Məhkəmə qərarları › İş №2(103)-4995/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4995/2022

07.12.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4995/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə İş № 2(103)-4995/2022 Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(009)-246/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, BNK06437 saylı nisyə alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh aldığı məişət avadanlıqlarına görə 18 ay ərzində hər ay 159 manat pulu iddiaçıya ödənilməsi barədə öhdəlik götürmüşdür. 2.İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, lakin cavabdeh təhvil-təslim aktına satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədən imza etməklə malı qəbul etməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi, yəni hər ay ödəməli olduğu pulu vaxtında iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin 1176,06 manat (min yüz yetmiş altı manat altı qəpik) borcu yaranmışdır. 3.İddiaçı həmin borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1276,42 manat əsas, 207,93 manat cərimə borcun və 34,84 manat məbləğində odənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli BNK06437 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən, aldığı 3068 manat dəyərində (ilkin ödəniş məbləği daxil olmaqla) məişət məhsuluna görə 18 ay ödəniş cədvəli üzrə hər ay 159 manat olmaqla cəmi 3068 manat ödəməli idi. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, xx.xx.2019-cu il tarixli BNK06437 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə qalıq qalmış 1276.42 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. 6.Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Babaşov Vurğun Sitam oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, iki televizor olub, bir dənə də soyuducu. Televizorun birini deyiblər ki, usta gəlib sonra özü quraşdırmalıdır. Usta gəlib quraşdıranda deyiblər ki, televizorun birinin yuxarı hissəsində nöqtə boyda çatlar vardır. Sonra zəng ediblər deyiblər ki, gətirin qaytarın televizoru. Aparıb qaytarıblar televizoru. Rəhbərliyin adına ərizə də yazıblar. Bir neçə gündən sonra zəng ediblər ki, rəhbərlik razılıq vermədi, gəlib televizoru götürün. Bu mübahisə belə uzanıb. İki aydan sonra çağırıblar, gəlib görüblər ki, televizor bir neçə yerdən sınıb. 7.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 17 fevral 2022-ci il tarixli, 2(009)-246/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Süleymanova Şəhla) iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 1176,06 manat (min yüz yetmiş altı manat altı qəpik) əsas borc, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat məbləğində pulun tutulmasını, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir 8.İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, BNK06437 saylı müddətli (nisyə) alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh1 Televizor SONY KDL-48WD653/MRU3 dəyəri 1176 manat, Soyuducu VESTEL SD240A+ dəyəri 716 manat və Televizor SONY KDL-48WD653/MRU3 dəyəri 1176 manat məişət avadanlıqlarını 18 ay müddətinə, aylıq 159 manat ödəmək şərti ilə nisyə satılmışdır. 9.İş materiallarında olan xx.xx.2019-cu il tarixli, BNK06437-Z saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, BNK06437 saylı nisyə alğı-satqı müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinə görə birgə məsuliyyət daşımağı qəbul edib. 10.İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, alıcı tərəfindən satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədən imzalanmışdır. 11.İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli BNK06437 saylı müqavilə üzrə 1276,42 manat ödənilməmiş əsas borcu və 207,93 manat cərimə məbləği, cəmi 1484,35 manat borcu vardır. 12.İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə 1891,94 manat ödəniş edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. 13.Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, BNK06437 saylı nisyə alğı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh aldığı məişət avadanlıqlarına görə 18 ay ərzində hər ay 159 manat pulu iddiaçıya ödənilməsi barədə öhdəlik götürmüşdür. 14.Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, lakin cavabdeh təhvil-təslim aktına satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədən imza etməklə malı qəbul etməsinə baxmayaraq üzərinə düşən öhdəliyi, yəni hər ay ödəməli olduğu pulu vaxtında iddiaçıya ödəməmişdir. Nəticədə cavabdehin 1176,06 manat (min yüz yetmiş altı manat altı qəpik) borcu yaranmışdır. (3068 manat- 1891,94manat) 15.Məhkəmə iddia tələbinin borcun ödənilməsinin gecikdirilməsinə görə 207,93 manat cərimənin tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasında bağlanılmış müqavilənin 5.6-cı bəndinə əsasən borcun gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3% həcmində dəbbə pulu ödəyir. 16.Məhkəmə qeyd etmişdir ki, müqavilə üzrə ödəniş o halda gecikdirilmiş hesab edilə bilər ki, cavabdeh bunu qəsdən etsin və müqavilə üzrə üzərinə götürmüş öhdəliyi icra etməkdən heç bir əsas olmadan imtina etsin. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında cavabdeh tərəfindən alınmış məişət avadanlıqlarından biri ilə bağlı mübahisə yaranmışdır və öhdəliyin icra edilməsindən imtina yaranmış mübahisə ilə bağlı ödənilməmişdir. 17.Məhkəmə xx.xx.2019-cu il tarixli BNK06437 saylı müqavilə üzrə borcun cavabdehlərdən, yəni zamindən də tutulması tələbi üzrə hesab etmişdir ki, həmin hissədə də tələb qismən təmin edilməli, yəni tutulmalı olan borc yalnız nisyə alğı-satqı müqaviləsi üzrə məişət avadanlıqlarını alan Cavabdeh1 tutulmalıdır. 18.Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, qanunvericilik müqavilə üzrə öhdəliyin icra vaxtının çatdığı gündən zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində zaminə qarşı iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən və zaminlik müqaviləsinin bağlandığı gündən artıq vaxt keçməsinə baxmayaraq zaminə qarşı iddia irəli sürmədiyi üçün (nisyə alğı-satqı müqaviləsi üzrə borcun tutulması barədə iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur), zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi zamin Cavabdeh2 qarşı münasibətdə təmin edilməməlidir. 19.Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 34,84 manat dövlət rüsumunun 27 manatı cavabdehə aid edilməlidir. 20.Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 1176,06 manat (min yüz yetmiş altı manat altı qəpik) əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat məbləğində pul tutulmalıdır. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 600.1, 600.4, 442, 477.0.4-cü;Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 22.Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, apellyasiya şikayətində göstərilənlər nəzərə alınmaqla iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 23.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, lakin cavabdeh təhvil-təslim aktına satılmış malların texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilmədən imza etməklə malı qəbul etməsinə baxmayaraq üzərinə düşən öhdəliyi, yəni hər ay ödəməli olduğu pulu vaxtında iddiaçıya ödəməmişdir. Məhkəmənin bu qənaətə gəlməsi əsassızdır. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-dən müvafiq “nisyə alqı-satqı müqaviləsinə” əsasən Cavabdeh1 tərəfindən 2 (iki) ədəd televizor və 1 (bir) ədəd soyuducu götürülmüşdür. (xx.xx.2019-cu il tarixli təhvil-təslim aktına əsasən Vestel soyuducu bir ədəd 716 manat, iki ədəd Sony televizor hər birinin qiyməti 1176 manat). İddiaçı MMC-nin nümayəndələri tərəfindən həmin məişət əşyaları Cavabdeh1 bacısı X1 yaşadığı ünvan 1 ünvanına göndərilmiş, habelə müqavilə Cavabdeh1 ilə bağlanmasına baxmayaraq, mallar Fərmanova Kəmaləyə təhvil verilərək imzalanmışdır. Lakin təhvil verilərkən, soyuducunun yoxlanılmasına baxmayaraq televizorlar çalışdırılaraq alıcının təkidi olsa da yoxlanılmamış, hətta qutularından belə çıxarılmamış və bildirmişlər ki, “biz tələsirik, çatdırılmalı başqa mallar da vardır”, televizor usta tərəfindən antenna vasitəsi ilə qoşularaq yoxlanılmalıdır. Bir neçə saat sonra televizor ustası dəvət olunmuş və televizoru qutudan çıxarıb, antennaya qoşub yoxlama zamanı müəyyən olunmuşdur ki, televizorun birinin ekranının yuxarısında, qara rəngli kant hissəsində kiçik bir çat vardır. Odur ki, dərhal İddiaçıMMC-yə zəng olunaraq bu barədə məlumat verilmişdir. İddiaçıMMC-dən bildirilmişdir ki, televizoru geri qaytarın yenisi ilə əvəz edək. Televizor alınan mağazaya aparılmış, mağazanın işçiləri vasitəsi ilə rəhbərliyə televizorun və ya ekranının dəyişdirilməsi üçün ərizə yazılmış, lakin bir neçə gün sonra İddiaçı MMC-dən bildirmişlər ki, rəhbərlik sizin televizorun yenisi ilə əvəz olunmasına və ya təmirinə razılıq vermədi. Beləliklə də, televizor alınan gündən də geri qaytarıldı və bu günə qədər də İddiaçı MMC-nin anbarındadır. Lakin sonradan İddiaçı MMC-yə dəvət olunduqda müəyyən olundu ki, anbarda televizorun ekranı bir neçə yerdən tamamilə çatlayaraq sınmışdır. Televizorun ekranı İddiaçı MMC-nin anbarında, qutuda, ağ peneplast qoruyucunun içərisində, sabit saxlanarkən əlavə olaraq bir neçə yerdən çatlayırsa deməli, həmin televizorun ekranı əvvəldən zədəli olmuşdur. Digər tərəfdən, əgər televizorun ekranı zərbə nəticəsində “bizim tərəfimizdən zədələnibsə”, zərbə nəticəsində yaranmış çat “ulduz” formasında olmalı idi. Alınan vaxtdan etibarən digər televizorun və soyuducunun aylıq ödənişləri vaxtlı-vaxtında ödənilmiş və borcları təmamilə bağlanmışdır. Həmin ödənişlər barədə müvafiq qəbzlər mövcuddur. Ekranı çat televizor isə əvvəldən qüsurlu olduğu və dərhal İddiaçı MMC-yə qaytarıldığı üçün pulu ödənilməmişdir. Bununla bağlı dəfələrlə İddiaçı MMC-nin nümayəndələrinə rəsmi məktublar göndərilmiş və yuxarıda göstərilənlər təfərrüatı ilə onlara izah olunmuşdur. İddiaçı MMC-nin nümayəndələrinin iddiası olunan televizorun alıcıda olmadığı üçün monitorinq apara bilməsi mümkün olmamışdır. Bu da onu bir daha sübut edir ki, alıcıdan geri alınmış malın və hal-hazıradək onlara məxsus anbarda saxlanılan qüsurlu televizorun pulunu tələb edirlər b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, mütəxəsisin yazılı məsləhətindən də göründüyü kimi, televizorda olan qüsur mexaniki qüsurdur, zavod qüsuru deyildir. 26.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə nəhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.Maddə 588.1.Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 29.Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. 30.Maddə 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 31.Maddə 600.4.Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 32.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 33.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 34.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh1 aid qismən təmin edilən hissədə qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Çünki digər cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 38.Kollegiya iddiaçı tərəfin izahatnı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(009)-246/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır. 39.Belə ki, cavabdeh iddiaçıdan aldığı televizorun qüsurlu olmasını əsas gətirərək, pulunu ödəməkdən imtina etdiyini bildiridiyindən, mübahisənin düzgün həlli üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə məhkəmə-texniki ekspertizası təyin edilmişdir. 40.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 sentyabr 2022-ci il tarixli, 10/6196 saylı məktubu ilə bildirilmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi Mühəndistexniki ekspertizalar şöbəsində məişət avadanlıqları və onların istitsmarı üzrə xüsusi biliyə malik olan mütəxəssis fəaliyyət göstərmir və məişət avadanlıqlarında yaranmış qüsur və onun səbəbinin müəyyən edilməsi məhkəmə mühəndis-texniki ekspertiaları şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məslələrin dairəsinə aid deyil. 41.Bu səbəbdən Azərbaycan Texniki Universitetindən mütəxəs rəyi alınmışdır. 42.Azərbaycan Texniki Universitetinin 21 oktyabr 2022-ci il tarixli, Tu-x/0-001/089-1217 nömrəli rəyinə əsasən “SONY” KDL48WD653/MRU3 markalı televizora keçirilən baxış nəticəsində mexaniki qüsurun olduğu aşkar edilmişdir. 43.Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, Mülki Məcəllənin 588.1-ci maddəsinə uyğun olaraq cavabdeh televizorda olan qüsurun həmin televizorun alıcıya, yəni ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirə bilmədiyindən, həmin qüsurulara görə satıcının (iddiaçının) cavabdehlik daşımasının heç bir qanuni əsası yoxdur və bununla əlaqədar olaraq alıcının (cavabdehin) televizorun pulunu ödəməkdən imtina etməsi əsassızdır. 44.Belə ki, işin məhkəmə iclasında tədqiq edilmiş halları ilə müəyyən edilir ki, televizorda meydana gəlmiş qüsur və ya nasazlıq onun ekranının çatlamasından (sınmasından) ibarətdir. Sınma, çatlama kimi qüsurlar isə daha çox mexaniki təsir, kənar müdaxilə səbəbindən meydana gəlməsi bəlli fakt olmaqla yanaşı, onların görünən olması, yəni avadanlığın ilkin yoxlanması zamanı müəyyən edilməsinin mümkün olması, iddianın əsassızlığını təsdiq edir. Cavabdeh qüsurun istehsalat qüsuru olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. 45.Belə olan halda kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq Cavabdeh1 İddiaçı MMC-nin xeyrinə 1176,06 manat (min yüz yetmiş altı manat altı qəpik) borcun tutulması qənaətinə gəlmişdir. 46.Kollegiya qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 46.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 47.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 48.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 49.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 50.Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən məbləğ 1176,06 manat olmaqla, 5000 manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 51.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(009)-246/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar