Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-498/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2021-ci il tarixli qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bankın nümayəndəsi X1, cavabdehlər Cavabdeh2, Cavabdeh1 hüquqi varisi Cavabdeh4, Cavabdeh3 hüquqi varisləri X2 (həmçinin Cavabdeh3 hüquqi varisi olan X6 qəyyumu), X3, X5 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT a) iddia tələbi barədə məlumat
1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 10.768 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna müqavilənin şərtinə uyğun hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 220 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsi səbəbindən tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 7.505 ABŞ dolları, “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra əsas kredit borcuna illik 5 faizlə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.272 ABŞ dolları, cəmi 19.765 ABŞ dolları məbləğində pulun borcalan Cavabdeh1 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə tutulması; tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanında yerləşən 15 nömrəli mənzilə yönəlməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, mənzilin satışından əldə oluna biləcək pul vəsaiti borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, mənzil açıq hərracdan satıldığı halda mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b). Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
2. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 10.248,56 ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsi səbəbindən tətbiq edilmiş cərimənin (dəbbənin) azaldılması və azaldılmış cərimənin ödənilməsi məqsədi ilə 500 ABŞ dolları, “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra əsas kredit borcuna illik 5 faizlə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.272 ABŞ dolları, cəmi 12.020,56 ABŞ dolları məbləğində pulun borcalan Cavabdeh1 Bankın xeyrinə tutulmasını; tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan mənzilə yönəlməsini, mənzilin ilkin satış qiyməti 65.000 manat müəyyən edilməklə açıq hərracda satılmasını, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, bundan sonra artıq qala biləcək məbləğin Cavabdeh2 ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 onunla iddiaçı Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, Banka olan borcunu müqavilə ilə nəzərdə tutulmuş vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/2264 nömrəli rəyi ilə Cavabdeh1 xx.xx.2018-ci il tarixə iddiaçı Banka olan borcu əsas borcu 11.629,61 ABŞ dolları, faiz borcu 372,75 ABŞ dolları müəyyən edildiyindən, Cavabdeh1 xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etdiyi ödənişlər, cəmi 1.753,8 ABŞ dolları, nəzərə alınmaqla həmin məbləğindən müqavilə müddətində faiz borcuna görə hesablanmış 372,75 ABŞ dolları silinməli, qalan məbləğ, yəni 1.381,05 ABŞ dolları isə ekspert rəyinə əsasən müəyyən edilmiş əsas borcdan (11.629,61 ABŞ dolları – 1.381,05 ABŞ dolları = 10.248,56 ABŞ dolları) silinməlidir. Son nəticədə əsas borca görə 10.248,56 ABŞ dolları məbləğində pul Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı Bankın ödənilməsini tələb etdiyi 7.505 ABŞ dolları məbləğində cərimə (dəbbə) kreditorun – Bankın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri baxımından yüksəkdir. Buna görə də, cərimə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən azaldılmalı, 500 manat məbləğində müəyyən edilməli və Cavabdeh1 iddiaçı Bankın xeyrinə tutulmalıdır. Bundan başqa kredit borcu vaxtında qaytarılmadığı üçün və “Kredit müqaviləsinin” müddəti başa çatdığı üçün iddiaçı Bank “Kredit müqaviləsinin” müddəti bitdikdən sonra əsas kredit borcuna illik 5 faizlə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.272 ABŞ dolları məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır; bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına uyğun verilmişdir. Eyni zamanda, Bank, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini, mənzilin açıq hərracdan satılması, satışdan əldə olunacaq pul vəsaitinin kredit borcunun ödənilməsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bu tələb “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğundur və buna görə də, bu tələb təmin edilməlidir. Lakin iddianın “mənzil hərracdan satıldığı halda mənzilin Banka təhvil verilməsi barədə” hissəsi həmin Qanunun tələblərinə zidd olduğundan rədd edilməlidir. Bundan başqa, iddianın “kredit borcunun borcalan Cavabdeh1 ilə yanaşı zaminlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə tutulması barədə hissəsi də əsassız hesab edilərək rədd edilməlidir. Çünki “Kredit müqaviləsinin” müddəti xx.xx.2018ci il tarixdə bitmiş, iddia ərizəsi isə həmin tarixdən etibarən 1 il müddətində deyil, xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda zaminlərə qarşı yönəlmiş iddia tələbi Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən rədd edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
3. Ər-arvad olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi prosessual hüquq normalarının tələblərini pozaraq məhkəmə baxışı iclasında cavabdehlərin iştirakını təmin etməmiş, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə onları xəbərdar etməmiş, nəticədə işə onların iştirakı olmadan işə baxmış, bununla da onların məhkəmə müdafiəsi hüququndan istifadə etmək və iddiaya etiraz etmək imkanları məhdudlaşdırılmışdır. Bundan başqa, işə baxmış Rayon Məhkəməsi iddiaçı Bankın tutulmasını tələb etdiyi əsas, faiz və dəbbə borcunun şişirdilmiş olmasına əhəmiyyət verməmişdir. Belə ki, “Kredit müqaviləsi” üzrə mütəmadi olaraq ödənişlər edilmiş, lakin həmin ödənişlər nə Bank, nədəki, Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Ona görə də, iş üzrə təkrar olaraq məhkəmə mühasibatlıq ekspertizası keçirilməli idi. Bundan əlavə, Rayon Məhkəməsi ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 65.000 manat müəyyən edilməklə səhv nəticəyə gəlmişdir. Belə ki, mənzilin real dəyəri 70.000 - 80.000 manat məbləğindədir. İİ. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT d) sıradan çıxmış iş üzrə tərəflərin əvəz edilməsi barədə məlumat
4. Cavabdeh (borcalan) Cavabdeh1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri 51 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh1 övladı Cavabdeh4 mərhumun vərəsəsidir və miras əmlakdan (“Hyundai County” markalı, **-MZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən) tam hissədə pay almalıdır. Bunları nəzərə almış Məhkəmə Cavabdeh4 mərhum Cavabdeh1 hüquq varisi kimi işin baxılmasına cəlb etmişdir.
5. Cavabdeh (zamin) Cavabdeh3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri 9 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, Cavabdeh3 arvadı X4, övladları: X11, X7 və X10 mərhumun vərəsələridir (hər birinin payı 1/4 hissədə). Bunları nəzərə almış Məhkəmə mərhum Cavabdeh3 vərəsələrini mərhumun hüquq varisi kimi işin baxılmasına cəlb etmişdir.
6. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 75 saylı Sərəncamından görünür ki, (mərhum Cavabdeh3 vərəsəsi, xx.xx.1988-ci il təvəllüdlü) X11 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi (İş № 2(011)-259/2022) ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən onun anası (Cavabdeh3 digər vərəsəsi) Svetlana Əliyeva onun üzərində qəyyum təyin edilmişdir. Bu səbəbdən Məhkəmə Svetlana Əliyevanı həmçinin Tural Vəliyevin qəyyumu kimi işin baxılmasına cəlb etmişdir. e) Apellyasiya baxışında iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
7. Cavabdeh2 və mərhum Cavabdeh1 hüquqi varisi olan Cavabdeh4 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdilər və apellyasiya şikayətinin əsaslarına uyğun izahat verdilər.
8. Mərhum Cavabdeh3 hüquqi varisləri olan S.Əliyeva (həmçinin T.Vəliyevin qəyyumu), N.İsmayılova, C.Vəlizadə apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin həllini Məhkəmənin mülahizəsinə buraxaraq bildirdilər ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın Cavabdeh3 aid hissəsi təmin edilməmiş, iddiaçı Bank da bu nəticə ilə razılaşmışdır. Buna görə də onlar xahiş edirlər ki, Məhkəmənin iş üzrə gələ biləcəyi nəticə də fərqli olmasın.
9. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. f) məhkəmənin mövqeyi
10. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, Rayon Məhkəməsi cavabdehlərin iştirakını məhkəmə baxışında qanuna müvafiq qaydada təmin etməmişdir. Apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Çünki iş materiallarından görünür ki, hazırki işə Rayon Məhkəməsi tərəfindən baxılarkən iş üzrə tərəflərə “məhkəmə bildirişləri” göndərilsə də, həmin bildirişlərin cavabdehlərə çatdırılmasını təsdiq edən sənəd müvafiq rabitə orqanları tərəfindən Rayon Məhkəməsinə təqdim edilməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bu hala əhəmiyyət verməyərək işə mahiyyəti üzrə baxmış və iş üzrə qətnamə qəbul etmişdir. Göründüyü kimi, Rayon Məhkəməsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin tələblərini pozmuşdur. Qətnamə çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. MPM-nin 387-ci maddəsinin mənasına görə, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa qətnamə şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir (maddə 387.2.2.). Qeyd olunan prosessual hüquq normasından çıxış edən Məhkəmə hesab edir ki, qətnamə bir mənalı olaraq ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
11. Məhkəmə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq qeyd edir ki, iddiaçı Bankın iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Cavabdeh1 illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq onun arvadı olan Cavabdeh2 və onun tanışı olan Cavabdeh3 xx.xx.2015-ci il tarixdə Bank ilə “Zaminlik müqavilələri” bağlamış və kredit borcun qaytarılması, qaytarılmadığı halda isə borcalan Cavabdeh1 ilə Bank qarşısında birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəliklər götürmüşlər. Bundan başqa, Cavabdeh2, “Kredit müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla əlaqədar olaraq Cavabdeh2, Cavabdeh1 ilə Bank arasında xx.xx.2015-ci il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. “İpoteka müqaviləsi” Bakı Şəhəri 12 saylı Notariat Kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. “Kredit müqaviləsi” bağlandıqdan sonra Cavabdeh1 kreditin qaytarılmasında müəyyən çətinlikləri yaranmış və Bank bunu nəzərə alaraq Cavabdeh1 ilə xx.xx.2016-cı il tarixdə “Kredit müqaviləsinə əlavə razılıq № 1” bağlanmışdır. Həmin razılığın şərtinə görə, Bank, borcalana 563,75 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir və 363,69 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunub və bununla ümumi kredit məbləği 21.691,63 ABŞ dolları təşkil edilərək, kreditin faiz dərəcəsi illik 14,74% faizə endirilmişdir. Buna baxmayaraq, nə borcalan, nədəki zaminlər Banka olan kredit borcunu ödəməmiş, yuxarıda qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməmişlər. Nəticədə onların Banka 10.768 ABŞ dolları məbləğində əsas kredit borcu, 220 ABŞ dolları məbləğində “Kredit müqaviləsinin” qüvvədə olduğu müddətdə faiz borcu yaranmışdır. “Kredit müqaviləsinin” müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Buna görə də, Bank, həmin tarixdən etibarən cavabdehlərə “Kredit müqaviləsinin” müddəti bitdikdən sonrakı müddət üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına uyğun olaraq əsas kredit borcuna illik 5 faizlə 1.272 ABŞ dolları məbləğində faiz hesablamışdır. Bundan başqa, Bank, kredit borcunun ödənilməsinin göcikdirilməsinə görə cavabdehlərə, “Kredit müqaviləsinin” şərtinə əsasən 7.505 ABŞ dolları məbləğində cərimə (dəbbə) hesablamışdır. Bank, yuxarıda qeyd edilən məbləğlərin ödənilməsini cavabdehlərdən tələb etsə və əks halda tələbin ipoteka predmetinə yönəldilməsi prosedurana başlanması barədə xəbərdarlıq məktubu göndərsə də, cavabdehlər Banka olan borcu ödəməmişlər. Bu səbəbdən də, Bank, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30,40 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.
12. Məhkəmə bildirir ki, iddia tələbi aşağıda qeyd edilən sənədlər ilə əsaslandırılmışdır: 12.1. Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 illik 22 faiz dərəcəsi və 36 ay müddətində hissə-hissə qaytarmaq şərti ilə Bankdan 25.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 12.2. “Kredit müqaviləsinin” tərkib hissəsi olan “Ödəniş qrafikindən” görünür ki, Cavabdeh1 tərəfindən Banka xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 954,76 ABŞ dolları ödəniş edilməli idi. 12.3. “Kredit müqaviləsinin” tərkib hissəsi olan 1 saylı əlavədən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 21.691 ABŞ dolları əsas məbləğ və 5.620,15 ABŞ dolları faiz məbləği ödəniş edilməli idi. 12.4. Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli “Razılaşmadan” görünür ki, ümumi kredit məbləği 21.691,63 ABŞ dolları təşkil edir. Borcalan istifadə etdiyi kreditə görə kreditora illik 14,74 faiz ödəyir. 12.5. Bank ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasından xx.xx.2015-ci il tarixdə bağlanmış “Zaminlik müqavilələrindən” görünür ki, bu müqavilələr ilə Cavabdeh2 ilə Cavabdeh3 yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə borcalan Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına təminat vermiş və kredit borcun Cavabdeh1 tərəfindən qaytarılmadığı halda Bank qarşısında borcalan ilə birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəliklər götürmüşlər. 12.6. Cavabdeh2 və Cavabdeh1 Bank ilə xx.xx.2015-ci il tarixdə bağladıqları “İpoteka müqaviləsindən” görünür ki, Cavabdeh2, “Kredit müqaviləsi” üzrə Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasının təminatı olaraq özünə məxsus mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin qiyməti 45.000 manat müəyyən edilmişdir. 12.7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, ipoteka ilə yüklülük “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmışdır. 12.8. Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, yuxarıda qeyd edilmiş “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcu 10.768 ABŞ dolları, “Kredit müqaviləsinin” qüvvədə olduğu müddətdə faiz borcu 220 ABŞ dolları məbləğindədir. “Kredit müqaviləsinin” müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Buna görə də, Bank, həmin tarixdən etibarən cavabdehlərə “Kredit müqaviləsinin” müddəti bitdikdən sonrakı müddət üçün əsas kredit borcuna illik 5 faizlə 1.272 ABŞ dolları məbləğində faiz hesablamışdır. Bank, kredit borcunun ödənilməsinin göcikdirilməsinə görə cavabdehlərə, “Kredit müqaviləsinin” şərtinə əsasən 7.505 ABŞ dolları məbləğində cərimə (dəbbə) hesablamışdır. 12.9. Bank tərəfindən borcalana və zaminlərə ünvanlanmış məktublardan və işdə olan digər sənədlərdən görünür ki, Bank, yuxarıda qeyd edilən məbləğlərin ödənilməsini cavabdehlərdən tələb etsə və əks halda tələbin ipoteka predmetinə yönəldilməsi prosedurana başlanması barədə xəbərdarlıq etsə də, cavabdehlər Banka olan borcu ödəməmişlər. “Tələbin ipoteka predmetinə yönəldilməsi barədə bildiriş” Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün Bank 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. 12.10. İşə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardada əsasən ipoteka predmetinin qiymətləndirilməsini həyata keçirmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2021-ci il tarixli hesabatdan görünür ki, ipoteka predmeti olan mənzilin real bazar qiyməti 65.000 manatdır. 12.11. İşə baxmış Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qərardada əsasən iş üzrə mühasibatlıq ekspertizasını həyata keçirmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2021-ci il tarixli, 9/2264 nömrəli rəydən görünür ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” və müqavilə ilə əlaqədar bağlanmış xx.xx.2016-cı il tarixli “Razılaşmanın” şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə (müqavilənin müddətinin bitməsi tarixinə) Banka olan əsas kredit borcu 11.629,61 ABŞ dolları, faiz borcu 372,75 ABŞ dolları məbləğindədir. Ekspert qarşısında qoyulmuş sualda borcun xx.xx.2018-ci il tarixədək hesablanmalı olduğu qeyd edildiyindən, tədqiqat zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək borcalan tərəfindən aparılmış 1.753,8 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır.
13. Qeyd edilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
14. Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.). Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər (maddə 449.1.).
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə 5 məsuliyyət müəyyən edir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır. Birincisi qanunsuz saxlama, ikincisi qaytarmaqdan boyun qaçırma, üçüncüsü ödənilməsini digər şəkildə gecikdirmə, dördüncüsü başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplamaqla. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, Mülki Məcəllənin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
16. Mülki Məcəllənin tələblərinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (maddə 1243.3.). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1.).
17. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Qanunun yuxarıda qeyd edilən tələblərinə görə, kreditor qarşısında öhdəlik daşıyan mərhum borclunun vəzifələri miras passivi qismində onun vərəsələrinə keçir. Bu baxımdan hesab edilməlidir ki, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə mərhum borclu Cavabdeh1 öhdəlikləri onun vərəsəsinə - Cavabdeh4 keçmiş olur. İş materiallarına əlavə edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, o, mərhum Cavabdeh1 məxsus miras əmlakdan tam hissədə pay almışdır.
19. Odur ki, Məhkəmə, hesab edir ki, mərhum borclu Cavabdeh1 Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və belə olan halda mərhumun vərəsəsi olan Cavabdeh4 yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə yaranmış borcu iddiaçı Banka ödəməlidir.
20. İddiaçı Bank əsas borc olaraq 10.768 ABŞ dolları, müqavilə müddətində hesablanmış borc olaraq 1.272 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra 5% ilə hesablanmış faiz borcu olaraq 220 ABŞ dolları, cərimə borcu olaraq 7.505 ABŞ dolları məbləğində pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir.
21. Yuxarıda artıq qeyd edildiyi kimi apellyasiya şikayətinin müzakirə edilən dəlili ondan ibarətdir ki, əsas və faiz borcu şişirdilmiş, dəbbə pulu isə yüksək məbləğdə hesablanmışdır. Kredit müqaviləsi üzrə mütəmadi ödənişlər edilmiş, lakin həmin ödənişlər nəzərə alınmamışdır.
22. Borcun məbləğinin Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinin” və xx.xx.2016-cı il tarixdə bağlanmış “Razılaşmanın” şərtlərinə uyğun hesablanıb-hesablanmamasının araşdırılması məqsədi ilə Məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1160 saylı rəyi alınmışdır. Həmin rəydən görünür ki, “Kredit müqaviləsinin” və “Razılaşmanın” şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2018-ci il tarixə Banka olan əsas borcu 11.629,61 ABŞ dolları, faiz borcu 372,75 ABŞ dolları məbləğindədir. Ekspertiza tədqiqat zamanı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Cavabdeh1 tərəfindən aparılmış 1.753,8 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır.
23. Məhkəmə qeyd edir ki, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılmış 1.753,8 ABŞ dolları məbləğində ödəniş əsas borc məbləğindən və xx.xx.2018-ci il tarixədək hesablanmış faiz borc məbləğindən silinməlidir.
24. Mülki Məcəllənin 432.4-cü maddəsinin tələbinə görə, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
25. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəydə və iddiaçı Bank tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddia ərizəsində qeyd edilən məbləğlərdəki fərqi nəzərə alaraq bildirir ki, MPM-nin 218.3-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
26. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdən sonra ödənilmiş 1.753,8 ABŞ dolları iddiaçı Bank tərəfindən ödənilməsi tələb edilən 1.272 ABŞ dolları məbləğində faizin, qalan (1.753,8 – 1.272=) 481,8 ABŞ dolları isə iddiaçı Bank tərəfindən ödənilməsi tələb edilən 10.768 ABŞ dolları məbləğində əsas borcun bir hissəsinin ödənilməsinə yönəldilməli və son nəticədə müqavilə müddətində hesablanmış 1.272 ABŞ dolları məbləğində borc ödənilmiş hesab edilməli, tutulmalı olan əsas borcun məbləği isə 10.286,2 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
27. Bundan başqa, Məhkəmə hesab edir ki, iddiaçı Bankın ödənilməsini tələb etdiyi 7.505 ABŞ dolları məbləğində cərimə (dəbbə) kreditor olan Bankın həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri baxımından yüksəkdir. Buna görə də, cərimə, azaldılmalı və 500 manat məbləğində müəyyən edilməlidir. Çünki Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
28. İşdə olan “Zaminlik müqavilələrindən” görünür ki, müqavilələrdə zaminliyin müddəti göstərilməmişdir. “Zaminlik müqavilələrində” zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin (kredit öhdəliyinin) icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Hazırkı iddia isə xx.xx.2021-ci il tarixdə irəli sürülmüşdür. İddiaçı Bank xx.xx.2018-ci il tarixdən bir il ərzində zaminlərə qarşı iddia irəli sürmədiyi üçün xx.xx.2019-cu il tarixdə “Zaminlik müqavilələrinə” xitam verilmişdir. Müqaviləyə xitam verilməsi isə o deməkdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri ləğv olunmuş, tərəflər arasında öhdəlik münasibətlərinə xitam verilmiş və iddiaçı Bankın tələb etmə hüququ aradan qalxmışdır. Bu baxımdan cavabdeh olan zaminlərin iddiaçı Bank qarşısında heç bir öhdəlikləri qalmamışdır. Zaminliyə xitam verildiyindən zamin olan Cavabdeh2 və Cavabdeh3 hüquqi varisləri iddiaçı Bank qarşısında məsuliyyət daşımırlar. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
29. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, zaminlər Cavabdeh2 və mərhum Cavabdeh3 vərəsələrindən “Zaminlik müqavilələri” üzrə borc məbləğinin tələb edilməsi hissəsində iddia tələbi əsassızdır.
30. İddia tələbinin ipoteka predmetinə yönəldilməsi barədə hissəsi ilə bağlı Məhkəmə bildirir ki, Mülki Məcəllənin tələblərinə görə, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (maddə 269.1.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (maddə 269.4.). Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər (maddə 295.). Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir (maddə 296.1.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1.). Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (maddə 319.6.).
31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər (maddə 33). İpoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir (maddələr 39.3., 39.3.3.). Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1., 34.1.2.).
32. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə ilə bağlı rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin faktiki vəziyyəti nəzərə alınaraq real bazar qiyməti 65.000 manat təşkil edir.
33. Məhkəmə qeyd edir ki, Bankın tələbinin ipoteka predmetinə yönəldilməsini istisna edən hər hansı bir hal apellyasiya baxışının nəticələri ilə müəyyən edilmədi.
34. Bu səbəbdən Məhkəmə hesab edir ki, Bankın ödənilməsini tələb etdiyi borcun ödənilməsi məqsədi ilə tutma ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borc ödənilməli, bundan sonra artıq qala biləcək pul vəsaiti Cavabdeh2 qaytarılmalıdır.
35. Məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş 14.2 və 77.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh tərəf, mübahisəli mənzilin qiymətinin daha yüksək olmasını təsdiq edə biləcək sübutları təqdim etmədiyindən, qəbul edilməlidir ki, apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızdır; mənzilin qiyməti 65.000 manatdır.
36. İddia tələbinin “mənzilin açıq hərracdan satıldığı halda boşaldılaraq iddiaçı Banka təhvil verilməsi barədə” hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, bu tələbin hüququ əsası yoxudur, çünki nə Mülki Məcəllə nə də ki, “İpoteka haqqında” Qanun bu kimi qaydanı müəyyən etməmişdir. g) nəticə
37. Odur ki, qeyd edilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini, MPM-nin 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Bankın iddiası qismən təmin edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyul 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 10.286 (on min iki yüz səksən altı) ABŞ dolları 20 (iyirmi) sent, faiz borcu olaraq 220 (iki yüz iyirmi) ABŞ dolları, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 500 (beş yüz) ABŞ dolları, cəmi isə 11.006 (on bir min altı) ABŞ dolları 20 (iyirmi) sent, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə mərhum borcalan Cavabdeh1 vərəsəsi Cavabdeh4 "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmetinə - Cavabdeh2 məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, Əliağa Vahid küçəsi, bina № 12-də yerləşən 15 №-li mənzilə yönəldilsin. Mənzil, ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılsın. Mənzilin satışından əldə oluna biləcək pul məbləği yuxarıda qeyd edilən borcun ödənilməsinə yönəldilsin, bundan sonra artıq qala biləcək pul vəsaiti Cavabdeh2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh4 "xxxx" ASC-nin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, rüsumu ödəmiş şəxsin özünə aid edilsin. Birinci instansiyada və apellyasiya instansiyasında işə baxılması zamanı iş üzrə təyin edilmiş ekspertizası tədqiqatlarının dəyəri – cəmi 300 (üç yüz) manat Cavabdeh1 vərəsəsi Cavabdeh4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.