Məhkəmə qərarları › İş №2(103)-4849/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4849/2022

31.08.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4849/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi, vəkil X3, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-171/2022 saylı mülki iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2008-ci il tarixli 229 saylı müqaviləyə əsasən, MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı 42 saylı mənzili Cavabdeh1 satmağı öhdəsinə götürmüşdür.

2. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış “Birgə təsərrüfat fəaliyyəti haqqında” 28 may 2012-ci il tarixli müqaviləyə əsasən tərəflər Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 A ünvanında tikiləcək yaşayış binasının layihələşdirilməsi, tikintinin başa çatdırılması və mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öhdələrinə götürmüşlər. Müqaviləyə əsasən tərəflər bu müqavilə imzalandığı andan etibarən mənzillərin satışının rəsmiləşdirilməsi (alqı-satqı, icarə, barter, əvəzləşdirmə, bağışlama, təmir-bərpa və s.) hüququnun "xxxx" MMC-yə həvalə olunmasına razılaşmışlar.

3. Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2008-ci il tarixli 229 saylı müqaviləyə əlavə kimi Cavabdeh1 ilə "xxxx" MMC arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 A ünvanında tikəcəyi yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində, ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı 42 saylı mənzili Cavabdeh1 verməyi öhdəsinə götürmüşdür.

4. "xxxx" MMC tərəfindən verilmiş 14 yanvar 2013-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 həmin mənzilin müqavilə dəyərini tam ödəmişdir.

5. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 22 aprel 2019-cu il tarixli ilkin müqaviləyə əsasən, Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Gəncə prospekti, 2935 A ünvanında yerləşən yaşayış evinin 1-ci blok 6-cı mərtəbəsində, ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı 42 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və əmlakın yüklülüyünə dair arayışın alınıb alqı-satqı müqaviləsi bağlanmasını öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin satış qiyməti 34000 manat müəyyən olunmuş, İddiaçı tərəfindən 34000 manat pul müqavilənin bağlanması anında notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilmişdir. Tərəflər 1 il müddətində əsas müqavilənin bağlanması barədə razılığa gəlmişlər.

6. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 22 aprel 2019-cu il tarixli A-005/2019 saylı müqaviləyə əsasən, alıcı "xxxx" MMC-nin Bakı şəhəri Gəncə prospekti, 2935A ünvanında inşa etdiyi mövcud olan 16 mərtəbəli ofis və yaşayış binasının 0,000 səviyyəsində başlayan 1-ci blok 7-ci mərtəbəsindən 1 otaqlı 42 nömrəli mənzili 33999,59 manata almaq üçün müraciət etmişdir.

7. "xxxx" MMC tərəfindən verilmiş 22 aprel 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı həmin mənzilin müqavilə dəyərini tam ödəmişdir.

8. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə İddiaçı arasında bağlanılmış 22 aprel 2019-cu il tarixli müqaviləyə əsasən idarəedici təşkilat olan "xxxx" MMMC çoxmənzilli binada bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakın saxlanması, təmiri və digər xidmətləri göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi, İddiaçı isə bunun müqabilində 20 manat məbləğində aylıq ödəniş aparmağı öhdəsinə götürmüşdür.

9. "xxxx" MMC tərəfindən tərtib edilmiş smetadan görünür ki, həmin mənzilin təmiri 25257 manat məbləğində dəyərləndirilmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(011)-6346/2019 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Cavabdeh1 və İddiaçı Ədil oğluna qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(103)-1081/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(011)- 6349/2019 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Gəncə prospekti, 2935A ünvanında yerləşən yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində sahəsi 59,47 kv.m. olan bir otaqlı mənzillə bağlı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli müqavilə və "xxxx" MMC ilə cavabdeh İddiaçı Ədil oğlu arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(102)-1327/2021 saylı qərarı ilə cavabdehlər "xxxx" MMC və İddiaçı Ədil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmişdir.

13. X2 tərəfindən cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilərək evin alınması üçün ödənilmiş 38000 manat, təmiri üçün sərf olunmuş 25257 manat, cəmi 63257 manat pul Cavabdeh1, mənzilə su sayğacı quraşdırılması üçün ödənilmiş 220 manat pul "xxxx" MMC-dən geri tələb edilmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

14. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin alınmasına görə ödənilmiş 38000 manat, təmirə çəkilmiş xərcin əvəzi kimi 25257 manat, dəymiş zərərin əvəzi kimi 11894 manat və əldən çıxmış faydanın əvəzi kimi 3800 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun Cavabdeh1, mənzildə su sayğacının quraşdırılmasına görə ödənilmiş 220 manat pulun "xxxx" MMC-dən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 22 aprel 2019-cu il tarixli notarial qaydada təsdiq olunmuş ilkin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən tikilmiş Bakı şəhəri Gəncə prospekti, 2935A ünvanında yüksək mərtəbəli binanın 1-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 59,47 kv.metr olan 42 saylı mənzili 38000 manata almışdır. Mənzilin müqavilə üzrə dəyəri olan 34000 manat pul Cavabdeh1, mənzilin rəsmiləşdirilməsi xərci olan 4000 manat pul isə Cavabdeh1 təklifi ilə MMC-nin təmsilçisi Ayxan Qocayevə ödənilmişdir. Mənzil alınarkən təmirsiz vəziyyətdə olduğuna görə o, mənzilin təmirinə 25257 manat pul sərf etmiş və mənzilə köçüb yaşamağa başlamışdır. Mənzili aldıqdan 1-2 ay sonra sonra Könül Budaqova adlı şəxs onu, Cavabdeh1 və mənzili inşa edən tikinti təşkilatlarını məhkəməyə verərək bildirmişdir ki, həmin mənzil ona məxsusdur. Birinci instansiya məhkəməsi Könül Budaqovanın iddiasını təmin etməsə də, yuxarı instansiya məhkəmələri onun iddiasını təmin etmişdir. İddiaçıya məlum olmuşdur ki, cavabdehlər mənzilin mübahisəli olduğunu bilə-bilə ona satmışlar. Buna görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı hesab edir ki, mənzili aldıqdan sonra ötən müddət ərzində mənzillərin 1 kvadrat metrinin qiyməti 200 manat artdığına görə ona 11894 manat (200 manat x 59,47 kv.m) maddi ziyan dəymişdir. Bundan əlavə, illik 5 faiz olmaqla 3800 manat məbləğində əldə edə biləcəyi faydadan məhrum olmuşdur. Mənzilə su sayğacı qoyulması üçün isə 220 manat pul ödəmişdir.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli 2(011)-171/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 34000 məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq cavabdeh İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X5)

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh1lə İddiaçı arasında mənzilin alqı-satqısına dair ilkin müqavilə bağlansa da, müqavilədə nəzərdə tutulduğu kimi 1 il ərzində əsas müqavilə bağlanmamışdır. İddiaçı Cavabdeh1 mənzilə görə 34000 manat pul alsa da, mənzilin alqı-satqısı baş tutmadığına görə ödənilmiş 34000 manat pul həyata keçirilməmiş əsasa söykənən əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsinə uyğun olaraq geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, mənzilin rəsmiləşdirilməsi üçün 4000 manat pulun Cavabdeh1 verilməsi, habelə 11894 manat məbləğində maddi zərərə məruz qalması və 3800 manat məbləğində faydadan məhrum olması sübuta yetirilmədiyinə görə həmin hissələrdə iddia tələbi təmin olunmamalıdır. Mənzilin təmirinə çəkilmiş 25257 manat pulun Cavabdeh1, su sayğacının quraşdırılmasına görə ödənilmiş 220 manat pulun "xxxx" MMC-dən tutulması hissələri ilə bağlı məhkəmə hesab etmişdir ki, cavabdehlər həmin tələblərə cavab verməli olan şəxs olmadıqlarına görə həmin hissələrdə də iddia təmin edilməməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157, 402, 1091, 1092, 1096 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın təmin edilməyən hissələrinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mənzilə görə 38000 manat pul ödəməsi, təmirə 25257 manat, su sayğacının quraşdırılmasına 220 manat pul sərf etməsi, 11894 manat məbləğində maddi zərərə uğraması və 3800 manat məbləğində faydadan məhrum olması kifayət qədər sübut olunmasına baxmayaraq, məhkəmə əsassız olaraq həmin hissələrdə iddianı təmin etməmiş, işin faktiki halları tam araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur.

21. Cavabdeh1 də mübahisələndirilən qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinə dəqiqləşmə verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilən hissəsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, satılan mənzil onun tərəfindən hər hansı bir hüquqi maneə olmadan 2013-cü ildə alınmış, 2013-2019-cu illərdə həmin mənzilə dair üçüncü şəxslərin tələbi olmamış, mənzil yüklü olmamışdır. Mənzil satılarkən də bu xüsusatların heç biri mövcud olmamışdır. İddiaçı isə həmin mənzili hər hansı bir maneə olmadan əldə edərək təmir etdirməklə orada yaşamışdır. Cavabdeh1 mənzilin həm vicdanlı alıcısı, həm də vicdanlı satıcısı olmuşdur. Məhkəmə satıcı qismində onu deyil, həmin əmlakı idarə edən "xxxx" MMC-ni müəyyən etməli idi. Belə ki, mənzilin satılması ilə bağlı əsas müqavilə məhz "xxxx" MMC ilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışının özü də sübut edir ki, iddiaçı ilə digər cavabdeh olan "xxxx" MMC arasında mülki hüquq münasibətləri mövcud olmuşdur. Lakin məhkəmə bu münasibətlərə düzgün hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin şikayətinin təmin edilməməsini xahiş etdilər.

25. Cavabdeh1 nümayəndəsi isə öz apellyasiya şikayətlərini müdafə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi.

26. Digər cavabdeh "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Qətnamə iddiaçının apellyasiya şikayəti üzrə iddianın təmin olunmayan hissələrində, Cavabdeh1 apellyasiya şikayəti üzrə isə iddianın təmin olunan hissəsində yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

30. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 22 aprel 2019cu il tarixli ilkin müqaviləyə əsasən Cavabdeh1 "xxxx" MMC və "xxxx" MMC-dən aldığı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935 A ünvanında yerləşən yaşayış binasının 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 59,47 kv.m olan 1 otaqlı 42 saylı mənzili İddiaçı satmağı və 1 il ərzində əsas müqaviləni bağlamağı öhdəsinə götürmüşdür. Bunun müqabilində Cavabdeh1 İddiaçı 34000 manat məbləğində pul almışdır. 22 aprel 2019-cu il tarixli müqavilənin bağlanmasından 1 il keçməmiş Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2020ci il tarixli qətnaməsi ilə həmin mənzillə bağlı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 14 yanvar 2013-cü il tarixli müqavilə və "xxxx" MMC ilə cavabdeh İddiaçı Ədil oğlu arasında bağlanmış 22 aprel 2019-cu il tarixli müqavilə etibarsız hesab edildiyindən və həmin mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edildiyindən, mənzillə bağlı Cavabdeh1lə İddiaçı arasında əsas müqavilənin bağlanması mümkün olmamışdır. Beləliklə, Cavabdeh1 tərəfindən İddiaçı hesabına hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa (bağlanmamış alqı-satqı müqaviləsinə) söykənən varlanma baş vermişdir. Buna görə də Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən Cavabdeh1 əldə etdiklərini İddiaçı tələbi ilə ona qaytarmağa borcludur.

31. Cavabdeh1 apellyasiya şikayətində mənzillə bağlı əsas müqavilənin "xxxx" MMC ilə İddiaçı arasında bağlanmasını bildirərək mülki hüquq münasibətlərinin onların arasında yarandığını, Cavabdeh1 mənzilin vicdanlı alıcısı olduğunu bidirərək mənzilin dəyəri olan 34000 manat pulun ondan alınıb iddiaçıya verilməsi barədə məhkəmənin gəldiyi nəticə ilə razı olmadığını bildirmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini Mülki Məcəllənin 157.5 və 182.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

32. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kolegiyası qeyd edir ki, iddiaçı tərəfindən Cavabdeh1 34000 manat pul mənzilin alınmasına görə verilmişdir. Tərəflər arasında isə mənzilin alqı-satqı müqaviləsi yox, ilkin müqavilə imzalanmış, alqı-satqı müqaviləsinin bağlanması baş tutmamışdır. Buna görə də Cavabdeh1 baş tutmamış alqısatqıya münasibətdə vicdanlılıq məsələsi müzakirə oluna bilməz.

33. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh1 də iştirak etdiyi 20 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi, Vəkil1 İddiaçı mənzilə görə ödədiyi pulu geri tələb etməkdə haqlı olduğunu, həmin hissədə iddianı etiraf etdiklərini bildirmişdir. (i.v.124) Bundan əlavə, Cavabdeh1 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi məhkəməyə təqdim etdiyi və məhkəmə tərəfindən icraata qəbul edilməsindən imtina edilmiş iddia ərizəsində İddiaçı iddia tələbini təmir xərcləri, maddi zərər, əldən çıxmış fayda ilə bağlı hissələr istisna olmaqla qalan hissələrdə qəbul etdiyini bildirmişdir. (i.v.130) Birinci instansiya məhkəməsində işə baxılarkən 06 oktyabr 2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 34000 manat pulu aldığını etiraf etmişdir. (i.v.88)

34. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməlidir.

35. İddiaçı apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : İddiaçı iddia ərizəsində göstərmişdir ki, 4000 manat pulu mənzilin rəsmiləşdirilməsi üçün MMC-nin nümayəndəsi X7 adlı şəxsə verərək maliyyə arayışı almış və müqaviləni təsdiq etdirmişdir. İş materiallarında da mənzilin rəsmiləşdirilməsi üçün ödənilmiş 4000 manat pulun Cavabdeh1 verilməsi barədə heç bir sübut yoxdur.

36. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini 4000 manat pulun Cavabdeh1 alınıb İddiaçı ödənilməsi hissəsində rədd etməkdə haqlı olmuşdur.

37. İddia tələbinin mənzilin təmirinə çəkilmiş xərcin əvəzi kimi 25257 manat pulun Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin İddiaçı tərəfindən təmir olunmaqla hazırda təmirli olmasını cavabdehlər mübahisələndirməmişlər. İddiaçı Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbləri baxımından belə bir tələblə məhkəməyə müraciət etmək hüququna malik olsa da, mənzilin təmirindən faydalanan şəxs və mənzilin mülkiyyətçisi Cavabdeh1 olmadığına görə məhkəmə ona qarşı bu hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

38. Bundan əlavə, iddiaçı baş tutmamış alqı-satqı nəticəsində ona Cavabdeh1 tərəfindən 11894 manat məbləğində zərər vurulmasını, habelə 3800 manat məbləğində faydadan məhrum olması barədə məhkəməyə tutarlı sübut təqdim etmədiyinə görə məhkəmə bu hissələrdə iddianı rədd etməkdə haqlı olmuşdur.

39. Mənzilə su sayğacı qoyulması üçün ödədiyi 220 manat pulu "xxxx" MMC-dən tələb etməkdə iddiaçı haqlı olmadığına görə məhkəmə kollegiyası bu hissədə iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-171/2022 saylı mülki iş üzrə 05 mart 2022-ci il tarixli qətnaməsi İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorlara aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar