Məhkəmə qərarları › İş №2(103)-4841/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4841/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4841/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh7-ya, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 oğluna qarşı “kredit tələbi”nə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9/2021 saylı, 15 mart 2021-ci il tarixli qərardadından “xxxx” MMC-nin nümayəndəsinin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh7-ya, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 oğluna qarşı “kredit tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh “xxxx” MMC “X1 Azərbaycan” QSC-yə qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə 15.03.2021-cı il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə hesablanmış 142.796 manat məbləğində faiz borcu və 285.867 manat məbləğində cərimə borcunun silinməsi baradə öhdəlik qoyulması baradə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9/2021 saylı, 15 mart 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmış, məhkəmə bu zaman ona əsaslanmışdır ki, qarşılıqlı iddia ərizəsi vaxtında verilməmiş, onun verilməsi üçün əsaslar məhkəmə baxışı zamanı yaranmamış və dövlət rüsumu ödənilməmişdir. Həmin qərardaddan “xxxx” MMC-nin nümayəndəsinin verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “xxxx” MMC-nin qarşılıqlı iddia ərizəsi işin baxılmasına başlananadək verilməmiş və onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində yaranmamışdır. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, iddia tələbi ilkin olaraq “xxxx” MMC-yə qarşı qaldırılmış işə mahiyyəti üzrə baxılmış, lakin 27 oktyabr 2020-ci il tarixdə “xxxx” MMC əsl cavabdeh olan “Cavabdeh6.S” MMC ilə əvəz edilmiş, həmin təşkilat əsl cavabdeh kimi işə cəlb edildikdən sonra qarşılıqlı iddia ərizəsi vermişdir. Lakin kollegiya “Cavabdeh6.S” MMC-nin “xxxx” MMC-nin hüquqi varisi olduğunu nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi vaxtında verilməmişdir. Həmçinin cavabdeh təşkilatın nümayəndəsi qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun sistemə yükləndiyini bildirsə də, bu barədə sübutu nə şikayətə əlavə etməmiş, nə də kollegiya bu barədə heç bir məlumat aşkar edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9/2021 saylı, 15 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar