Məhkəmə qərarları › İş №2(103)-4976/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4976/2024

01.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4976/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil – Tikinti Kooperativinə qarşı sənədlərin verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: sənədlərin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil – Tikinti Kooperativinə qarşı sənədlərin verilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(011)- 826/2024 nömrəli qətnaməsindən Cavabdeh Mənzil – Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 16 iyul 2018-ci il tarixli Müqavilənin surətindən görünür ki, müqavilənin predmeti Cavabdeh MTK Cahangir Zeynalov 18, mənzil 7 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan binalarda “mülkiyyətçi”yə məxsus söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “mülkiyyətçi” nin söküntüsü nəzərdə tutulmuş istifadəsində olan 1 otaqlı, 25.0 m2 əlavə etməklə tam təmirli, bir ədəd yerli sakinlər üçün nəzərdə tutulmuş iki otaqlı 55.0 m2 mənzilin “mülkiyyətçi” nin mülkiyyətinə verilməsi, “mülkiyyətçi” nin isə söküləcək mənzilin Cavabdeh MTK-nın istifadə və sahibliyinə verməsidir. Həmin müqavilənin 2.2-ci bəndində tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir ki, onlara aşağıdakılar aiddir: - Yaşayış üçün təhlükəli və ətraf mühitə hormoniyasını itirmiş olan mövcud binadakı mənzildən “mülkiyyətçi” nin müvəqqəti yaşayış yerinə köçürülməsi Cavabdeh MTK tərəfindən həyata keçirilməsini təmin etmək; - Müqavilənin 2.1.2 bəndində nəzərdə tutulmuş ödənişin rübdə 1 dəfə “Mülkiyyəçi”yə ödənilməsini təmin etmək; - Yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18-24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “mülkiyyətçi” yə mənzili təmir edib təhvil vermək; - Binanın tikintisi başa çatdırıldıqda aşkar olunmuş görülməyən işləri tamamlamaq; - Yaşayış binasını müvafiq qaydada dövlət Komissiyasına təhvil vermək; - Bina tikilib təmir edildikdən sonra “Mülkiyyətçi”dən mənzilin təhvil alınmasını tələb etmək.

2. Cavabdeh MTK tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli arayışın surətindən görünür ki, Cahangir Zeynalov 20 ünvanında yerləşən D Bloku 2-ci mərtəbə 3 saylı 55 kv.m olan mənzil İddiaçı məxsusdur. Sayğac kodu **********1 olan 3 saylı mənzilə yəni İddiaçı məxsusdur.

3. Cavabdeh MTK tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli mənzil və mənzil açarlarının təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı mənzili tam hazır olduğunu və açarları təhvil aldığını öz imzası ilə təsdiq etmiş, Cavabdeh MTK-nın Bakı şəhəri, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa etdiyi hündürmərtəbəli “Grand Narimanoff” yaşayış kompleksinin D binasında 3 saylı 2-ci mərtəbə 55.0 kv.m olan mənzilin açarlarını təhvil götürmüşdür.

4. 36 saylı MKİS-i tərəfindən verilmiş 151087 nömrəli arayışdan görünür ki, İddiaçı C.Zeynalov küçəsi, 18 nömrəli evin, 3 nömrəli mənzilində pasport qeydiyyatındadır, Füzuli rayonu məcburi köçkün kimi məskunlaşmışdır.

5. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, C.Zeynalov küçəsi, ev 18 mənzil 3 ünvanında qaz sayğacı üzrə istehlakçı İddiaçıdir.

6. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli 3-36-3/2- 149/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, F.Əsədov və C.Zeynalov küçəsində yerləşən “Grand Narimanoff” yaşayış kompleksinin D binasının 2-ci mərtəbəsində, ümumi sahəsi 55.0 kv.metr olan 3 saylı mənzilində müvəqqəti məskunlaşan Füzuli rayonundan məcburi köçkün İddiaçı məcburi köçkün kimi öz doğma yurduna köçürülüb-köçürülməməsi və yaxud gələcəkdə köçürülməsinin nəzərdə tutulubtutulmaması bərədə Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət fcmitəsinə daxil olmuş sorğuya, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Füzuli rayonunun Qorqan kəndindən məcburi köçkün İddiaçı ailə üzvləri ilə birgə Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsində yerləşən 18/6 ünvanında müvəqqəti məskunlaşmışdır. Ərazi Pilot Layihəyə düşməsi səbəbindən İddiaçı ilə söküntü aparan Cavabdeh MTK şirkət arasında (müvafiq müqavilə bağlanaraq) kirayə pulu ödəməklə köçürülmüşdür. Söküntüsü aparılan həmin ərazidə 11 mərtəbəli yeni bina inşa edilmişdir. Müraciətlə bağlı İddiaçı ilə telefon əlaqəsi saxlanılan zaman, inşa olunmuş yeni 11 mərtəbəli binanın 2 otaqlı mənzilində ailə üzviəri ilə birgə bir neçə il öncə yenidən yaşayan İddiaçı yaşadıqları hazırkı yeni mənzilin onlara məxsus olduğunu və Böyük Qayıdışla bağlı öz doğma yurduna qayıtmaq niyətində olmadığını bildirmişdir. Hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahısı üzrə işlər aparılmaqdadır və həmin siyahılar üzrə sözügedən ailənin də adları məskunlşadıqları ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində, eləcə də erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş Füzuli şəhərinin yenidən zərpası ilə bağlı işlər aparılır və bu istiqamətdə artıq bir çox işlər görülmüşdür. Böyük Qayıdışla bağlı Füzuli rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı sözügedən ailənin də öz doğma yurduna (razılığı əsasında) köçürülməsinə qanunda nəzərdə tutulmuş (müvafiq) qaydada baxılacaqdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov rayonu Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa edilmiş “Grand Narimanoff” yaşayış kompleksinin D binasının ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m olan 3 saylı mənzilə dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması (çıxarışın verilməsi üçün tələb olunan) xx.xx.2018-ci il tarixli müqaviləni, maliyyə arayışlarını və Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun Cavabdeh MTK tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin tabeliyindəki müvafiq ərazi idarəsinə təqdim olunması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində X5 rəhbərlik etdiyi Cavabdeh MTK-nın Bakı şəhəri Nərimanov rayonu Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa etdiyi “Grand Narimanoff” yaşayış kompleksinin D binasının ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 55 kv.m olan 3 saylı mənzilə dair iddiaçı ilə müqavilə bağlamışdır. Cavabdeh de-fakto mənzili iddiaçıya təhvil vermişdir. Lakin cavabdeh de-yure onun sənədləşməsi ilə bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, iddiaçı mənzilə dair mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmək üçün qeydiyyat orqanına xx.xx.2018-ci il tarixli müqaviləni, maliyyə arayışlarını və Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunu təqdim etməlidir. Bu baxımdan xx.xx.2018-ci il tarixli müqavilə və maliyyə arayışları da kooperativ tərəfindən təsdiq olunmalıdır. Lakin iddiaçı kooperativin idarəçiliyində iştirak edən şəxslərə müraciət etdikdə cavabdeh ona rədd cavabı vermişdir. İddiaçı bu barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində (təkrar müraciət) "xxxx" MTK-nın sədri Nizami Quliyevə də rəsmi olaraq müraciət etmişdir. Lakin bu günə qədər müraciəti ilə bağlı heç bir cavab verilməmişdir. İddiaçı faktiki istifadəsində olan mənzilin sənədləşməsini həyata keçirə bilmir. Bu səbəbdən iddiaçı hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

9. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı Fizuli rayonu məcburi köçkünü kimi, Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi X2 və X3 məxsus ünvan 2 ünvanında yerləşən mənzilə köçmüş və orada yaşamışdır. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsi ünvanında “Pilot” layihəsi olan binanın inşa edilməsi üçün, Hüseynova Nəzakət və Hüseynov Taryelə məxsus evlərin sökülməsi barədə razılıq əldə edilmişdir. Həmçinin İddiaçı oğiumın həmin evdə məcburi köçkün olaraq yaşadığı üçün cavabdeh “Lider-N" MTK tərəfindən İddiaçı, müvəqqəti olaraq yaşaması üçün, yəni Fizuli rayonu işğaldan azad edilənədək yaşaması üçün, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa edilən “Grand Narimanoff’ yaşayış kompleksinin D binasının ikinci mərtəbəsində, ümumi sahəsi 55.0 kv.m olan 3 saylı mənzilin istifadəsinə veriləcəyi barədə razılıq əldə edilmişdir. İddiaçı Cavabdeh MTK-nın şərti ilə razılaşmış və Fizuli rayonu işğaldan azad edildikdən sonra mənzildən çıxacağını bildirmiş, beləliklə tərəflər arasında 31 may 2018-ci il tarixli müqavilə bağlanmışdır. Lakin, iddiaçı hal-hazırda əsassız olaraq sözügedən mənzilə dair mülkiyyət hüququnun əldə etmək qərarına gəlmişdir, halbuki artıq Fizuli rayonu işğaldan azad edilmiş və hal-hazırda həmin əraziyə məcburi köçkünlərin köçürülmələri, onların mənzil ilə təmin edilməsi planları nəzərdə tutulur. Göründüyü kimi, İddiaçı Fizuli rayonu azad edildikdən sonra təftişə düşmüş, bu səbəbdən tez bir zamanda sözügedən mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması niyyətindədir. İddiaçı həmin mənzilə dair mülkiyyət hüququnun tanınması tamamilə absurddur, ona görə ki, iddiaçı nə sökülən evin mülkiyyətçisi olmuşdur (yəni sökülmüş evin əvəzindən onun mülkiyyətinə mənzil verilsin), nə də ki cavabdeh tərəfindən onun istifadəsinə verilən mənzilə dair pul vəsaiti ödəyib, həmin mənzili əldə etməmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Göründüyü kimi, Cavabdeh MTK cənab Prezidentin həmin Sərəncamının tələblərinə riayət edərək, İddiaçı məcburi köçkün olması səbəbindən, sözügedən mənzili onun müvəqqəti olaraq yaşaması üçün istifadəsinə vermişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e- 2(011)- 510/2024 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 16 iyul 2018-ci il tarixli müqavilənin, həmin müqavilə ilə bağlı maliyyə arayışının, Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunun İddiaçı verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması qət edilmişdir.

11. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018ci il tarixdə müqavilə bağlanmış, bununla da iddiaçının istifadəsində olan mənzilin sökülməsinin əvəzinə Cavabdeh MTK “Grand Narimanoff’ yaşayış kompleksinin D binasının ikinci mərtəbəsində, ümumi sahəsi 55.0 kv.m olan 3 saylı mənzil iddiaçının mülkiyyətinə və sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Cavabdeh MTK tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli mənzil və mənzil açarlarının təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı mənzili tam hazır olduğunu və açarları təhvil aldığını öz imzası ilə təsdiq etmiş, Cavabdeh MTK-nın Bakı şəhəri, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa etdiyi hündürmərtəbəli “Grand Narimanoff” yaşayış kompleksinin D binasında 3 saylı 2-ci mərtəbə 55.0 kv.m olan mənzilin açarlarını təhvil götürmüşdür. İddiaçı bundan sonra cavabdehə mənzilə dair mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmək üçün qeydiyyat orqanına xx.xx.2018-ci il tarixli müqaviləni, maliyyə arayışlarını və Mənzil Tikinti Kooperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunu təqdim edilməsi ilə bağlı müraciət etsə də, bu günədək həmin sənədlər iddiaçıya təhvil verilməmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, həmin mənzilin iddiaçıya müvəqqəti olaraq verildiyini bildirsə də, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə qeyd olunan hal öz əksini tapmamışdır. Beləliklə, cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq, mənzilə dair təsdiq olunmuş sənədləri iddiaçıya təhvil verməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 139-1.1.6, 144-1.4, 178.8, 442, 448, 452, 567, 568.1, 575, 752.1, 752.2, 769-cu maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Mənzil – Tikinti Kooperativi qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Şikayətin dəlillərinə görə, İddiaçı nə sökülən evin mülkiyyətçisi olmuşdur, nədə ki onun istifadəsinə verilən mənzilə dair pul vəsaiti ödəyib, həmin mənzili əldə etməmişdir. İddiaçı Fizuli rayonu məcburi köçkünü kimi, Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi X2 və X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi,ev 18 ünvanında yerləşən mənzilə köçmüş və orada yaşamışdır. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədov və C.Zeynalov küçələrinin kəsişməsi ünvanında “Pilot” layihəsi olan binanın inşa edilməsi üçün, Hüseynova Nəzakət və Hüseynov Taryelə məxsus evlərin sökülməsi barədə razılıq əldə edilmiş və bununla bağlı həmin şəxslər ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixli müqavilələr bağlanmışdır. Belə ki, İddiaçı həmin evdə məcburi köçkün kimi yaşamış və bu səbəbdən Cavabdeh MTK tərəfindən İddiaçı, müvəqqəti olaraq yaşaması üçün, yəni, Füzuli rayonu işğaldan azad edilənədək yaşaması üçün, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədovvə C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa edilən “Grand Narimanoff” yaşayış kompleksinin D binasının ikinci mərtəbəsində, ümumi sahəsi 55 kv.m olan 3 saylı mənzil istifadəsinə veriləcəyi barədə razılıq əldə edilmişdir. Buna səbəb isə odur ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərancamına riayət etmişdir. Həmin Sərəncamın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının aidiyyati dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyetklərdən çıxarılması hallarına yol verməsinlər. İddiaçı Cavabdeh MTK-nin şərti ilə razılaşmış və Fizuli rayonu işğaldan azad edildikdən sonra mənzildən çıxacağını bildirmiş, beləliklə tərəflər arasında 31 may 2018-ci il tarixli müqavilə bağlanmışdır. Lakin, iddiaçı hal-hazırda əsassız olaraq sözügedən mənzilə dair mülkiyyət hüququnun əldə etmək qərarına gəlmişdir, halbuki artıq Füzuli rayonu işğaldan azad edilmiş və hal-hazırda həmin əraziyə məcburi köçkünlərin köçürülmələri, onların mənzil ilə təmin edilməsi planları nəzərdə tutulur. Göründüyü kimi, İddiaçı Füzuli rayonu azad edildikdən sona təşvişə düşmüş, bu səbəbdən tez bir zamanda sözügedən mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması niyyətindədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə qətnamə qəbul etməmiş, tərəflərin bərabərliyi və ədalət prinsipini pozmuşdur. Mülki Məcəllənin 328.7-ci maddəsinə əsasən o əqd ləğvedici şərtlə bağlanmış sayılır ki, həmin şərtin baş verməsi əqdin xitamına səbəb olur və əqd bağlananadək mövcud olmuş vəziyyəti bərpa edir. Belə ki, İddiaçı Cavabdeh MTK ilə arasında əldə edilmiş razılığa əsasən, həmin mənzil iddiaçıya Füzüli rayonu işğaldan azad olunmasınadək verilməsi nəzərdə tutulmuşdur. Artıq Füzuli rayonu işğaldan azad edilmişdir, hal-hazırda dövlət vətəndaşlara işğaldan azad olunmuş ərazilərə geri köçmələri üçün yüksək şərait yaradır. İddiaçı artıq Füzüli rayonuna geri qayıda bilər və onun orada yaşaması üçün ev ilə təmin olunması dövlət tərəfindən həyata keçirilir. Belə olan halda isə tərəflər arasında müqavilənin ləğv edilməsi əsası yaranır, Cavabdeh MTK öz üzərinə götürdüyü öhdəliyi layiqincə icra etmiş və iddiaçının nəzərdə tutulan müddət ərzində mənzil ilə təmin etmişdir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki sözvə ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Tərəflər arasında ümumiyyətlə mənzilin iddiaçının mülkiyyətinə veriləcəyi barədə hər hansı bir razılıq olmamışdır, yalnız iddiaçının müəyyən müddətə iddiaçının istifadəsinə verilməsi ilə bağlı razılıq əldə edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə standart müqavilə forması olduğundan, hazırda iddiaçı bundan istifadə edərək mənzilə dair mülkiyyət hüququnu qeydiyyata alınmasına nail olmağa çalıışır. Lakin, bu maddənin müddəalarından da göründüyü kimi, müqavilə şərtlərini təfsir edərkən məhkəmə tərəflərin müqavilədən öncəki danışıq və razılaşmalarını nəzərə almalıdır. Birinci instansiya məhkəməsi işin bu kimi hallarına qiymət verməmiş, yalnız standart formada bağlanmış müqavilədə göstərilən şərtlər əsasında qətnamə qəbul etmişdir. İlkin olaraq qeyd etmək lazımdır ki, İddiaçı, mənzil mülkiyyətçiləri olan Hüseynova Nəzakət və Hüseynov Taryelə məxsus mənzildə yaşamışdır. Onun həmin mənzilə heç bir mülkiyyət hüququ mövcud olmamışdır. Sadəcə iddiaçının məcburi köçkün olması səbəbindən, ona orada yaşamağa icazə verilmişdir. Cavabdeh MTK həmin ərazidə yeni bina inşa edilməsi üçün, mənzilin mülkiyyətçiləri olan Hüseynova Nəzakət və Hüseynov Taryel ilə 31 may 2018-ci il tarixdə müqavilə bağlamış və həmin müqaviləyə əsasən yeni inşa ediləcək binada sökülən mənzil əvəzində mənzillə təmin olunmaları göstərilmişdir. Burada vacib məqam odur ki, sökülən mənzilə yalnız Hüseynov Taryel və Hüseynova Nəzakətin mülkiyyət hüququ olmuşdur. Yəni sökülən mənzil əvəzində yeni mənzilin iddiaçı tərəfindən tələb edilməsi absurddur, ona görə ki onun buna subyektiv hüququ mövcud deyildir. Sadəcə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına riayət edərək,Cavabdeh MTK İddiaçı istifadəsinə mənzil vermiş və humanistlik göstərmişdir. Lakin, iddiaçı bundan istifadə etmiş və hal-hazırda mənzi lə mülkiyyət hüququ əldə etmək istəyir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə nə tərəflərin bərabərliyi, nədə faktlar əsasında baxmışdır. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh MTK tərəfindən İddiaçı mənzil yalnız işğal olunmuş ərazilərin geri qaytarılmasınadək istifadəsinə verilmişdir. İddiaçı nə sökülmüş mənzilə dair, nə dəyeni inşa edilmiş binada olan mənzilə mülkiyyət hüququ mövcuddur. İddiaçının mənzilə mülkiyyət hüququnun yaranması üçün, yaşayış sahəsinin iddiaçıya verilməsi barədə Cavabdeh MTK-nın kooperativ üzvlərinin yığıncağının qərarı olması zəruridir. Belə bir qərar mövcud deyildir, əksinə ümumi yığıncağın qərarı ilə iddiaçıya mənzilin yalnıız istifadəsinə verilməsi, bu qərarın heç birhalda mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olmadığı göstərilmişdir. Lakin, birinci instansiya məhkəməsi göründüyü kimi, işin faktiki hallarını aydınlaşdırmamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK sözügedən mənzilə dair, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilə, maliyyə arayışı və ümumi yığıncağının protokolunun ona təqdim edilməsini xahiş etmişdir. Halbuki, iddiaçı tələb etdiyi sənədləri e-mehkeme kabinetində iş materiallarına əlavə etmişdir. İddiaçının özündə olan sənədləri cavabdehdən tələb etməsi absurddur və hansı məqsədlə tələb etdiyi məlum deyildir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə üzrə, Cavabdeh MTK-nın həmin sənədləri iddiaçıya təqdim etmək kimi öhdəliyi qoyulmamışdır. Bu səbəbdən, iddiaçının belə bir tələb irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin edərək,CavabdehMTK ilə İddiaçı arasında bağlanmış 16 iyul 2018-ci il tarixli müqaviləni, həmin müqavilə ilə bağlı maliyyə arayışı, Mənzil Tikinti Koorperativinin ümumi yığıncağının təsdiq olunmuş protokolunu İddiaçı verilməsini qət etmişdir. Burada əsas məqam ondan ibarətdir ki, İddiaçı həmin mənzilə dair mülkiyyət hüququnun tanınması tamamilə absurddur, ona görə ki, iddiaçı nə sökülən evin mülkiyyətçisi olmuşdur (yəni sökülmüş evin əvəzindən onun mülkiyyətinə mənzil verilsin), nədə ki cavabdeh tərəfindən onun istifadəsinə verilən mənzilə dair pul vəsaiti ödəyib, həmin mənzili əldə etməmişdir. Məhkəmə həmin məsələyə nəzər yetirməmiş və əsassız qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin nümayəndəsi Vəkil2 iştirak etdiyi məhkəmə iclasınla apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Hüseynova Nəzakət və Hüseynov Taryelə sökülən mənzilin əvəzində verilən yaşayış sahələrinin hazırkı mübahisənin predmeti olan mənzilə heç bir aidiyyatı yoxdur.

17. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş veribverməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Maddə 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 110.4. Mənzil-tikinti kooperativinin binasında mülkiyyət hüququ ilə yaşayış (qeyri-yaşayış) sahəsi əldə etmiş şəxsin binanın idarə edilməsində iştirak etməsi məqsədi ilə həmin mənzil-tikinti kooperativinə üzv olmaq hüququ vardır. Maddə 110.5. Mənzil-tikinti kooperativinə üzvlüklə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin kooperativlər haqqında müvafiq müddəaları ilə tənzimlənir. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi vacib hesab edir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. Kostitusiya Məhkəməsinin qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən əqdlərlə bağlı mübahisələrə baxılarkən ilk növbədə əqdin etibarlı olub – olmaması məsələsi qiymətləndirilməlidir. Etibarlılıln baxımından məhkəmə kollegiyası qeyd edir ki, hazırkı situasiyada əqd etibarlıdır və əqdin etibarsızlığı üçün hər hansı bir əsas mövcud deyildir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında qeyd olunur ki, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər.

26. Hazırkı mübahisə üzrə cavabdeh 04 iyul 2022-ci il tarixli arayışla mənzilin iddiaçıya məxsus olduğunu təsdiq etmiş, 09 iyul 2021-ci il tarixli akta əsasən isə mənzili və açarlarını ona təqdim etmiş, yəni, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər etmişdir. Buna görə də əqdin etibarlılığının şübhə altına alınması üçün hər hansı bir əsas mövcud deyildir.

27. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, iddiaçı sökülən evin mülkiyyətçisi olmamış və onun istifadəsinə verilən mənzilə dair pul vəsaiti ödəməmişdir, məcburi köçkün kimi, X2 və X3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi,ev 18 ünvanında yerləşən mənzilə köçmüş, orada yaşamış. Cavabdeh MTK tərəfindən Hüseynova Nəzakət və Hüseynov Taryelə məxsus evlərin sökülməsi barədə razılıq əldə edilmiş və bununla bağlı həmin şəxslər ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixli müqavilələr bağlanmışdır. Belə ki, İddiaçı həmin evdə məcburi köçkün kimi yaşamış və bu səbəbdən Cavabdeh MTK tərəfindən İddiaçı, müvəqqəti olaraq yaşaması üçün, yəni, Füzuli rayonu işğaldan azad edilənədək yaşaması üçün, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə, Təbriz, F.Əsədovvə C.Zeynalov küçələrinin kəsişməsində yerləşən ərazidə inşa edilən “Grand Narimanoff” yaşayış kompleksinin D binasının ikinci mərtəbəsində, ümumi sahəsi 55 kv.m olan 3 saylı mənzil istifadəsinə veriləcəyi barədə razılıq əldə edilmişdir.

28. Həmçinin, cavabdeh hüquqi əsas kimi Mülki Məcəllənin 328.7-ci maddəsinə istinad edərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh MTK ilə arasında əldə edilmiş razılığa əsasən, həmin mənzil iddiaçıya Füzüli rayonu işğaldan azad olunmasınadək verilməsi nəzərdə tutulmuşdur.

29. Lakin tərəflər arasında bağlanmış müqavilədə tərəflərin öhdəlikləri dəqiq müəyyən edilmiş, mənzilin iddiaçıya Füzüli rayonu işğaldan azad olunmasınadək verilməsi barədə heç bir şərt nəzərdə tutulmamışdır. Buna görə də həmin müqavilənin şərtlə bağlanmış əqd kimi qiymətləndirilməsi mümkün deyildir.

30. Bundan başqa cavabdeh apellyasiya şikayətində hüquqi əsas kimi Mülki Məcəllənin 404.1 və 404.2-ci maddəsinə istinad edərək qeyd edir ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır, tərəflər arasında ümumiyyətlə mənzilin iddiaçının mülkiyyətinə veriləcəyi barədə hər hansı bir razılıq olmamışdır, yalnız iddiaçının müəyyən müddətə iddiaçının istifadəsinə verilməsi ilə bağlı razılıq əldə edilmişdir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə tərəflərin müqavilədən öncəki danışıq və razılaşmalarını nəzərə almalıdır. Birinci instansiya məhkəməsi işin bu kimi hallarına qiymət verməmiş, yalnız standart formada bağlanmış müqavilədə göstərilən şərtlər əsasında qətnamə qəbul etmişdir.

31. Lakin müqavilədə hər hansı bir anlaşılmayan, qeyri – müəyyən söz və ifadə mövcud deyildir, tərəflərin hüquq və vəzifələri konkret müəyyən olunmuşdur, həmçinin, yuxarıda qeyd olunduğu kimi cavabdeh 04 iyul 2022-ci il tarixli arayışla mənzilin iddiaçıya məxsus olduğunu təsdiq etmiş, 09 iyul 2021-ci il tarixli akta əsasən isə mənzili və açarlarını ona təqdim etmişdir. Yəni, cavabdehin şikayətin dəlili kimi istinad etdiyi Mülki Məcəllənin 404.2-ci maddəsində nəzərdə tutulduğu kimi tərəf sonrakı hərəkəti ilə müqavilə üzrə yerinə yetirməli olduğu öhdəliyi də icra etmişdir.

32. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi qeyd edir ki, ümumi yığıncağın qərarı ilə iddiaçıya mənzilin yalnıız istifadəsinə verilməsi, bu qərarın heç bir halda mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olmadığı göstərilmişdir. Lakin, belə bir qərar şikayətə əlavə olunmamışdır.

33. Mənzil Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddənin tələbinə uyğun olaraq iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır.

34. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(011)-826/2024 nömrəli qətnaməsindən Cavabdeh Mənzil – Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(011)-826/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar