Məhkəmə qərarları › İş №2(103)-4843/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4843/2021

19.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4843/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin geri qaytarılması” iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-396/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 qarşı "avtomobilin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun adına olan ** DK *** dövlət qeydiyyat nişanlı, "Kia Rio minik” markalı avtomobili tanışı X2 icarəyə vermişdir. Bir müddət sonra o, Mircavidə xahiş etmişdir ki, avtomobili ona geri qaytarsın. Mircavid ona bildirmişdir ki, hazırda avtomobil onda deyil, o, avtomobili xalası oğlu (onun dediyinə görə) Cavabdeh sürmək üçün vermişdir. İddiaçıya bildirmişdir ki, Cəbrayıla sürmək üçün etibarnamə verib. İddiaçı isə buna etiraz etmiş, ondan avtomobilini geri istəmişdir. Mircavid ona Cəbrayılın nömrəsini verərək, onunla əlaqə saxlamağını bildirmişdir. İddiaçı da Cəbrayılın yuxarıda qeyd etdiyi mobil telefon nömrəsinə zəng edərək, avtomobilin sahibi olduğunu və avtomobili ona geri qaytarmasını xahiş etmişdir. Cavabdeh ona demişdir ki, o, iddiaçını tanımır, o, avtomobili Mircaviddən götürmüş, elə ona da qaytaracaq. Bundan sonra o, Mircavid ilə əlaqə saxlamağa çalışsa da, həmişə ona zəng edən mobil telefonuna zəngetmiş və ona zəng çatmamışdır. Dərhal məsələ ilə bağlı "102" xidmətinə məlumatvermişdir. Ona şifahi olaraq polis idarəsinde bildirmişdilər ki, məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Hazırda iddiaçıya məxsus ** DK *** dövlət qeydiyyat nişanlı, "Kia Rio minik" markalı avtomobil Cebrayılın istifadəsindədir və sürülür. O, cavabdeh olan Cəbrayıl ilə dəfələrlə əlaqə saxlamağa çalışmış və avtomobilini geri qaytarmasını tələb etmiş, lakin buna nail ola bilməmişdir. Ona görə də məhkəməyə müraciət edib. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-396/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli avtomobil hazırda ondadır. O, sözügedən avtomobili 5000 manata X1 almışdır. X3 ona həmin avtomobilin texniki pasportunu verərək bildirmişdir ki, avtomobilin sahibi İddiaçı Şamaxı rayonunda olduğundan ona avtomobilə dair etibarnamə verə bilməyib. İddiaçı rayondan qayıtdıqdan sonra onlara etibarnamə verəcək və onlar ayda 400 manat pulu avtomobilin sahibinə ödəyəcəklər. Sonda avtomobil onların olacaqdır. Avtomobili özündə saxlamaqda məqsədi avtomobil üçün ödədiyi puldan 5000 manat pulun ona qaytarılmasıdır Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh həmçinin məhkəməyə teleqram ünvanlayaraq səhətində yaranmış probleblə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini bildirmiş və işin təxirə salınmasını xahiş etmişdir. Kollegiya cavabdehin teleqramda qeyd etdiyi hal ilə bağlı sübut təqdim etmədiyini nəzərə alaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şəxsin əmlak məlumatları barədə kompüter çıxarışından görünür ki, “KİA RİO MİNİK” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mülkiyətində olan ** DK *** dövlət qeydiyyat nişanlı, “Kia Rio minik” markalı avtomobili tanışı X2 icarəyə vermiş, bir müddət sonra o, Mircavid Aslanovdan avtomobili geri tələb etdikdə, sonuncu avtomobili hazırki Cavabdeh verdiyini bildirmişdir. iddiaçı cavabdehdən avtomobili tələb etsə də cavabdeh avtomobili qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, iş üzrə sübut etmə yükü iddiaçının üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, hazırki mübahisə üzrə məhz iddiaçı, qaytarılmasını tələb etdiyi əmlakın onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Avtomobilin iddiaçının mülkiyyətində olduğu və cavabdehin qanunsuz sahibliyində olması iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçı mülkiyyətçisi olduğu avtomobili cavabdehdən geri tələb etməkda haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətlərinə münasibətdə isə kollegiya qeyd edir ki, X3 avtomobili satmağa hüququ olan şəxs kimi qəbul edilə bilməz. Bele ki, iddiaçının da qeyd etdiyi kimi avtomobil ona icarəyə verilmiş, avtomobilə dair etibarnamə belə verilməmişdir. Bununla belə kollegiya cavabdehə izah edir ki, o, avtomobil alınması üçün X2 pul verdiyini iddia edirsə, bu barədə müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edərək pul vəsitinin geri ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-396/2021 saylı, 22 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar