Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-482/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, Yasamal Rayon İcra Şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı Notariat Ofisinin xüsusi notariusu X2, Cavabdeh4 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” ilkin iddia tələbi və Cavabdeh3 İddiaçı qarşı “borcun qaytarılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “hərrac nəticələrinin etibarsız hesab edilməsi”, “borcun qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh4 iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-119/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ilk iddia üzrə cavabdehlər "xxxx" MMC, Yasamal rayon İcra şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X2 və Cavabdeh4 qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Yasamal rayon İcra şöbəsinin sifarişi əsasında cavabdeh "xxxx" MMC Hərrac Mərkəzi tərəfindən xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.099380 ha torpaq sahəsi və 2315.75 kv.m ibarət əmlak kompleksinin Cavabdeh3 246575 manata satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi, bunun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına verilmiş **********98-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş AN-1 seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, bununla əlaqədar Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********8-12301 reyestr nömrəli, 362100/902 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmin əraziyə dair onun adına çıxarışın bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan 210000 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh3 xeyrinə ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir, Yasamal rayon İcra və Probasiya şöbəsi qətnaməni icra etmək məqsədilə ona məxsus olan Zaqatala rayonu Göyəm kəndində yerləşən torpaq sahəsini və əmlak kompleksini qiymətləndirmə tapşırığı vermişdir ki, onları hərrac vasitəsilə sataraq, qanuni qüvvəyə minmiş qətnaməni icra etsin. xx.xx.2021-ci ildə icra məmuruna müraciət edərək, həmin qiymətləndirmə tapşırığın surətini almış və görmüşdür ki, bu sənəd tam qanunsuz və əsassızdır. Buna görə də, Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edərək, cavabdeh "xxxx" MMC tərəfindən ona məxsus olan torpaq sahəsi və əmlak kompleksi tikilisini qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli hesabatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra o həmin iddia ərizəsinin Nərimanov Rayon Məhkəməsinə verilməsi barədə məktubu İcra şöbəsinə vermiş, bundan sonra iddia ərizəsi müvafiq qərardadla cavabdehin hüquqi ünvanının Binəqədi rayonu ərazisində yerləşməsi əsası ilə geri qaytarılmış, o, həmin qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iclasında məruzəçi hakim elan etdi ki, iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyətinə görə Binəqədi Rayon Məhkəməsinə göndəriləcək, o da ona Binəqədi Rayon Məhkəməsindən bildiriş gələcəyini gözləmiş, sonra ona məlumat verilmişdir ki, əmlakı hərracda satılıb, hesab edir ki, o qiymətləndirməni mübahisələndirməsi barədə məlumatı İcra şöbəsinə verdiyindən, hərracın keçirilməsi qanunsuz olmuşdur, ona bu barədə məlumat verilməmişdir.
3. Bundan əlavə, hərracı sifariş verən cavabdeh Yasamal rayon İcra şöbəsi digər cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC-yə hərrac keçirilməsini sifariş verərkən qəsdən həqiqətə uyğun olmayan ünvan göstərmiş, mobil telefonunu bildiyi halda nömrəsini göstərməmişdir. Belə ki, yaşadığı ünvan: ünvan 2 Yasamal rayon İcra şöbəsi isə sifarişində ünvanını - ünvan 4ldirişlər ona gəlib çatmamış və hərrac iştirakı olmadan keçirilmişdir. Hərracda yalnız bir nəfər - cavabdeh (tələbkar) Cavabdeh3 iştirak etmiş və xx.xx.2021-ci il tarixdə keçirilən qeyri-qanuni keçirilən hərracda mülkiyyətində olan obyekti dəyərindən qat-qat ucuz qiymətə almışdır.
4. Cavabdeh3 cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh3 xeyrinə qalıq borc olan 110425 manat üzərinə üç illik bank faiz dərəcəsinin hesablanması, 600 manat əmlakın qiymətləndirilməsinə, 5000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına çəkilmiş xərclər, 50000 manat vurulmuş mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı Cavabdeh3 notariat qaydasında aldığı 210000 ABŞ dolları vəsaiti qaytarmadığından onun iddiası əsasında Yasamal rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi əsasında qaytarılması təmin olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlib icra olunmasına baxmayaraq, bu günə kimi pul vəsaitini qaytarmaqdan imtina edir. Məhkəmə icra məmuru tərəfindən onun barəsində icra tədbirləri görülərək əmlakı üzərinə həbs qoyularaq, müvafiq qaydada qiymətləndirmə aparılmış və hərraca çıxarılmış əmlak tələbkar olaraq Cavabdeh3 təklif olunmuşdur. Cavabdeh3 həmin əmlakı 08 aprel 2021-ci il tarixdə hərracdan almışdır. Hərracın nəticələri aidiyyəti üzrə göndərilərək həmin əmlaka Cavabdeh3 adına 06 iyul 2021-ci il tarixdə dövlət reyestrindən Çıxarış verilmişdir. Bütün bunlara baxmayaraq, İddiaçı əsassız iddialarla Nərimanov və Binəqədi rayon məhkəmələrinə müraciətlər etməklə qiymətləndirməni və hərracın nəticələrinin etibarsızlığına dair tələblər səsləndirmişdir.
6. Baxmayaraq ki, Yasamal rayon məhkəməsinin 27 fevral 2019-cu il tarixli qətnaməsi əsasında 210000 ABŞ dollar, yəni 357000 manat pul vəsaitinin qaytarılması nəzərdə tutulsa da, yalnız əmlak kimi -246575 manat məbləği ödənilmişdir. Qalan 110425 manat hələ ki, ödənilməmiş qalmışdır. Bundan əlavə 600 manat əmlakın qiymətlədirilməsinə, 5 000 manat hərrac xərcinə, 980 manat çıxarışın alınmasına və mənəvi zərərə görə dəymiş ziyan Cavabdeh3 qaytarılmalıdır.
7. Nərimanov Rayon Məhkəməsinin 2(005)-119/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Kəmalə Əmirxanova) ilə ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
8. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır, hərrac barədə ona məlumat verilməsi zamanı yaşadığı ünvan düzgün qeyd edilmədiyindən ona məlumat gəlib çatmamışdır, rayon məhkəməsi tərəfindən işin hallarına düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və onun iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı:
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7194/2022, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair Binəqədi Rayon Məhkəməsində baxılmış 2(001)-245/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır.
11. Bundan sonra Cavabdeh3 məhkəməyə icraatın təzələnməsi barədə vəsatətlə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5344/2022, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-644/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə MPM-in 407.1.4-cü maddlərinin tələbləri pozulması, yəni maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməməsi əsası ilə icraata qəbul barədə qərardad ləğv edilməklə kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən, hazırkı iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-482/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər "xxxx" MMC, Yasamal Rayon İcra Şöbəsinə, Cavabdeh3, Bakı şəhəri 23 saylı Notariat Ofisinin xüsusi notariusu X2 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” ilkin iddia tələbi və Cavabdeh3 İddiaçı qarşı “borcun qaytarılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi, həmçinin qeyd etdi ki, onun əmlakı aşağı qiymətləndirilmişdir, bildirişdə ünvan düzgün qeyd edilməmiş, hərrac barədə bildiriş ona çatdırılmamışdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razı olmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin qeyd etdi ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili onun ünvanının düzgün göstərilməməsi səbəbindən hərrac barədə bildirişi almamasıdır. Halbuki etiraza əlavə edilən iddiaçının özünün Yasamal rayon İcra şöbəsinə yazdığı izahatında da öz yaşadığı ünvanı kimi hərrac barədə bildirişdə qeyd edilən “Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 16” ünvanı qeyd edilmişdir. Bundan başqa, iddiaçı uzun müddətdir ki, Yasamal rayonunda yaşayır və onun yaşadığı mənzilin yerləşdiyi əraziyə poçt xidmətini həyata keçirən poçt şöbəsi əməkdaşları onu yaxşı tanıyır, adına daxil olan poçt göndərişlərini ünvanda yanlışlıqlar olsa belə, ona vaxtında çatdırmışlar, iddiaçının əsas məqsədi işi uzatmaqdır.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək qeyd etdi ki, elan əsasında o həmin əmlakı 250.000 manata alıb, hazırda əmlak onun mülkiyyətindədir, onun hərracdan, iddiaçı ilə digər cavabdeh arasında olan məsələlərdən məlumatı olmamış, bu səbəbdən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etdi.
17. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
18. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 7 ünvanında qeydiyyatdadır.
19. Hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli, 28/07 nömrəli protokolun və xx.xx.2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, İddiaçı məxsus Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.099380 ha torpaq sahəsi və 2315.75 kv.m ibarət əmlak kompleksi 246575 manat məbləğə Cavabdeh3 tərəfindən əldə edilmişdir.
20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 962/2019 saylı İcra Vərəqəsinin surətindən görünür ki, cavabdeh İddiaçı 210000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulması) məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh3 xeyrinə ödənilməsi qeyd edilmişdir. İddiaçı ünvanı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əliyev küçəsi 16 qeyd edilmişdir.
21. Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə ilə iddia tələbi təmin edilməmişdir.
22. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
23. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-644/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə MPM-in 407.1.4-cü maddələrinin tələblərinin pozulması, yəni maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi əsası ilə icraata qəbul barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
24. “Daşınmaz əmlakın alqı-satqısı barədə” xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı Cavabdeh3 Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0.099380 ha torpaq sahəsi və çıxarışa əsasən tam mülkiyyət üzrə 829.55 kv.m ibarət əmlak kompleksi 250.000 manat məbləğə Cavabdeh4 satmış, onunhəmin əmlaka mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
26. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
27. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
28. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
40. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
41. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
42. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən ilkin iddia tələbi hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
43. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. İddiaçının apellyasiya şikayətinin əsas dəlili hərrac barədə bildirişdə onun ünvanının düzgün qeyd edilməməsi, nəticədə hərracdan məlumatı olmaması ilə bağlıdır. Bununla bağlı aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraza əlavə edilmiş iddiaçının Yasamal rayon İcra Şöbəsinə verdiyi və sonda öz sözləri ilə yazıldığını qeyd edərək, imzası ilə təsdiq etdiyi xx.xx.2020-ci il tarixli izahatında faktiki olaraq yaşadığı ünvanı kimi “ünvan 9çı inkar etmədi. Demək ki, hərracın keçirilməsi barədə bildiriş iddiaçıya çatdırılmışdır. Bununla da məlum olur ki, iddiaçının apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
45. Kollegiya iddiaçının apellyasiya şikayətində olmayan, lakin məhkəmə iclasında səsləndirdiyi -əmlakının aşağı qiymətləndirilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, mülki iş materiallarında olan İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən məlum olur ki, iddiaçının həmin iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-245/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-644/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə MPM-in 407.1.4-cü maddələrinin tələblərinin pozulması, yəni maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsi əsası ilə icraata qəbul barədə qərardad ləğv edilməklə mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi qüvvədə olan yuxarıda qeyd edilən məhkəmə aktları ilə əmlakın qiymətləndirilməsi hesabatının -onun real dəyərindən aşağı qiymətləndirilməsi səbəbindən etibarsız sayılması barədə tələbinə hüquqi qiymət verilmiş, həmin iddia tələbi əsassız hesab olunmuşdur, bu səbəbdən iddiaçının məhkəmə iclasında səsləndirdiyi həmin dəlili də əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hərracın qanunsuz keçirilməsi və ona hərrac barədə məlumat verilməməsi barədə dəlilləri öz təsdiqini tapmadığından, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. AR MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. MPM-in 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa araşdırma zamanı müəyyən olunmuşdur ki, əmlakın hazırkı mülkiyyətçisi Cavabdeh4 vicdanlı əldə edəndir. Nəticə:
46. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
48. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-119/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov