Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4827/2022 18.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: ölümün qeyd edilmə faktının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölümün qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-573/2022 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası xx.xx.1908-ci il təvəllüdlü X4 xx.xx.1990-cı il tarixdə Ağdam şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1938-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanda yerləşən mənzildə pasport qeydiyyatındadır və orada yaşayır. Mərhum anası xx.xx.1908-ci il tarxdə Ağdam şəhərində doğulmuş, xx.xx.1990-cı il tarixdə vəfat etmiş və doğulduğu Ağdam şəhərində dəfn olunmuşdur. 23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini, o cümlədən Ağdam şəhərini işğal etmişdir. Həmin vaxt anası da digər Ağdam sakinləri kimi məcburi köçkün düşmüşdür. Sonuncu döyüşlərin nəticəsində rəşadətli Azərbaycan ordusu tərəfindən Ağdam rayonu, o cümlədən Ağdam şəhəri işğaldan azad edilmişdir. Yalnız bundan sonra Ağdam şəhərinin necə xarabalığa çevirildiyini, daş üstə daş qalmadığını görmüşlər. Qaçqınlıq zamanı doğma evindən ayrılan zaman təkcə ev əşyaları deyil, bəzi sənədləri də ona məxsus olan evində qalmışdır. Həmin sənədlərin aqibəti məlum deyildir, o cümlədən mərhun anasına məxsus ölüm haqqında şəhadətnamə də həmin itən və ya evdə unudulan sənədlərin arasında olmuşdur. Mərhum anası tibb elmi üzrə dünyaca məşur professor, tanınmış elm xadimi idi. Elə ona görə də Ağdam rayonu, o cümlədən Ağdam şəhəri işğaldan azad edildikdən sonra Ağdamın yenidən qurulması planı çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin xüsusi tağşırığı əsasında mərhum anası X4 ev muzeyinin də yaradılması nəzərdə tutulmuşdur. Hazırda bəzi sənədləşmə işlərinin həyata keçirilməsindən ötrü mərhum anasına məxsus ölüm haqqında şəhadətnamənin olması zərurəti yaranmışdır. Bununla bağlı olaraq, ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etdikdə, həmin şöbə tərəfindən, arxiv məlumatının olmaması əsası ilə mərhum anası X4 ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bəzi sənədləşmə işləri ilə bağlı ölüm haqqında şəhadətnamənin olmasının vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-573/2022 saylı qətnaməsi ilə (hakim A.İbadzadə) ərizə təmin edilməmişdir.
4. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1908-ci ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş anası X4 Ağdam şəhərində ölməsini və orada qəbiristanlığında dəfn olunmasını göstərsə də, bu faktları təsdiq edən, həmçinin ona ölüm haqqında şəhadətnamənin verilməməsi barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
5. Məhkəmə öz mövqeyini AR Mülki Prosessual Məcəlləsinin 307.2.8, 308, 311-ci maddələrinə və “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
6. Ərizəçi apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-573/2022 saylı, xx.xx.2022-ci il tarixli Qətnaməsinin ləğv edilməsini, mərhum X4 xx.xx.1990-cı il tarixdə Ağdam şəhərində ölməsi və Ağdam şəhərində dəfn edilməsi faktının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə proses zamanı şahid ifadələrini dinləsə də, yekun olaraq hüquqi nəticəyə gələ bilməmiş, bundan əlavə müvafiq tibbi sənəd və məzar daşının şəkillərini tələb etmişdir, halbuki məhkəmənin tələbləri mümkünsüz idi, çünki məlum hadisələrin nəticəsi olaraq nə xəstəxana qalmayıb, nə də ki məzar daşı. Mərhum anası X4 1990-cı ildə Ağdam şəhərində ölməsi faktının müəyyən edilməsi ona vəsiyyətnamə üzrə vərəsəliyi rəsmiləşdirmək üçündür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq göstərdi ki, ərizəçini birinci instansiya məhkəmsində təmsil edən vəkil işin halları barədə məhkəməyə düzgün məlumat verməmişdir. Belə ki, onun anasi deyil, bacısı Adilə Namazova məşhur alim olmuşdur. Məhz bacısının işğaldan azad olunmuş Ağdam şəhərində bacısının doğulub boya-başa çatdığı evdə onun ev-muzeyinin yaradılması təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezideitinin Administrasiyasına və Mədəniyyət Nazirliyinə müraciət etmiş, həmin qurumlardan daxil olmuş cavablarda bu təşəbbüsün bəyənildiyi, bu işlərin görülməsi üçün onlara məxsus olmuş evin sənədlərinin təqdim edilməsi xahiş edilmişdir. Qeyd edilən ev onun mərhum anasının adına olmuş, anası hələ sağlığında bu evə dair öz övladlarına, o cümlədən ona vəsiyyətnamə qoymuşdur. Hazırda qeyd edilən vərəsəliklə bağlı məsələlərin həll edilməsi və evə dair sənədlərin qaydaya salınaraq səlahiyyətli orqanlara təqdim edilməsi zərurəti yarandığından məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, anası dünyasını dəyişən zaman Ağdam rayonunda qızğın döyüşlər getdiyindən həmin vaxt onun ölümünə dair sənədlərin əldə edilməsi mümkün olmamışdır. Anasının dəfnində 3000-4000 adam iştirak etmiş, hətta onun dəfn edildiyi qəbirstanlıq döyüşlərin getdiyi bölgəyə yaxın yerləşdiyindən dəfn zamanı əraziyə hərbi qüvvələr də cəlb edilmişdir.
10. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
14. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin tamamilə ləğv edilərək, ərizənin təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
Mülki Prosessual Məcəllə:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.
20. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
21. Maddə 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
22. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
23. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
24. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarı:
25. Həmin qərarın 4.8-ci bəndi: ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
26. Həmin Qərarın 9.3-cü bəndi: şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir.
27. Həmin Qərarın 9.4-cü bəndi: şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və ərizə təmin edilməlidir.
29. Belə ki, iş materiallarında olan 104436 saylı Təvəllüd Şəhadətnaməsindən görünür ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə doğulmuş, X8 onun anasıdır.
30. İş materiallarında olan Vİİİ-JQ seriyalı 536387 nömrəli Pasportun notarial qaydada təsdiq edilən surətindən görünür ki, X8 xx.xx.1908-ci ildə Ağdam rayonu, Seyidli kəndində doğulmuşdur.
31. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2021-ci il tarixli 05/Q-1076/69 saylı məktubundan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır.
32. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, ərizəçi qonşusudur. X8 1990-cı ildə vəfat etmiş, lakin yasında iştirak etməmişdir.
33. İş materiallarında olan və apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş aktdan görünür ki, X6, X5 və X2 xx.xx.1908-ci il təvəllüdlü X4 xx.xx.1990-cı ildə Bakı şəhərində vəfat etdiyini təsdiq etdiyini, xx.xx.1990-cı il tarixdə Ağdam şəhəri, Qarahacı qəbiristanlığında dəfn edildiyini təsdiq etmişlər.
34. İş materiallarında olan və apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş X3 Nəsimi Rayon Məhkəməsinə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, mərhum anası X8 xx.xx.1990-cı ildə Bakı şəhərində vəfat etmiş və xx.xx.1990-cı il tarixdə Ağdam şəhər qəbiristanlığında dəfn olunmuşdur.
35. İş materiallarında olan və apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş AR Ağdam şəhər Mənzil Kommunal İstismar İdarəsinin Zamanova (Namazova) Tamilla Əvəz qızına ünvanladığı məktubundan görünür ki, X1 şəhər “Qarağacı” qəbristanlığıda dəfn olunmuş, hazırda həmin qəbiristanlıq tamamilə yerlə yeksan edilmiş, tanınmaz hala salınaraq erməni quldurları tərəfindən həmin əraziyə taxıl əkilmişdir.
36. İş materiallarında olan sənədlərin, habelə ərizəçinin və onun nümayəndəsinin verdikləri izahatların tədqiqi ilə mərhum X4 xx.xx.1908-ci ildə Ağdam rayonunda anadan olması, Ərizəçi onun qızı olması, mərhum X9 şəhəri Ağamalı oğlu küçəsi, 3 ünvanda yerləşən evin mülkiyyətçisi olması və həmin evi öz övladlarına, o cümlədən Ərizəçi bərabər paylarla vəsiyyət etməsi öz təsdiqini tapır.
37. Hazırda ərizəçi Ağdam şəhəri bərpa edildikdən sonra həmin evdə mərhum bacısının ev-muzeyinin təşkil edilməsi üçün sənədləşmə işlərinin aparılması və vərəsəliklə bağlı məsələnin həll edilməsinin zəruri olduğunu, lakin mərhum anasının ölüm haqqında şəhadətnaməsini almadıqlarını, bununla bağlı əlaqədar Qeydiyyat şöbəsinə müraciət etsə də, şəhadətnamənin verilməsindən imtina olunduğunu bildirir.
38. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən ərizəçinin öz dəlillərini məhkəmə iclasında sübut edə bilmədiyinə istinad etmişdir.
39. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, məhkəməyə təqdim edilmiş yazılı sübutlarla, habelə şahid ifadəsi ilə ərizəçinin mərhum anasının 1990-cı ildə ölməsi və Ağdam rayonunda dəfn edilməsi halı tam təsdiqini tapır.
40. Habelə, hazırkı ərizə ilə müəyyən edilməsi xahiş edilən faktın hüquqi əhəmiyyət daşımaqla, ərizəçi tərəfindən mərhum anasından miras qalmış evlə bağlı vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruri olması müəyyən edilir.
41. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etsə də, iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qətetdi:
44. Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin.
45. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-573/2022 saylı qətnaməsi ləğv edilsin.
46. İş üzrə yeni qətnamə qəbul edilsin.
47. Ərizəçi ərizəsi təmin edilsin.
48. xx.xx.1908-ci il təvəllüdlü X4 xx.xx.1990-cı il tarixdə ölməsi faktı müəyyən edilsin.
49. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.