Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4999/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(009)-1296/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “əmlakın qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmlakına dəyən zərər yəni kosmetik zərər, təkərlərin sıradan çıxması, akumlyator batareyasının sıradan çıxması, karroziyaya uğramasına 3000 manat və o, əmlakdan istifadə edə bilmədiyi üçün taksi xidmətindən istifadə edərkən xərclədiyi 3000 manat zərərin ona ödənilməsini və əmlakının qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(009)-1296/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “əmlakın qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək qərardadın ləğv olunmasını və ərizənin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il qərarının 7.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-1296/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(009)-1296/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. İddia ərizəsindən görünür ki, İddiaçı inzibati orqanın polis əməkdaşlarının qanunsuz hesab etdiyi hərəkətlərindən şikayət edir, həmçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edir. İddia tələbinin mahiyyətini və iş üzrə tərəflərin tərkibini nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterlidir və bu səbəbdən ümumi məhkəmədə baxılmalı deyil. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2022ci il tarixli, 2(009)-1296/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(009)-1296/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4999/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4999/2022
05.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver