Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4999/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4999/2024 (Açar sözlər: yaşayış sahəsinə köçürülmə və cavabdehin sahədən çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və cavabdehin sahədən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2089/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 28 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. İddiaçı cavabdehin mərhum atası V.Mehdiyevlə sonuncunun vəfat etməsi gününədək mübahisəli yaşayış evində birgə yaşamaqları işin mübahisəsiz halıdır. İddiaçı yaşayış evinin ona məxsus olduğunu və Cavabdeh mərhum atası V.Mehdiyevin arvadı olduğunu bildirir, cavabdeh isə mübahisəli evin özünə məxsus olduğunu, iddiaçının isə ataya baxmaq üçün dəvət edilmiş işçi olduğunu qeyd etmişdir. Mübahisəli ev özbaşına tikilidir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və cavabdehin sahədən çıxarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və Cavabdeh həmin sahədən çıxarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2021-ci ildən İddiaçı məxsusdur. Cavabdeh onun mərhum həyat yoldaşı X9 ilk evliliyindən olan oğludur. İddiaçı X3 ilə 2018-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Mərhum həyat yoldaşı X12 2023-cü ilin sentyabr ayında vəfat etmişdir. Mərhum həyat yoldaşı X12 ilə ölən günə kimi bir ailə kimi yaşamışdır. 2018-ci ilə kimi öz dar günü üçün 25.000 manat pul yığmışdır. Ailə həyatı qurana kimi Gəncə şəhərində yaşamışdır. 2018-ci ildə ailə həyatı qurmaq üçün Bakı şəhərinə mərhum həyat yoldaşı X9 yaşadığı evə gəlmişdir. Mərhum həyat yoldaşı X12 ilə Cavabdeh münasibətləri çox pis idi. Cavabdeh dəfələrlə iddiaçının yanında mərhum həyat yoldaşı X11 döymüşdür. Mərhum həyat yoldaşı X12 insult, şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkmişdir. Cavabdeh bu cür pis xasiyyətli insan olduğunu bildiyi üçün o, gələcəkdə tək yaşamağı üçün Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15/10C üvanında yerləşən fərdi yaşayış evini X7 13.000 manata almışdır. Evi aldıqdan sonra evin daxilini və çölünü təmir etdirmişdir, fasad işlərini gördürmüşdür, asbes şifer ilə dam örtüyünü dəyişdirmişdir və həyətini döşətdirmişdir. Hal-hazırda evin dəyəri 23.700 manat olmuşdur. Mərhum həyat yoldaşı X12 vəfat etdikdən 3 gün sonra Cavabdeh onu evindən qol gücünə çıxartmışdır. İddiaçı 35-ci polis bölməsinə şikayət etmişdir və orada onlardan izahatlar alınmışdır. Orada ona bildirilmişdir ki, bu iş mülki iş olduğundan məhkəməyə müraciət etməlidir. İddiaçı yaşlı insan olaraq məcbur kirayələrdə qalır. Cavabdeh onu hədələyərək öz evindən didərgin salmışdır. Dəfələrlə evinə getmişdir, cavabdeh onu öz evinə girməyə qoymur. Evin bütün kommunal xərclərini iddiaçı ödəyir. İddiaçı hesab edir ki, cavabdeh onun hüququnu məhdudlaşdırır, bu səbəbdən də cavabdeh ona məxsus evdən çıxarılmalıdır və iddiaçı isə evinə köçürülməlidir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2089/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15/10C ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəlləsinin 11.1, 11.2, 27, 146.1, 146.2, 164.1, 164.2, 180.1, 180.2-ci maddələrinə, əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsi və Mülki Prossesual Məcəllənin 14.2, 13.4, 13.5, 77.1, 88, 107, 119.1, 217.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, Cavabdeh atası X12 insult, şəkər və təzyiq xəstəliyindən əziyyət çəkmiş, sağ qolu və bədəninin müxtəlif üzvləri amputasiya olunmuşdur. Bu səbəbdən ona baxması və gündəlik işlərdə köməklik etməsi məqsədilə cavabdehlə iddiaçı sonuncunun dayə qismində gəlib Vahid Mehdiyevə baxması üçün razılığa gəlmişlər. Vahid Mehdiyevə dayəlik elədiyi müddətdə onların yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin kommunal ödənişlərini Cavabdeh özü ödəmiş, bütün təmir və digər xərclərini o qarşılamışdır. Bir müddət sonra müvafiq fərdi yaşayış evinin kommunal xərclərinin ödənilməsini asanlaşdırmaq məqsədilə kommunal xidmət müqavilələri formal olaraq İddiaçı adına rəsmiləşdirilmiş, lakin müvafiq ödənişlər yenə də Cavabdeh tərəfindən ödənilmişdir. X3 2023-cü ilin sentyabr ayında vəfat etdikdən sonra İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən öz əşyaları ilə birlikdə çıxmışdır. Göründüyü kimi X3 ilə İddiaçı arasında hər hansı nikah və ya ailə faktı mövcud olmamış, hal-hazırki iddiası isə cavabdehə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz şəkildə ələ keçirilməsi məqsədilə irəli sürülmüş əsassız iddiadır. Göründüyü kimi İddiaçı müvafiq fərdi yaşayış evi ilə bağlı hər hansı subyektiv hüququ mövcud deyildir. Ona görə də İddiaçı iddiası əsassız olduğundan və ümumiyyətlə, hazırki iş üzrə subyektiv hüquqlara malik olmadığına görə iddia geri qaytarılmal idi. Lakin məhkəmə bütün bunları nəzərə almadan iddianın qismən təmin edilməsinə dair qərar qəbul etmiş, bununla da kobud qanun pozuntusuna yol vermişdir. Məhkəmə öz qətnaməsini əsaslandırarkən müvafiq sübutlara düzgün qiymət verməmiş, onlardakı məlumatları təhrif edilmiş formada qeyd etmişdir. Belə ki, iş materiallarında olan, Xətai rayon İcra Hakimiyyətinin 2 saylı Mənzil Kommunal İstismar Sahəsindən əldə edilmiş müvafiq arayışdan və digər sənədlərdən də görünür ki, müvafiq fərdi yaşayış evinin X4 məxsusluğunu təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. İddiaçının həmin ev üzərində hüquqlarının mövcudluğu ilə bağlı məhkəməyə əsas kimi təqdim etdiyi kommunal xidmət müqavilələrinə münasibətdə isə bildirmək istəyir ki, kommunal xidmət müqavilələrinin kimin adına bağlanması özlüyündə mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən hal kimi dəyərləndirilə bilməz. Çünki kommunal xidmətlərlə bağlı qanunvericilikdə göstərilir ki, kommunal xidmətlərlə bağlı müqavilələri istənilən şəxs bağlaya bilər. Eyni zamanda məhkəmənin kommunal müqavilə adı ilə istinad edilən və heç bir orijinal sənəd mahiyyəti daşımayan sürətlərdən ibarət, mötəbərliyi olmayan sürət vərəqlərə istinad edib sübut qismində dəyərləndirməsi, məhkəmənin yol verdiyi kobud qanun pozuntulardandır. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmənin iddianın təmin edilməsində mötəbər sübut qismində dəyərləndirdiyi X2 şahid ifadəsinə münasibətdə bildirmək istəyir ki, həmin şahidin işin icraatına cəlb edilməsi və dindirilməsi qaydaları kobud surətdə pozulmuşdur. Belə ki, həmin şəxsin şahid qismində dindirilməsi məqsədilə “məhkəmə hazırlıq iclas”larında iddiaçı tərəfindən vəsatət təqdim edilməmiş, şahid birbaşa baxış iclasına gətirilmiş və dindirilmişdir. Bununla yanaşı, iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəmənin hazırlıq iclası zamanı iddiaçının evi aldığını irəli sürdüyü şəxslərin şahid qismində iş üzrə icraata cəlb edilməsi və dindirilməsinə dair vəsatət təqdim edilmiş, məhkəmə tərəfindən həmin vəsatət təmin edilsə də, həmin şəxslər məhkəmə baxışında iştirak etməmiş və dindirilməmiş, onları yerinə müvafiq vəsatətdə irəli sürülməmiş Haqverdi Tapdıqov məkhəmə baxışında iştirak edərək ifadə vermişdir. Ona görə də hesab edir ki, həmin şahidin ifadələri etibarsız hesab edilməli və iş materiallarından çıxarılmalıdır. Məhkəmə “məhkəmənin baxış iclası” nda ani məqam dindirdiyi şahid və ona dair prosessual qanunla müəyyən edilmiş vəsatət “ məhkəmənin hazırlıq iclası”nda müzakirə edilərək, qəbul edildiyi təqdirdə icra edilməli olduğu halda, hakim tərəfindən növbəti prosessual qanun pozuntusuna yol verilmişdir. Eyni zamanda hakim AR DƏDKR- in reyesterdə hazırki əmlakın iddiaçının adına qeydiyyata alınmamasına dair ciddi sənəd məlumatlarına istinad etsə də, iddianın təmin edilməsini heç bir səlahiyyət və balansaxlayıcı olmayan aidiyyatsız MİS adlanan qurumun aidiyyatsız mötəbərliyi olmayan məktubuna əsaslandırmışdır. Hansı ki, Mənzil Təsərrüffat Kommunal Birliyinin fərdi yaşayış sahəsinə iddiaçının sahiblik hüququnu tanıma səlahiyyətinin olmadığını məhkəmə kifayət qədər məlumatlı idi və bu saxta məktuba görə aidiyyatı qurumun səlahiyyətlisi barədə“xüsusi qərardad” qəbul etməli idi. Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçı öz iddiasında müvafiq evi 13.000 manat müqabilində aldığını qeyd etmiş, lakin məhkəmə zalında ifadə verərkən evi 17.000 manata aldığını qeyd etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən işin halları ilə bağlı verilmiş məlumatlar da ziddiyyət təşkil edir və bu da iddianın əsassız və uydurma olduğunu bir daha təsdiq edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz təqdim edərək onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 11.1 Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
14. Maddə 152.2. Sahiblik hüququna verilən anlayışda qeyd edilir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
15. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.
16. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
17. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ və servitutlar.
18. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
19. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
20. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir
21. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 13.4 Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı mübahiləndirilən hissədə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
35. Belə ki, iş materiallarında olan Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli vəkil K.Nuriyevin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi (özütikili) İddiaçı məxsusdur.
36. Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi (özütikili) İddiaçı məxsus olsa da, həmin özütikiliyə aid heç bir hüququ sənəd 2 saylı MKİS-də yoxdur.
37. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15/10C ünvanında yerləşən fərdi yaşayış evinə dair ətraflı məlumat və hüquqmüəyyənedici sənədlərin verilməsi və Cavabdeh adına daşınmaz əmlakın olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15/10C ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməsinə dair məlumat aşkar olunmamışdır.
38. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən obyektin mülkiyyətçisi İddiaçıdır və obyektin inventar dəyəri 23.700 manatdır.
39. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2024- cü il tarixli məktubundan görünür ki, X9 adına vərəsəlik işinin açılıb-açılmaması, habelə onun iştirakı ilə aparılmış notariat hərəkətlərinə dair məlumat verilməsi barədə müraciətə baxılaraq, bildirilmişdir ki, “Elektron notariat’’ informasiya sistemində aparılmış araşdırma nəticəsində müraciətdə qeyd edilən şəxsin adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Həmçinin V.Mehdiyevin iştirakı ilə 2 saylı Bakı "ASAN xidmət" mərkəzindəki və Bakı şəhəri 6, 8 və 15 saylı notariat ofislərində notariat hərəkətləri rəsmiləşdirilmişdir. Notariat hərəkətlərinə dair sənədlərin surəti “Notariat haqqında” Qanunun 32-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin notariat ofislərindən əldə edilə bilər.
41. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:36 radələrində DİN-nin 102 xidmətinə Xətai rayonu, Elvin Şükürlü (Dənizçi) küçəsi, ev 15- də yaşayan X1 zəng edərək bibisinin ögey oğlu Tofiqin bıçaqla onu hədələməsi barədə məlumat vermişdir. Araşdırma zamanı ərizə və izahatı alınmış İddiaçı bildirmişdir ki, 2018ci ildə X12 ilə qeyri-rəsmi ailə qurmuşdur və 2021-ci ilə kimi Vahidin ünvan 6 ünvanda yaşamışlar. 2021-ci ildə ünvan 7 başlamışlar. İddiaçı bunu qeyd etmişdir ki, sözügedən mənzili 2020-ci ildə almışlar və fərdi yaşayış evinin sənədləri, eləcə də kommunal xidmətləri onun adına sənədləşdirilmişdir. 2023-cü ilin avqust ayında o, işdə olarkən Vahidin təzyiqi qalxaraq insult keçirmişdir və TTY briqadası tərəfindən 2 saylı Əfəndiyev adına xəstəxanaya yerləşdirilmişdir. xx.xx.2023-cü ildə X12 vəfat etmişdir. Vahidin ölümündən üç gün keçdikdən sonra oğlu Tofiq ailəsi ilə evinə gələrək, atasından qalan əşyaları, pul və qızıl zinyət əşyalarını götürərək aparmışdır. İddiaçı xəstə olduğundan qardaşı onu Ağdam rayonuna aparmışdır və orada olarkən Tofiq onunla əlaqə saxlayaraq nəyə görə ona deməyərək getdiyini bildirərək geri qayıtmasını tələb etmişdir. İddiaçı evə qayıtdıqdan sonra Tofiq əşyalarını götürüb evdən çıxmağı tələb etmiş, əks halda evi yandıracağı ilə hədələyərək evin kilidini dəyişmişdir. Bundan sonra İddiaçı mübahisə olmasın deyə evdən çıxmışdır. Təhqiqat araşdırması zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2017-ci ildə atası X12 yol qəzası keçirmişdir və həmin vaxt anası vəfat etmişdir. Atası Vahid ağır travma alaraq paralic keçirmiş və ona baxmağa adam axtararkən Gəncə şəhərində çörək sexində işləyən İddiaçı ilə tanış olmuşdur. Bundan sonra İddiaçı onlara gələrək atasına baxmış və çox keçmədən Gülnaz atasına, ona və uşaqlarına isinişərək ailə üzvünə çevrilmişdir. Cavabdeh çörək pulu qazanmaq üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir və bir müddət sonra atası ilə əlaqə saxladıqda uşaqların səsinin onu narahat etdiyini bildirmişdir. Bundan sonra Cavabdeh ünvan 8 ünvanda fərdi yaşayış evini 20.000 manata alaraq atasını və Gülnazı ora köçürmüşdür. Onlar orada yaşayarkən 2023-cü ilin avqust ayında atası Vahidin təzyiqi qalxaraq insult keçirmişdir və 2 saylı Əfəndiyev adına xəstəxanaya yerləşdirilmişdir. xx.xx.2023-cü ildə X12 vəfat etmişdir. Cavabdeh bunu da qeyd etmişdir ki, uşaqları Gülnaza isinişdiklərindən və onunla məktəbə getmək isdədiklərindlən xx.xx.2023-cü il tarixdə dəfələrlə zəng etməsinə baxmayaraq Gülnaz telefonu açmamışdır. Bir neçə gündən sonra Gülnazı görərək harada olduğunu soruşduqda sonuncu Ağdam rayonuna getdiyini bildirmiş və bu sözdən sonra aralarında söz mübahisəsi olarkən Gülnazdan əşyalarını götürərək evdən çıxıb getməsini xahiş etmiş və Gülnaz da özünə məxsus olan əşyaları götürərək çıxıb getmişdir. Cavabdeh fərdi yaşayış evinin atasına məxsus olmasını qeyd etmişdir.
42. "xxxx" ASC-nin bildirişinin surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evində sayğac İddiaçı adınadır.
43. İş materiallarında olan "xxxx" ASC-nin bildirişinin surətindən görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evində su sayğacı İddiaçı adınadır.
44. “Azəriqaz” İB-nin bildirişinin surətindən görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evində sayğac İddiaçı adınadır.
45. İş üzrə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı Dövlət Universitetinin professoru, riyaziyyatçıdır. 12 ildir ki, Vahid Mehdiyevlə qonşu olmuşdur. Mərhum Vahid 2018-ci ildə qəzaya düşmüşdür, həmin qəzada onun həyat yoldaşı ölmüşdür. Qəzaya görə Vahidin məhkumluğu olmuşdur. Bir qolu olmadığına görə Vahidi tutumamışdırlar, amma məhdudiyyəti var idi və ona görə rəsmi nikaha daxil ola bilmirdi. Qəzadan sonra Vahid kimsəsiz uşaq kimi tənha qalmışdır. Qəzadan sonra Vahid əlil idi və ona baxan olmadığı üçün Vahid qonşusu Bəstidən ona arvad tapmağı xahiş etmişdir. Bəsti Gülnazı tapmışdır və 2020-ci ildə Gülnazı Gəncə şəhərindən Vahidin oğlu Cavabdeh ailəsi ilə qaldığı mənzilə yaşamağa gətirmişlər. Cavabdeh ailəsi ilə birlikdə yaşamaq onlara çətin idi. V.Mehdiyevin təqaüdü ailənin kommunal ödənişlərinə çatmırdı. Cavabdeh ailəsi başqa yerdə də yeyirdilər, V.Mehdiyev arvadı ilə ac-susuz qalırdılar. Məcbur olub Gülnaz xanım əlində olan öz pulu ilə bir otaqlı yaşayış evi almışdır. Daha sonra Vahidlə Gülnaz ora köçmüşdülər və orada yaşamışdılar. Tofiq atasına əl qaldıran, ona baxmayan övlad idi.
46. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. İddiaçı cavabdehin mərhum atası V.Mehdiyevlə sonuncunun vəfat etməsi gününədək mübahisəli yaşayış evində birgə yaşamaqları işin mübahisəsiz halıdır. İddiaçı yaşayış evinin ona məxsus olduğunu və Cavabdeh mərhum atası V.Mehdiyevin arvadı olduğunu bildirir, cavabdeh isə mübahisəli evin özünə məxsus olduğunu, iddiaçının isə ataya baxmaq üçün dəvət edilmiş işçi olduğunu qeyd etmişdir. Mübahisəli ev özbaşına tikilidir.
47. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, hər hansı yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması orada yaşayan və istifadə edən şəxslərə münasibətdə Azərbaycan Respublikasının 43-cü maddəsinin tətbiqinə maneə yaratmır. Təsadüfi deyildir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180ci maddəsində də şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
48. Buna görə də kollegiya hesab edir ki, faktiki olaraq mövcud olan və istifadə edilən mübahisəli evə iddiaçının köçürülməsi tələbinin həlli baxımından, onun həmin evlə bağlı hər hansı hüququnun (yaşamaq hüququ və s.) yaranıb-yaranmaması araşdırılmalıdır.
49. Bu məqsədlə mənzildən istifadə hüququna dair normalar nəzərdən keçirilməli, tərəflər arasında münasibətlərin yaranma müddətləri, özbaşına tikilidə faktiki yaşayanlarla iddiaçının əlaqəsi, iddiaçının özbaşına tikilidən istifadə etdiyi müddətlər araşdırılmalıdır.
50. Məhkəmə baxışında iştirak edən tərəflər və onların nümayəndə-vəkillərinin iddiaçının mübahisəli evdə konkret olaraq hansı səbəbdən yaşamağa başladığına dair izahatları bir-birini təkzib etsə də, (iddiaçı tərəf cavabdehin mərhum atası ilə qeyri-rəsmi nikah münasibətlərində olduğunu, cavabdeh tərəf isə atasına qulluq etməsi məqsədilə gəldiyini) İddiaçı cavabdehin mərhum atası V.Mehdiyevlə sonuncunun vəfat etməsi gününədək mübahisəli yaşayış evində birgə yaşamaqları işin mübahisəsiz halıdır.
51. Bundan əlavə iş materiallarında olan sənədlərdən də məlum olur ki, mübahisəli evin kommunal xidmətləri ilə bağlı (su, qaz, elektrik enerjisi) quraşdırılan sayğacların hər biri İddiaçı adına olmaqla, ödənişlər də iddiaçı tərəfindən məhz onun adına quraşdırılmış sayğac göstəricilərinə əsasən ödənilmişdir.
53. Həmçinin iş materiallarındakı MKİS arayışları, o cümlədən Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlində də mənzilin mülkiyyətçisi qismində məhz İddiaçı adı qeyd edilmişdir.
54. Beləliklə, məhkəmə araşdırılması zamanı tərəflərin vermiş olduğu izahatlar və iş materialları əsasında iddiaçının mübahisəli mənzildə davamlı olaraq yaşaması və həmin mənzildən onun mülkiyyətçisinə mənsub olan hüquqlarla istifadə etməsi öz təsbitini tapmışdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
55. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mənzilə və ya digər bu kimi yerlərə köçürülməyə dair iddialar həll edilərkən, araşdırılmalı olan digər məsələ şəxsin yaşadığı yerdən məhrum edilməsinin qanuni olub-olmamasıdır. Məhrumetmə o halda qanuni ola bilərdi ki, məhrumetmə ilə nəticələrə yol verən şəxsin mənzilə və ya digər bu kimi yerlər üzərində mülkiyyət hüquq, istifadə hüququ, icarə hüquqi və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır.
56. Beləliklə, cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Bu səbəbdən necə ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşayır, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin evdə yaşamaq hüququ vardır.
57. Beləliklə, cavabdeh Azərbaycan Respublikası Konstitusiyasının 43.1-ci maddəsində təsbit edilmiş qadağanedici normanı pozmuş, pozuntunun nəticələri halhazırda da davam etməkdədir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks halda pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər.
58. Apellyasiya şikayətinin digər bir dəlili isə iddiaçının 2023-cü il tarixində mübahisəli evdən öz istəyi ilə çıxıb getməsi, belə olan halda əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərinin nəzərə alınması ilə bağlıdır və buna münasibətdə kollegiya qeyd edir ki, iddiaçının 2023-cü il tarixində yaşadığı mübahisəli evi daimi əsaslarla tərk etdiyini təsdiq edəcək heç bir sübutu cavabdeh tərəf məhkəməyə təqdim etmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır.
59. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə 9 mart 2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə 24 may 2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir.
60. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
61. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları,tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquq normaları ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
63. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
64. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
65. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və cavabdehlərin apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
67. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
68. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş tərəflərin özünə aid edilməlidir.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2089/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova