Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5032/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(011)-6116/2024 nömrəli qətnaməsindən ərizəçinin verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında 16 may 2024-cü il tarixdə bağlanmış MŞB/16/2024-00718 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs, Ərizəçi ilə 07 sentyabr 1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bir müddət sonra tərəflər ailə münasibətlərini davam etdirə bilmədiyindən boşanmaq qərarına gəlmişlər. Bununla bağlı olaraq tərəflər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq mediasiyaya muraciət etmişlər. 16 may 2024-cü il tarixdə keçirilən mediasiya prosesində tərəflər aşağıdakı şərtlərlə MŞB/16/2024-00718 saylı barışıq sazişini bağlamışlar: 1. Tərəflər arasında bağlanmış nikahın pozulması barədə razılığa gəlirlər. Hər hansı tərəf nikahın pozulmasına etiraz etmir və barışıq üçün əlavə vaxt istəməyəcəkdir. 2. Tərəflər qəbul edirlər ki, bir-birinə qarşı hər hansı əmlak tələbləri olmayacaqdır. 3. Tərəflər razılaşır ki, Maraqlı şəxs adında olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, 4041-ci məhəllə, 16A ünvanında yerləşən 29 saylı mənzil Maraqlı şəxs müstəsna mülkiyyəti olaraq qəbul edilir. 4. Tərəflər razılaşır ki, Ərizəçi adında olan ünvan 2 ünvanında yerləşən 84 saylı mənzil Ərizəçi müstəsna mülkiyyəti olaraq qəbul edilir. Barışıq sazişinin imzalanmasından artıq 10 gün müddəti keçmişdir və sazişdə göstərilən öhdəliklər icra edilməmişdir. Odur ki, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(011)- 6116/2024 nömrəli qətnaməsinə əsasən Maraqlı şəxs və Ərizəçi arasında mediator X3 tərəfindən təsdiq edilmiş 16 may 2024-cü il tarixli MŞB/16/2024-00718 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunması qət edilmişdir.
4. Qətnamə onunla əsaslandırılmışdır ki, barışıq sazişi Ərizəçi və Maraqlı şəxs tərəflərindən icra olunduğu üçün və tərəflər barışıq sazişinin icrasından yayınmadıqlarından barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir.
Apellyasiya instansiyası məhkəməsində icraat
5. Ərizəçi qətnamədən şikayət verərək ləğv edilib, 16 may 2024-cü il tarixli MŞB/16/2024 00718 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun tərəfindən Maraqlı şəxs barışıq sazişinin şərtlərinin icrası məqsədilə pretenziya məktubu göndərilmişdir, lakin Maraqlı şəxs ‘Mediasiya haqqında qanunda’ nəzərdə tutulmuş müddətin keçməsinə baxmayaraq hələ də icra etməmişdir. ‘Mediasiya haqqında qanunun 34-cü maddəsində göstərilir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında mübahisənin olması nəzərə alınmadığından qətnamənin əsassız olduğunu hesab edir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər;
8. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: Maddə 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması üçün müraciətin prosessual əsası MPM-nin 355-23.1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsidir.
10. MPM-nin 355-23.1-ci madldəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
11. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
12. Normaların məzmunundan göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır.
13. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır.
14. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrində qeyd edildiyi kimi, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
16. Hazırkı barışıq sazişi ilə tərəflər arasında olan mübahisə həllini tapmışdır, hər hansı bir qeyri – müəyyənlik, həmçinin, icrası nəzərdə tutulan hər hansı bir şərt mövcud deyildir. Bu sazişin mahiyyəti ondan ibarətdir ki, tərəflərin bir – birinə əmlak tələbləri olmayacaqdır, hər bir tərəf digərinin mülkiyyətində olan daşınmaz əmlakın onun müstəsna mülkiyyəti kimi qəbul edir.
17. Göründüyü kimi, hazırki barışıq sazişinin şərtləri özü-özlüyündə bir növ mövcud vəziyyətin saxlanılmasına, yəni ər-arvadın hüquqi rejiminin faktiki vəziyyətdə təsbitinə (hüquqi müəyyənliyə) yönəlmişdir.
18. Belə olan halda isə, sazişin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin nədən ibarət olması aydın deyildir. Ərizəçi ərizəni bu istiqamətdə ümumiyyətlə əsaslandırmamışdır.
19. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları nəzərə almamış, əsassız olaraq ərizəyə mahiyyəti üzrə hüquqi qiymət vermişdir. Çünki, barışıq sazişinə mahiyyəti üzrə baxılması nəticəsində sazişinin təsdiq olunmasından imtinanın əsasları MPM-nin 355-26.1-ci maddəsində qeyd olunmuşdur və hazırkı iş üzrə həmin əsaslardan hər hansı biri (barışıq sazişinin və ya onun bir hissəsi qanuna zidd olması, sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılması) mövcud deyildir.
20. Yuxarıda da qeyd edildiyi kimi, MPM-nin 355-23.1-ci maddəsi müvafiq ərizə ilə məhkəməyə müraciət etmənin əsaslarını müəyyən edir. Yəni, qərardadın 10-cu bəndində qeyd olunan şərtlər mövcuq olmadıqda şəxsin məhkəməyə müraciət etmək üçün əsasları yaranmır, belə vəziyyətdə isə ərizəyə məhkəmədə baxılması mümkün deyildir.
21. Qeyd edilən şərtlər mövcud olmadıqda ərizəyə baxılması MPM-nin 5.1-ci maddəsinin tələbinə də ziddir. Həmin normanın tələbinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
22. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(011)-6116/2024 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(011)-6116/2024 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev