Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4914/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “İnteks" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 iyun 2016-cı il tarixli Müqavilənin şərtlərinə uyğun olaraq "xxxx" MMC tərəfindən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binadan 2 (iki) otaqlı yeni təmirli mənzillə təmin edilməsi, 2021-ci ilin fevral ayından əsassız olaraq dayandırılmış 300 manat (üç yüz) aylıq kompensasiyanın mənzillə təmin olunana kimi cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-109/22) iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçının Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 2458-ci məhəllədə inşa edilən binada 2 (iki) otaqlı yeni təmirli mənzillə təmin edilməsi, iddiaçıya xx.xx.2021-ci il tarixdən mənzillə təmin olunana kimi 300 manat (üç yüz) aylıq kompensasiyanın cavabdeh tərəfindən ödənilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, tərəflər arasında 06 iyun 2016-cı ildə "Məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri" barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən "Məcburi köçkünün" müvəqqəti yerləşdirilməsi üçün "Məcburi köçkünə" mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün "Məcburi köçkünə" 2 otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Müqavilədə həmçinin göstərilir ki, tikinti işləri Müqavilədə nəzərdə tutulmuş vaxtda başa çatdırılmadıqda və ya köçürülmə texniki və digər obyektiv səbəblərə görə baş tutmadıqda hər gecikdirilən aya görə bu Müqavilə üzrə ödənilən aylıq kompensasiya məbləğinin ödənişi davam etdirilir. Lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri qəsdən pozulur. Sökülən binanın yerindəki tikilən bina hazır olsa da, iddiaçı hələ də mənzillə təmin olunmayıb. Həmçinin artıq 3 aydır ki, nəzərdə tutlan 300 manat kompensasiya ödənilmir. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək iddianın rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin nümayəndəsi izahatında iddiaçıya Qobu və Mehdiabad qəsəbələrində Komitə tərəfindən mənzil təklif olunduğunu, sonuncunun bu təklifdən imtina etdiyini, yeni inşa olunmuş binadan mənzillə təmin olunmasını tələb edərək köçməkdən imtina etmişdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkündür, hal-hazırda Nizami rayonu ərazisində yaşayır. xx.xx.2016-cı il tarixli “məcburi köçkünlərin mənzildən köçürülməsi ilə əlaqədar tərəflərin öhdəlikləri barədə müqaviləyə əsasən Cavabdeh MMC Nizami rayon İcra Hakimiyyətinin 26 aprel 2016-cı il tarixli, 47 saylı Sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən binanın sökülərək həmin ünvanda yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən "Məcburi köçkünün" müvəqqəti yerləşdirilməsi üçün "Məcburi köçkünə" mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün "Məcburi köçkünə" 2 otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqavilənin 7-ci bəndində göstərilir ki, tikinti işləri Müqavilədə nəzərdə tutulmuş vaxtda başa çatdırılmadıqda və ya köçürülmə texniki və digər obyektiv səbəblərə görə baş tutmadıqda hər gecikdirilən aya görə bu Müqavilə üzrə ödənilən aylıq kompensasiya məbləğinin ödənişi davam etdirilir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ona dövlət tərəfindən təklif edilən mənzillərdən özü imtina edib. İddiaçının mülkiyyət hüququ yoxdur, yalnız müvəqqəti kirayə haqqı ilə təmin edilib, onunla bağlanan müqavilə isə istifadə hüququnu ehtiva edirdi. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı isə apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, hazırkı qətnamə cavabdeh tərəfindən yalnız iddianın təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmə baxışında araşdırılmış sübutlarla müəyyən edilmiş halları ondan ibarətdir ki, aralarında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə görə cavabdeh yeni binanın tikintisi ilə bağlı sökülən binadan köçürülən iddiaçının müvəqqəti yerləşdirilməsi üçün iddiaçıya mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün ona 2 otaqlı yeni təmirli mənzilin istifadəyə verilməsini öz üzərinə öhdəlik olaraq götürmüşdür. Binanın tikintisi başa çatdırılmış, lakin iddiaçı mənzillə təmin olunmamışdır. İddiaçı tələbini müqavilə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən – mənzilin iddiaçının istifadəsinə verilməsi və mənzil təhvil verilənədək ödənilməyən aylıq kirayə haqqının verilməsi hissəsində əsaslı saymış və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçını mənzillə təmin etməkdən və kirayə haqqını ödəməkdən imtina ilə bağlı hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülkİ Məcəlləsinin 389, 430.1, 430.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddianın təmin edilən hissəsinə dair apellyasiya şikayətində göstərilən hallar mübahisələndirilən qətnamənin həmin hissədə ləğvi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri olduğundan və iddiaçı cavabdeh qarşısında öhdəliyini lazımi qaydada icra etmədiyindən iddiaçının cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququ vardır. Apellyasiya şikayətinin dəlillərinə görə Qaçqınların və X1 üzrə Dövlət Komitəsi iddiaçını mənzillə təmin etmək istəsə də, iddiaçı ona təklif edilən mənzillərdən imtina etmişdir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və ilk növbədə qeyd edir ki, tərəflər arasında müqavilə bağlanarkən Qaçqınların və X1 üzrə Dövlət Komitəsi həmin müqavilənin bağlanmasında iştirak etməmiş və müqavilə tərəfi olmamışdır. Müqavilə öhdəlikləri yalnız tərəflər arasında bağlanmış və cavabdeh iddiaçıya mənzildən köçürüldüyü gündən etibarən aylıq 300 manat həcmində kompensasiya ödənilməsini və tikiləcək yeni binada məskunlaşmaq üçün onu 2 otaqlı yeni təmirli mənzillə təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yaşayış sahəsini boşaldıb cavabdehə təhvil versə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək nəzərdə tutulan mənzili iddiaçının istifadəsinə verməmiş və kirayə haqqının ödənilməsini dayandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında müqavilə öhdəliklərinin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə hər hansı aidiyyəti yoxdur. Həm də müqavilədə mənzilin mülkiyyətə deyil, istifadəyə verilməsi barədə öhdəlik nəzərdə tutulmuşdur və məhkəmə də bu istiqamətdə qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 21 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4914/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4914/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver