Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5016/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(001)- 3170/2023 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə 28 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Maraqlı şəxs ilə aralarında bağlanmış 03 aprel 2023-cü il tarixli barışıq sazişinin “uşaqların ananın himayəsinə verilməsi və aliment” hissəsində təsdiq edilməsi, həmçinin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın maraqlı şəxsdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(001)- 3170/2023 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməsindən imtina edilmişdir.
3. Qətnamədən ərizəçi tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Birinci instansiya məhkəməsinin 21 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.
5. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, qətnamədən verilən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilsə də, müəyyən edilmiş məzmuna riayət edilməmişdir.
6. Qərardaddan ərizəçi şikayət verərək, onun ləğv olunmasını və sonrakı prosessual hərəkətlərin davam etdirilməsini xahiş etmişdir.
7. Məhkəmənin 05 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
8. Şikayətdə göstərilmişdir ki, qərardad qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1.1- 361.1.7-ci maddələrinin imperativ tələblərinə tam əməl edilməklə hazırlanmış və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə həmin məcəlləyə əlavə edilmiş 2 saylı əlavənin bütün qrafalarına mütləq münasibət bildirilməsinə dair qanunvericilikdə hər hansı imperativ norma yoxdur. Şikayət verilən qətnamədə müəyyən edilmiş maddi və prosessual hüquq normalarının pozulması barədə hallar aşkar edilmişdir ki, bu barədə də 2 saylı əlavənin müvafiq qrafalarında münasibət və dəlilləri göstərilmişdir. 9-11-ci bənddə əks edilən hallar üzrə isə hər hansı iradı və dəlili olmadığı üçün buna dair həmin qrafalarda hər hansı münasibət bildirilməmişdir. Apellyasiya şikayətində qanunvericiliyin qeyd edilən tələblərinə yuxarıda da qeyd edildiyi kimi tam əməl edilmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:
11. Maddə 361.1.4 şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;
12. Maddə 361.1.5 şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar
13. Maddə 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar.
14. Maddə 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
15. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya baxışının hədləri
16. Qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütovlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, məhkəmənin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
18. Mülki Prosessual Məcəlləsinin 361.1.4-361.1.6-ci maddələrinə əsasən: şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir. Qeyd edilənlər apellyasiya hədlərinin və apellyasiyanın əsaslarını müəyyən edən zəruri tələblərdir. Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətində müəyyən edilən hallar dolayısı ilə maddi və prosessual hüquqların pozulması halında ortaya məhkəmənin hansı haalra diqqətə almadan aydınlaşdırılmadığı məsələsi çıxırki bu da digər qrafalarda münasibət bildirilməli haldır. Eyni zamanda qey edilməlidir ki, saxişin qanuna zidd olması və buna məhkəmənin düzgün qiymət verməməsi apellyasiya şikayətində göstərildiyi halda, yenə də işin faktiki hallarına qiymət verilməməsi əsasları ortaya çıxır. Buy halda da həmin hissələr qrafada göstərilməli və əsaslandırılmalıdır.
19. Belə olan halda məhkəmə haqlı olaraq verilmiş apellyasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlmişdir. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3170/2023 nömrəli 21 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3170/2023 nömrəli 21 iyun 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.