Məhkəmə qərarları › İş №2(103)-4867/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4867/2024

16.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4867/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə”, Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və s.) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İlkin iddia tələbi üzrə İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13b ünvanında yerləşən ümumi sahəsi 62.65 kv.m 30 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə 2822 nömrəli reyestr kitabının 263173 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 10 №-li Mənzil-İstismar sahəsi tərəfindən Cavabdeh Elvar qızına verilmiş 25 oktyabr 2022-ci il tarixli 595 №-li arayışdan görünür ki, o, həqiqətən də Xətai rayonu, X19 küçəsi, ev 13b, mənzil 30 ünvanında qeydiyyatdadır, lakin yaşamır.

3. İş materiallarında olan Torpağın (daşınmaz əmlakın) İctimai reyestrindən çıxarışdan görünür ki, Gürcüstan Respublikasının Rustavi şəhərində 21-ci mikrorayonda yerləşən 73 nömrəli ev və Rustavi şəhəri, 21 saylı mikrorayonda yerləşən qeyri kənd təsərrüfatı təyinatlı 2640.00 kv.m torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdır.

4. İş materiallarında olan ünvan 2 ünvanında yaşayan X7 (AA2855402), ünvan 3 ünvanında yaşayan X4 (AZE №********) və ünvan 4 ünvanında yaşayan X2 (AZE ********) tərəfindən tərtib edilmiş 25 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, həqiqətən Polad Həşimov küçəsi, ev 13b, mənzil 30 ünvanında Cavabdeh Elvar qızı yaşamır.

5. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli 018- 28039- 1111 nömrəli məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh xx.xx.2001-ci il tarixdən hazırkı vaxtadək ünvan 5 ünvanında qeydiyyatdadır.

6. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli **********69 nömrəli məktubdan görünür ki, Cavabdeh Elvar qızının Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13B, 30 saylı mənzildə istifadə hüququnun dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

7. İş materiallarında olan qonşular Neman Bağırov, Yaqut Ağayeva, Yuliya Məmmədova, Gülnarə Mansurova, Tamilla Abdıyeva tərəfindən 35-ci bölmənin rəisinə ünvanlanmış ərizədən görünür ki, Polad Həşimov küçəsi, ev 13b, mənzil 30 ünvanında yaşayan Cavabdeh Elvar qızı qonşuların hüzurunu pozur. Bununla bağlı təcili tədbir görülməsi xahiş edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 12 mart 2023-cü il tarixli 3-21-3-02/2-2846/2023 nömrəli məktubdan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 6 ünvanında yerləşən 30 nömrəli mənzil 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-327 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.

9. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində təsdiq edilmiş 17 fevral 2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, X9 ünvan 5 ünvanında yerləşən sahəsi 47.2 kv/m olan 3 otaqlı mənzili İddiaçı bağışlamışdır.

10. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 2806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehlər X5 və İddiaçı qarşı “bağışlama müqaviləsinin, bağışlamaya dair razılıq ərizəsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

11. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4803/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, e-2(011)-2806/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 9ov küçəsi, ev 13b, mənzil 30 iddiaçının 2018-ci il tarixdən xüsusi mülkiyyətindədir. Həmin mənzil iddiaçının mərhum atasına 1995-ci il tarixdə işlədiyi yerdən verilmiş və orderlə rəsmiləşdirilmişdir. Təxminən 1996-cı il tarixdən ailə üzvləri ilə birgə mənzilə pasport qeydiyyatına alınmaqla həmin mənzildə yaşamışlar. Mənzil ilk dəfə xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilərkən iddiaçının anası X3 adına rəsmiləşdirilmişdir. Sonradan anası mənzili oğluna yəni iddiaçıya bağışlama yolu ilə hədiyyə etmişdir. Cavabdeh isə iddiaçının bacısıdır, mənzilə 1999-cu il tarixdə pasport qeydiyyatına alınmış və 1999-cu ildə ailə quraraq ərə getdikdən sonra Gürcüstan Respublikasına köçərək orada məskunlaşmışdır. Bacısı eyni zamanda Gürcüstan Respublikasının vətəndaşıdır və orada daimi qeydiyyatdadır. İddiaçının mərhum atası tərəfindən cavabdehə Gürcüstan Respublikasında mənzil hədiyyə edilmiş və həmin mənzil də hazırda cavabdehin mülkiyyətində olmaqla orada da pasport qeydiyyatındadır. Qeyd edilən mənzil Gürcüstan Respublikasının Rustavi şəhərində 21-ci mikrorayonda yerləşən 73 nömrəli evdir. Bundan başqa cavabdehə Gürcüstan Respublikasının Rustavi şəhərində atası tərəfindən qeyri kənd təsərrüfatı təyinatlı 2640.00 kv.m torpaq sahəsi də hədiyyə edilmişdir. İddiaçının atası 23 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh ailə həyatı qurub Gürcüstana köçdükdən sonra daimi olaraq orada öz mülkündə yaşamış və Bakı şəhərinə yalnız qonaq kimi bir neçə dəfə qısa müddətli gəlib getmişdir. Cavabdeh ümumiyyətlə valideynləri üçün həmişə problemlər yaratmış, onları çətin vəziyyətlərə salmış, dəfələrlə anası ona pul göndərirmiş, lakin bundan kifayətlənməyərək, cavabdehin ailəsi üçün yaratdığı problemlər təkrarlanmışdır. Cavabdehin əri ilə aralarında olan nikahı da pozulmuşdur. İddiaçının atası rəhmətə gedəndən sonra onun il mərasiminə gələn cavabdeh evdə dava salmağa başlamış, səbəbi isə pul tələbi, anasından yenidən pul istəməsi olmuşdur. Ümumilikdə, anası tərəfindən cavabdehə keçən illər ərzində 26000 ABŞ dolları pul göndərilmişdir. Hətta pul ala bilmədiyindən mənzildəki əşyaları qırıb sındırmış, iddiaçının kreditlə aldığı 2500 manat dəyərində olan televizoru sındırmış, anasına müxtəlif xəsarətlər yetirmişdir. Cavabdeh mənzildə olmadığı müddətdən istifadə edərək mənzilin açarını dəyişdirmiş və mənzilə qanunsuz sahiblənərək heç kimi içəri buraxmamışdır. Onun qanunsuz hərəkətləri ilə bağlı 35-ci Polis Bölməsinə şikayət etmişlər və bölmədə onun izahatı alınmış, araşdırma aparılaraq müvafiq ekspertiza təyin edilmişdir. Cavabdehin sözügedən mənzildə yaşamaması həm Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 10 nömrəli Mənzil-İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 595 saylı arayışı ilə, həm də qonşular tərəfindən tərtib edilmiş akt ilə öz təsdiqini tapmışdır. Cavabdehin qanunsuz və özbaşına hərəkətləri səbəbindən iddiaçının mülkiyyət hüquqları pozulmuş və hazırda xüsusi mülkiyyətində olan mənzildən faktiki olaraq məhrum edilmişdir. İddiaçı ailə həyatı quraraq, mülkiyyətində olan mənzilə köçmək istəyir, lakin cavabdehin qanunsuz hərəkətləri səbəbindən bu hüququndan da məhrumdur.

13. İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin hazırda iddiaçının mülkiyyətində olan ünvan 9ov küçəsi, ev 13b, mənzil 30-a olan istifadə hüququ 2001-ci ildən əvvəlki tarixdə əmələ gəlmişdir. Bu səbəbdən də iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Sözügedən mənzil iddiaçının mərhum atasına 1995-ci il tarixdə işlədiyi yerdən verilmiş və orderlə rəsmiləşdirilmişdir. Təxminən 1996-cı il tarixdən ailə üzvləri ilə birgə mənzilə pasport qeydiyyatına alınmaqla həmin mənzildə yaşamışlar. Mənzil ilk dəfə xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilərkən iddiaçının anası X3 adına rəsmiləşdirilmiş və bundan sonra oğluna bağışlama müqaviləsi əsasında hədiyyə edilmişdir.

14. İlkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi Nümayəndə daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda iddiaçı mübahisə predmeti olan və mülkiyyətində olan Bakı şəhəri Xətai rayonunu, Naximov küçəsi, ev 13b, mənzil 30-a daxil olduğundan və cavabdeh həmin mənzili tərk etdiyindən, cavabdehin həmin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi hissəsində iddia tələbini azaldaraq, yalnız Cavabdeh ünvan 9ov küçəsi, ev 13b, mənzil 30a olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

15. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, o, mübahisəli mənzildə qeydiyyatdadır, hazırda həmin mənzildə yaşayır. Onun həmin mənzilə istifadə hüququ vardır. Mübahisəli mənzilin mülkiyyətçisi əvvəllər iddiaçının anası Sitarə Bəkirova olmuşdur. Sonradan mənzil bağışlama yolu ilə cavabdeh İddiaçı adına rəsmiləşdirilmişdir. Buna baxmayaraq iddiaçının mənzilə istifadə hüququ qalmaqda davam edir. Hazırda da iddiaçı həmin mənzildə yaşayır. Cavabdeh və onun ailə üzvləri iddiaçının mübahisəli mənzildə yaşamasına maneə törədir. Belə ki, mənzilə gələn kommunal xətlər cavabdeh tərəfindən sıradan çıxarılır, mənzilə işıq, su, qazın verilməsi dayandırılır. İşıq kabeli, su turbası kəsilir, qaz sayğacına isə plomb qoyulur. İddiaçı həmin xətləri düzəltsə də, cavabdeh yenə də həmin xətləri sıradan çıxarmaqda davam edir. İddiaçı 28 sentyabr 2022-ci ildə HTC özəl xəstəxanasında əməliyyat olunmuş və hazırda ev şəraitində müalicə alır. Mənzildə işıq, su və qazın olmaması onun səhhətini daha da pisləşdirir, o, şam işığında susuz və qaz olmadan yaşamağa məcbur olur. İddiaçı dəfələrlə kommunal xidmətləri göstərən qurumlara müraciət etsə də, onlar mülkiyyətçinin (İddiaçı) tələbini əsas götürərək həmin xətləri düzəltməkdən imtina edirlər. Beləcə, iddiaçı mübahisəli mənzildə normal şərait olmadan yaşamağa məcbur olur, onun mənzildən istifadə hüququ məhdudlaşmış olur. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh göstərilənləri nəzərə alaraq, onun ünvan 5-da yerləşən mənzildən istifadəyə yaradılan maneəələrin qanunsuz hesab edilməsi və həmin maneələrin – işıq, su və qaz xətlərin kəsilməsinin qadağan edilməsinə dair öhdəliyin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

16. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh sonradan qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, Xətai rayoon Pİ-nin 35-ci PB-nə müraciət edəərk 12 fevral 2023-cü il saat 17:00 radələrində yaşadığı mənzildə qardaşları İddiaçı Elvir oğlu və X10 tərəfindən döyüldüyünü bildirmişdir. Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı Müşfiq Cəbrayılov tərəfindən 13 fevral 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmişdir və hazırda Cavabdeh xəsarət alması ilə bağlı hallar araşdırılır. İddiaçı mənzilin qıfılını dəyişərək, Cavabdeh çöldə qalmasına səbəb olmuş və onun mənzildən istifadə etməsinə mane törətmişdir. Cavabdeh Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarının köməkliyi ilə evə qaytarılsa da, İddiaçı bu maneələri yenidən törətməyəcəyinə zəmanət yoxdur. Odur ki, Cavabdeh mənzildən istifadəsinə yaradılmış maneələr məhkəmə qaydasında qadağan olunmalıdır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh göstərilənləri nəzərə alaraq, onun Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 13B, 30 saylı mənzildən istifadə hüququun həyata keçirilməsinə maneə törətməsinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki, o, iddiaçının qonşusudur. Onun 35 yaşı var, 1993-cü ildən daimi olaraq həmin ünvanda Naximov 13b, mənzil 21 ünvanında yaşayır. Bəkirovların ailəsini ailəvi tanıyır. İddiaçı Ruslanla eyni məktəbdə oxumuşdur. Əvvələr atası, anası, bacısı və Ruslan birgə yaşayırdılar. Bacısı 2000-ci idə ailə həyatı qurmuş və Gürcüstana getmişdir. O, ikinci mərtəbədə, iddiaçı və ailəsi 5-ci mərtəbədə yaşayırdılar. Elmiranı son 5-6 ildə görməmişdir. Tərəflərin ataları vəfat edəndən sonra aralarında mübahisə yaranmışdır. 2021-ci ilə qədər Elmiranı görməmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Mübahisəli mənzilə 1992-1993-cü illərdə köçmüşdürlər. Bacısı Elmira 1999-2000-ci illərə qədər orada yaşamışdır. Sonra ailə quraraq, Gürcüstana köçmüşdür və hazırda da Gürcüstanda yaşayır. Azərbaycana 3-5 ildən bir gəlib-gedirdi. Gürcüstanda atası ona ev bağışlamışdı. Bacısı evləndikdən 3-4 il sonra boşanmışdır. Bacısı Gürcüstan vətəndaşıdır və sahibkarlıq fəaliyyətilə heç vaxt məşğul olmamışdır. Elmiranın ikili vətəndaşlığı var. Atası ona ev də, maşın da vermişdir. Bacısının onunla da münasibəti pisdir. Ona şər atır ki, borc pul vermişdir.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, iddiaçının qonşusudur. 1975-ci ildən Polad Həşimov küçəsi 13 B, mənzil 25 ünvanında yaşayır. Bəkirovlar Gürcüstandan köçmüşlər. Bura gələndə təxminən 1192-1994-cü illər idi. 3 övladları var idi. Elmira yeniyetmə idi. Elmira məktəbi bitirdikdən sonra 2000-ci ildə Gürcüstana ərə getmişdir. Həmin il onun oğlu da akademiyanı bitilmişdir. O vaxtdan Elmira Gürcüstanda yaşayır.

20. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında bildirmişdir ki, o, iddiaçının qonşusudur. 1979-cu ildən Polad Həşimov küçəsi 13 B, mənzil 69 ünvanında yaşayır. Onun mənzili iddiaçının evindən bir blok aralıqda yerləşir. O, Bəkirovların ailəsini yaxşı tanıyır. Bəkirovlar 1995-ci ildə həmin binaya köçmüşlər. Amma dostluq münasibətləri 2000-ci ildən olmuşdur. Bildiyinə görə həmin ailədə 4 nəfər var idi. Ata, ana və 2 oğul. Qızlarının olmasını heç bilməmişdir. 2002-ci ildə o, iddiaçının anası Sitarə ilə telefonla danışanda öyrənmişdir ki, Sitarənin bir qızı da var və Gürcüstanda yaşayır. Elmiranı ancaq atası öləndə görmüşdür. Sitarəgilə həftədə 2-3 dəfə gedir, belə ki, Sitarə tibb bacısı olduğu üçün ona tez-tez ehtiyacı olur. Elmira atası öləndə anasıgildə gəlib qalmışdır. Bundan sonra mübahisələri başlamışdır. Eşitmişdir ki, Elmira mənzildə yaşamaq istəyir və nəsə tələbləri də var.

21. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında bildirmişdir ki, o, iddiaçının qonşusudur, Polad Həşimov küçəsi ev 11, mənzil 3 ünvanında, iddiaçı ilə eyni binada bir blokda yaşayır. Ruslanın atasını 60 ildən çoxdur ki, tanıyırmış. Elvar Gürcüstandan 1992-ci ildə Bakıya gəlmiş, 1994-cü ildə ailəsini gətirmişdir. Elvarın yoldaşı, iki oğlu və 1 qızı var idi. 2000-ci illərdə Elvar qızını evləndirəcəyini, qızının Gürcüstana ilə qurmaq üçün gedəcəyini demişdir. O, Elmiranın toyunda iştirak etməmişdir. Toy Bakıda olmamışdır. O, sonralar qızı görməmişdir. Təxminən 10 il sonra bilmişdir ki, Elmira boşanmış və oğlunu da ondan almışlar. Elvar 2021-ci ildə öləndə qızı gəlmişdir. Həmin vaxt ona qonşular demişdir ki, Elmira balkona çıxıb əşyaları aşağı atır. Buna görə polis də gəlmişdir. O, buna inanmamışdır, çünki bu ailə sakit ailə idi. Sonra Elmira çemodanla maşına minib çıxıb getmişdir.

22. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) ilkin iddianın təmin edilməsi, Cavabdeh ünvan 5 ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneə törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 228.2, 228.5-ci maddələrinə, 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin 60, 123-cü maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X6 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin olunmaması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamənin əsaslandırıcı hissəsində cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamadığını, mülkiyyətində yaşamaq üçün mənzil olduğunu əsas götürərək ilkin iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Çox qəribədir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş AR Dövlət Sərhəd Xidmətinin sorğuya cavabından da görünür ki, cavabdeh mütəmadi olaraq 2011-ci ildən Azərbaycan Respublikasına gəlib-gedir, daimi olaraq da mübahisə predmeti olan mənzildən istifadə edir. Lakin məhkəmə tərəfindən həmin sənədlərə sübut kimi qiymət verilməmişdir. Bundan başqa, məhkəmə şahid ifadələrinə istinad etmişlər ki, onlar da birbaşa hər hansı bir halın şahidi olmamışlar. Məhkəmə iclasında onlara verilən suallardan da açıq-aydın görünür ki, həmin şahidlər yalnız kiminsə sözünə istinadən əldə etdiyi məlumatlar barədə məhkəməyə ifadə vermişlər. İşin hallarına birbaşa şahidlik etməmiş şəxslərin ifadələri məhkəmədə sübut rolunu oynaya bilməz. Eyni zamanda işin hallarından da görünür ki, cavabdehin mülkiyyətində hər hansı bir mənzil yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi Gürcüstan Respublikasında cavabdehin adına torpaq sahəsinin olması cavabdehin mülkiyyətində mənzilin olması deyildir. Hamıya məlum faktdır ki, torpaq sahəsi ilə mənzil və ya fərdi yaşayış evi tamamilə fərqli təyinatlara malik olan daşınmaz əmlaklardır. Amma məhkəmə qanunvericiliyi səhv təfsir edərək torpaq sahəsinin olmasını mənzilin olması kimi qiymətləndirmişdir. Bir halda ki, işin hallarından da açıq-aydın görünür ki, cavabdehin mülkiyyətində və ya istifadəsində hər hansı bir digər mənzil yoxdur. İddiaçı cavabdehin mənzilə daxil olmağına maneələr yaratdığına görə cavabdeh kirayədə qalmağa məcbur olmuşdur. İddiaçının özünün də etiraf etdiyi kimi, cavabdeh Gürcüstanda yaşayan həyat yoldaşı ilə ailə münasibətlərinə xitam verdiyi üçün təbii ki, ona məxsus evdə yaşamaq imkanı yoxdur. Lakin məhkəmə işin bu hallarına da düzgün hüquqi qiymət verməmiş və 2009-cu ilə qədər olan AR Mənzil Məcəlləsinə istinad etsə də, həmin məcəllənin normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin hallarından da açıq-aydın görünür ki, cavabdehin bu mənzildən istifadəsi mütəmadi olmuşdur. Yəni mənzildə yaşayan ailə üzvləri ilə də əlaqəsi kəsilməmiş və mənzildən istifadəsi də daimi olmuşdur. Lakin buna baxmayaraq, məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl edilməmişdir. Faktiki olaraq cavabdehin digər yaşayış sahəsi olmadığı halda, məhkəmə qarşılıqlı iddianı təmin etməyərək cavabdehi yeganə yaşayış sahəsindən məhrum etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

27. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia tələbi üzrə cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilkin iddia tələbi üzrə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

29. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

30. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

32. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

34. 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi (08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan)

35. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

36. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

37. 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

47. Hazırki halda, ilkin iddia üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

50. Kollegiya qeyd edir ki, iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

51. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı).

52. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisənin həlli əvvəlki 1964-cü ildən 28 dekabr 1999-cu il tarixədək qüvvədə olan Mülki Məcəllənin, habelə 08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan Mənzil Məcəlləsinin normaları ilə tənzimlənməlidir.

53. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədən kənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alqı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.

54. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasında olan fərq nəzərə alınmalıdır.

55. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

56. Eyni zamanda 123-cü maddə və ümumiyyətlə Mənzil Məcəlləsi hər hansı bir şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq səlahiyyəti verən müddəanı nəzərdə tutmur.

57. Əksinə həmin məcəllənin 60-cı maddəsi müəyyən edir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

58. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının şərtlərini müəyyən edən 60-cı maddəsi isə müəyyən edir ki, İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.

59. Həmin maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi daha uzun müddət saxlanıldığı hallar da müəyyən edilmişdir. Belə ki, İcarədar və ya onun ailə üzvləri 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə; 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə; 7) həbs olunduqda; habelə 10) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə onların yaşayış sahəsi daha uzun müddət saxlanılır.

60. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

61. Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

62. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarında analoji mübahisəyə münasibət bildirən Plenum qeyd etmişdir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədi ilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Yuxarıdakıları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, R.Ağalarovun E.Ağalarovaya (Zeynalovaya) qarşı kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiasına dair mülki iş üzrə Binəqədi rayon məhkəməsinin Mənzil Məcəlləsinin 123-cü maddəsində kompensasiya institutu nəzərdə tutulmadığından iddianın rədd edilməsini nəzərdə tutan xx.xx.2005-ci il tarixli qətnaməsi Konstitusiyanın 13, 29, 71,147 və 149-cu maddələrinin, Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinin, habelə Mülki Məcəllənin 1.2, 11.1, 11.5 və 228.2-ci maddələrinin tələblərinə uyğun deyil.

63. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

64. Beləliklə, mülki işdə olan sübutlarla müəyyən edilmişdir ki, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı doğma bacısıdır. Mübahisəli predmetini təşkil edən ünvan 9ov küçəsi, ev 13b, 30 saylı mənzili iddiaçının anası X9 17 fevral 2018-ci il tarixli bağışlama müqaviləsi əsasında iddiaçıya hədiyyə etmiş, həmin mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh İddiaçı qarşı həmin bağışlama müqaviləsinin, bağışlamaya dair razılıq ərizəsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2806/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4803/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Məhkəmə eyni zamanda müəyyən etmişdir ki, cavabdehin mülkiyyətində Gürcüstan Respublikasının Rustavi şəhərində 21-ci mikrorayonda yerləşən 73 nömrəli ev və Rustavi şəhəri, 21 saylı mikrorayonda yerləşən qeyri kənd təsərrüfatı təyinatlı 2640.00 kv.m torpaq sahəsi vardır, cavabdeh mütəmadi olaraq Gürcüstan Respublikasına gedir-gəlir, mübahisəli mənzildə uzun müddətdir yaşamır, məhkəmə gedişatı dövründə həmin mənzildə yaşamağa başlamış, hazırda həmin mənzildə yaşamır. Belə ki, iddiaçı ilkin iddia tələbində əvvəlcə cavabadehin mənzildən çıxarılmasını xahiş etsə də, sonradan məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçı mübahisə predmeti olan və mülkiyyətində olan Bakı şəhəri Xətai rayonunu, Naximov küçəsi, ev 13b, mənzil 30-a daxil olduğundan və cavabdeh həmin mənzili tərk etdiyindən cavabdehin həmin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi hissəsində iddia tələbini azaldaraq yalnız Cavabdeh ünvan 9ov küçəsi, ev 13b, mənzil 30-a olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamadığı, mülkiyyətində yaşamaq üçün mənzili olduğu iş materialları və şahid ifadələri ilə təsdiq olunmuşdur.

65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).”.

66. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması müəyyən edildiyindən iddia əsaslıdır və birinci instansiya məhkəməsinin mövqeyi düzgündür.

67. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən təmin edilə və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, əvvəlki Mənzil Məcəlləsinin tələbləri nəzərə alınmaqla, ilkin iddia üzrə cavabdehin artıq uzun müddətdir ki, başqa yaşayış sahəsində yaşadığı təsdiq olunduğundan, cavabdehin mübahisəli mənzilin yeni mülkiyyətçisi ilə həmin mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamını tənzimləyən notariat qaydasında təsdiqlənən yazılı razılaşması mövcud olmadığından ilkin iddia tələbi təmin olunmalı və ilkin iddia üzrə Cavabdeh ünvan 9ov küçəsi, ev 13b, 30 saylı mənzil ünvanında yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İlkin iddia üzrə cavabdeh mənzildən istifadəsinin müdəmadi olduğunu bildirsə də, həmin halı təsdiq edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə bu hal iş materialları ilə təkzib olunur.

68. Kollegiya bildirir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

69. Göründüyü kimi ilkin iddia üzrə iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut apellyator tərəfindən təqdim edilməmişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya məxsus mübahisəli yaşayış evində hər hansı bir qanuni və müqavilə əsası olmadan yaşadığından, iddiaçı mənzilin boşaldılmasını və cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, ilkin iddia üzrə cavabdehin mübahisəli fərdi yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməlidir.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

73. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-38/2024 nömrəli, 17 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar