Məhkəmə qərarları › İş №2(103)-4906/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4906/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4906/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4906/2022 (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli e-2(002)-60/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11/0500/DİK saylı kredit müqaviləsi ilə LPO İddiaçı ASC Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 35.000 manat məbləğində kredit vermişdir.

2. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 LPO İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür

3. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə borclu Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan «Skaniya Avtobus» markalı, **-RP-*** dövlət qeydiyyat nişanlı avtobusu ipotekaya qoymuşdur.

4. xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 borclu Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən 61,8 m2 ümumi sahəsi olan mənzili banka ipotekaya qoymuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.921,49 manat əsas borc, 6.583,29 manat faiz, 1.229,16 manat cərimə olmaqla, cəmi 37.733,94 manat pul vəsaiti, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun cavabdehlərdən müştərək qaydada tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanda yerləşən 61,8 m2 ümumi sahəsi olan mənzilə yönəldilməsi; əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması; satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması; ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 11/0500/DİK saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 35.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi DƏDRX-in xx.xx.2019-cu il tarixli RX seriyalı ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanda yerləşən 61,8 m2 ümumi sahədən ibarət mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə bank ilə 21 fevral 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixli RX ******* saylı çıxarış verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2019cu tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun da ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin, müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə D200801063 saylı xx.xx.2020-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bır cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin tutulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2020-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 37.733,94 manat təşkil edir. Bundan 29.921,49 manat əsas borc, 6.583,29 manat faiz, 1.229,16 manat cərimə təşkil edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış ipoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka qoyanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İddia ərizəsində qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada DƏDRX-də qeydiyyatdan keçirilməsi təmin edilmişdir.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 mart 2022-ci il tarixli e-2(002)-60/2022 saylı qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın qismən təmin edilməsi, 29.921 manat 49 qəpik əsas borc, 6.583 manat 29 qəpik faiz, 122 manat cərimə olmaqla, cəmi 36.626 manat 78 qəpik pul vəsaiti, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Səfıyar oğlundan müştərək qaydada tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən 61,8 m2 ümumi sahəsi olan mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 57.000 manat müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına kredit borcu ödənilməsi, artıq qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hazırkı qətnamə ilə tutulması qət edilən borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra həmin mənzil boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 269.1, 269.4, 319.1. 385.1, 386.1, 442, 445, 448.1, 467, 470.1, 472.1, 448.1, 739.1, 739.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçının nümayəndəsi həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

10. Apelyator şikayətini ipoteka predmeti olan mənzillin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi arqumenti ilə əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat onun təmin edilməsini xahiş etmişdir.

13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir

15. Maddə 269.1 Girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

16. Maddə 269.4 İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki apelyasiya baxışının predmetini qətnamənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ipoteka əmlakının ilkin satışı qiymətinə aid hissəsində dəyişdirilməlidir.

29. Hazırki iş üzrə isə iş materiallarında olan tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan mənzilin dəyəri 30.000 manat müəyyən edilmişdir; "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli LF06 saylı rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsində yerləşən 23 saylı evin 2 saylı mənzilinin 15 fevral 2022-ci il tarixə bazar dəyəri 60.000 manat, likvid dəyəri 57.000 manat təşkil edir

30. İşin apellyasiya baxışı zamanı zərurət yarandığından Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsində yerləşən 23 saylı evin 2 saylı mənzilin bazar və likvid dəyərinin müəyyən olunması məqsədilə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə olunmuş və sonuncunun 26 sentyabr 2022-ci il tarixli 0069 nömrəli rəyinə əsasən Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsində yerləşən 23 saylı evin 2 saylı mənzilin bazar dəyəri 44.000 manat, likvid dəyəri 40.000 manat təşkil edir.

31. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azerbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadı ilə müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

35. “İpoteka haqqında” Azərbaycan Rspublikası Qanununun 39.3.3-cü maddəsinə əsaəsn ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur.

37. Kollegiya ipoteka predmeti – Bakı şəhəri, Qaradağ rayon,u Qobustan qəsəbəsi Kəşfiyyatçılar küçəsində yerləşən 23 saylı evin 2 saylı mənzilin ilkin satış (likvid) qiymətinin "xxxx" MMC-nin 26 sentyabr 2022-ci il tarixli 0069 nömrəli rəyi ilə müəyyən edilməsini digər sübutlarla yanaşı qiymətləndirilməklə qanuni, əsaslı və daha ağlabatan hesab edir.

38. Odur ki, kollegiya hesab edir ki, qətnaətinə görə ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, əmlakın ilkin satış qiyməti 40.000 manat müəyyən edilməlidir

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-60/2022 saylı iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmetinin ilkin satış (likvid) qiyməti 40.000 (qırx min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar