Məhkəmə qərarları › İş №2(103)-4924/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4924/2022

06.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4924/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2306/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2306/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadına əsasən, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü” tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” Nizami Rayon Məhkəməsinə müraciət olunmuşdur. Nizami Rayon Məhkəməsinin 2(007)-1609/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməli olduğu səbəbi ilə sözügedən iddia geri qaytarılmışdır. Bundan sonra prosesin uzanmaması məqsədilə Nizami Rayon Məhkəməsində qeyd olunduğu kimi aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, lakin hazırki qərardad ilə, eyni Nizami Rayon Məhkəməsinin qərara aldığı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən iddianı geri qaytarmışdır. Hesab edir ki, yaranmış problem məhkəmələr arasında olan problemdir və bu problemə görə hazırda onun iddiasına baxılmır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2306/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli qərarından görünür ki, ər-arvadın nikah dövründə əldə etdiyi daşınmaz əşyaya dair ümumi birgə mülkiyyətin bölünməsi və payların müəyyən edilməsi tələbi barədə iddiaya Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə müvafiq olaraq müstəsna aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılıb-baxılmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir Nəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ərarvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Lakin Mülki Prosessual Məcəllənin 39-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik normalarını təhlil edərək belə qənaətə gəlir ki, ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. Belə olan halda müəyyən edilir ki, hazırki mülki işə cavabdehin qeydiyyatda olduğu yeri üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehə irəli sürülmüş iddia MPM-nin 39-cu maddəsinin tələbinə uyğun olaraq müstəsna aidiyyatın təsiri altına düşmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur, şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, hazırda iddia ərizəsinin geri qaytarılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2306/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadından verilmiş şikayətə baxılır və yuxarıda istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən də hazırki tələbin, yəni ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi istinad edilən prosessual normaların eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, iş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2306/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2306/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar