Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4949/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X5 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdeh və tərcüməçi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin onun xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 49-da yerləşən 40 saylı mənzildən çıxarılması, mənzilin cavabdehin hesabına boşaldılması, mənzilin onun (iddiaçının) istifadəsinə verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil əmisi X6 tərəfindən iddiaçıya bağışlanmışdır. Cavabdeh tərəfindən mənzil zəbt edilmişdir. Cavabdeh hər-hansı əsas olmadan qanunsuz olaraq mənzilə köçüb yaşayır və mənzilə heç kimi buraxmır, hər hansı danışıqlara da getmir. Bu isə iddiaçının mülkiyyət hüquqlarının birbaşa pozuntusu deməkdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin olunmasını, iddiaçının mübahisəli mənzilə köçürülməsini, iddianın qalan hissədə təmin olunmamasını, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun yarısının – 50 manat hissəsinin iddiaçının özünə aid edilməsini, 50 manat dövlət rüsumunun əvəzinin isə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətçi kimi mənzilə köçüb yaşamaq hüququ vardır. Lakin cavabdehin mənzilə istifadə hüququ məhkəmə qətnaməsi ilə müəyyən olunduğu üçün və həmin hüquq hazırda da mövcud olduğundan cavabdeh mənzildən çıxarıla bilməz. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
6. İddianın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
7. Apellyasiya baxışında iştirak etmiş iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
8. Cavabdeh apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, iddiaçının əmisi X6 onun keçmiş əridir. O, Bəxtiyar Məmmədov ilə xx.xx.1998-ci il tarixdə nikaha daxil olduqdan sonra, Bəxtiyar Məmmədova məxsus olan (mübahisəli) mənzilə köçmüş və hazıradək həmin mənzildə yaşayır. e) apellyasiya baxışının hədləri barədə məlumat
9. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
10. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə qətnaməni qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində mübahisələndirmişdir.
11. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mübahisəli mənzil Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 101 nömrəli, xx.xx.1993-cü il tarixli sərəncamına və Bakı Şəhəri 9 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış 4/4-3225 reyestr nömrəli xx.xx.1993-cü il tarixli “Bağışlama müqaviləsinə” əsasən xx.xx.1993-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır. Bakı Şəhəri 21 saylı Notariat Kontorunun 3M-30 reyestr nömrəli xx.xx.1994-cü il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən xx.xx.1994-cü il tarixdə X7 adına qeydiyyata alınmışdır. Sonradan sözügedən mənzil Bakı Şəhəri 41 saylı Notariat Kontorunun 3M/A/125 reyestr nömrəli xx.xx.1996-cı il tarixli “Alğısatqı müqaviləsinə” əsasən xx.xx.1996-cı il tarixdə X4 adına qeydiyyata alınmışdır. Bakı Şəhəri 21 saylı Notariat Kontorunun 3-M-A-148 reyestr nömrəli xx.xx.1997-ci il tarixli “Alğısatqı müqaviləsinə” əsasən xx.xx.1997-ci il tarixdə (iddiaçının əmisi) X3 adına qeydiyyata alınmışdır. Bakı Şəhəri 9 saylı Notariat Kontorunun 4Ə-692 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə (iddiaçı) İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-9513/2016 saylı iş üzrə qəbul etdiyi və qanuni qüvvəsini almış xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X3 cavabdeh (Kazanova) Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilmişdir.
16. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə görə, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
17. Cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas ola biləcək hallar mövcud olması müəyyən olunmur. Əksinə müəyyən edilir ki, cavabdeh mənzilin əvvəlki mülkiyyətçisi olmuş (iddiaçının əmisi) Bəxtiyar Məmmədov ilə xx.xx.1998ci il tarixdə nikaha daxil olduqdan sonra həmin mənzilə köçmüş və hazırda da mənzildə yaşamaqdadır. O cümlədən əvvəlki mülkiyyətçi tərəfindən mənzilin iddiaçıya bağışlanması da yaşayış sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Bundan əlavə iş materiallarında cavabdehin həmin hüquqlarına xitam verilməsi ilə bağlı notariat qaydasında təsdiqlənmiş öhdəlik götürməsi də müəyyən edilmir.
18. Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
19. Hazırki iş üzrə iddiaçı tərəfindən kompensasiya ödənilmədən istifadə hüququna malik cavabdehin mənzildən çıxarılması barədə tələb əsaslı hesab edilə bilməz.
20. Göstərilənlərə əsasən Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin bu nəticəsinə dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiya baxışının nəticəsi
21. Şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
23. Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, həmin qətnaməni mübahisələndirməmiş cavabdeh hazırki qətnamədən də kassasiya şikayəti verə bilməz.
24. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
25. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 may 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.