Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4866/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK – dan onun xeyrinə zərər qismində 17.163 manat, dövlət rüsumu olaraq ödənilmiş 88 manat və hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. İddiaçı qətnamədən apellyasiya şikayət verib və şikayətinin dəlili kimi qeyd etmişdir ki, Cavabdeh MTK ilə aralarında bağlanmış 17 avqust 2018-ci il tarixli 0986 nömrəli müqavilənin 1-ci bəndinin 1.1-1.8-ci bəndlərinin şərtlərinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə Zülfüqarov küçəsinin kəsişməsində 2942A saylı məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının B dəhlizinin (blok) 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 151,98 kv.m olan, 4 otaqlı, B01 nömrəli mənzilin kooperativ tərəfindən ona təhvil verilməsi nəzərdə tutulmuşdur. Ümumilikdə onun mənzil üçün kooperativə 122.763 manat ödəməli olduğu nəzərdə tutulmuş, mənzilin tam dəyəri olan 122.763 manat pulu kooperativə ödəmiş, lakin mənzil ona təhvil verilən zaman məlum olmuşdur ki, kooperativ müqavilə şərtlərini pozaraq ona tam sahəsi 151,98 kvadrat metr olan mənzil verməli olduğu halda, ona tam sahəsi 130,10 kvadrat metr olan mənzil təhvil vermişdir. Ki bu da müqavilədə nəzərdə tutulandan 21,88 kvadrat metr azdır, bu isə müqavilədə göstərilən qiymətə gürə 17.673 manat təşkil edir. Mənzilə dair texniki pasport və çıxarış almaq üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri yerində ölçü apararaq müəyyən etmişlər ki, mənzilin tam sahəsi 130,10 kvadrat metr olmaqla müqavilədə göstərilən 151,97 kvadrat metr tam sahədən 21,8 kvadrat metr azdır. Bu hal mənzilin texniki pasportunda və çıxarışında da qeyd edilmişdir. Rayon məhkəməsi ekspert rəyinə istinad edərək iddia tələbini təmin etməməkdə haqsız olmuş, maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur. Belə ki, ekspert rəyində mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əasən ölçülməli olan hissəsinin cəminin 129,68 m2 olduğunu eyd edir. Daha sonra ekspert mənzilin daxili arakəsmələri, şaxta və xarici divar arakəsmələrini nəzərə almaqla ümumi sahəsinin 153,2 m2 olmasını qeyd edir. Qanunda belə ölçü forması nəzərdə tutulmayıb. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:
4. Məhkəmə kollegiyaının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Cəbrayılov apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyaının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:
7. Cavabdeh MTK və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0986 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MTK Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A saylı məhəllədə yerləşən binanın B blokunun 11-ci mərtəbəsindəki B01 nömrəli 4 otaqlı, yaşayış sahəsi 90,35 kv.m, tam sahəsi 151,98 kv.m olan mənzili İddiaçı satmağı öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 807,76 manat, mənzilin ümumi dəyəri isə 122.763 manat təşkil edir. Bu müqavilənin imzalandığı gün İddiaçı kooperativə mənzilin ümumi dəyərinin 49.106 manat məbləğində ilkin ödəniş etməyi, mənzilin ümumi dəyərinin qalan 73.657 manat məbləğində pulu isə müqavilə imzalandığı gündən 12 ay ərzində müqaviləyə əlavə edilən aylıq ödəniş qrafiki üzrə bərabər hissələrə bölünməklə ödəməyi öhdəsinə götürmüşdür.
8. “Mənzilin açarının təqdim edilməsi barədə” xx.xx.2020-ci il tarixli Aktda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ilə İ.Zülfüqarov küçələrinin kəsişməsindəki 2942A saylı məhəlllədə inşa edilmiş “Xətai Park” yaşayış kompleksində B (52) saylı binanın 11-ci mərtəbəsində yerləşən 4 otaqlı 1 saylı mənzili istifadəsinə və sahibliyinə qəbul etməsi üçün vətəndaş İddiaçı qeyd olunan mənzilin sayda eyni nüsxədə giriş açarları Cavabdeh MTK-nın satış departamentinin müdiri X3 tərəfindən təqdim edilmişdir.
9. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Və Arxitektura Komitəsinin X1 ünvanladığı xx.xx.2021-ci il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, mənzil sahəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları"na əsasən hesablanır və həmin normativ hüquqi aktların tələblərinə riayət edilməsi şəhərsalma və tikinti fəaliyyətinin bütün subyektləri üçün məcburidir.
10. xx.xx.2018-ci il tarixli, 192 nömrəli Maliyyə arayışının surətində qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu. Gəncə prospekti ilə İ.Zülfüqarov küçəsinin kəsişməsindəki 2942A məhəllədə tikilən yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Bu kompleksin B binasının 11-ci mərtəbəsindəki ümumi sahəsi 151,98 kv m. olan dörd otaqlı 01 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir və onun MTK-ya borcu yoxdur.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52, M11, m1 ünvanında yerləşən ümumi sahəsi 130,10 kv.metr olan mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2022-ci il tarixli 10/752 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən hündürmərtəbəli yaşayış binasının B bloku, 11-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin ümumi sahəsi (daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla) 153,12 kv.m təşkil edir. Cavabdeh MTK tərəfindən inşa edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən hündürmərtəbəli yaşayış binasının B bloku, 11-ci mərtəbəsində yerləşən 1 saylı mənzilin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” qaydasının və Azərbaycan Rspublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələbləri nəzərə alınmaqla həmin mənzilin ümumi sahəsi 129,68 kv.m təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
17. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
18. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
19. Maddə 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
21. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012 qərarı
22. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
29. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Rayon məhkəməsi qeyd etmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 0986 nömrəli mənzilin alqı-satqı müqaviləsi üzrə cavabdeh təşkilat tərəfindən mübahisələndirilən öhdəlik pozulmadığından iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mənzilin müqavilədə göstərilən faktiki ümumi sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş tikinti-texniki ekspertizasının nəticəsi kimi verilmiş müvafiq ekspert rəyinə əsasən müəyyən edilmiş faktiki ümumi sahəsi üst-üstə düşərək, iddiaçı şəxsin mülkiyyətində olan mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan hətta 1 kv.metrə yaxın artıq ölçüdə, yəni 153,12 kv.metr müəyyən edilmişdir. Belə ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini pozmamış, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən az olmayan mənzil təhvil vermişdir.
32. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ekspert rəyində mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən ölçülməli olan 9 hissəsinin cəminin 129,68 m2 olduğunu qeyd edilir. Daha sonra ekspert mənzilin daxili arakəmələri, şaxta və xarici divar arakəsmələrini nəzərə almaqla ümumi sahəsinin 153,2 m2 olmasını qeyd edir. Qanunda belə ölçü forması nəzərdə tutulmayıb.
33. Kollegiya iddiaçının apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
34. Beləliklə, məlum olur ki, iddiaçının istinad etdiyi mənzilin texniki pasportu (orada mənzilin sahəsinə dair olan qeydlər) hazırkı mübahisənin həllində əhəmiyyət kəsb etmir. Çünki texniki pasportda mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmışdır.
35. Məhkəmə kollegiyası hazırkı iddia tələbi ilə bağlı xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, bu qəbildən olan mübahisələr zamanı nəzərə alınmalıdır ki, çoxmənzilli binalarda mənzil tikintisini həyata keçirən mülki münasibətlərin özəl subyetləri (MTK, MMC, fərdi sahibkar və s.) üçün mənzilin sahəsinin müxtəlif cür təsnifatlandırılmasının və onun müəyyən sahələrinin müxtəlif təyinat (sanitar qovşağı, mətbəx, dəhliz, balkon, yığnaq yeri, eyvan, soba altı, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr və s.) üzrə istifadə olunmasının hər hansı əhəmiyyəti ola bilməz, çünki, mənzili inşa edən (tikən) və satıçı (podratçı) üçün həmin sahələrin fərqli təsnifatlanması və müxtəlif məqsədlər üçün istifadə olunmasının, həmin sahənin hazırlanmasına sərf edilən (tikinti materialları və işçi qüvvəsi) məsrəflər baxımından hər hansı əhəmiyyəti (bağlılığı) yoxdur. Başqa sözlə desək, mənzili tikən tərəfindən mənzilin yaşayış sahəsində olduğu kimi, elə sanitar qovşaq, mətbəx, dəhliz, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr və s. üçün də eyni məsrəflər (həm tikinti materialları, həm də işçilik baxımından) çəkilir. Demək ki, mənzilin ümumi sahəsi müəyyənləşərkən, alıcı tərəfindən mənzilin sahələrinin hansı məqsədlə (mətbəx, yığınaq yeri, soba altı və s.) istifadə edilməsinin və yaxud da həmin sahələrin müxtəlif cür təsnifatlandırılması əhəmiyyəti ola bilməz.
36. Hazırkı iddia ərizəsinin məzmunundan, eləcə də işin faktiki hallarından müəyyən olunur ki, iddiaçının hazırkı tələbinin qanuni əsasını MM-nin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: -birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; -ikincisi, iddiaçı əmlakdan məhrum olur; -üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Hazırkı halda iddiaçının iddia tələbi işin müəyyən olunmuş faktiki halları baxımından yuxarıda istinad olunan qanunun normasının dispozitiv şərtlərinə uğun olmadığından, rayon məhkəməsi iddia tələbini təmin etməmişdir. Belə ki, ekspert rəyi ilə mənzilin sahəsinin müqavilədə göstərilən faktiki ümumi sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Nəticə:
37. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev