Məhkəmə qərarları › İş №2(103)-4947/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4947/2022

06.07.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4947/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı mülki işi üzrə 23 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC “Bank Standart” Kommersiya Bankı cavabdehlər Cavabdeh1, Nümayəndə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Səfərov Cavabdeh3 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli 1xx/xx/72195/14 saylı kredit müqaviləsi üzrə 97579,09 (doxsan yeddi min beş yüz yetmiş doqquz manat, doqquz qəpik) manat məbləğində əsas borc, 16974,84 (on altı min doqquz yüz yetmiş dörd manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu, 9984,52 (doqquz min doqquz yüz səksən dörd manat, əlli iki qəpik) manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 5352,25 (beş min üç yüz əlli iki manat, iyirmi beş qəpik) manat məbləğində faiz məbləği, ümumilikdə isə 129890,7 (yüz iyirmi doqquz min səkkiz yüz doxsan manat, yetmiş qəpik) manat məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 90 (doxsan) manat ipoteka predmetlərinin qeydə alınması üçün ödənilmiş cəmi 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh3 tutulmasına, ilkin satış qiyməti 82500 (səksən iki min beş yüz) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan borc məbləğinin Bank qarşısında ipoteka ilə yüklü Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satılmasına, ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına, ilkin satış qiymətləri (birlikdə) 494550 (dörd yüz doxsan dörd min beş yüz əlli) manat məbləğində müəyyən edilməklə Cavabdeh3 tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, ev 146, 13 saylı mənzilə və Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88 a, 110 saylı mənzilə yönəldilməsinə və ipoteka predmetlərinin açıq hərracdan satılmasına, ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra ipoteka qoyan Cavabdeh4, onunla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin digər ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına və həmin mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, LPO QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 14, 48 saylı mənzilə yönəldilməsinə, ipoteka predmetinin açıq hərracdan satılmasına, ipoteka predmetinə tutma yönəldikdən sonra və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin məcburi qaydada çıxarılmalarına dair hissəsində rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı mülki işi üzrə 23 dekabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddiaçı QSC “Bank Standart” Kommersiya Bankın qarşı “əmlakın ipoteka yüklülüyündən azad edilmə” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması, qarşılıqlı idda verən Cavabdeh1 həmin tələblə bağlı məhkəmədə ayrıca iddia qaldıra bilmək hüququ izah edilmişdir. Həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(005)-78/2021 nömrəli qətnaməsi ilə, iddia qismən təmin edilmişdir. Qərardaddan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 şikayət verərək qərardadın ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı mülki işi üzrə 10 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı mülki işi üzrə 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinin tələblərinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılması başlanana kimi verilməlidir. Azərbaycan Respublikası MPM-in 156.1-ci və 156.1.1-156.1.3-cü maddələrinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, hakim qarşılıqlı iddianı qəbul edir. Qanunun mənasından da göründüyü kimi, qarşılıqlı iddia yuxarıda qeyd olunan tələblərə cavab verdiyi təqdirdə icraata götürülə bilər, əks halda onun icraata qəbulundan imtina edilməlidir. Hazırki halda isə, qarşılıqlı iddia tələbi ilkin iddia tələbinə mahiyyəti üzrə baxılmağa başlandıqdan sonra verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə Cavabdeh1 iddiaçı QSC “Bank Standart” Kommersiya Bankın qarşı “əmlakın ipoteka yüklülüyündən azad edilmə” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətdə göstərilən hallar iş materialları ilə təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı mülki işi üzrə 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-78/2021 saylı mülki işi üzrə 23 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar