Məhkəmə qərarları › İş №2(103)-493/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-493/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-493/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı ilkin, İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı tələbləri üzrə QƏTNAMƏSİ İş № 2(103)-493/2024 (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı tələb üzrə cavabdeh) İddiaçı, İlkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı tələb üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 və nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-18/2023 nömrəli, 16 avqust 2023cü il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı tələb üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 143 №-li podrat müqaviləsinə əsasən, Cavabdeh MMC İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasındakı 2 nömrəli mənzilin layihə rəhbərliyi, interyer dizayn, tam təmir, neo klassika üslubunda akssesuarsız tam təmirli təhvilini üzərinə götürmüşdür. Ümumi görüləcək işlərə görə 45.000 manat muzd haqqı müəyyən olunmuş və İddiaçı ödəniş cədvəlinə uyğun olaraq ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

2. Təqdim edilmiş kassa mədaxil qəbzlərindən, podrat müqaviləsindən müəyyən edilir ki, İddiaçı 16000 manat, 9000 manat, 20000 manat, 5360 manat və 4700 manat olmaqla, 5 dəfəyə cəmi 55060 manat vəsaiti Cavabdeh MMC-yə ödəmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/454 saylı 16 iyun 2023-cü il tarixli ekspert rəyinə əsasən "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsində yerləşən 38 nömrəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində olan 4 otaqlı 5 nömrəli mənzilində aparılmış təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 43497 manat məbləğində müəyyən olunur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 143 nömrəli podrat müqaviləsi üzrə öhdəliyin tam yerinə yetirilməməsi səbəbindən ödədiyi 55.061 manat vəsaitdən 20 000 manat məbləğinin və mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2019-cu il tarixli 143 nömrəli podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC təqdim edilmiş ilkin smetaya uyğun olaraq 45.000 manata iddiaçıya məxsus olan "Troya” MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsində yerləşən 38 nömrəli yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində olan 4 otaqlı 5 nömrəli mənzili premium təmir parketinə uyğun olaraq tam təmir etməklə ona təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək mənzil üçün 55.061 manat ödənişi Cavabdeh MMC-yə ödəsə də, Cavabdeh MMC öhdəliyini tam yerinə yetirməmiş, işləri yarımçıq qoymaqla, cəmi 20.000 manat dəyərində təmir işləri görməklə, 30000 manat məbləğində maddi zərər vurmuşdur. Belə ki, iddiaçı 16.000 manat, 20.000 manat, 9.000 manat, 5.360 manat, 4.700 manat olmaqla, cəmi 55.060 manat pul vəsaiti ödəmişdir. Cavabdeh MMC mənzildə təmir işlərini yarımçıq görmüşdür. İddiaçı hesab edir ki, görülmüş işlərə görə 20.000 manat onun ödədiyi 55.060 manatdan çıxılmaqla, qalan pul qaytarılmalıdır. Cavabdehə dəfələrlə pul vəsaitinin geri qaytarması barədə məlumat verilsə də, cavabdeh iddiaçının pulunu geri qaytarmamışdır.

6. Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə şərtlərinin İddiaçı tərəfindən pozulması nəticəsində Cavabdeh MMC-yə dəymiş 5.000 manat real maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..

7. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə 143 №-li podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “Sifarişçi” olan İddiaçı 45.000 manat pul ödəməyi, “Podratçı” olan Cavabdeh MMC isə 185 kv.m sahəsi olan mənzili “premium” təmir edərək, 30 avqust 2019-cu il tarixdə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən bu ölçüyə balkon sahələri daxil deyildir. İddiaçı şəxsən yaratdığı maneələr və mənzildə olan texniki səbəblərə görə təhvil verilmə tarixi gecikmişdir. Belə ki, İddiaçı seçməli olduğu inşaat materiallarını vaxtında seçib, bu barədə “Podratçıya” məlumat verməmişdir. Bundan əlavə İddiaçı smetadan kənar işlərin görülməsini tələb etmiş və bu işlərin haqqını ödəyəcəyinə söz vermişdir. Cavabdeh MMC işləri yekunlaşdırdıqdan sonra İddiaçı mənzilə baxış keçirmiş və özünün şəxsən seçdiyi kafel modeli ilə razılaşmadığını və başqa model seçmək istədiyini bildirmişdir. Birgə razılaşdırılan smetada balkonlara kafel vurulmaması, yalnız süpürgəlik və metlax vurulması nəzərə alınmışdır. Lakin sonradan “Podratçı” sanuzellərə görə aldığı kafelləri və əlavə kafel modelinin balkonlara tam şəkildə vurulmasını tələb etmişdir. İddiaçı müqavilədən kənar və müqaviləyə zidd olaraq daim yenilənən arzu və istəkləri əlavə böyük xərclərin yaranmasına gətirib çıxarsa da, sifarişçi əlavə ödənişləri hər dəfə yalandan vəd edərək, ödəməkdən boyun qaçırmışdır. Eyni zamanda müqavilə əsasında tərtib edilmiş smetada mənzildə lepka və digər bəzək işlərinin görülməsi nəzərdə tutulmadığı halda, İddiaçı bu işləri əlavə ödəniş etmədən “Podratçıdan” tələb etmiş və gördürmüşdür. İddiaçı Cavabdeh MMC-yə etdiyi ödənişlər əsasında mənzilin təmiri ilə bağlı bütün işlər təmin edilmiş, hətta İddiaçı ödədiyi məbləğdən artıq məbləğdə işlər Cavabdeh MMC tərəfindən görülmüşdür. Müqavilənin şərtlərinə zidd olaraq İddiaçı əlavə istəkləri nəticəsində yaranmış artıq xərclər ödənilməmiş və o bu yaranmış əlavə xərcləri qarşılamaq məqsədilə "xxxx" KB ASC-dən kredit götürməyə məcbur olmuşdur. Podrat müqaviləsində göstərilən 185 kvadrat metr sahəsi olan mənzilin təmiri üçün İddiaçı Cavabdeh MMC-yə cəmi 36.000 manat pul ödəmişdir. Bundan əlavə 4.700 manat və 5.360 manat vəsaiti son tamamlama işləri üçün lazım olan inşaat materiallarının alınması üçün İddiaçı özü şəxsən mağazalara ödəmişdir. Cavabdeh MMC-nin gördüyü işlər sifarişçinin xoşuna gəldiyindən, İddiaçı onlardan özünə məxsus eyni ölçülü digər mənzilin təmirinə başlamalarını xahiş etmiş və buna görə 9.000 manat pul vermişdir. Digər mənzilə görə müqavilə bağlanmamasının səbəbi “Podratçının” daha bir eyni ölçülü mənzilə görə 45.000 manatla razılaşmaması olmuşdur. İddiaçı isə dəfələrlə ikinci mənzilin təmirinin başlanmasını “Podratçıdan” xahiş etmişdir. Lakin “Podratçı” ikinci dəfə bu məbləğlə razılaşmamışdır və mənzilin təmiri zamanı xərclənəcək ödənişlərin tərəflərin birgə iştirakı ilə xərclənməsini qərara almışdır. Bir müddət sonra həmin 9.000 manatın 1.000 manatını Cavabdeh MMC-dən geri qaytarmaq şərtilə borc kimi istəmiş, almış və qaytarmamışdır. 1.000 manatın 500 manatını İddiaçı tapşırığı ilə mebel ustalarına beh kimi vermiş, qalan 500 manatını isə nağd şəkildə İddiaçı özünə vermişdir. Beləliklə, İddiaçı ikinci mənzil üçün cəmi 8.000 manat pul vermişdir. “Podratçı” tərəfindən ümumilikdə hər iki mənzilə görə bütün xərclər və Cavabdeh MMC-nin xidməti xərcləri ilə birlikdə 59.000 manat xərclənmişdir. İddiaçı ödədiyi məbləğ isə 54.060 manat olmuşdur. Cavabdeh MMC-nin xidməti xərcləri ilə birlikdə mənzillərin təmirinə 59.000 manat xərcləmişdir. Həmçinin inşaat materialları, interyer dizayn və sair işlərə 35.200 manat, usta ödənişləri və sair 15.300 manat, Cavabdeh MMC-nin xidmətləri və nəqliyyat xərclərinin dəyəri kimi 8.500 manat xərclənmişdir. İddiaçı isə mənzillərin təmirinə xərclənən vəsaitdən cəmi 54.060 manatını ödəmişdir. İddiaçı birinci mənzilinin təmirinə faktiki olaraq 45.000 manat vəsait tam xərclənmişdir, əlavə işlərə görə tələb olunan 5.000 manat vəsait də ödənilsəydi, birinci mənzilin təmirini tamamilə başa çatdırmaq mümkün olardı. Lakin İddiaçı bu məbləği ödəmədiyi üçün birinci mənzildə təmiri tam başa çatdırmaq mümkün olmamışdır, ikinci mənzildə isə ödənilmiş 8.000 manata uyğun olaraq divarlara ağdağ suvağı vurulmuş, elektrik işləri və santexnik işləri görülmüşdür. Sonradan ödəniş edilmədiyinə görə Cavabdeh MMC işləri dayandırmağa məcbur olmuşdur. Smetada nəzərdə tutulmuş xərclərdən əlavə görülmüş işlərə görə Cavabdeh MMC 5.000 manat pul xərcləmişdir. Bu məbləğ İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilməmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-18/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 11563 (on bir min beş yüz altmış üç) manat maddi zərər, 1000 (min) manat mənəvi zərər, 12,60 (on iki manat altmış qəpik) manat dövlət rüsumunun tutulması, qarşılıqlı iddianın rədd edilməsi, 100 (yüz) manat məbləğində tikinti-texniki ekspertizasının dəyərinin 42 manatının İddiaçı, 58 manatının Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 46, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 752.1, 752.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il Qərarının 1-ci bəndinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il 7 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı tələb üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin nəzərə almadığı məqam ikinci evdə olan təmirlə bağlıdır. İşin halları araşdırılarkən ikinci ev faktoru nəzərə alınmamış, nəticədə yanlış qənaətə gəlinmişdir. Hansı ki, iddiaçının özü belə razılaşır ki, razılaşma bir evə görə yox iki evə görədir. Məhkəmə qətnaməsində MM-in 752.1-ci maddəsinə istinad edir. Hesab edirik ki, maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Cavabdeh Podrat müqaviləsində nəzərdə tutulan işi, yəni ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində olan 4 otaqlı 5 nömrəli ünvanda yerləşən mənzildə premium təmir işi görməyi öhdəsinə götürmüşdür. Bu ünvanda yerləşən mənzili təmir edərək öhdəliyini tam icra etmiş, hətta Cavabdeh MMC hətta özü də əlavə xərc çəkmişdir. İş üzrə müəyyən olunmuş hal odur ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində olan 4 otaqlı, 2 nömrəli mənzil müqavilə üzrə smeta dəyəri 45.000 manat müəyyən edilmişdir. Keçirilmiş ekspertiza üzrə çıxarılmış məbləğ 43.497 manat təşkil edir. Bu da onu göstərir ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Bundan başqa iş üzrə keçirilmiş ekspertizada o da müəyyən edilmişdir ki, (ekspert rəyinin tədqiqatın nəticə hissəsində 3-cü abzası) İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 143 №-li podrat müqaviləsi üzrə ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində olan 4 otaqlı 2 nömrəli mənzilinə dair tərtib edilmiş interyer dizayna uyğun aparılmışdır. Əlavə və ya təkrar ekspertiza keçirilərək qeyd etdiyimiz xüsusatlar araşdırılsa idi, Cavabdeh MMC əlavə işlər gördüyü sübut olunacaq idi. Qarşılıqlı iddiaçı izahatında da İddiaçı “RECA MMC”-yə kafel-metlax işlərini yekunlaşdırdıqdan sonra mənzilə baxış keçirərkən özünün şəxsən seçdiyi kafel modeli ilə razılaşmadığını və başqa model seçərək, vurulmuş kafeli sökdürərək yenidən kafel vurdurmuşdur. Həmçinin müqavilə əsasında tərtib edilmiş smetada lepka və bəzək işlərinin görülməsi nəzərdə tutulmadığı halda, İddiaçı bu işləri əlavə ödəniş etmədən “Podratçı”-dan tələb etmiş və işi yerinə yetirməyə məcbur etmişdir. Bununla yanaşı smetaya balkonda kafelin vurulması nəzərdə tutulmasa da, ilkin iddiaçının istəyi ilə bu işlər görülmüş, lakin dəyəri ödənilməmişdir. İş üzrə təkrar ekspertiza keçirilməli idi, qeyd etdiyimiz xüsusatların araşdırlmasını tələb etməyimizə baxmayaraq, məhkəmə bunu nəzərə almamış və yenidən ekspertiza təyin etməmişdir. Digər tərəfdən isə "xxxx"MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu C.Hacıbəyli, H.Ələsgərov, Q.Quliyev, M.Qaşqay küçələrinin əhatə etdiyi, H.Ələsgərov küçəsi ev 31/33 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı, 20 nömrəli mənzilində yerləşən 2ci evin təmirinə başlamış, buna baxmayaraq bu evin təmiri üçün müqavilə bağlamamış, müvafiq ödənişi etmədiyindən təmir işi saxlanılmışdır. Əgər əsaslı araşdırma aparılıb qeyd edilən ikinci evin təmiri araşdırılsaydı (ekspertin həmin evə baxmasına şərait yaradılsa idi), CavabdehMMC-nin öz öhdəliyini lazımı qaydada icra etdiyi müəyyən ediləcəkdi. Məhkəmənin qərəzliliyi və biqanəliyi nəticəsində bu faktı təsdiq edən hallar lazımı qaydada araşdırılmamışdır. Yetəri qədər dəlillər, sübutlar yığılmadan hakim qərar vermişdir. Mənəvi ziyanın nədə ehtiva olması araşdırılmamışdır. Buna dair işdə heç bir sübut yoxdur. Təyin edilmiş mənəvi ziyan işin hallarına adekvat deyil. İş üzrə iddia rədd edilməli olduğundan qətnamə mənəvi hissədə də rədd edilməldir. Məhkəmə sübutları düzgün qiymətləndirilməmişdir. Ekspertiza tədqiqatı tam aparılmamışdır. Ekspert qarşısında suallar tam olaraq cavablandırılmamışdır (ikinci sual cavabsız qalmışdır). Məhkəmə tərəfindən iş üzrə əlavə və təkrara ekspertiza təyin edilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, iş üzrə cavabsız qalan sual məhz ilkin İddiaçı qərəzli hərəkətlərinə görə qalmışdır. Çünki "xxxx" MTK-ya məxsus Bakı şəhəri Nəsimi rayonu, C.Hacıbəyli, H.Ələsgərov, Q.Quliyev, M.Qaşqay küçələrinin əhatə etdiyi, H.Ələsgərov küçəsi ev 31/33 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən 4 otaqlı, 20 nömrəli mənzil İddiaçı mülkiyyətindədir (onun sahibliyindədir) və həmin mənzilə daxil olmaq yalnız onun icazəsi nəticəsində mümkündür. Lakin o bunun üçün mümkün davranışı etməmiş, ekspertin çoxsaylı müraciətlərinə biganə qalmışdır. ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasının 1-ci giriş, 1-ci mərtəbəsində olan 4 otaqlı 2 nömrəli mənzili müqavilə üzrə smeta dəyəri 45.000 manat olmasını lakin keçirilmiş ekspertiza üzrə çıxarılmış məbləğin 43.497 manat təşkil etməsini hesab edirik ki bu hala düzgün hüquqi qiymət verməmişdir. Ekspert evin proyektinin daxili arakəsmələrinin dəyişilməsini, mənzilin bugünki hala gəlib çıxması üçün edilən ilkin tikinti işlərini nəzərə almamışdır. Digər təmir prosesləri tam təfərrüatı ilə nəzərə alınmadan hesablandığından xərclər az çıxmışdır. Eyni zamanda mənzilə yüklərin daşınması və qaldırılması üçün həyata keçirilən, nəqliyyat, texnika və fəhlə xərcləri dəfələrlə az nəzərə alınmışdır. Bundan əlavə mənzildə RECA MMC -nin əməkdaşları tərəfindən həyata keçirilən dizayn və layihə rəhbərliyi xidməti 5 aydan artıq müddətdə davam etdirilib və buna ayrılan xərclər də nəzərə alınmamışdır. Odur ki, ekspert qarşısında təkrar görülmüş işlərə görə əlavə xərclərin məbləğinin müəyyən edilməsi istiqamətində heç bir iş görməmiş, istəyimizlə əlavə və ya təkrar ekspertiza keçirməmişdir. Mənzildə həyata keçirilən işlər tam şəkildə ekspert rəyində göstərilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı tələb üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə1 və nümayəndəsi-vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı (qarşılıqlı tələb üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

17. 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.

18. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

20. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

24. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

25. 752.3-cü maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir

26. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

27. 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.

28. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

29. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

30. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

31. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

32. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

41. Hazırki halda, ilkin iddia tələbi üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, ilkin iddia tələbi təmin edilməyən hissədə iddiaçı tərəfindən müahisələndirilmədiyindən, qətnamə yalnız ilkin iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-18/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, araşdırma nəticəsində müəyyən olunmuş işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış ilkin müqavilə podrat müqaviləsi olmuşdur. Sifarişçi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə 143 №-li podrat müqaviləsinə Cavabdeh MMC İddiaçı məxsus olan ünvan 1 ünvanda yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasındakı 2 nömrəli mənzilin layihə rəhbərliyi, interyer dizayn, tam təmir, neo klassika üslubunda akssesuarsız tam təmirli təhvilini üzərinə götürmüşdür. Ümumi görüləcək işlərə görə 45.000 manat muzd haqqı müəyyən olunmuş və İddiaçı ödəniş cədvəlinə uyğun olaraq ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş kassa mədaxil qəbzlərindən, podrat müqaviləsindən müəyyən edilir ki, İddiaçı 16000 manat, 9000 manat, 20000 manat, 5360 manat və 4700 manat olmaqla, 5 dəfəyə cəmi 55060 manat vəsaiti Cavabdeh MMC-yə ödəmişdir.

44. Kollegiya qeyd edir ki, ekspert rəyindən görünür ki, cavabdeh tərəfindən görülmüş işlərin ümumi dəyəri təqribən 43497 manat məbləğində müəyyən olunur. Ekspert rəyi ilə iddiaçıya məxsus mənzildə podrat müqaviləsinə əsasən görülmüş işlərin dəyəri 43497 manat məbləğində müəyyən olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 55060 manatdan həmin məbləğ çıxılaraq 11563 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

45. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdeh tərəfindən "xxxx" MTK-ya məxsus Bakı şəhəri, Nəsimi rayonu C.Hacıbəyli, H.Ələsgərov, Q.Quliyev, M.Qaşqay küçələrinin əhatə etdiyi, H.Ələsgərov küçəsi ev 31/33 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində 4 otaqlı, 20 nömrəli mənzilində yerləşən 2-ci evin təmiri ilə bağlı müəyyən işlərin görüldüyü və müvafiq olaraq vəsaitin xərcləndiyi bildirilsə də, təmir işlərinin görülməsi ilə bağlı tərəflər arasında yaranmış münasibətləri tənzimləyən və təsdiq edən müqavilə təqdim edilməmişdir. Müqavilə tərəfinin qeyd olunan sahədə işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olduğunu nəzərə alaraq hesab edilir ki, tərəflər arasında ehtimal olunan münasibətin müqavilə ilə tənzimlənməməsi ağlabatan deyildir.

46. Kollegiya apellyasiya şikayətinin ekspert rəyində adıçəkilən ikinci mənzillə bağlı münasibət bildirilməməsi, mənzilə baxış keçirilməsinə iddiaçı tərəfindən icazə verilməməsinə dair hesab edir ki, qeyd olunan mənzilin özgəninkiləşdirilməsi ilə bağlı mənzilə baxış keçirilə bilməməsi ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hal deyil.

47. Kollegiya apellyasiya şikayətinin digər dəlili qismində göstərilən xx.xx.2021-ci lil tarixli qərardadda iddiaçının izahatında iki mənzilin təmiri ilə bağlı ödənişin edilməsinə münasibətdə qeyd edir ki, istinad olunan qərardadda iddiaçı məhz "xxxx" MTK-ya məxsus iki ədəd mənzilin olmasını bildirsə də, işin digər hallarında və eləcə də, apellyasiya şikayətində ikinci mənzilin "xxxx" MTK-ya məxsus olduğu qeyd olunmuşdur. Qeyd olunan halda uyğunsuzluqlar olduğundan, apellyasiya şikayətinin bu dəlili mötəbər sübut kimiqəbul olunmur.

48. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. “Mahmudovun Rusiyaya qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

50. “Qavazovun Bolqarıstana” qarşı işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 mart 2008-ci il tarixli qərarında bir daha vurğulamışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

51. Bundan əlavə kollegiya ilkin iddia tələbinin təmin olunan hissəsi kimi mənəvi zərər tələbi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21- ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

52. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, «Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

53. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır.»

54. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il 7 saylı Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) ,habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

55. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə cavabdehin podrat müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməməsi nəticəsində iddiaçının məcbur olaraq vəkilə və məhkəməyə müraciət etməsini, bu halların şəxsin mənəvi sarsıntı keçirməsinə əsas olmasını nəzərə alaraq iddianın mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 1000 manat tutularaq iddiaçıya ödənilməsində düzgün nəticəyə gəlmişdir.

56. Kollegiya həmçinin qarşılıqlı iddia tələbinin rədd olunması ilə bağlı bildirir ki, ilkin iddia tələbinin təmin olunmasını sübut edən hallar eyni zamanda qarşılıqlı iddia tələbinin rədd edilməsi üçün əsasdır. Belə ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia tələbini sübut edən dəlillər məhkəməyə təqdim olunmamışdır. Odur ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd etməkdə haqlı olmuşdur.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

58. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı yoxlanılan hissədə təmin etməklə, qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia tələbi üzrə cavabdeh (qarşılıqlı tələb üzrə iddiaçı) Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-18/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar