Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5006/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə (Açar sözlər: ölüm faktının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Sadıqova (İsmayılova) Aygün Aydın qızı 28 avqust 1965-ci il tarixdə anadan olub, 25 aprel 1987-ci il tarixdə X12 ilə ailə qurduqdan sonra ona Sadıqova soyadı verilib. Sadıqova (İsmayılova) Aygün Aydın qızının atası X8 19 oktyabr 1999-cu il tarixdə, anası X2 17 yanvar 2021-ci il tarixdə, qardaşı X10 11 yanvar 2020-ci il tarixdə, bacısı X9 09 fevral 2023-cü il tarixdə ölmüşlər. Sadıqova (İsmayılova) Aygün Aydın qızının digər qardaşı X11 isə 10 iyul 1964-cü il tarixdə doğulub və 1993-cü il tarixdən onun harada olması barədə heç bir məlumat yoxdur.
2. X11 ilə bağlı müvafiq dövlət orqanlarına edilmiş sorğulara aşağıdakı cavablar verilmişdir: - 27 iyun 1990-cu il tarixdə X7 adına verilmiş Hərbi biletdən çıxarışdan görünür ki, o, nə silahlı qüvvələrdə, nə də hərbi əməliyyatlarda iştirak etməmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 22 sentyabr 2023-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmayıb. - Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 23 sentyabr 2023-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X11 Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən 18 iyul 1980-cı il tarixdə Xİİİ-JQ seriyalı, 651223 nömrəli keçmiş SSRİ nümunəli pasport ilə 03 iyul 1990-cı il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Qarayev küçəsi 5 saylı evin 4-cü mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır və onun adına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ümumivətəndaş pasportu verilməyib. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 22 sentyabr 2023-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 dövlət sərhəddindən hərəkəti barədə İMAS bazasında hər hansı məlumat qeydə alınmayıb. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 26 oktyabr 2023-cü il tarixli arayışına görə, X11 Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçməyib. - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 09 fevral 2024-cü il tarixli arayışına görə, X11 haqqında (sağ və ya ölü olmasına dair) qeydə alınmış heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin 29 yanvar 2024-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X11 01 yanvar 1993-cü il tarixdən bu günədək Birliyin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon Şöbəsində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməyib. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 2 saylı X4 17 yanvar 2024-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X5 10 ildə stasionar müalicə üçün Xəstəxanaya müraciət etməyib. - Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis İdarəsinin 17 yanvar 2024-cü il tarixli arayışına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X3 və ya ölü olması barədə Polis Şöbəsində heç bir məlumat qeydə alınmayıb.
Birinci instansiya məhkəməsində icraat
3. Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin ailəsi valideynlərindən, iki qardaş və bacısından ibarət olub. Ərizəçinin 10 iyul 1964-cü il tarixdə doğulmuş qardaşı X11 barəsində 1993-cü il tarixdən bu günədək heç bir məlumat yoxdur. O həmin tarixdən sonra evə qayıtmayıb, əşyalarını, sənədlərini evdən götürməyib və heç bir ailə üzvü, qohumu və ya dostu ilə əlaqə saxlamayıb. Ərizəçi və ailə üzvləri X7 axtarışı üçün hüquq mühafizə orqanlarına müraciət etsələr də və digər vasitələrlə onu tapmağa çalışsalar da, bunun heç bir nəticəsi olmayıb. X11 həyatda olsaydı, bu vaxta qədər onunla və ya ən yaxın dostlarından biri ilə əlaqə saxlayar və ya başqa bır şəxsə sağ-salamat olması barədə xəbər göndərər və 30 il müddətində onu və ailəsini intizarda qoymazdı. 1980-ci ildə X11 Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 21 iyun 1986-cı il tarixdə təhsilini başa vurub və ona həkim ixtisası verilib. X11 ailə qurmayıb, evdən gedərkən subay olub və ondan geriyə yalnız ona aid sənədlər, fotoşəkillər və onun mülkiyyətində olan mənzil qalıb. X1 birinci növbəli vərəsəsi kimi o qalıb və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edə bilməyi üçün məhkəmə tərəfindən onun ölmüş elan edilməsi zərurəti yaranıb.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(006)- 3400/2023 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) ərizə rədd edilib.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr bitdikdən sonra mümkündür. Göründüyü kimi, ərizəçi qardaşı - 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər etməyib. Ərizəçi, qardaşının ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməyib, ərizədə göstərilənlər isə işin hər hansı halı ilə müəyyən olunmayıb.
7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Məcəlləsinin 40, 41-ci maddələrinə və MPM-in 77.1, 217, 305.1, 307, 308, 311, 312-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
a) Apellyasiya şikayətinin dəlilləri
8. Ərizəçi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı halda onun qardaşının yaşayış yerində (ailəsində, dostlarında, qonşularında, bir sözlə, heç kimdə) onun harada olması barədə nəinki beş il, artıq otuz ildən çoxdur ki, heç bir məlumat yoxdur. Bu isə qeyd edilən norma ilə müəyyən olunmuş birinci halın şərtlərinə uyğundur. Həmçinin, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 9.5-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Mülki Məcəllənin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəməyə müraciət olunanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsinə (qardaşının sonuncu yaşayış ünvanı üzrə) yazılı müraciətlər edib. Həmin müraciətlərə cavablar birinci instansiya məhkəməsinə təqdim edilib. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən Daxili İşlər Nazirliyinə, Dövlət Sərhəd Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə və Müdafiə Nazirliyinə sorğular ünvanlanıb və həmin sorğulara cavabların ümumiləşdirilməsindən aydın olur ki, X3 olması barədə heç bir dövlət orqanında məlumat yoxdur. Məlum məsələdir ki, hazırkı tələb üzrə mötəbər sübutlar yalnız dövlət orqanları tərəfindən təqdim oluna bilər və həmin sübutlar artıq məhkəmənin sərəncamında olmaqla iş materiallarına əlavə edilmişdir. Məhkəmənin ərizənin təmin edilməməsi barədə gəldiyi nəticə nə işin müəyyən olunmuş hallarına, nə qanunvericiliyin müddəalarına, nə də vahid məhkəmə təcrübəsinə uyğun hesab oluna bilməz.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(103)-737/24 saylı qətnaməsi ilə (hakimlər Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(006)- 3400/2023 saylı qətnaməsi isə dəyişdirilmədən saxlanılıb.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 737/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(103)-737/2024 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Ərizəçinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
15. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Maddə 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Maddə 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə ərizəçi tərəfindən mübahisələndirildiyindən və ərizə rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsaslı sayır.
20. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi hüquq normalarının təfsirində səhvə yol verib.
21. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
22. Əvvəla, işin mübahisə olunmayan hallarına görə 10 iyul 1964-cü il tarixdə doğulmuş X7 yaşayış yerində onun harada olması barədə 1993-cü il tarixdən heç bir məlumat yoxdur və işin bu halları onun nə sovet ordusunda, nə də Azərbaycan ordusunda xidmət, habelə hər hansı hərbi əməliyyatlarda iştirak etməməsi; ötən müddət ərzində ölkə sərhədlərini keçməməsi; 18 iyul 1980-cı il tarixdə onun adına yalnız keçmiş SSRİ nümunəli pasportun verilməsi və ötən müddət ərzində onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini, o cümlədən ümumivətəndaş pasportunu almaması; daxili işlər orqanlarında onun sağ və ya ölməsinə dair hər hansı qeydiyyatın aparılmaması və sair ilə də təsdiq olunur.
23. Digər tərəfdən, Mülki Məcəllənin 41.1-ci maddəsinin mənasına görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər.
24. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.
25. Göründüyü kimi, mülki qanunvericilikdə şəxsin ölmüş elan edilməsinin şərtləri dəqiq müəyyən edilib göstərilib və şəxs məhkəmə qaydasında o halda ölmüş elan edilə bilər ki, birincisi, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmasın; ikincisi, şəxs ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşsün və ondan altı ay ərzində xəbər çıxmasın; üçüncüsü, hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatlarla əlaqədar olaraq xəbərsiz itkin düşmüş olsun və hərbi əməliyyatların qurtardığı gündən azı iki il ondan xəbər çıxmasın.
26. Eyni zamanda qanunun mənasına görə məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq da ölmüş elan edə bilər.
27. Göründüyü kimi, mülki qanunvericilik qeyd olunan hər bir şərtin ödənilməsi üçün konkret müddət müəyyən edib və bu müddət altı aydan başlayaraq beş ilə qədər davam edir. Hazırkı iş üzrə ərizəçi, qardaşı X7 ölmüş elan edilməsi ilə bağlı Mülki Məcəllənin 41.1-ci maddəsinin tələblərinə istinad edərək, həmin normada müəyyən olunmuş şərtin ödənildiyini bildirir.
28. Nəzərə alınmalıdır ki, ərizəçinin qardaşı hərbi xidmətdə olmadığı üçün onun hər hansı hərbi əməliyyatlar zamanı itkin düşməsi mümkün deyil. Belə olan halda ərizəçinin tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 41.1-ci maddəsinin tələbləri nəzərdən keçirilməlidir. Həmin normada isə göstərilir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmadıqda, o maraqlı şəxsin ərizəsinə əsasən məhkəmə qaydasında ölmüş elan edilə bilər.
29. İşdən görünür ki, ərizəçinin qardaşının yaşayış yerində onun harada olması barədə nəinki beş il ərzində, artıq otuz ildən çoxdur ki, heç bir məlumat yoxdur.
30. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni ərizəçinin qardaşının axtarılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməməsi ilə əsaslandırsa da qanunda belə bir imperativ tələb yoxdur. Yəni, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa məhkəmə onu ölmüş elan edə bilər. Bu halda şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur.
31. Eyni hüquqi mövqe “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.5-ci bəndində də ifadə olunub və həmin bənddə göstərilir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini, şəxsin ölmüş elan edilməsindən fərqləndirmək lazımdır. Belə ki, şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilib.
32. Qeyd edilməlidir ki, beynəlxalq hüquqda bu cür hallar “ölüm prezumpsiyası” adlanır. Prezumsiya-əksi sübut olunmayana qədər hüquqi cəhətdən doğru sayılan faktın qəbul edilməsidir.
33. Bu baxımdan Kollegiya birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması onun məhkəmə qaydasında ölmüş elan edilməsinə əsas verir.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, ərizə təmin olunmalıdır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
q ə t e t d i:
Ərizəçi apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizə təmin olunsun. 10 iyul 1964-cü ildə Bakı şəhərində doğulmuş X11 ölmüş elan edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.