Məhkəmə qərarları › İş №2(103)-4915/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4915/2023

25.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4915/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X7 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil2 Maraqlı şəxs nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Tərəflər xx.xx.2013-cü il tarixdə 134 nömrəli akt qeydi ilə Laçın rayon Qeydiyyat şöbəsində nikah bağlamış və birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur.

2. MŞB10-00083 saylı, xx.xx.2022-ci il tarixli Barışıq Sazişinə əsasən: -2.1.3.ikinci tərəf (Maraqlı şəxs) xx.xx.2015-ci il təvəllüdlü X1 üçün birinci tərəfə (Ərizəçi) 25 avqust 2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ödənilməsinə dair öhdəlik götürdü, -2.1.4.tərəflər müəyyən və təsdiq etdilər ki, bu günədək ikinci tərəfin (Maraqlı şəxs) aliment borcu 4131 (dörd min yüz otuz bir) manat təşkil edir. İkinci tərəf aliment borcunu hissə-hissə ödəməyi, əsas aliment məbləğinin üzərində müəyyən pul vəsaitini göndərməklə ödəyəcəyinə dair öhdəlik götürdü; -2.1.5 ikinci tərəf (Maraqlı şəxs) hər il Azərbaycan Respublikasında uşaq üçün müvafiq qanunla müəyyən olunmuş yaşayış minimuma uyğun alimentin artırılmasına dair öhdəlik götürdü.

3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-3412/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilə Ərizəçi arasında olan Laçın rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış və 134 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. ƏrizəçiMaraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış MŞB10-00083 saylı iş üzrə xx.xx.2022-ci il tarixli “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin” 2.1.3-cü, 2.1.4-cü, 2.1.5ci bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, tərəflər xx.xx.2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan Zeynəb adlı uşaqları anadan olmuşdur. Faktiki olaraq tərəflərin münasibətləri pozulmuş və ayrı yaşamağa başlamışlar. Ailə münasibətlərinin davam etməsi qeyri-mümkündür. Cavabdeh nikahın pozulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər xx.xx.2022-ci il tarixdə Bakı 10 saylı Mediasiya Təşkilatına müraciət edərək barışıq sazişi bağlamışlar. Həmin Sazişin müddəalarına əsasən tərəflər nikahın pozulmasına razılıq vermiş, cavabdeh Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində alimentin ödənilməsini və bugünədək ödənilməmiş 4131 manat aliment borcunu ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2 ay aliment ödəsə də, sonradan ödəniş etməmişdir. Bu səbəbdən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Bakı 10 saylı Mediasiya Təşkilatında xx.xx.2022ci il tarixdə bağlanmış MŞB10-00083 saylı barışıq sazişinin 2.1.3-cü, 2.1.4-cü, 2.1.5-ci bəndlərinin aşağıdakı qaydada təsdiq edilməsi qət edilmişdir: - 2.1.3. ikinci tərəf (Maraqlı şəxs) xx.xx.2015-ci il təvəllüdlü X1 üçün birinci tərəfə (Ərizəçi) 25 avqust 2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin ödənilməsinə dair öhdəlik götürdü, 2.1.4.tərəflər müəyyən və təsdiq etdilər ki, bu günədək ikinci tərəfin (Maraqlı şəxs) aliment borcu 4131 (dörd min yüz otuz bir) manat təşkil edir. İkinci tərəf aliment borcunu hissə-hissə ödəməyi, əsas aliment məbləğinin üzərində müəyyən pul vəsaitini göndərməklə ödəyəcəyinə dair öhdəlik götürdü, 2.1.5. ikinci tərəf (Maraqlı şəxs) hər il Azərbaycan Respublikasında uşaq üçün müvafiq qanunla müəyyən olunmuş yaşayış minimuma uyğun alimentin artırılmasına dair öhdəlik götürdü. Maraqlı şəxs 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər mediasiya prosesi zamanı aralarında razılığa gəlmiş və alimentin ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 94, 112.1-ci maddələri, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi, “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə, “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016- cı il tarixli qərarına, “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 112.1.3, 119.2, 216-220, 355-23.1, 355-23.2, 355-24, 355-25.1, 355-25.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-3411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətində göstərilmişdir ki, baxılan işdə iddiaçının cavabdehlə birgə nigahlarından doğulmuş uşağının atası Maraqlı şəxs tərəfindən valideynlik borcunu yerinə yetirmək üçün ondan ayrı yaşayan övladı ilə ünsiyyət saxlamaq, onun tərbiyəsi, maddiməişət tələbatının ödənilməsində iştirak etmək üçün səy göstərir. Atada uşaqların tərbiyəsinə, sağlamlığına, psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək hər hansı mənfi cəhət mövcud deyildir. Ona görə də, atanın uşaqlarla ünsiyyət hüququ müdafiə olunmalıdır. Valideynin uşaqla ünsiyyətdə olmasının müxtəlif formaları - yazışma, şəxsi görüşlər, telefon danışıqları və s. mövcudur. Valideynlərlə ünsiyyəti ilə bağlı mübahisə həll edilərkən ilk növbədə uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, uşağın da öz atası ilə ünsiyyətdə olmaq hüququ var və hazırki qətnamədə təkcə iddiaçıya öz uşağı deyil, həmdə uşağa öz atası ilə ünsiyyətdə olmaq imkanı verməlidir. Uşağından ayrı yaşayan valideynin uşağı ilə ünsiyyətdə olmaq, onun tərbiyə və təhsilində iştirak etmək hüququ qeyd edilən qanunvericilik normaları ilə tanınır və qorunur. Uşağı ilə birlikdə yaşayıb-yaşamamasından asılı olmayaraq, hər iki valideynin öz uşaqlarına münasibətdə eyni hüquqları var, onlar uşaqlarına münasibətdə eyni həcmdə də vəzifələr daşıyırlar. Tərəflər arasında bağlanan sazişin tələblərindən biri də uşaqla atanın ünsiyyətinin təmin edilməsidir. Yəni sazişdə bir tələb digərindən asılıdır. Bu hüquq hər hansı əsaslı səbəb olmadan məhdudlaşdırıla bilməz. Beləliklə də, qətnamədə istinad edilən maddi hüquq norması ilə yekun nəticə zidiyyət təşkil edir. Məhkəmə ərizəçinin ərizəsini icraata qəbul etdikdən sonra 17 may 2023-cü il tarixində məhkəmə baxışının keçrilməsi barədə maraqlı şəxsə göndərdiyi bildiriş 18 may 2023-cü ildə, 18 may 2023-cü ildə keçirdiyi məhkəmənin baxış iclası barədə bildirişi 17 may 2023-cü ildə göndərmiş, həmin bildiriş isə tərəfə 19 may 2023-cü ildə yəni qətnamə çıxarıldıqdan bir gün sonra çatmışdır. Maraqlı şəxs Laçın rayonunun Laçın kəndində qeydiyyatda olmaqla məcbiri köçkün kimi Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində məskunlaşmış və məhkəmə bildirişləri həmin ünvana göndərilmişdir. Maraqlı şəxs məhkəmə prosesi günü və yaxud məhkəmə prosesinin keçirildiyi saatda Ağcabədi rayonundan Bakı şəhərində yerləşən Binəqədi rayon Məhkəməsinə çatması qeyri mümkündür. Qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə MPM-nin tələblərini kobud şəkildə pozmuşdur və nəticədə maraqlı şəxsin konstitusion hüquqlarının pozulması ıilə nəticələnən qətnamə çıxarmışdır.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

13. Maraqlı şəxs nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 19 iyun 2022-ci ildə hər iki tərəf saziş imzalayıb. Sazişin şərtləri hər iki tərəfə məlum olub və razılıq əsasənda imzalanıb. Sazişin şərtlərinə görə aylıq 200 manat aliment və əvvəlki illərdən yığılmış təxminən 4300 manatı ödəmək olub. Müdafiə etdiyi şəxsin də uşaqla görüşməsi, görüntülü danışmağına razılaşıb sazişi imzalayıblar. İlk öncə 1-2 ay aliment ödənilib, amma sonra uşaqla görüşlə bağlı mübahisə yarandığına görə alimenti ödəməyib. Onlar çox çalışdılar ki, atanın uşaqla görüşü təmin edilsin. Xanım Gürcüstan vətəndaşıdır və uşağı da özü ilə Gürcüstana aparıb. Xanım təklif etədi ki, istədiyi vaxt gəlib uşaqla Gürcüstanda görüşə bilər. Maraqlı şəxs həm görüntülü danışmaq, həm də canlı danışmaq istəyir. 2 dəfə məhkəmə prosesi keçirilib, onlara heç bir məlumat verilməyib. Sonuncu iclas 18 mayda keçirilib və onlara 17 may gecə 23 radələrində sms bildiriş gəlib. Maraqlı şəxs Laçında qeydiyyatdadır və orada yaşayır. Onlara kağız daşıyıcı vasitəsi ilə məhkəmə bildirişi məhkəmə iclası keçiriləndən bir gün sonra gəlmişdir. Hesab edir ki, məhkəmə prosessual pozuntuya yol verib. Onlar məhkəmə prosesində iştirak etsəydilər, öz şərtlərini bildirə bilərlər. Hər bir halda onlar tərəf kimi məhkəmə prosesində iştirak etməli idilər. Ata uşaqla danışdığı müddətdə sazişlə götürdüyü öhdəliyə riayət edərək alimenti ödəyib, amma uşaqla danışması təmin edilmədikdən sonra alimenti ödəməyi dayandırıb. Ana uşaqla danışanda qıraqdan ona müdaxilə edir, nənəylə yox, ancaq atası ilə danışacağını deyir. Qarşı tərəf bildirib ki, uşaqla görüşmək üçün Gürcüstana gələndə onu evlə, maşınla orada təmin edəcəkdir. Amma tərəf hər dəfə Gürcüstana gedə bilmir. Ata 3 il bundan əvvəlki alimenti və 1 il bundan əvvəl aliment 200 manat olmadığı təqdirdə 200 manatı ödəməyə ona görə razılaşıb ki, uşağını görsün. Onlar qarşılarına əvvəlki alimenti ödəmək, telefonun özün alıb-vermək, uşağı görmək istənilirsə tanımadığı bir yerə-Gürcüstana gəlib,uşağı görüb daha sonra getmək kimi tələblər qoyurlar. Sms bildiriş məhkəmə prosesinə bir gün qalmiş göndərilib və maraqlı şəxs Ağcəbədi rayonundan gəlib çatdıra bilməzdi. O iş materiallarına zərfin surətini də əlavə edib, o məhkəmə bildirişini 19 may alıb. Saziş imzalayanda qarşı tərəf hüquqşünasla təmsil olunub, amma maraqlə şəxs ali təhsil almamış sadəcə orta məktəbi bitirmiş bir şəxsdir. O sazişi şifahi olaraq dinləyib və sazişə imza edib. Xanım özü onun yanında dedi ki, uşağı yay tətilində gətirə bilər. Maraqlı şəxs bildirir ki, uşağı ona göstərdiyi təqdirdə aliment ödəməyə razılaşıb.

14. Ərizəçi nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, nikahın pozulması haqqında qətnaməni məhkəməyə təqdim etmək istəyir, çünki sazişlə nikahın pozulmasını bildirmək olmaz. Hüquqlarını müdafiə etdiyi şəxslə qarşı tərəf bir-birilə əlaqədə idi və danışırdılar. Onlar özləri razılaşmışdılar ki, bir vəkil tapıb dediklərini sazişə salsınlar. Mediasiyada qarşı tərəfə hər şeyi izah etdilər, hətta orada borcun hissəli ödənilməsini yazanda qarşı tərəf dedi ki, hissəli bölməsin, elə ola bilər o pulu ödəyə bilməz və ərizəçi də razılaşdı. Onlar bununla da razılaşdılar, onun öhdəliyini buraxdılar. Xanımın sazişə əsasən uşaqla görüşməsi mübahisənin predmenti deyil. Xanım uşağı arada yay tətilində gətirə bilər. Sadəcə olaraq qarşı tərəf birfikirli deyil. Uşaq Azərbaycana gələndən sonra o qayıtmaq icazəsini götürsə, uşaq Azərbaycanda qalacaq. X6 keçəndə anası Gürcüstan vətəndaşı olduğuna görə atanın razılığını istəmirlər, amma Azərbaycana gələndə atanın razılığını tələb edəcəklər. Ona görə də ərizəçi qorxub gətirmir. Uşaq məktəbə getdiyinə görə uşağı yay tətilində gətirə bilər. Köhnə aliment borcunu mediasiyada yaşayış minimumu ilə hesablandı və onun tərəfi ona guzəştə gedərək hər ay konkret nə qədər ödəyəcəyini demədi. Ramin bəy uşağa bir gün zəng edirdi, aliment məsələsi düşəndən sonra aylarla əlaqə saxlamadı. Xanım deyir ki, maraqlı şəxs telefon alsın, nənə evdədir, uşaqla danışmağa kömək etsin. Həmçinin, tərəf rayon məhkəməsində məhkəmə iclasına gələ bilmirdisə, gələ bilməyəcəyi barədə teleqramla müraciət edə bilərdi. Saziş bağlanan gündən 2 ay aliment ödənilib. Saziş imzalandanda da Gürcüstdanda olub. Uşaq üç ildir ki, Gürcüstandadır.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

16. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 94.1. Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. Maddə 94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 94.3. Aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur. Maddə 95.1. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur. Maddə 95.2. Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir. Maddə 95.3. Aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. Maddə 95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Maddə 96.1. Alimentin ödənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri azyaşlı uşağın, yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün maraqlarını pozursa, o cümlədən bu Məcəllənin 97.2-ci maddəsinin tələblərinə əməl edilmədikdə həmin saziş mübahisələndirilə bilər. Maddə 96.2. Bu saziş azyaşlı uşağın və ya yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün qanuni nümayəndəsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən mübahisələndirilə bilər. Maddə 97.1. Aliment ödənilməsi barədə saziş üzrə ödənilən alimentin miqdarı bu sazişin tərəflərinin razılığı ilə müəyyən olunur. Maddə 97.2. Aliment ödənilməsi barədə saziş üzrə yetkinlik yaşına çatmayanlar üçün ödənilən alimentin miqdarı məhkəmə qaydasında onlar üçün müəyyən edilə bilən alimentin miqdarından az olmamalıdır. Maddə 97.3. Aliment ödənilməsi barədə saziş üzrə alimentin miqdarının indeksasiyası həmin sazişə uyğun aparılır. Sazişdə alimentin miqdarının indeksasiyası qaydası nəzərdə tutulmayıbsa, indeksasiya bu Məcəllənin 110-cu maddəsinə əsasən aparılır. Maddə 98.1. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Maddə 98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Maddə 98.3. Aliment ödənilməsi barədə sazişdə aliment ödənilməsinin müxtəlif üsulları nəzərdə tutula bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi

Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında imzalanmış tərəflərin birgə nikahından dünyaya gəlmiş X1 üçün maraqlı şəxs tərəfindən aliment ödənilməsi ilə bağlı mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinin – alimentlə bağlı bəndin təsdiq edilməsini xahiş etmişdir.

23. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir.

24. Qətnamədən apellyasiya şikayəti verən maraqlı şəxsin şikayətinin dəlili ondan ibarətdir ki, iclas barədə lazımi qaydada məlumatlandırılmamışdır.

25. İş materiallarının araşdırılması zamanı Maraqlı şəxs məxsus (050) *** ** ** möbil nömrəsinə sms bildiriş göndərilmiş, bildirişlər maraqlı şəxs tərəfindən alınmışdır. Göründüyü kimi, maraqlı şəxs məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış, maraqlı şəxs iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyi barədə nə teleqram, nə də ki, digər vasitə ilə məlumat verməmişdir.

26. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

27. Həmin Məcəllənin 355-25.2-ci maddəsində qeyd edilir ki, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır.

28. Maraqlı şəxsin şikayətinin digər dəlili ondan ibarətdir ki, ərizəçi tərəflərin birgə nikahından olan X4 ilə atasının ünsiyyətinə maneə olur.

29. Tərəflər arasında imzalanmış MŞB10-00083 saylı, xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin 2.1.7-ci maddəsində qeyd edilir ki, birinci tərəf – Ərizəçi uşağın atası ilə görüşməsinə, görüntülü telefon danışıqların aparılmasına dair heç bir maneə törətməyəcəyi barədə öhdəlik götürmüşdür.

30. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsində qeyd edilir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

31. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında imzalanmış MŞB10-00083 saylı, xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş halların heç biri hazırkı işdə müəyyən edilmir.

32. Belə ki, barışıq sazişinin müəyyən bəndinin təsdiq edilməsi qanunvericiliyə zidd deyil. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsi ilə müəyyən edilir ki, barışıq sazişi tamamilə - yaxud müəyyən hissəsi təsdiq oluna bilər. Ərizəçinin tələbi aliment məbləği ilə bağlı hissədə barışıq sazişinin təsdiqi ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən həmin bənd təsdiq edilmişdir. Maraqlı şəxs uşaqla ünsiyyətlə bağlı bəndin təsdiq edilməsi üçün məhkəməyə müraciət edə bilər.

33. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs şikayətinin dəlili olaraq göstərdiyi hallar ərizənin təmin edilməməsi üçün əsas kimi qiymətləndirilə bilməz.

34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

35. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3411/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar