Məhkəmə qərarları › İş №2(103)-4859/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4859/2022

16.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4859/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil və tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə (bundan sonra---Cavabdeh MMC) qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(011)-654/2022 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 17 may 2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı həmin Cəmiyyətdə qrafik dizayner vəzifəsində işə qəbul olunmuşdur.

2. Cavabdeh MMC-nin direktoru X2 tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli 10/2021 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə əsasən 26 oktyabr 2021-ci il tarixindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə 25 oktyabr 2021-ci il tarixli 10/2021 saylı əmrin ləğv edilməsi, ödənilməmiş 750 manat məbləğində əmək haqqının və mənəvi zərərin əvəzi kimi 1000 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi üzrə vəzifələrini lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh təşkilat heç bir əsas olmadan onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə əsasən işdən azad etmiş, ona 2021-ci ilin avqust, sentyabr və oktyabr ayları üzrə cəmi 750 manat məbləğində əmək haqqı ödənilməmişdir. Cavabdeh təşkilat ona əmək haqqı ödəmədiyinə görə X5 Xidməti tərəfindən inzibati məsuliyyətə cəlb olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsinə qanunsuz əsasla xitam verilməsi nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-654/2022 saylı iş üzrə 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 17 may 2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC-nin 25 oktyabr 2021ci il tarixli 10/2021 saylı əmri ləğv edilmiş, 2021-ci ilin avqust ayı üzrə 250 manat məbləğində ödənilməmiş əmək haqqının və mənəvi zərərin əvəzi kimi 500 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X6)

6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi qanunsuz olmuş, İddiaçı 31 avqust 2021-ci il tarixindən işdən azad olunması barədə ərizə ilə işəgötürənə müraciət edib işə gəlməmiş, iddiaçı 2021-ci ilin avqust ayında işləsə də, həmin ay üçün ona əmək müqaviləsində nəzərdə tutulmuş 250 manat əmək haqqı ödənilməmiş, işdən qanunsuz əsasla azad olunması nəticəsində iddiaçıya mənəvi zərər dəymişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, 2021-ci ilin sentyabr və oktyabr aylarında iddiaçı işə çıxmadığına görə həmin aylara görə ona əmək haqqı ödənilməsi barədə iddia tələbi təmin oluna bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin 1-ci hissəsi, 70, 71 və 72-ci maddələri, 154-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 21-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin əmək müqaviləsinə xitam verilməsi və mənəvi zərərin əvəzinin tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. İddiaçı üzrlü səbəb olmadan işə gəlməməsi iş materialları ilə sübuta yetirilsə də, birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv etmiş, iddiaçıya hər hansı mənəvi zərər dəymədiyi halda, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul vəsaitinin tutulmasını qət etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

12. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar

Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: ... ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Maddə 187. İntizam tənbehinin verilməsi qaydaları

1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamənin əmək müqaviləsinə xitam verilməsi və mənəvi zərərin əvəzinin tutulması hissəsində ləğv edilməsi xahiş olunduğundan, qətnamə həmin hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. İş materiallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 25 oktyabr 2021-ci il tarixli 10/2021 saylı əmr Əmək Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib olunmamış, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən tərəfindən işçidən yazılı izahatın verilməsi tələb edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı 31 avqust 2021-ci il tarixli ərizə ilə Cavabdeh MMC-nin direktoruna müraciət edərək həmin tarixdən öz arzusu ilə azad olunmasını xahiş etmiş, bundan sonra cavabdeh təşkilatla əmək münasibətlərini kəsmişdir. Cavabdeh təşkilat iddiaçı tərəfindən onlara belə bir ərizə ilə müraciət olunmadığını bildirsə də, iş materiallarında olan sənədlərdən görünür ki, X5 Xidməti tərəfindən İddiaçı əmək hüquqlarının pozulması barədə 02 sentyabr 2021-ci il tarixli şikayət ərizəsi ilə bağlı aparılmış araşdırma zamanı İddiaçı tərəfindən öz xahişi ilə işdən azad olunması barədə cavabdeh təşkilata müraciət etməsi şikayət ərizəsində öz əksini tapmışdır. (i.v.8-10, 78, 82) Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 2021-ci ilin sentyabr-oktyabr aylarında Cavabdeh MMC-də işə çıxmadığı halda, intizam tənbehi, işçi tərəfindən əmək intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilərdi. İşəgötürən əmək qanunvericiliyində nəzərdə tutulmuş bir aylıq müddəti pozaraq 1 ay 25 gündən sonra əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron sistemə daxil edilərkən də yanlışlığa yol verilmiş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin tarixi xx.xx.2021-ci il kimi göstərilmişdir.

17. Məhkəmə kollegiyasının qənaətinə görə əmək müqaviləsinə xitam verilməsi barədə 25 oktyabr 2021-ci il tarixli 10/2021 saylı əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verildiyinə görə birinci instansiya məhkəməsi həmin əmri ləğv etməkdə haqlı olmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının əmək hüquqlarının pozulması və öz hüquqlarını qorumaq məqsədilə dövlət orqanlarına müraciət etməsi, bu müddətdə iddiaçının işsiz qalması onun şüurunda mənfi psixi emosiyaya səbəb olmaqla iddiaçının mənəvi zərərə məruz qalması şəksizdir. Buna görə də birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 500 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.

18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

19. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-654/2022 saylı mülki iş üzrə 25 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar