Məhkəmə qərarları › İş №2(103)-502/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-502/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-502/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, "xxxx" MMC-nin nümayəndəsi (vəkili) X1, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızına, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması, tutmanın girov və ipoteka predmetinə yönəldilməsi” barədə ilk, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızının "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin azad edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)- 29/2016 saylı qətnaməsindən iddiaçı və cavabdeh Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə 16 dekabr 2014-cü il tarixə olan 0,01 ABŞ dolları əsas borc, 27501,11 ABŞ dolları faiz borcu, 47,34 ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 27501,11 ABŞ dolları məbləğində borcun tutulması, "xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 17 dekabr 2014-cü il tarixə olan 428920,75 manat əsas borc, 153746,84 manat faiz borcu, 53758,08 manat artırılmış faiz borcu olmaqla, cəmi 636425,67 manat məbləğində borcun tutulması, "xxxx" MMCdən 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə 18 dekabr 2014-cü il tarixə olan faiz borcu olaraq 55164,49 manat məbləğində pulun tutulması, habelə Cavabdeh5, Cavabdeh2 və "xxxx" MMCdən 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 07 yanvar 2015-ci tarixə olan 347506,04 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu, 3565,37 ABŞ dolları artırılmış faiz borcu olmaqla, cəmi 397453,54 ABŞ dolları məbləğində borcun tutulması, 06 may 2009cu il tarixli G-002/OPEC saylı girov müqaviləsinə 1 saylı Əlavədə əks olunmuş avadanlığın açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin 06 may 2009-cu il tarixli K-002/OPEC saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunması, evin açıq hərracdan satılması, evinin boşaldılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin 06 may 2009-cu il tarixli K-002/OPEC saylı, 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı 16 aprel 2010-cu il tarixli 2290 saylı və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə borcların ödənilməsinə yönəldilməsi, Cavabdeh4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 14 saylı meyvə-tərəvəz mağazasının, yəni ümumi sahəsi 90,4 kv.m, əsas sahəsi 38,8 kv.m, köməkçi sahəsi 51.6 kv.m ibarət qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən olunması, əmlakın açıq hərracdan satılması, boşaldılması, satışdan əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı və 16 aprel 2010cu il tarixli 2290 saylı kredit müqavilələri üzrə borcun ödənilməsinə yönəldilməsi, habelə dövlət rüsumu olaraq ödənilmiş 30 manat, xidmət haqqı olaraq ödənilmiş 1 manat, notariat xərclərinə ödənilmiş 143 manat, ümumilikdə 174 manat məbləğində xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, borcalan cavabdehlər kredit müqavilələri üzrə kredit vəsaitindən istifadə etsələr də, götürdükləri öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə borcları yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişlər. Eyni zamanda, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı cavabdeh "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia verərək, 22 aprel 2005-ci il tarixli, G-10/skmf saylı ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 335.71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilmiş hesab edilərək, həmin əmlaka dair ipoteka qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinin ipoteka qeydiyyatı 22 aprel 2005-ci il tarixli G10/skmf saylı ipoteka müqaviləsinə əsaslanmış, həmin müqavilənin təminatı isə 22 aprel 2005-ci il tarixli kredit müqaviləsinin, yəni artıq öhdəliyi icra olunmuş müqavilənin icrası ilə bağlı olmuşdur. Digər tərəfdən ilkin iddia üzrə iddiaçının istinad etdiyi 06 may 2009, 16 aprel 2010, 05 mart 2012 və 29 may 2012-ci il tarixli kredit müqavilələrinin icrasının təminatı kimi bağlanmış eyni tarixli ipoteka müqavilələrinin heç biri dövlət qeydiyyatına alınmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 nömrəli qətnaməsi ilə (hakim Azər Tağıyev) ilk iddia qismən təmin edilmiş, 06 may 2009-cu il tarixli, K-002/OPEC saylı kredit müqaviləsi üzrə 3526,56 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 3536,56 ABŞ dolları borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi, tələbin "xxxx" MMC-yə məxsus və 06 may 2009-cu il tarixli G002/OPEC saylı girov müqaviləsinə 2 saylı Əlavədə sadalanmış tibb və məişət avadanlığına yönəldilməsi, avadanlığın açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitin 3536,56 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının iddiaçının hesabına ödənilməsi, qalan məbləğin MMC-yə verilməsi, 29 may 2012-ci il tarixli, 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının cavabdehlər Cavabdeh5, "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumu üçün ödənilmiş 30 manatın həmin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, "xxxx" ("xxxx") ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2005-ci il tarixli, G10/SKMF saylı ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilməsi, evə dair ipoteka qeydiyyatının ləğv edilməsi, ekspertiza tədqiqatlarının ümumi dəyərinin "xxxx" MMC-dən, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada tutulması qət edilmişdir. "xxxx" ASC qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin 16 aprel 2010-cu il tarixli 2290 saylı, 06 may 2009-cu il tarixli K- 002/OPEC saylı və 05 mart 2012-ci il tarixli kredit müqavilələri üzrə borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı da apellyasiya şikayəti verərək, qətnamənin “29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla cavabdehlər Cavabdeh5, "xxxx" MMC və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi” hissəsində qismən - Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızından digər cavabdehlərlə müştərək qaydada tutulması hissəsində ləğv edilməsi və zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-18/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC və Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 02 avqust 2021-ci il tarixli, 2(102)-3181/2021 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı "xxxx" ASC apellyasiya şikayətini – ilk iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissələrində əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, ekspert tərəfindən kredit borclarının düzgün hesablanmamasını, xx.xx.2009-cu il tarixli müqavilə üzrə əsas borcdan silinmiş məbləğlərin faiz borcuna aid edilməsini, xx.xx.2010-cu il tarixli müqavilə üzrə cavabdehin banka yalnız faiz borcu olmasına baxmayaraq, ödəmələrin faiz borcundan silinməsini, xx.xx.2012-ci il tarixli müqavilə üzrə verilmiş kredit məbləğinin borcalana əvvəllər verilmiş kredit borclarının silinməsinə yönəldilməsini bu halların araşdırılmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı apellyasiya şikayətini - qətnamənin qismən əsassız olması, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları məbləğində borcun ondan tutulması hissəsində əsassız olması, zamin kimi məsuliyyət daşımaması, məhkəmə qətnaməsinə əsasən zaminlik müqaviləsinin etibarsız sayılması və s. kimi əsaslandırmışdır. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və əvvəllər verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 fevral 2010-cu il tarixli 2201 saylı və 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqavilələri ilə "xxxx" MMC-yə müvafiq olaraq 210000 manat və 250000 manat məbləğində kreditlər verilmiş, həmin kreditlər üzrə borc tam bağlanmadığından 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş 455000 manat kreditin 195981 manat və 885,17 manat (faiz borcu üzrə) hissəsi 2201 saylı kredit müqaviləsi üzrə, 249871,49 manat hissəsi 2290 saylı kredit müqaviləsi üzrə borcun bağlanmasına, 4550 manat hissəsi verilmiş kredit üzrə komissiya ödənişinə, 2499,01 manat hissəsi əvvəlki borclar üzrə (overdraft) komissiya ödənişinə, 1213,33 manat hissəsi isə son kredit üzrə əsas borcun ödənişinə yönəldilmişdir. Həmin ödənişlər hesabdaq çıxarışda da öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış 05 mart 2012-ci il tarixli kredit müqaviləsinin 8.1.5-ci bəndinin 4-cü hissəsinə əsasən kreditor borcalanı qabaqcadan xəbərdar etmədən kreditin və hesablanmış faizlərin məbləğini akseptsiz qaydada borcalanın cari, valyuta və ya digər hesablarından silmək hüququna malikdir. Göründüyü kimi, 05 mart 2012-ci il tarixli kredit müqaviləsində göstərilən pul vəsaiti cavabdehin digər öhdəliklərinin bağlanmasına yönəlmiş, bu səbəbdən də kassa məxaric orderi mövcud deyildir. Bununla yanaşı, 22 aprel 2005-ci il tarixli ipoteka müqaviləsi məhz "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış eyni tarixli kredit müqaviləsinin təminatı kimi bağlanmış, həmin kredit üzrə öhdəliklər isə mövcud deyildir, borc bağlanmışdır. Lakin, sonradan Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı ilə bağlanmış 22 aprel 2005-ci il tarixli ipoteka müqaviləsinə əlavələr, istərsə də Cavabdeh4 ilə bağlanmış 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 2 saylı Əlavə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu barədə onlarda hər hansı sübut yoxdur. Həmçinin qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(006)-186/2018 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə və Cavabdeh5 qarşı “kredit müqaviləsinin və zaminlik müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası qismən təmin olunmuş, "xxxx" ASC ilə zamin Cavabdeh2 və borcalan Cavabdeh5 arasında bağlanmış 29 may 2012-ci il tarixli, 100.CL.290512.00001/c saylı zaminlik müqaviləsinin etibarsız sayılması qət olunmuşdur. Həmin qətnamədən məlumatlıdırlar, qətnaməni mübahisələndirməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və əvvəllər verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iddiaçının apellyasiya şikayətini əsassız sayaraq əvvəllər verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı əvvəlki kredit müqavilələrini təqdim etmiş, onlarla tanış olmuş, bu səbəbdən də həmin kredit müqavilələrinin mövcudluğunu və 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış kredit vəsaitinin böyük hissəsinin əvvəlki kredit müqavilələri üzrə mövcud olan borcların bağlanmasına silinməsini təsdiq edir, lakin hesab edir ki, belə silinmə qanunvericiliyin tələblərinə uyğun deyildir. Eyni zamanda hesab edir ki, 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə pul vəsaiti nağd şəkildə verilmədiyindən həmin kredit üzrə faizlər hesablanmalı deyildir. Bununla yanaşı, məhkəmə mühasibatlıq ekspretizasının rəyi ilə müəyyən olunmuşdur ki, 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə 61288,46 manat ödəniş həyata keçirilmişdir, bu səbəbdən də həmin pul vəsaiti nəzərə alınmalı və borcdan çıxılmalıdır. Digər kredit müqavilələri üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza rəyləri ilə də tam təsdiq olunmuşdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, digər şəxslər qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayətləri həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə qismən ləğv olunmalı, iddia tələbləri həmin hissələrdə qismən təmin olunmalıdır. İşdə olan sənədlərdən görünür ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli, K-002/OPEC nömrəli kredit müqaviləsi ilə sonuncuya illik 20% olmaqla 60 ay müddətinə 500000 ABŞ dolları məbləğində, xx.xx.2010-cu il tarixli 2290 nömrəli kredit müqaviləsi ilə illik 22% olmaqla 24 ay müddətinə 250000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsinə əsasən, bank "xxxx" MMC-yə 24 ay müddətinə illik 16 % olmaqla, 455000 manat kredit verməyi, sonuncu isə həmin məbləği aralarında razılaşdırılmış ödəniş qrafiki əsasında ödəməyi öz öhdəsinə götürmüşdür. İşdən həmçinin görünür ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2005-ci il tarixli G-10/SKMF saylı ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən - sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evi həmin tərəflər arasında bağlanmış 22 aprel 2005-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən ipoteka müqaviləsinə "xxxx" ASC ilə Cavabdeh2 arasında notariat qaydasında təsdiq olunmuş - 06 may 2009-cu il tarixli 5 saylı Əlavə, 16 aprel 2010-cu il tarixli 7 saylı Əlavə, 05 mart 2012-ci il tarixli 8 saylı Əlavə, 29 may 2012-ci il tarixli 9 saylı Əlavə müqavilələr bağlanmaqla ipoteka predmeti həmçinin eyni tarixli kredit müqavilələri üzrə yenidən yüklü edilmişdir. Bununla yanaşı, "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən sonuncuya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 14 saylı meyvə-tərəvəz mağazası "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 21 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir. Qeyd edilən ipoteka müqaviləsinə "xxxx" ASC ilə Cavabdeh4 arasında notariat qaydasında təsdiq olunmuş 05 mart 2012-ci il tarixli 2 saylı Əlavə müqavilə bağlanmaqla ipoteka predmeti həmçinin "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 05 mart 2012ci il tarixli kredit müqaviləsi üzrə yenidən yüklü edilmişdir. Həmçinin, 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001/c nömrəli zaminlik müqaviləsi ilə Cavabdeh2; 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001/c nömrəli zaminlik müqaviləsi ilə isə "xxxx" MMC 100.LN.2105.290512.00001 saylı 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər. İşə birinci instansiya məhkəməsindən baxılarkən təyin edilmiş məhkəməmühasibalıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, bank tərəfindən xx.xx.2009-cu il, xx.xx.2010cu il və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə kassa məxaric orderi təqdim edilməmişdir, təqdim edilmiş hesabdan çıxarış və maliyyə arayışları əsasında MMC-nin banka olan borcu - xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixə əsas borca görə 9108,14 ABŞ dolları, faiz borcuna görə 3526,56 ABŞ dolları; xx.xx.2010cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 20655,4 manat, faiz borcuna görə 0,00 manat, xx.xx.2012-ci il tarixli müqavilə üzrə isə xx.xx.2014-cü il tarixə əsas borca görə 428798,59 manat, faiz borcuna görə 106139,68 manat təşkil edir. Birinci instansiya məhkəməsi, xx.xx.2009-cu il və xx.xx.2010-cu il tarixli kredit müqavilələri üzrə əsas və faiz borcunun həcmini müəyyən edərkən ekspert rəylərini rəhbər tutmuşdur. xx.xx.2012-ci il tarixli müqaviləyə aid hissədə iddianı rədd edərkən isə mövqeyini, bank tərəfindən kredit məbləğinin borcalana verilməsini təsdiq edən sənədin (kassa məxaric orderi, ödəniş tapşırığı və s.) olmaması, borclu tərəfindən bu müqavilə üzrə ödənişlər edilmədiyi halda, bundan bir neçə ay sonra xx.xx.2012-ci ildə borlcuya yenidən kredit verilməsinin mümkünlüyünün inandırıcı olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, ilk iddia tələbində göstərilən kredit müqavilələri üzrə eyni ipoteka predmetini özündə əks etdirən 22 aprel 2005-ci il tarixli G-10/SKMF saylı ipoteka müqaviləsinə 5, 7, 8 və 9 saylı Əlavələr göstərilsə də, ipoteka müqaviləsinə həmin əlavələr ilə bağlı əlavə qeydiyyat aparılmamış, belə bir əlavə qeydiyyatın mövcud olmaması ilk iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməyərək müvafiq sübutlar təqdim edilməmişdir. Bundan əlavə, 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsi və müqaviləyə 1 saylı Əlavəyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" ASC arasında bağlanmış 2290 saylı xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı kimi Cavabdeh4 məxsus qeyri-yaşayış binası (14 saylı meyvə-tərəvəz mağazası) "xxxx" ASCyə ipotekaya qoyulmaqla müvafiq olaraq ipotekanın dövlət qeydiyyatına alınmasını təsdiq edən çıxarış məhkəməyə təqdim edilsə də, 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı adıçəkilən ipoteka predmeti üzrə bağlanmış İ-2290/a saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 2 saylı əlavə razılıq müqaviləsinin əlavə qeydiyyatı aparılmamış, belə bir əlavə qeydiyyatın mövcud olmaması ilkin iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilməyərək müvafiq sübutlar təqdim edilməmişdir. Məhkəmə Cavabdeh2 tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin dəlilləri ilə bağlı məhkəmə qeyd etmişdir ki, ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179,32 kv.m sahədən ibarət fərdi yaşayış evi "xxxx" ("xxxx") ASC-yə yalnız 22 aprel 2005-ci il tarixli SKMF/10 saylı kredit müqaviləsinə əsasən ipotekaya qoyulması qeydiyyata alındığından, habelə məhkəmənin tələb etməsinə baxmayaraq həmin müqavilə üzrə öhdəliyin hələ də mövcud olması ilə bağlı qarşılıqlı iddia tələbi üzrə cavabdeh "xxxx" ASC tərəfindən zəruri olan sənədlər təqdim edilmədiyindən, qeyd olunan öhdəliklər icra olunmuş hesab olunmaqla qarşılıqlı iddia ərizəsi təmin edilməli, 22 aprel 2005-ci il tarixli G-10/SKMF nömrəli ipoteka müqaviləsinə xitam verilməklə, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 335,71 kv.m, yaşayış sahəsi 179.32 kv.m sahədən ibarət fərdi yaşayış evinin ipotekadan azad edilmiş hesab edilərək, həmin əmlaka dair ipoteka qeydiyyatı ləğv edilməlidir. İddiaçı apellyasiya şikayətində məhkəməyə, eyni zamanda ekspertiza tədqiqatına təqdim olunmuş hesabdan çıxarışlara istinad edərək, ekspert tərəfindən borcun düzgün hesablanmadığını, xx.xx.2009-cu il tarixli müqavilə üzrə əsas borcdan silinmiş məbləğlərin faiz borcuna aid edildiyini, xx.xx.2010-cu il tarixli müqavilə üzrə cavabdehin banka yalnız faiz borcu olmasına baxmayaraq, ödəmələri faiz borcundan silindiyini bildirmişdir. Eyni zamanda, xx.xx.2012-ci il tarixli müqavilə üzrə kassa məxaric orderinin olmamasını borcalana verilmiş kredit məbləğinin onun bank qarşısında olan digər kredit öhdəliklərinin bağlanmasına yönəldilməsi ilə izah etmişdir. Kassasiya instansiya məhkəməsinin qərarında göstərmişdir ki, ilk iddianı qismən təmin edən birinci instansiya məhkəməsi 06 may 2009-cu il tarixli K-002/OPEC nömrəli, 16 aprel 2010-cu il tarixli 2290 nömrəli və 29 may 2012-ci il tarixli 100.LN.2105.290512.00001 nömrəli kredit müqavilələri üzrə borcu müəyyən edərkən iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəylərini əsas götürmüş, həmçinin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə iddiaçının kassa məxaric orderini təqdim etməməsini əsas götürərək isə həmin müqavilə üzrə cavabdehlərin öhdəliklərinin yaranmaması nəticəsinə gəlmişdir. Həmçinin, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı hissədə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus olan müvafiq daşınmaz əmlaklara yönəldilməsinə dair məsələ ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, qeyd olunan kredit müqaviləsi üzrə kredit ödənişinin faktiki olaraq kreditor tərəfindən borcluya verilməsi təsdiq olunmadığından tələbin həmin daşınmaz əmlaklara yönəldilməsi hissəsi də təmin edilməməlidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin həmin mövqeyini mübahisələndirərək qeyd etmişdir ki, 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış vəsait kassadan məxariclə deyil, tərəflər arasında razılıq əsasında cavabdehin digər müqavilələr üzrə banka olan borclarından silinmiş və bu dəlilinin sübutu qismində cavabdehin hesabından çıxarışı həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərini pozaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməmiş, o cümlədən 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin cavabdehin əvvəlki kredit müqavilələri üzrə mövcud olan borcların bağlanması məsələsini araşdırmamış və yalnız birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı olduğunu göstərməklə apellyasiya şikayətini təmin etməmişdir. Kassasiya instansiyasının qeyd edilən göstərişləri istiqamətində araşdırma aparılmış, yəni 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə kreditin cavabdehin əvvəlki kredit müqavilələri üzrə mövcud olan borcların bağlanması məsələsini üzrə araşdırma aparılmış, bu istiqamətdə əvvəlki kredit müqavilələri və s. sənədlər tədqiq olunmuş, məhkəmə mühasiöatlıq ekspertizası təyin olunmuşdur. Belə ki, iddiaçının nümayəndəsinin yazılı izahatından və təqdim olunmuş "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 17 fevral 2010-cu il tarixli 2201 saylı və 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqavilələrindən, həmçinin həmin müqavilələrə 1 saylı əlavələrdən görünür ki, bank tərəfindən "xxxx" MMC-yə müvafiq olaraq 210000 manat və 250000 manat məbləğində kreditlər verilmiş, həmin kreditlər üzrə borc tam bağlanmadığından 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş 455000 manat kreditin 195981 manat və 885,17 manat (faiz borcu üzrə) hissəsi 2201 saylı kredit müqaviləsi üzrə, 249871,49 manat hissəsi 2290 saylı kredit müqaviləsi üzrə borcun bağlanmasına, 4550 manat hissəsi verilmiş kredit üzrə komissiya ödənişinə, 2499,01 manat hissəsi əvvəlki borclar üzrə (overdraft) komissiya ödənişinə, 1213,33 manat hissəsi isə son kredit üzrə əsas borcun ödənişinə yönəldilmişdir. Həmin ödənişlər hesabdaq çıxarışda da öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış 05 mart 2012-ci il tarixli kredit müqaviləsinin 8.1.5-ci bəndinin 4-cü hissəsinə əsasən kreditor borcalanı qabaqcadan xəbərdar etmədən kreditin və hesablanmış faizlərin məbləğini akseptsiz qaydada borcalanın cari, valyuta və ya digər hesablarından silmək hüququna malikdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi apellyasiya baxışı zamanı əvvəlki kredit müqavilələri ilə tanış olmuş, onların mövcudluğunu və 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə ayrılmış kredit vəsaitinin əvvəlki kredit müqavilələri üzrə mövcud olan borcların bağlanmasına silinməsini mübahisələndirməyərək təsdiq etmiş, lakin belə silinmənin qanunvericiliyin tələblərinə uyğun olmamasını, eyni zamanda 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə faizlərin hesablanmalı olmamasını, məhkəmə mühasibatlıq ekspretizasının rəyi ilə müəyyən olunmuş 61288,46 manat ödənişin nəzərə alınmalı olmasını (borcdan çıxılmalı olmasını) göstərmişdir. Kassasiya instansiyasının göstərişlərinə əsasən apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizaları təyin olunmuşdur. Daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4043 saylı rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyə əsasən - "xxxx" MMC-nin 05 mart 2012-ci il tarixli, 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 05 mart 2014-cü il tarixə 428798,59 manat əsas borcu, 106139,68 manat faiz borcu, müqavilə müddətinin bitdiyi 05 mart 2014-cü il tarixdən 17 dekabr 2014-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz məbləği isə 16794,61 manat müəyyən edilir. Müqavilə müddəti bitdikdən sonra "xxxx" MMC tərəfindən banka ödəniş aparılmamışdır. Qeyd edilən ekspertiza rəyindən həmçinin göstərilmişdir ki, təqdim edilmiş iş materiallarından və hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 05 mart 2012-ci il tarixli, 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 455000 manat pul vəsaiti 29 mart 2012-ci il tarixdə müəssisənin hesabına köçürülmüş, bundan sonra bank tərəfindən həmin vəsait aşağıdakı şəkildə silinmişdir: - RS2201 nömrəli kredit müqaviləsinə 195981 manat, - RS2290 nömrəli kredit müqaviləsinə 249871,49 manat, - Verilmiş kredit üzrə komissiyaya 4550 manat, - Əvvəlki borclar üzrə (overdraft) 2499,01 manat, - RS2201 nömrəli kredit müqaviləsinə 885,14 manat - 100.LN.2005.050312.00002 nömrəli kredit müqaviləsinə 1213,33 manat Tərəflər arasında bağlanmış 05 mart 2012-ci il tarixli kredit müqaviləsinin 8.1.5-ci bəndinin 4-cü hissəsinə əsasən kreditor borcalanı qabaqcadan xəbərdar etmədən kreditin və hesablanmış faizlərin məbləğini akseptsiz qaydada borcalanın cari, valyuta və ya digər hesablarından silmək hüququna malikdir. Göründüyü kimi, işdə olan sübutlarla (kredit müqavilələri, hesabdan çıxarış, ekspertiza rəyi və s.) və tərəflərin izahatları ilə müəyyən olunur ki, 05 mart 2012-ci il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş 455000 manat pul vəsaitinin əsas hissəsi cavabdeh "xxxx" MMC-nin yuxarıda qeyd edilmiş əvvəlki kredit müqavilələri üzrə mövcud olan borclarının bağlanmasına yönəldilmiş, bu səbəbdən də obyektiv olaraq həmin kredit məbləğinin cavabdehə təqdim olunması barədə kassa məxaric orderi mövcud olmamışdır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə faizlərin tutulmalı olmamasını bildirsə də, etirazını əsaslandıra bilməmişdir. halbuki, kredit müqaviləsində kreditin faizlərlə verilməsi şərtləndirilmişdir. Kredit məbləğinin cavabdehin digər öhdəliklərinə yönəldilməsi halı da vəziyyəti dəyişdirmir. Cavabdehin nümayəndəsi həmçinin 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə 61288,46 manat ödənişin həyata keçirilməsini, həmin məbləğin ümumi borcdan çıxılmalı olmasını bildirsə də, ekspertiza rəyində görünür ki, qeyd edilən məbləğ nəzərə alınmaqla qalıq borc müəyyən olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi qeyd edilən kredit müqaviləsi üzrə işin hallarını tam, hərtərli və obyektiv araşdırmamış, yalnız kassa məxaric orderinin mövcud olmamasına əsaslanmaqla iddianı həmin hissədə təmin etməmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Bu səbəbdən də iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin qeyd edilən hissədə ləğvinə tam əsasdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlar, həmçinin ekspertiza rəyi nəzərə alınmaqla, iddia 05 mart 2012-ci il tarixli kredit müqaviləsi hissədə 428798,59 manat əsas borcun, 106139,68 manat faiz borcunun tutulması hissədə əsaslıdır. Bu səbəbdən də qeyd edilən pul vəsaitləri cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçının xeyrinə verilməli, həmin iddia tələbi üzrə qalan hissələrdə təmin olunmamalıdır. Belə ki, həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 22 aprel 2005-ci il tarixli G-10/SKMF saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 8 saylı Əlavə müqavilə, həmçinin "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsinə 05 mart 2012-ci il tarixli 2 saylı Əlavə müqavilə bağlansa da, həmin əlavə müqavilələr (sonrakı ipoteka yüklülüyü) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qeyd edilən halı iddiaçının nümayəndəsi də təkzib etməmiş, eyni zamanda əksini təsdiq edən hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. “İpoteka haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 10.2 və 10.4-cü maddələrinin tələblərinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1, 11.2 və 11.3-cü maddələrinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir. Qanunvericiliyin qeyd edilən tələblərindən görundüyü kimi – ipoteka müqaviləsi (həmçinin sonrakı ipoteka) notariat qaydasında təsdiq olunmaqla yanaşı, eyni zamanda dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Başqa sözlə, ipoteka hüququ da ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. Belə olan halda isə iddiaçının 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə qeyd edilən əmlaklar üzrə ipoteka hüququ yaranmamışdır. Eyni zamanda iddiaçının nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi yazılı izahatından da müəyyən olunur ki, əsas ipoteka müqavilələrin bağlanmasına əsas olan əvvəlki öhdəliklər (22 aprel 2005-ci il tarixli kredit müqaviləsi və s.) üzrə mübahisə mövcud deyildir, borcla bağlanmışdır. “İpoteka haqqında” Qanunun 48.1 və 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Göründüyü kimi, kassasiya instansiyasının qeyd edilən hissədə göstəriləşləri araşdırıldıqdan sonra da 22 aprel 2005-ci il tarixli ipoteka müqaviləsinin bağlı olduğu 22 aprel 2005-ci il tarixli SKMF/10 saylı kredit müqaviləsi üzrə öhdəliyin mövcud olmaması müəyyən olunmuşdur (qeyd edildiyi kimi iddiaçının nümayəndəsi də bu halı yazılı qaydada təsdiq etmişdir). İddiaçı 05 mart 2012-ci il tarixli kredit müqaviləsi üzrə artırılmış faiz də tələb etmiş, lakin həmin hissədə tələbini əsaslandıra bilməmiş, artırılmış faizin nədən ibarət olmasını, qanunvericiliyinə uyğunluğunu və s. halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası həmçinin iddiaçı tərəfindən mübahisələndirilən digər kredit müqavilələri (06 may 2009-cu il tarixli kredit müqaviləsi, 16 aprel 2010-cu il tarixli kredit müqaviləsi) üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı 06 may 2009-cu il tarixli kredit müqaviləsi üzrə iddia tələbində 27501,11 ABŞ dolları faiz tələb etmiş, lakin istər birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizaların rəyi ilə faiz borcunun 3526,56 ABŞ dolları (apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə 3521,50 ABŞ dolları) olması müəyyən edilmişdir. İddiaçı 16 aprel 2010-cu il tarixli kredit müqaviləsi üzrə iddia tələbində yalnız 55164,49 manat faiz borcunu tələb etsə də, ekspertiza rəyi ilə faiz borcunun olmaması müəyyən edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməmişdir. İddiaçı isə ekspert rəyləri ilə razı olmamasının əsaslarını göstərə və əsaslandıra bilməmişdir. Məhkəmə baxışı zamanı rəylərin mötəbərliyinə şübhə yaranmamışdır. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası həmçinin Cavabdeh2 apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cavabdeh apellyasiya şikayətində 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun zamin kimi ondan tutulmasının əsassız olmasını, onunla bağlanmış 29 may 2012-ci il tarixli zaminlik müqaviləsinin məhkəmə tərəfindən etibarsız sayılmasını, bu halın nəzərə alınmamasını və s. göstərmişdir. Kassasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, hazırki iddia apellyasiya instansiyası məhkəməsinin icraatında olan dövrdə Cavabdeh2 cavabdehlər "xxxx" ASC və Cavabdeh5 qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyindən hazırki iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bank "xxxx" ASC, zamin Cavabdeh2 və borcalan Cavabdeh5 arasında imzalanmış 100.CL.290512.0001/c saylı, 29 may 2012-ci il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin mübahisələndirilməsini və yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Birinci instansiya məhkəməsi məhz həmin zaminlik müqaviləsinə istinad edərək, 29 may 2012-ci il tarixli kredit üzrə müəyyən olunmuş borcu əsas borclu olan Cavabdeh5 ilə yanaşı, Cavabdeh2 tutulmalı olması qənaətinə gəldiyini nəzərə almayan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələblərini pozmuşdur. Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(006)-186/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə və Cavabdeh5 qarşı “kredit müqaviləsinin və zaminlik müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası qismən təmin olunmuş, "xxxx" ASC ilə zamin Cavabdeh2 və borcalan Cavabdeh5 arasında bağlanmış 29 may 2012-ci il tarixli, 100.CL.290512.00001/c saylı zaminlik müqaviləsinin etibarsız sayılması qət olunmuşdur. Kassasiya instansiyasının qeyd edilən göstərişləri ilə bağlı apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq göndərilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(006)-186/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilməmiş, qətnamə 05 dekabr 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nəsimi Rayon Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(006)-186/2018 saylı qətnaməsindən məlumatlı olmalarını, həmin qətnaməni mübahisələndirmədiklərini bildirmişdir. MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanunverici başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, Cavabdeh2 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə zaminliyi mövcud deyildir, müqavilə məhkəmə tərəfindən etibarsız sayılmışdır. Belə olan halda isə birinci instansiya məhkəməsi 29 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcun həmçinin zamin kimi Cavabdeh2 tutmaqda haqlı olmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də qətnamə qeyd edilən hissədə apellyasiya şikayətinə əsasən ləğv olunmalı, iddia tələbi Cavabdeh2 münasibatdə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı ümumilikdə 400 manat ekspertiza xərcləri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdeh "xxxx" MMC-yə aid edilməlidir (iddiaçının apellyasiya şikayəti "xxxx" MMC-yə münasibətdə qismən təmin olunmuşdur). Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızına, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh1 qarşı “borcun tutulması, tutmanın girov və ipoteka predmetinə yönəldilməsi” barədə ilk, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızının "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin azad edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)- 29/2016 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdeh Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)- 29/2016 saylı qətnaməsi iddianın "xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə borcun tutulması barədə tələbin rədd olunması hissədə ləğv olunsun, iddia həmin hissədə qismən təmin olunsun. Cavabdeh "xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 428798,59 (dörd yüz iyirmi səkkiz min yeddi yüz doxsan səkkiz manat 59 qəpik) manat əsas borc, 106139,68 (bir yüz altı min yüz otuz doqquz manat 68 qəpik) manat faiz borcu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 saylı qətnaməsi, həmçinin “29 may 2012-ci il tarixli, 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının, həmçinin 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi” hissədə ləğv olunsun, iddia həmin hissədə Cavabdeh2 münasibətdə təmin olunmasın. Qətnamə apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci cavabdeh "xxxx" MMC-yə aid edilsin. Həmin cavabdehdən apellyasiya icraatı zamanı aparılmış ekspertiza tədqiqatlarını ümumi dəyəri olan 400 (dörd yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar