Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4835/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İlham Kərimli Əziz oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, Cavabdeh1 və onun nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı "əmlak tələbi" tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "çəkilən xərclərin ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(001)-208/2021-014 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras mülk olan, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1315A saylı bağ sahəsindən (0,1082 ha), ünvan 16nvanda yerləşən 11 saylı mənzildən, ünvan 1 10 saylı mənzildən, ünvan 2 evin qarşısında yerləşən sahəsi 23,2 kv.m olan qeyri-yaşayış sahəsindən (qaraj), ünvan 15dakı qeyri-yaşayış sahəsindən, ünvan 3 ünvanda yerləşən 14 saylı mənzildən, ünvan 4 sahəsindən, ünvan 5 ünvanda yerləşən 43 saylı mənzildən payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynlərinin vəfatından sonra onlardan miras qalmış yuxarıda sadalanan mülklər onun və cavabdehlərin arasında hər birinə 1/3 hissədə olmaqla bölünmüşdür. Uzun müddətdir ki, Cavabdeh1 bəzi sahələrdən (qeyriyaşayış sahəsi) qazanc əldə edir. Bu günədək həmin qazancdan (gəlirdən) ona bir manat olsun, verməmişdir. Bundan əlavə dəyəri yüksək olan valideynlərindən miras qalmış çoxlu sayda qızıl-zinət əşyaları və məbləği yüksək olan pul da cavabdehdədir. Bütün miras əmlakların sülh yolu ilə bölünməsi barədə razılıq əldə edilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, miras əmlakdan cavabdehin miras payına mütənasib surətdə miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi üçün 24150 manat çəkilən xərclərin özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 53,9 kv.m olan, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 48,04 kv.m olan və ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 35,01 kv.m olan miras əmlaklar əvvəllər anası X3 adına olmuş, anasının vəfatından sonra atası və onlar arasında 1/4 hissədə bölgüsü aparılmış, X1 vəfatından sonra isə onun da payı vərəsələr arasında 1/3 hissədə bölünmüşdür. ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 48,04 kv.m olan mənzil zamanında qardaşı Cavabdeh2 üçün alınmış, sadəcə olaraq, alğı-satqı anasının adına aparılmışdır. Qardaşı həmin mənzildə yaşamış, lakin valideynləri dünyasını dəyişəndən sonra ünvan 9 ünvanında yaşamaqla orada qeydiyyatdadır. ünvan 10lı bağ sahəsi (0,12 ha torpaq sahəsi) əvvələr atasının adına olmuş, vəfatından sonra onun da payı vərəsələr arasında 1/3 hissədə bölünmüşdür. Həmin torpaq sahəsinin qardaşı Cavabdeh2 verilməsi valideynlərinin sağlığında deyilmişdir və zərurət yaranarsa, bunu qohumları da təsdiq edə bilərlər. Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi 1315 A saylı bağ sahəsi (0,1082 ha torpaq sahəsi) isə əvvəllər anasının adına olmuş, vəfatından sonra onun da payı vərəsələr arasında 1/3 hissədə bölünmüşdür. Həmin torpaq ona verilmiş olsa da, sağlığında anasının adına rəsmiləşdirilmişdir. Bu faktı həm bağ qonşuları, həm də qohumlar təsdiq edə bilər. Həmin torpaq sahəsində onun tərəfindən abadlıq, tikinti, ağacların əkilməsi, bağ salınması və s. işlər onun vəsaiti hesabına aparılmışdır və zərurət yaranarsa, qohumlar, həmçinin orada çalışan ustalar və qonşular təsdiq edə bilərlər. Saxlancla bağlı bütün ödənişlər onun tərəfindən ödənilmiş, kommunal xərclər onun adına rəsmləşdirilmişdir. Hər iki bağ torpaq sahəsinin bir giriş qapısı vardır. 2017-ci ilin yayında onların ümumi istifadə hissəsi üzrə yararsız, uçmaq təhlükəsində olan 27 metr uzunluğunda 3,2 m. hündürlüyündə hasarının yenidən tikilməsi, həmin divarın 40 m. hissəsinin suvaqla örtülməsi və darvazanın qoyulmasına 5100 manat, girişinin 100 kv.m beton tökülməsi və tamet döşənməsinə 3200 manat pul xərcləmişdir. Digər mütəmadi xərclər də olmuşdur ki, onları qeyd etmir. Torpaq sahəsi ona aid olduğu üçün xərclərinin heç birini qeyd etməmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, 28 saylı evin qarşısında yerləşən ümumi sahəsi 23,3 kv.m olan qaraj əvvəllər atasının adına olmuş, onun vəfatından sonra isə vərəsələr arasında 1/3-də hissədə bölünmüşdür. Həmin qaraj onun maşınının saxlanması üçün alınmış, lakin atasının adına rəsmiləşdirilmişdir. Həmin qaraj həmişə onun istifadəsində olmaqla ona aid olmuşdur. Bunu orada çalışan usta və digərləri də təsdiq edə bilərlər. ünvan 15ında yerləşən daxili sahəsi 35,8 kv.m olan qeyri-yaşayış sahəsi əvvəllər anasının adına olmuş, vəfatından sonra atası və onlar arasında 1/4 hissədə bölünmüş, atasının vəfatından sonra isə sonuncunun payı da vərəsəllər arasında 1/3 hissədə bölünmüşdür. Həmin yer kommersiya məqsədilə istifadə olunmuş və bu gün də fəaliyyət göstərir. Ordan gələn gəlir icarəçi tərəfindən sağlığında şəxsən analarına verilmişdir ki, bunu bütün orada işləyənlər, qonşular təsdiq edə bilərlər. ünvan 11 ünvanında yerləşən yaşayış sahəsi 29,22 kv.m olan 1 otaqlı mənzil əvvələr anasının adına olmuş, vəfatından sonra atası və onlar arasında 1/4 hissədə pay bölgüsü aparılmış, atasının vəfatından sonra isə sonuncunun payı da vərəsəllər arasında 1/3 hissədə bölünmüşdür. Həmin yer də ona məxsusdur, sadəcə olaraq, anasının adına qeydə alınmışdır. Mənzilin bütün tələbatları, yerin saxlanc xərcləri, təmir xərcləri və aidiyyatı bütün digər xərclər onun tərəfindən ödənilmişdir. Yuxarıda qeyd olunan miras paylarının naturada ayrılmasına dair halların qiymətləndirilməsi və bölgünün ədalətli və qanuna müvafiq aparılmasını istəyir. Paylı mülkiyyətdə olan Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvanı küçəsi 28 saylı evin qarşısında yerləşən ümumi sahəsi 23,3 kv.m qaraj atalarının adına rəsmiləşdirilmiş, ataları 22 oktyabr 2017-ci il tarixində vəfat etmişdir. Qarajın təmiri, qapısının dəyişməsi damının təmiri işləri aparılmış, bu xərclər orta bazar qiymətləri ilə təxminən 450-500 manat etmişdir. Zərurət yaranarsa, bunu təsdiq etmək olar. Bundan başqa ünvan 12 ünvanında yerləşən, ümumi sahəsi 35,8 kv. m olan yerdə xırda ərzaq köşkü və evdə təmir işləri aparılmışdır. Qeyri-yaşayış sahəsinin damı aparıcı dirəklər bərkidilməklə, qır və toll örtüyü tam olaraq dəyişilmiş, buna 900 (doqquz yüz) manat xərclənmişdir. Bir müddət sonra oranın işıq sistemində, təchizatında, texniki şərt sənədləşməsində əlavə xərclər çıxmışdır. 2018-ci ilin sentyabr ayında həmin işlərin görülməsinə 850 (səkkiz yüz əlli) manat vəsait xərclənmişdır. Əslində bir sıra başqa xərclər də olmuşdur, sadəcə olaraq, həmin xərclərin qeydiyyatını aparmamışdır. Çünki nə vaxtsa həmin məlumatların lazım olacağını ağlına belə gətirməmişdir. Eyni zamanda su sayğacı quraşdırılmış və ona 320 (üç yüz iyirmi) manat xərclənmişdir. Yada düşən xərclər 2070 (iki min yetmiş) manat edir. Eyni zamanda ünvan 13 ünvanında yerləşən yaşayış sahəsində onun VÖEN ilə fəaliyyətə başlayandan sonra 2018-ci ilin yanvar ayında etibarən bir sıra xərclər olmuşdur ki, sayğac dəyişmə, reklam və s. toplam olaraq minimum 2200 manat etmişdir. Bundan başqa, X3 “Avrasiya Klinikası”nda Reanimasiya şöbəsində 35 gün koma vəziyyətində müalicə olunması üçün 13650 (on üç min altı yüz əlli) manat və 6200 (altı min iki yüz) manat nəğd ödəniş etmiş, sonra Bakı Klinik Mərkəzə köçürülmüş və 1500 (min beş yüz) manat da orda xərci çıxmış, toplam xərci 21350 (iyirmi bir min üç yüz əlli) manat təşkil etmişdir. Əlavə olaraq, kənardan dəfələrlə həkim gətirilmiş, dərmanlar alınmışdır. Onların dəyərini xatırlaya bilmir, lakin həmin məbləğ təxminən 2000 manatdan çox olmuşdur. Anasının dəfn mərasiminin təşkili, dəfn günü çadır, 3, 7 və 40 mərasimləri, il mərasimi hamısı bir yerdə 10800 (on min səkkiz yüz) manat civarında olmuşdur. Anası dəfn olunandan sonra 3000 (üç min) manata baş daşı sifariş olunmuşdur. Baş daşı ən keyfiyyətli Ukrayna mənşəli qara mərmərdən, xüsusi olaraq oymalı, bahalı güldanları və digər keyfiyyətli işlər görülmüş və dəfn olunduğu yerdə bütün köhnə hasar sökülmüş, yenidən daş hasara alınmış, suvaq işləri aparılmış və aqlay daş örtüyü ilə qismən üzlənmişdir. Aparılan hasar, aqlay və abadlıq işlərinə 1900 (min doqquz yüz) manat vəsait xərclənmişdir. Bunların cəmi 3900 (üç min doqquz yüz) manat təşkil edir. Anası üçün "qara mərmər" dən baş daşı sirafiş olunanda və hazırlanma mərhələsində iddiaçı ilə birlikdə getmişlər. Anasının müalicəsi, dəfni və ona aid digər xərclər yaşayış və qeyri-yaşayış sahələrinin təmir və təchizatla bağlı xərclər istisna olmaqla 37150 (otuz yeddi min yüz əlli) manat təşkil etmişdir. Bacısı (iddiaçı) tərəfindən 400 manat vəsait ona qaytarılmışdır. Qardaşı yaşadığı evdə, Bakı şəhəri, Binəqədi rayonu Z.Bünyadov prospekti ev 9A, mənzil 14-də sanitar qovşaqların tam olaraq sökülməsi, əsaslı olaraq təmiri və aksessuarlar ilə təmin olaraq tam təmir olunmasına 3500 (üç min beş yüz) manat xərclənmişdir. Bunlar razılaşma əsasında icra olunmuşdur. Ümumiyyətlə xərclər barədə iddiaçı onun vəsaitinin hələ ki olmadığını bildirmiş, lakin zamanı gəldikdə bunların hamısını ödəcəyini qeyd etmişdir. X1 dünyasını dəyişdikdən sonra bütün xərcləri dəfn, dəfn günü palatka, 3-7 mərasimi, Heydar Məscidində 40 mərasimi, il mərasimi, hamısı bir yerdə 15600 (on beş min altı yüz) manat təşkil etmişdir. Atasının məzar daşı eyni zamanda ən keyfiyyətli qara mərmərdən 3200 (üç min iki yüz) manat qiymətində hazırlanmışdır. Eyni yerdə sifariş olunmuşdur. Atası ilə bağlı xərclərin cəmi 18800 (on səkkiz min səkkiz yüz) təşkil edir. Bütün vərəsə işlərinin aparılması ilə bağlı notariat xərclər, ƏMDK yanında DƏDRX idarəsində bütün vərəsələr üzrə eyni zamanda iddiaçının vərəsəlik işlərininin aparılması ilə bağlı rəsmi ödəniş sənədləri üzrə təxmini olaraq 2000 (iki min) manat olaraq onun tərəfindən ödənilmişdir. Əlavə olaraq digər xərcləri də, 2000 ( iki min) manat civarinda, toplam 4000 (dörd min) manat çıxmışdır. Yadadüşən, xatırlaya bildiyi yuxarıda təmir, dəfn və vərəsəlik sənədləri ilə bağlı xərclədiyi qeyd olunanların cəmi 73650 (yetmiş üç min altı yüz əlli) manatdan çox olur. Bütün bunlardan başqa üç ildən artıq bir müddətdə o predmetə aid xərclər olmuşdur ki, onların heç birini xatırlaya bilmir. Hesab edir ki, həmin cəmi 73650 (yetmiş üç min altı yüz əlli) manat məbləğin vərəsələr arasında 1/3 pay nisbətində bölünməklə, anası ilə bağlı xərclərin qarşılanan 400 manat hissəsi çıxılmaqla, İddiaçı 24150 (iyirmi dörd min yüz əlli) manat çəkilən xərclər tutularaq ona verilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(001)-208/2021- 014 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2919 saylı 25 dekabr 2020-ci il tarixli rəyinə uyğun olmaqla, ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə iki yerə bölünərək 23,9 kv.m (5,6 m x 4,3 m) hissəsinin (ərzaq mağazası) Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində saxlanılmasın, 11,9 kv.m (2,8 m x 4,3 m) hissəsinin (daşınmaz əmlakın alğı-satqı ofisi) isə İddiaçı 1/3 hissə payına uyğun olaraq naturada ayrılması, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(001)-208/2021-014 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə AR Ədliyyə Nazirliyi MEM-nin 10/2919 saylı, 25 dekabr 2020-ci il tarixli rəyinə uyğun olmaqla ünvan 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin faktiki vəziyyətdə iki yerə bölünməsini qət etsə də, digər 6 əmlak barədə mövqe bildirməmiş, beləliklə mübahisə həll edilməmiş qalmışdır. O, sözügedən ekspert rəyi ilə tanış olduqdan sonra məsələnin obyektiv və birdəfəlik həlli məqsədilə məhkəməyə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 25 dekabr 2020-ci il tarixli, 10/2919 nömrəli ekspert rəyinə əsasən ünvan 14 ünvanda yerləşən qeyriyaşayış sahəsindən başqa qərardadda göstərilən digər mübahisə predmetlərinin naturada bölgüsünün qeyri-mümkün hesab edildiyini, ekspert rəyinin nəticələrinə əsasən mülki mübahisənin tam həllinin mümkün olmadığını, eləcə də iddiaçı tərəfə mübahisənin həllinin digər variantlarını təklif etməyinə baxmayaraq, təkliflərinin heç birinin qəbul edilmədiyini nəzərə alaraq mütəxəssis qismində MBA Konsalting” MMC cəlb edilməklə Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2020-ci il tarixli qərardadında göstərilən bağ, yaşayış və qeyriyaşayış sahələrinin mövcud bazar qiymətlərinin müəyyən edilməsi məqsədilə ekspertizanın keçirilməsi və ekspertizanın AR ƏN MEM-nə həvalə edilməsi barədə qərardad qəbul etməyi xahiş etsə də, məhkəmə iclas zamanı verdiyi bu vəsatəti qəbul etməkdən imtina etmişdir. Məhkəmə qətnaməsində işin əsaslandırılması hissəsi nəticə hissəsinə uyğun olmamışdır. Belə ki, mübahisə olunan 7 əmlakdan yalnız birinin bölgüsünün mümkün olduğu, digər 6 əmlakın iddiaçının tələb etdiyi qaydada bölgüsü mümkün olmasa da, qətnamədə məhkəmənin bu normalara və AR Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalrının şərh edilməsinə dair” 04.04.2014-cü il tarixli Qərarına hansı məqsədlə istinad etdiyi məlum deyildir. Konkret olaraq bizim mübahisdə yuxarıda göstərilən normalarda bəzi hüquqlar dispozitiv xarakterdə olsalar da, işin obyektiv həll edilməsi, sonsuza qədər məhkəmələrdə süni çəkişmələrdən uzaq olmaq məqsədilə məhkəmə tərəflərə mübahisənin həllinin digər qanuni tərəflərini izah edə bilərdi. Məhz bu məqsədlə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qiymətləndirmə barədə vəsatət verimişdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi-vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin müəyyən olunmuş hallarına görə, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 1315A saylı bağ sahəsi (0,1082 ha), ünvan 16nvanında yerləşən 11 saylı mənzil, ünvan 1 10 saylı mənzil, ünvan 15dakı qeyri-yaşayış sahəsi, ünvan 16nvanında yerləşən 14 saylı mənzil, ünvan 4 sahəsi (0,12 ha), ünvan 4 sahəsi (0,1082 ha) və Yasamal rayonu, A.M.Şərifzadə küç. ev 124 ünvanında yerləşən 43 saylı mənzil 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və qalan 1/3 hissədə Cavabdeh2 adlarına paylı mülkiyyət hüququ üzrə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işin müəyyən olunmuş digər halına görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən ünvan 2 evin qarşısında yerləşən sahəsi 23,2 kv.m olan qeyri-yaşayış sahəsinə (qaraja) dair 24.06.2020-ci il tarixli Texniki Pasport tərtib edilmiş, hüquq subyekti kimi İddiaçı, Cavabdeh1 və Cavabdeh2 adları qeyd edilmişdir. İş üzrə mübahisə predmeti olan əmlakların naturada bölünməsinin mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə həmin əmlaklardan yalnız ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı payına düşən 1/3 hissənin (11,93 kv.m) əmlakın digər hissələrindən naturada təcrid şəkildə ayrılmasının texniki cəhətdən mümkün olduğu, digər əmlaklar üzrə isə İddiaçı payına düşən 1/3 hissənin naturada müəyyən edilərək əmlakların digər hissələrindən naturada təcrid şəkildə ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 141 saylı, 16 iyun 2017-ci il tarixli sərəncamından görünür ki, ünvan 17 ünvanında qeydiyyatda olan vətəndaş Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan qardaşı Cavabdeh2 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 215.2-ci və 215.4-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Həmin Məcəllənin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və mülki qanunvericiliyin sadalanan normalarını nəzərə alaraq bu nəticəyə gəlir ki, paylı mülkiyyətdə olan əmlakların naturada bölünməsinə dair ilk iddia tələbi həmin əmlaklardan yalnız birinin – ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin naturada paylara uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olduğundan, digər əmlaklar isə mülkiyyətçilərin paylarına uyğun şəkildə 1/3 hissədə natura bölünmə bilmədiyindən, həmin iddia tələbi qismən əsaslı olmuşdur və birinci instansiya məhkəməsi tikinti-texniki ekspertizanın rəyinə istinad etməklə ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının 1/3 payına uyğun naturada ayrılmasını müəyyən etməkdə, digər əmlaklarla bağlı iddianı təmin etməməkdə haqlı olmuşdur. Qarşılıqlı iddianın təmin edilməməsinin qanunsuz olmasına dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı mərhum anasının xəstəliyi, onun müalicəsi və dəfn mərasimi, habelə miras əmlakının mühafizəsi üzrə bütün xərcləri özünün çəkdiyini iddia etmiş, çəkilmiş həmin xərclərin miras payına uyğun olaraq 1/3 hissəsini qarşılıqlı iddia üzrə cavabdehdən tələb etmiş, iddiasının hüquqi əsası kimi Mülki Məcəllənin 1157-ci maddəsinə istinad etmişdir. AR Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Maddənin mənasından göründüyü kimi, qanunverici mirasın vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsub olduğunu (miras şərikliyini) təsbit etmiş, habelə yenə həmin müddətdə (miras şərikliyi zamanı) miras qoyanın sonuncu (ölümünə səbəb olmuş) xəstəliyi zamanı ona qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclərin miras əmlakından ödənilməsinin mümkünlüyünü müəyyən etmişdir. Lakin hazırkı işin hallarından görünür ki, tərəflərin valideynlərindən qalmış miras əmlak artıq onların arasında bölüşdürülmüş və hər birinin payı müəyyən edilmişdir. Beləliklə, müəyyən edilir ki, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsası kimi istinad etdiyi normanın dispozisiya şərtlərinə uyğun olmamışdır. Digər tərəfdən iş materiallarından və tərəflərin məkəmə iclaslarında verdikləri izahatlarından aydın olur ki, tərəflərin mərhum anaları atalarından daha əvvəl vəfat etmiş, onun vəfatından sonra miras əmlakı hazırkı mübahisə tərəfləri və ataları arasında 1/4 nisbətində bölünmüş, atalarının ölümündən (22.10.2017-ci ildən) sonra isə ona məxsus 1/4 pay da övladları arasında bərabər nisbətdə bölüşdürülmüşdür. Başqa sözlə, qarşılıqlı iddiaçı mübahisəli əmlaklarla bağlı xərclərə aid işləri gördürdüyü zaman, tərəflər arasında miras şərikliyi olmamaqla həmin əmlaklar tərəflərin paylı mülkiyyətində olmuşdur. Qarşılıqlı iddiaçı isə mübahisəli əmlaklarla bağlı xərclərin həqiqətən də zəruri olduğu və bununla bağlı digər mülkiyyətçilərin razılığının alınmış olduğu barədə hər hansı sübut təqdim edə bilməmişdir. AR Mülki Məcəllənin 217.2-ci maddəsinə görə. mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı mülki mübahisəyə dair haqlı mövqeyi ilə razılaşır və hesab edir ki, işə baxmış məhkəmə ilk iddia tələbini qismən təmin edərək ünvan 15da yerləşən qeyriyaşayış sahəsinin faktiki vəziyyətdə işdə olan ekspert rəyinə uyğun şəkildə iki yerə bölünərək 23,9 kv.m (5,6 m x 4,3 m) hissəsinin (ərzaq mağazası) ilkin iddia üzrə cavabdehlərin paylı mülkiyyətində saxlanılması, 11,9 kv.m (2,8 m x 4,3 m) hissəsinin (daşınmaz əmlakın alğı-satqı ofisi) isə iddiaçının 1/3 hissə payına uyğun olaraq naturada ayrılması, ilk iddianın qalan hissədə təmin edilməməsi, həmçinin Cavabdeh1 İddiaçı qarşı “çəkilən xərclərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2(001)-208/2021- 014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4835/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4835/2021
29.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver