

25. Apellyasiya icraatı zamanı Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Laçın rayonundan məcburi köçkün olan İddiaçı həmin mənzildə ailə üzvləri ilə birlikdə məskunlaşmışdır.

26. Apellyasiya icraatı zamanı MTK-nın vəkilinin (nümayəndəsinin) sorğusuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Nərimanov rayonu, Qarabağ küçəsində yerləşən 41 saylı ev Birliyin balansında olmuşdur.

27. Göstərilənlərə əsasən müəyyən edilir ki, Laçın rayonundan məcburi köçkün olan İddiaçı 1992-ci ilin may ayından Nərimanov rayonu, Qarabağ küçəsi ev 41-də yerləşən 10 saylı mənzildə məskunlaşmışdır. Mənzil nə İddiaçı özünün, nə də ki, onun ailə üzvlərinin mülkiyyətində olmamışdır, o, həmin mənzildə ailə üzvləri ilə yaşamış, mənzil onun istifadəsində olmuşdur. MTK, həmin ərazıdə yerləşən, qəzalı vəziyyətdə olan binaları söküb, əvəzində yeni binalar inşa etməli və bu məqsədlə söküntüsü nəzərdə tutulmuş binalarda yaşayan sakinlər ilə "xxxx" bağlaışdır. MTK, İddiaçı qeyd edilən mənzildə yaşamasını, mənzilin İddiaçı istifadəsində olmasını nəzərə alaraq xx.xx.2021-ci il tarixdə İddiaçı ilə 059 saylı "xxxx" bağlanmışdır ki, həmin müqavilənin şərtlərinə görə, İddiaçı yaşadığı və sahəsi 31,26 kv.m olan həmin mənzili MTK-ya təhvil verməli, MTK isə bunun əvəzində yeni inşa ediləcək binanın "xxxx" blokunun, 2-ci mərtəbəsində, 2 saylı 39,68 kv.m-dən ibarət təmirli mənzili İddiaçı verməli idi. Söküntüsü nəzərdə tutulmuş mənzil xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən MTKya təhvil verilmişdir. Yeni mənzil isə MTK tərəfindən İddiaçı təhvil verilməmişdir.

28. Hazırda İddiaçı onunla MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli "xxxx" üzrə, onun, MTK qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməsini nəzərə alınmasını və müqavilədə ona verilməsi nəzərdə tutulmuş, sahəsi 39,68 kv.m-dən ibarət təmirli yeni mənzilin MTK tərəfindən ona təhvil verilməsini tələb edir (apellyasiya baxışının predmetini təşkil edən tələb).

29. MTK isə bu tələbə etiraz edir və xahiş edir ki, qeyd edilən həmin müqavilə etibarsız hesab edilsin. Çünki İddiaçı MTK-nın işçilərini aldadaraq, onların etibarından suiistifadə etməklə Nərimanov rayonu, Qarabağ küçəsi 41, ev 10 ünvanında yerləşən mənzilin onun mülkiyyətində olmasını və bu halı təsdiq edə biləcək “Daşınmaz əmlakın dövlət reyestrindən” ona verilmiş "xxxx" onlara təqdim edəcəyini bildirmiş və MTK ilə xx.xx.2021-ci il tarixli "xxxx" bağlanmasına nail olmuşdur. Bir müddətdən sonra isə MTK-ya məlum olmuşdur ki, İddiaçı tərəfindən MTK-ya təhvil verilmiş mənzil onun mülkiyyətində olmamış, o, həmin mənzildə Laçın rayonundan olan məcburi köçkün kimi məskunlaşmışdır.

30. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmeti olan hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (maddə 389.1.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.).

32. Digər tərəfdən qeyd edilməlidir ki, Mülki Məcəllənin tələblərinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Ona görə də məhkəmə iddiaçının əqdin etibarsız hesab edilməsi tələbini əsaslı hesab edir (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (maddə 337.2.). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3.). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2.). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3.). Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir (maddə 357.).

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

34. Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə” xx.xx.2021ci il tarixli qərarında yerini tapmış hüquqi mövqeyə görə, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göründüyü kimi mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli qərarı).

35. Qeyd edilən prosessual və maddi hüquq normalarının tələblərini işin müəyyən edilmiş və yuxarıda qeyd edilən hallarına yanaşdıqda müəyyən edilir ki, MTK, onunla İddiaçı arasında bağlanmış "xxxx" məhz İddiaçı tərəfindən aldadılması nəticəsində bağlanmasını bildirirsə bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməlidir. Lakin o, qeyd edilən həmin halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

36. Digər tərəfdən Məhkəmə qeyd edir ki, hüquqi şəxs olan MTK-nın İddiaçı fərqli olaraq ali təhsilli olan çoxsaylı işçilərinin, o cümlədən hüquqşünaslarının olmasını nəzərə alaraq hesab edir ki, "xxxx" bağlanan zaman MTK-nın İddiaçı tərəfindən aldadılması inandırıcı deyil.

37. Göründüyü kimi apellyasiya baxışının nəticəsi ilə qeyd olunan müqavilənin etibarsızlığına səbəb ola biləcək hal müəyyən olunmamışdır. MTK, İddiaçı mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim edəcəyinə inanaraq müqaviləni bağladığını bildirmişdir. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, hüququdur. MTK öz riski ilə təqdim olunacağı təqdirdə müqavilənin bağlanmayacağını bildirdiyi əhəmiyyətli sənədin təqdim olunmasını gözləməmiş, müqaviləni bağlamışdır. Həmçinin İddiaçı məcburi köçkün olması və ya bununla bağlı MTK-ya məlumat verməməsi müqavilənin etibarsızlığı üçün əsas sayıla bilməz.

38. Həmçinin nəzərə alınmalıdır ki, "xxxx" xx.xx.2021-ci il tarixdə bağlanmış, mənzil İddiaçı tərəfindən MTK-ya 2022-ci ilin yanvar ayında təhvil verilmiş, MTK, müqavilənin etibarsız hesab edilməsi barədə iddia ilə xx.xx.2024-cü il tarixdə Rayon Məhkəməsinə müraciət etmişdir. MTK ötən 2 il müddət ərzində, habelə müqavilənin etibarsız olduğunu iddia edərək iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, yəni məhkəmə araşdırması zamanı (xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə) müqavilə üzrə kirayə haqqına görə nəzərdə tutulmuş ödənişləri İddiaçı etməyə davam etmişdir.

39. Göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı ilə MTK arasında xx.xx.2021-ci il tarixdə bağlanmış "xxxx" etibarsız deyil. Həmin müqavilənin etibarsız hesab edilməsi barədə MTK-nın iddiası əsassızıdır. Rayon Məhkəməsi MTK-nın iddiasını rədd etməkdə haqlı olmuşdur. Bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır.

40. Yuxarıda artıq qeyd edildiyi kimi, İddiaçı onunla MTK arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, istifadəsində olan mənzili xx.xx.2022-ci il tarixdə MTK-ya təhvil vermişdir və bununla bağlı MTK tərəfindən həmin tarixdə 091 №-li akt tərtib edilmiş, lakin MTK həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müqavilədə verilməsi nəzərdə tutulmuş yeni mənzili İddiaçı təhvil verməmişdir.

41. Bunu və İddiaçı ilə MTK arasında xx.xx.2021-ci il tarixdə bağlanmış "xxxx" etibarsız olmamasını nəzərə alan Məhkəmə bildirir ki, İddiaçı MTK-ya qarşı irəli sürdüyü iddianın “sahəsi 39,68 kv.m-dən ibarət təmirli mənzilin MTK tərəfindən ona verilməsi barədə” hissəsi əsaslıdır.

42. Belə ki, Mülki Məcəlləsinin tələblərinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır (maddə 2.1.). Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (maddə 6.2.). Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır (maddə 14.2.1.). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8.). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər (maddə 385.2.). Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər (maddə 390.1.). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur (maddə 443.7.).

43. Göstərilənlərə əsasən müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi Məlik Məmmədovun bu tələbini təmin etməkdə haqlı olmuşdur. Bu nəticəyə dair apellyasiya şikayətinin dəlili əsassızdır. i) apellyasiya baxışının nəticəsi

44. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi və apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

45. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, apellyatorun özünə aid edilməlidir.

47. Məhkəmə həmçinin bildirir ki, İddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından, İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

48. MTK-nın apellyasiya şikayəti təmin edilmədiyindən MTK, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

49. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar