Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4884/2022 02.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatın verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(006)-158/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında 28 fevral 2019-cu il tarixədək bağlanmış kredit müqavilələri və Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 26 avqust 2013-cü il tarixli, 2(006)-100/2013 saylı qətnaməsinin icrası ilə bağlı 22 fevral 2005-ci il tarixli kredit müqaviləsi üzrə 1598,61 ABŞ dolları əsas kredit borcundan 1953,76 (1466 + 487,76) manat kompensasiya çıxılması və həmin kredit üzrə faizlərin silinməsi, qalan kredit müqavilələri üzrə isə borcunun olmamasının müəyyən edilməsi və borclu olmamağı barədə qeydin aparılmasının Cavabdeh ASC-nin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla "xxxx" ASC arasında müxtəlif dövrlərdə kredit müqavilələri bağlanmış, tərəfindən müqavilə üzrə öhdəlikləri vaxtlı-vaxtında icra olunmuş, lakin bir müddət maddi vəziyyəti ilə bağlı icrasını gecikdirmişdir. Məhz buna görə, Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin ona və Ramiz Cəfərova qarşı borc tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, ondan bankın xeyrinə 04 oktyabr 2007-ci il tarixli, RB/FS-1836 saylı kredit müqaviləsi üzrə 5864 ABŞ dolları əsas, 7222,94 ABŞ dolları faiz olmaqla, cəmi 13086,94 ABŞ dolları ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, 25 sentyabr 2008-ci il tarixli RB/FS-2165 saylı kredit müqaviləsi üzrə 1564 manat əsas, 1905,49 manat faiz olmaqla, 3469,49 manat kredit borcu, 04 mart 2009-cu il tarixli RB/FS- 2256 saylı kredit müqaviləsi üzrə 16775 manat əsas, 1227,55 manat faiz, 500 manat dəbbə pulu olmaqla, cəmi 28502 manat kredit borcu, 01 sentyabr 2009-cu il tarixli şəxsi kredit kartlarına kredit xəttinin verilməsi haqqında RB/FS-497 saylı müqavilə üzrə 1951,03 manat əsas, 1333,37 manat faiz borcu olmaqla cəmi 3284,40 manat kredit borcu, 25 fevral 2010-cu il tarixli RB/FS-2483 saylı kredit müqaviləsi üzrə 5150 manat əsas, 5340,25 manat faiz borcu, 300 manat dəbbə pulu olmaqla, cəmi 10790,25 manat kredit borcu və 20 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi tərəfindən könüllü olaraq icra edilmiş, yekunda isə “Asan xidmət” vasitəsilə "xxxx" MMC-dən aldığı 16 sentyabr 2019-cu il tarixli SF21672 saylı Azərbaycan Kredit Bürosunun çıxarışından da müəyyən olunur ki, onun Cavabdeh ASC-yə 22 dekabr 2005-ci il tarixdə verilmiş istehlak kredit müqaviləsi üzrə cəmi 1598,61 ABŞ dolları əsas və 1700,21 ABŞ dolları faiz borcu qalmışdır. Onun yalnız qeyd olunan 1 kredit müqaviləsi üzrə borcu qalmışdır ki, həmin kredit də Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və bank həmin Fərmanla öz üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və 1953,76 (1466 + 487,76) manat kompensasiyanı əsas borcundan çıxmamış, 1700,21 ABŞ dolları faiz borcunu silməmişdir. Bununla əlaqədar olaraq 09 dekabr 2020-ci il tarixdə Cavabdeh ASCyə ərizə yazaraq onun 1598,61 ABŞ dolları əsas və 1700,21 ABŞ dolları faiz borcu üzrə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun kompensasiyanın ödənilməsini təmin edilərək və adına qalan borcları şəxsi hesabından silinməsi, həmçinin tərəfindən qeyd olunan dərhal ödənildikdən sonra ona borcunun olmaması barədə arayış verilməsini bildirmişdir. Lakin Cavabdeh ASC xx.xx.2021-ci il tarixli RB-2/PK-78 saylı cavab məktubunda bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qətnaməsinin könüllü icra edilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda bildirirlər ki, onun Cavabdeh ASC-yə olan borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşərək ödənilmiş kompensasiya hesabına azalmışdır. Belə ki, 04 mart 2009-cu il tarixli RB/FS-2256 saylı müqavilə üzrə 3030,15 manat, 25 fevral 2010-cu il tarixli RB/FS-2483 saylı müqavilə üzrə 930,27 manat, 25 sentyabr 2008-ci il tarixli RB/FS2165 saylı müqavilə üzrə 282,51 manat, 05 oktyabr 2007-ci il tarixli RB/FS-1836 saylı müqavilə üzrə 1800,72 manat (1059,25 ABŞ dolları) və 22 dekabr 2005-ci il tarilxi rbkk-497 saylı kredit kartı müqaviləsi üzrə 599,12 (352,42 ABŞ dolları məbləğində vəsaitlər sözügedən kredit müqavilələri üzrə əsas borclardan silinmişdir. Həmçinin, Fərmana uyğun olaraq hər bir kredit müqaviləsi üzrə ödənilən məbləğlərin əvvəlki əsas borc qalıqlarına olan nisbətinin faizi qədər proparsional qaydada faiz borcundan azaldılmış, dəbbə pulu üzrə borclar tam silinərək güzəşt edilmişdir. Hazırda Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qətnaməsi ilə RB/FS-2256 saylı müqavilə üzrə 13744,85 manat əsas və 9199,85 manat faiz, RB/FS-2483 saylı müqavilə üzrə 4219,73 manat əsas və 4375,8 manat faiz, RB/FS-2165 saylı müqavilə üzrə 1281,49 manat əsas və 1561,35 manat faiz, RB/FS-1836 saylı müqavilə üzrə 4804,75 ABŞ dolları əsas və 5918,47 ABŞ dolları faiz, rbkk-497 saylı kredit kartı müqaviləsi üzrə 1598,61 ABŞ dolları əsas və 1092,56 ABŞ dolları faiz borcu qalmaqdadır. Əlavə olaraq bildirilmişdir ki, ərizədə əlavə edilən Mərkəzi Kredit Bürosunun 16 sentyabr 2019-cu il tarixli məlumatına gəldikdə isə, yuxarıda qeyd olunan icra sənədi icra edilmədən qalmaqdadır. Cavabdehin imtinası əsassızdır və cavabdeh ona köməklik göstərmək əvəzinə, cavab məktubunda ona hədə-qorxu gəlir və icra və probasiya şöbəsi vasitəsilə təzyiqlər edir. Tərəfindən cavabdeh banka olan borcu tam ödənilmiş və bu barədə məlumatlar “Azərbaycan Kredit Bürosu’' MMC-yə aid kredit tarixçəsini əlavə edilsə də, cavabdeh “RabitəBank" ASC öz üstün mövqeyindən sui-istifadə edərək, ondan yenidən pul tələb edir. Göründüyü kimi, qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qətnaməsinin icra olunması və ödənilməsi nəzərdə tutulan kredit müqavilələri üzrə borcunun olmaması "xxxx" MMC tərəfindən verilmiş arayışla tam təsdiq edildiyi halda, cavabdeh bank həmin məbləğlərin ödənilməsini təkrar tələb etməkdə davam edir. Cavabdehin hərəkəti tamamilə qanunsuz olmaqla, onun hüquqlarını məhdudlaşdırır. Onun xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə 1598,61 ABŞ dollan məbləğin borcundan 1953,76 (1466 + 487,76) manat kompensasiya 1147,92 (1953,76:1.702) ABŞ dolları çıxılmaqla, cəmi 805,84 ABŞ dolları borcu qalmışdır. Daha sonra İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanılmış 04 oktyabr 2007-ci il tarixli RB/FS-1836 saylı kredit müqaviləsi, 25 sentyabr 2008-ci il tarixli RB/FS-2165 saylı kredit müqaviləsi, 01 sentyabr 2009-cu il tarixli RB/FS- 497 saylı kredit müqaviləsi, 04 mart 2009-cu il tarixli RB/FS-2256 saylı kredit müqaviləsi və 25 fevral 2010- cu il tarixli RB/FS-2483 saylı kredit müqaviləsi üzrə kredit borcunun olmaması barədə məlumatın İddiaçı və "xxxx" MMC-yə verilməsi vəzifəsinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-158/2022 qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia tələbi rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hazırki mübahisə məhz qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qətnaməsinin icrası sahəsində yaranmışdır. İddiaçı hesab edir ki, cavabdeh qətnamə ilə qət olunmuş kredit borcların qalıq məbləğini düzgün müəyyən etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabeh isə, apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatla eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hazırki mübahisə məhz qanuni qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qətnaməsinin icrası çərçivəsində həll oluna bilər. İddiaçı hesab edir ki, qətnamə ilə qət olunmuş kredit borcunu hazırda mövcud deyildir, lakin iddiaçı həmin borcu ödəməmişdir. Ümumiyyətlə bu məsələ yeni iddia vermək yolu ilə deyil, icra çərçivəsində həll oluna bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası, izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında hər kəsin hüquq və qanuni maraqlarının qorunmasında məhkəmə aidiyyətinin dəqiq müəyyən edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu qaydalara uyğun olaraq qəbul edilən qərarların icrasının ümumilikdə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmasını da xüsusilə qeyd etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla yanaşı, belə aktların qanunsuz və əsassız olması ehtimalları ilə bağlı icra məhdudiyyətlərinin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə, işin hallarına, iddia tələbinin hüquqi təbiətinə, həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki məsələ icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında baxıla bilməz. İşdən görünür ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh X1 iddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 04 oktyabr 2007-ci il tarixli RB/FS-1836 saylı kredit müqaviləsi üzrə 5864 ABŞ dolları əsas kredit borcu, 7222 ABŞ dolları 94 sent faiz borcu, cəmi 13086 ABŞ dolları 94 sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, 25 sentyabr 2008-ci il tarixli RB/FS-2165 saylı kredit müqaviləsi üzrə 1564 manat əsas kredit borcu, 1905 manat 49 qəpik faiz borcu, cəmi 3469 manat 49 qəpik kredit borcu, 04 mart 2009-cu il tarixli RB/FS-2256 saylı kredit müqaviləsi üzrə 16775 manat əsas kredit borcu, 11227 manat 55 qəpik faiz borcu, 500 manat dəbbə pulu, cəmi 28502 manat kredit borcu, 01 sentyabr 2009-cu il tarixli şəxsi kredit kartlarına kredit xəttinin verilməsi haqqında RB/FS- 497 saylı müqavilə üzrə 1951 manat 03 qəpik əsas kredit borcu, 1333 manat 37 qəpik faiz borcu, cəmi 3284 manat 40 qəpik kredit borcu, 25 fevral 2010-cu il tarixli RB/FS-2483 saylı kredit müqaviləsi üzrə 5150 manat əsas kredit borcu, 5340 manat 25 qəpik faiz borcu, 300 manat dəbbə pulu, cəmi 10790 manat 25 qəpik kredit borcu, həmçinin 20 manat dövlət rüsumu vəsaitinin tutulması, iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İddiaçının hazırki tələbi də məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində qətnamə ilə müəyyən olunmuş kredit borclarının bağlanıb-bağlanmaması və s. bu kimi hallarla bağlıdır. Həmin məsələ isə yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında («İcra haqqında» Qanunun və MPM-nin 231 və əlaqəli digər maddələrinin tələbləri çərçivəsində) həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. Məhkəmə qərarına əsasən bu kimi mübahisələrin icra qaydasında həll olunması, həmçinin qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Çünki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qeyd edilən normalardan da göründüyü kimi, məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilməklə, sonra müvafiq qərarla yekunlaşır. Həmin qərarlardan biri də icraata xitam verilməsidir. Yəni, məhkəmə qərarı tam icra olunursa və ya sonradan hər hansı hüquqi əsasın baş verməsinə görə (məsələn, iddiaçının da istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanının icra ilə bağlı) borclu tərəfindən icra sənədində göstərilən pul vəsaitinin tam ödənilməsi (və ya ümumiyyətlə ödənilməli olmaması) tələb olunmursa icra məmuru müvafiq qərar qəbul edir. Eyni zamanda icra məmuru icra sənədi üzrə qalıq borc məbləğini müəyyən etməklə, icranın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi istiqamətində hərəkətlər edir. Tərəflər isə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən olunmuş formada və qaydada şikayət vermək hüququna malikdirlər. Bununla yanaşı, yuxarıda qeyd edilən normada göstərildiyi kimi icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət eyni zamanda məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Lakin, belə nəzarət yeni iddia vermək yolu ilə deyil, MPM-in 230,231, 232 və digər normaları, həmçinin “İcra haqqında” Qanunun tələbləri çərçivəsində həyata keçirilir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) qaydasında baxılmalı olmasını ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları nəzərə almamış, əsassız olaraq həmin iddia ərizəsini icraata qəbul edərək, işə mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmışdır. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. MPM-in 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “kredit müqavilələri üzrə borcun olmaması barədə məlumatın verilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(006)-158/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli, 2(006)- 158/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İzah edilsin ki, iddia ərizəsində göstərilən mübahisəli məsələ məhkəmə qərarının icrası çərçivəsində həll oluna bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4884/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4884/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver