Məhkəmə qərarları › İş №2(103)-4838/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4838/2023

18.09.2023 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4838/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pozulmuş müəlliflik hüququnun bərpası, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pozulmuş müəlliflik hüququnun bərpası, maddi və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pozulmuş müəlliflik hüququnun bərpası, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Səfər Həsənov (Səfər Boluslu) “Sərin-sərin”, “Nə deyərsən” və “Məndən” adlı şeirlərin yer aldığı “Azərbaycan xəritəsi” (Bakı 2003 © ”Qapp-Poliqrafıya” mətbəəsi) adlı kitabının müəllifidir. Kitab şairinin vəfatından sonra oğlu İddiaçı tərəfindən tərtib edilərək çapa verilmişdir.

2. 2015-ci ildə nəşr edilən Xanım Sevərin adı altında açıqlanmış “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabında “Üz sərin-sərin”, “Deyərsən” və “Səndən” şeirləri yer alıb.

3. Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş arayışa əsasən “Sərin-sərin”, “Nə deyərsən” və “Məndən” adlı şeirlərlə “Üz sərin-sərin”, “Deyərsən” və “Səndən” adlı şeirlər üst üstə düşür.

4. Cavabdeh İnstagram sosial şəbəkəsində “xanimsever” adı ilə ona məxsus səhifədə (https://www.instagram.com/xanimsever/) “Mən sevgidən yoğrulmuşam” adlı kitabında “Üz sərin-sərin”, “Deyərsən” və “Səndən” şeirlərini paylaşmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı pozulmuş müəlliflik hüququnun bərpası, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası - mərhum şair Səfər Həsənovun (Səfər Boluslu) müəllifi olduğu “Azərbaycan xəritəsi” (Bakı 2003 © ”QappPoliqrafıya” mətbəəsi) adlı kitabındakı “Sərin-sərin”, “Nə deyərsən” və “Məndən” adlı şeirlərinin Cavabdeh (Xanım Sevər) tərəfindən “Mən sevgidən yoğrulmuşam” (Bakı 2015, © “Nurlan” mətbəəsi) adlı kitabına öz müəllifliyi ilə daxil etmiş, bununla iddiaçının atasının müəlliflik hüququnu pozmuşdur. Qeyd olunanlara əsasən iddiaçı Cavabdeh iddiaçının atası - mərhum şair Səfər Həsənova (Səfər Boluslu) məxsus əsərləri öz adına çap etdirdiyi və “Sərin-sərin”, “Nə deyərsən” və “Məndən” adlı şeirlərinin Səfər Həsənova (Boluslu) məxsus olması barədə məhkəmə tərəfindən müəyyən edilmiş qaydada təkzib yayımlanması; Cavabdeh iddiaçının atası mərhum şair Səfər Həsənova (Səfər Boluslu) məxsus əsərləri öz adına çap etdirdiyinə görə müəllifin vərəsələrindən və oxuculardan üzr istəməsi; Cavabdeh öz adı altında çap etdirdiyi kitablarım bütün nüsxələrinin yığışdırılması və kitabların nüsxələrinin məhv edilməsi barədə qətnamə çıxarılması; Cavabdeh tərəfindən iddiaçının atası mərhum şair Səfər Həsənovun (Boluslu) müəlliflik hüquqlarının pozulması ilə əlaqədar “Mən sevgidən yoğrulmuşam” kitabının yayılmasından, o cümlədən satış yolu ilə yayılmasından əldə olunan gəlirin tutulması əvəzinə cavabdehdən 5000 manat məbləğində kompensasiya tutulması; iddiaçının atası - mərhum şair Səfər Həsənovun (Boluslu) əsərlərindən istifadəyə görə 55000 manat qonorarın, vərəsə kimi iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 10000 manatın, mənəvi zərərin əvəzi kimi 75000 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, 2015-ci ildə “Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində səhifələnib çap edilmiş Cavabdeh adı altında açıqlanmış “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının 11-ci səhifəsində “Üz sərinsərin”, 27-ci səhifəsində “Deyərsən” və 28-ci səhifəsində istifadə edilmiş “Səndən” şeirlərinin şair Həsənov (Boluslu) Səfər Nəsir oğluna məxsus olmasının müəyyən edilməsi, Cavabdeh üzərinə İnstagram sosial şəbəkəsində “xanimsever” adı ilə ona məxsus səhifədə (https://www.instagram.com/xanimsever/) “Mən sevgidən yoğrulmuşam” adlı kitabın 11-ci səhifəsində “Üz sərin-sərin”, 27-ci səhifəsində “Deyərsən” və 28-ci səhifəsində istifadə edilmiş “Səndən” şeirlərinin şair Həsənov (Boluslu) Səfər Nəsir oğluna məxsus olmasının etiraf edilməsi və həmin şeirlərdən “Mən sevgidən yoğrulmuşam” adlı kitabında istifadə edilməsinə görə İddiaçı üzr istənilməsi öhdəliyinin qoyulması, Cavabdeh 1500 manat məbləğində kompensasiya və 500 manat mənəvi zərərin əvəzi olaraq, cəmi 2000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 4,36 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/87 saylı rəyini, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin mövqeyini, “Mən sevgidən yoğrulmuşam” kitabının cəmi 100 tirajla çap edilməsini və satışda olmasına dair iş materiallarında məlumatların olmamasını, Cavabdeh sosial şəbəkələrdə aktivliyini və iddia ərizəsində tələb edilən məbləğlərin ağlabatan və mütənasib olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, 2015-ci ildə “Elm və Təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində səhifələnib çap edilmiş Cavabdeh adı altında açıqlanmış “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının 11-ci səhifəsində “Üz sərin-sərin”, 27-ci səhifəsində “Deyərsən” və 28-ci səhifəsində istifadə edilmiş “Səndən” şeirlərinin şair Həsənov (Boluslu) Səfər Nəsir oğluna məxsus olması müəyyən edilməli; Cavabdeh üzərinə İnstagram sosial şəbəkəsində “xanimsever” adı ilə ona məxsus səhifədə (https://www.instagram.com/xanimsever/) “Mən sevgidən yoğrulmuşam” adlı kitabın 11-ci səhifəsində “Üz sərin-sərin”, 27-ci səhifəsində “Deyərsən” və 28-ci səhifəsində istifadə edilmiş “Səndən” şeirlərinin şair Həsənov (Boluslu) Səfər Nəsir oğluna məxsus olmasının etiraf edilməsi və həmin şeirlərdən “Mən sevgidən yoğrulmuşam” adlı kitabında istifadə edilməsinə görə İddiaçı üzr istənilməsi öhdəliyi qoyulmalı; Cavabdeh 1500 manat məbləğində kompensasiya və 500 manat mənəvi zərərin əvəzi olaraq, cəmi 2000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5, 8, 14, 15, 25, 28, 29, 45-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı, “Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220 və 360cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-456/2023 saylı qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, mülki işə əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı iddia ərizəsinə mərhum şair Səfər Həsənovun (Səfər Boluslu) vərəsəsi olması barədə sübut təqdim etməmiş, məhkəmə Goranboy RİH başçısının Boluslu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 113 nömrəli 29 mart 2022-ci il tarixli arayışına əsaslanaraq İddiaçı mərhum şair Səfər Həsənovun (Səfər Boluslu) vərəsəsi kimi qəbul etməklə yuxarıda qeyd edilən hüquq normalarının tələblərini pozmuşdur. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı mərhum şair Səfər Həsənovun (Səfər Boluslu) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə kimi tanınmadığı və vəsiyyətnamə ilə müəllifin şəxsi hüquqlarının qorunması ona həvalə edilmədiyi halda iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə həm Mülki Məcəllənin tələbləri, həm də “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normalarının tələblərinə zidd olaraq bu halları hazırlıq iclaslarında araşdırmamış və yuxarıda qeyd edilən normaları pozmaqla cavabdehin üzərinə hüquq sahibi olmayan şəxsdən üzr istənilməsi öhdəlyinin qoyulması barədə qətnamə çıxarmışdır. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla, hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq, pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Lakin hazırkı işlə əlaqədar məhkəmə qətnamədə “Mən sevgidən yoğrulmuşam” kitabının cəmi 100 tirajla çap edilməsini və satışda olmasına dair iş materiallarında məlumatların olmamasını qeyd etsə də, cavabdehdən 1500 manat məbləğində kompensasiya və 500 manat məbləğində zərərin əvəzi olaraq-cəmi 2000 manat məbləğində pulun tutulmasını əsaslandırmamışdır. Hazırkı mübahisə ilə əlaqədar iddiaçının müvafiq subyektiv hüquqa malik olmadığını araşdırmadan iddianın qismən təmin edilməsi barədə qərar qəbul etmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onlar apellyasiya şikayətində Mülki Məcəllənin 1133 və 1321-ci maddələrinə istinad ediblər. Məhkəmə vərəsəliklə, o cümlədən müəlliflik hüququ ilə bağlı məsələyə baxarkən Goranboy Rayonu İcra Hakimiyyəti Başçısının Kənd Ərazi nümayəndəsinin təqdim etdiyi arayışa istinad edib,amma onlar hesab edir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 28, 29-cu maddələrində müəlliflik hüququ haqqında vərəsələrin iddia vermək hüququ konkret göstərilib. Müəlliflik hüququ haqqında iddia qaldıran iddiaçının vərəsə olmasını təsdiq edən sənəd yoxdur. Onlar iddia etmirlər ki, iddiaçı Səfər bəyin öz övladı deyil, sadəcə iş materiallarında onun qanuni olaraq vərəsə olmasını təsdiq edən sənəd yoxdur. Eyni zamanda hakim özü də birinci instansiya məhkəməsində bu kitabın satışda olmamasını bildirdi. Bu ailə albomu kimi 100 tiraj çap olunan bir kitabdır və əslində satışda olmayıb. Biri 50 manata satılsa 5000 manat əldə edilə bilərdi. Cavabdeh kitabdan nə qədər gəlir götürə bilər ki, məhkəmə 1500 manat kompensasiya və 500 manat mənəvi zərər tutulmasını qət edib. Onlar elə hesab edir ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı pozulub. Ona görə də hesab edir ki, onların apellyasiya şikayəti təmin edilməlidir. Xanımsevər həqiqətən də şairə və yazıçıdır. Onun bundan əlavə bir kitabı var, amma çantasında yer olmadığına görə gətirməyib. O həqiqətən Yazıçılar İttiafaqının üzvüdür. Bu mübahisədən sonra cavabdeh Yazıçılar İttifaqına daxil olub, ona görə də onu iş materiallarına əlavə edə bilməyib. 3-4 şeiri kitaba daxil edib pul əldə etmək məqsədi olmayıb. Sadaladıqları əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Xanım bu kitabı özü və qohumlarına vermək üçün ailə albomu kimi nəşr etdirib, amma kiməsə kitabı verəndə ailə şəkillərini kitabdan cırıb çıxardıb. Kitab satışa belə çıxmamış, qeydiyyata alınmamışdır.

14. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, Xanımsevər onun nömrəsini tapıb ona zəng edib, ona bildirdi ki, qadın olduğuna görə keçir, amma hansısa sosial şəbəkədə şair Səfər Boluslunun 3 şeirini götürdüyünü barəsində video çəkib paylaşsın. Bunu etmədi, hətta oğlu ilə onu guya ki, Xanımı təhqir etdiyinə görə polisə verib. Üzərinə adamlarını göndərdi, o da məcbur olub məhkəməyə müraciət edib. Əqli Mülkiyyət Agentliyindən və ekspertizadan üç şeirin həqiqətən də şair Səfər Boluslunun şeiri olması barədə rəy alıb. Onun cavabdehi məhkəməyə vermək fikri yox idi. Xanım üç şeirin onun olmamasını və şeirləri götürdüyünə görə şair Səfər Boluslunun ruhundan da, ailəsindən də və oğlundan da üzr istəməsi ilə bağlı video paylaşmasını tələb edib. O Xanımla düşmən deyil. Onun atası Səfər Boluslu Azərbaycanda ən güclü şair olub. 2 şeiri götürüb 1 şeirdə birləşdirib. 2 dənə bənd birinci şeirdən bir bənd götürüb. Əgər cavabdeh kitabda şəkilləri cırıbsa səhifələr niyə ardıcıl gedir? O heçkəslə düşmən deyil, sadəcə olaraq Xanımsevər onu çox incitdi, onunla heç tanışlıqları yoxdur. Bakıdan olan müğənni tanışı belə bir kitabın olduğunu, atasının şeirinə rast gəldiyini dedi və o da kitabı özü üçün gətirtdi. O, atasının tək oğul övladıdər, atası 1949-cu ildə akademiyada oxuyarkən orada rus vətəndaşı ilə ailə həyatı qurub və həmin evlilikdən 1 qız övladı dünyaya gəlmişdir. Hazırda o atasının Goranboy rayon Boluslu kəndində yerləşən evində yaşayır. Goranboydakı ev atasının vəfatından sonra anasının adına idi. Anası dünyasını dəyişəndən sonra o, hazırda evi oğlunun adına sənədləşdirir. Xanımdan pulu ona görə tələb edir ki, o 1 il yarımdır ki bu işlə əlaqədar Bakıya gəlib-gedir, o pul da onun yol xərci və bu işlə bağlı çəkdiyi digər xərclərin qarşılığıdır. Binəqədi Rayon Məhkəməsinə 315 manat ödəyib.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 30. İ. Hər kəsin əqli mülkiyyət hüququ vardır. İİ. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

17. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 5.1. Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Maddə 8.1. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Maddə 14.1. Əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); v) əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); q) istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ); Maddə 15.1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Maddə 15.2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ); əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ). Maddə 25.1. Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Müəllifin vəfatından sonra onun şəxsi hüquqlarının qorunması bu Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 29.1. Müəlliflik hüququ vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir. Müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları vərəsəlik üzrə keçmir. Müəllifin vərəsələri şəxsi hüquqların qorunmasını həyata keçirə bilərlər. Vərəsələrin bu səlahiyyətləri müddətlə məhdudlaşdırılmır. Maddə 29.2. Müəllif vəsiyyətnamənin icrasını təyin etdiyi qaydada şəxsi hüquqlarının qorunmasını həvalə etdiyi şəxsi göstərə bilər. Belə şəxs öz səlahiyyətlərini ömürlük həyata keçirir. Müəllifin şəxsi hüquqlarının qorunması haqqında belə göstərişi olmadıqda o, vəfat edəndən sonra şəxsi hüquqlarının qorunmasını onun vərəsələri, yaxud vərəsələri yoxdursa və ya müəlliflik hüququnun qorunma müddəti qurtarmışdısa, belə hüquqların qorunmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum yerinə yetirir. Maddə 45.1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Maddə 45.2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin olunması qənaətinə gələrkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 5/87 saylı rəyinə istinad etmişdir. Ekspert rəyinə əsasən tədqiqata təqdim olunmuş 2003-cü ildə nəşr edilən Səfər Boluslunun “Azərbaycan xəritəsi” şeirlər kitabının 51-52-ci səhifəsində olan “Sərin-sərin” şeirinin və 2015-ci ildə nəşr edilən Xanım Sevərin müəllif olduğu “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının 11-ci səhifəsində olan “Üz sərin-sərin” şeirinin mətni üst-üstə düşür. Səfər Boluslunun “Azərbaycan xəritəsi” şeirlər kitabının 63-64-cü səhifəsində olan “Nə deyərsən” şeirinin və Xanım Sevərin müəllif olduğu “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının 27-ci səhifəsində olan “Deyərsən” şeirinin mətni üst-üstə düşür. Səfər Boluslunun “Azərbaycan xəritəsi” şeirlər kitabının 24-25-ci səhifələrində olan “Məndən” şeirlərinin və Xanım Sevərin müəllif olduğu “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabının 28-ci səhifələrində “Səndən” şeirinin mətni üst-üstə düşür.

24. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Səfər Həsənovun (Səfər Boluslu) oğludur. Habelə, Səfər Həsənovun (Səfər Boluslu) “Sərin-sərin”, “Nə deyərsən” və “Məndən” adlı şeirlərinin yer aldığı “Azərbaycan xəritəsi” (Bakı 2003 © ”Qapp-Poliqrafıya” mətbəəsi) adlı kitabı şairinin vəfatından sonra oğlu İddiaçı tərəfindən tərtib edilərək çapa verilmişdir.

25. Bununla yanaşı, Səfər Boluslunun (X3) oğlu İddiaçı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə ünvanladığı 2022-ci il 23 mart tarixli ərizəsinə şeirlərin orijinal əlyazmalarının surətlərini Agentliyə təqdim etmişdir.

26. Apellyasiya şikayətinin digər dəlili odur ki, “Mən sevgidən yoğrulmuşam” kitabı cəmi 100 tirajla çap edilməsinə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən 1500 manat məbləğində kompensasiya və 500 manat məbləğində zərərin əvəzi olaraq-cəmi 2000 manat məbləğində pulun tutulması qət edilmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, “Mən sevgidən yoğrulmuşam” kitabının hazırda satışda olub olmaması, ancaq 100 tirajla çap edilməsi kompensasiya və mənəvi zərərin məhkəmə qaydasında tutulmasını istisna etmir.

28. Çünki 2015-ci ildə nəşr edilən Xanım Sevərin adı altında açıqlanmış “Mən sevgidən yoğrulmuşam” şeirlər kitabında 2003-cü ildə nəşr edilən Səfər Boluslunun adı altında açıqlanmış “Azərbaycan xəritəsi” şeirlər kitabında olan və yuxarıda müqayisəsi aparılmış şeirlər cüzi dəyişikliklər edilməklə verilmiş, müəllifinin adı göstərilməmiş, müəllifə istinad edilməmiş, şeirlərdən istifadə olunmasına görə müəllifdən icazə alınmamış və ona qonorar ödənilməmişdir. Nəticədə, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. §17

29. “Müəlliflik hüquqları və əlaqəli hüquqlar haqqında” Qanunun 45.2-ci maddəsinə əsasən məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul edə bilər.

30. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq 1500 manat məbləğində kompensasiya tutulması qənaətinə gəlmişdir.

31. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mənəvi zərərin tutulması tələbi ilə məhkəməyə müraciət etməkdə də haqlı olmuşdur.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiyasının 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, “...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.”

33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

34. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-456/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar