Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4925/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh Renad Eyvazzadənin qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, cavabdeh-iddiaçı Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və X1 Cavabdeh4 qarşı “mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun bölünməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı1 və X2 qarşı “mənzilin açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin paylara uyğun bölünməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia ərizəsində tələb olunub ki, paylı mülkiyyətdə olan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev № 49-da yerləşən 2 №-li mənzil (bundan sonra – mənzil) açıq hərracda satılsın və satışdan əldə olunan pul mülkiyyətçilər arasında paylara uyğun bölünsün. Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, mənzil açıq hərracda satılsın və satışdan əldə olunan pul mülkiyyətçilər arasında paylara uyğun bölünsün, yəni satış pulunun 74/105 hissəsi Cavabdeh4, 15/105 hissəsi Renad Eyvazzadəyə, 15/105 hissəsi İddiaçı1, 1/105 hissəsi Heydərqulu Eyvazzadəyə verilsin. Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilsin, qarşılıqlı iddia qismən təmin edilsin, mənzil açıq hərracda satılsın, satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 74/105 hissə Cavabdeh4, 31/210 hissə İddiaçı1, 31/210 hissə Renad Eyvazzadəyə verilsin, mənzilin ilkin satış qiyməti 50.000 manat müəyyən edilsin, qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, mənzilin ilkin satış qiyməti yenidən müəyyən edilməklə qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunsun. Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh Renad Eyvazzadənin (yetkinlik yaşına çatmayıb) qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İddiaçı-cavabdeh İddiaçı1 (yetkinlik yaşına çatıb) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Mənzil 3 nəfərin ümumi paylı mülkiyyətindədir: 1) İddiaçı1 payı 31/210 hissə; 2) Renad Eyvazzadənin payı 31/210 hissə; 3) Cavabdeh4 payı 74/105 (148/210) hissə. Hazırkı mübahisəyə Mülki Məcəllənin 220-ci maddəsindəki norma tətbiq edilməlidir. Həmin normada ümumi əşyanın bölünməsinin və ya ondan payın ayrılmasının 3 qaydası nəzərdə tutulub: 1) payın naturada ayrılması; 2) payın dəyərinin ödənilməsi; 3) ümumi əşyanın açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04.04.2014-cü il tarixli qərarında qeyd olunub ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar isə 1-ci və 2-ci qaydalardır. Müəyyən olunur ki, 1-ci və 2-ci qaydanın tətbiqi mümkün deyil. Bu, birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də 3-cü qayda tətbiq edilməli, yəni mənzil açıq hərracda satılmalı və satış pulu bölünməlidir. Lakin qətnamədə mənzilin ilkin satış qiymətinin göstərilməsi qanuna uyğun deyil. İlkin satış qiymətinin anlayışı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində müəyyən edilib, bu qiymət yalnız ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi barədə qətnamə qəbul edilərkən qətnamədə göstərilməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin satış qiymətinə aid hissədə ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsi Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, ev № 49-da yerləşən 2 №-li mənzilin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməsi hissəsində ləğv edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4925/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4925/2021
18.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver