Məhkəmə qərarları › İş №2(103)-5039/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5039/2021

14.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5039/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Elxan Şərifovun, direktoru Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilin təhvil verilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” ilk və Cavabdeh1 MMC-nin cavabdeh X4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı 2(004)-212/2021 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məsim qızı cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi və iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında aldığı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, müqavilə üzrə öhdəliklərin yerinə yetirilərək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilin tam təmirli olaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, qanunsuz və əsassız olaraq ondan alınmış 40 000 manat məbləğində ödənişin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə görə əsassız olaraq əlavə ödənilmiş 40 000 manat vəsaiti qanunsuz saxladığına görə həmin məbləğə illik 5 faiz hesablanmaqla 2000 manat pul vəsaitinin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi, 01.10.2019-cu il tarixdən məhkəmə qətnaməsi qəbul edilən günə qədər hər ay üçün 500 manat olmaqla kirayə haqqının Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilin vaxtında təhvil verilməməsinə görə mənəvi zərərin əvəzi olaraq 100 000 manatın Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Məsim qızı onunla “Cavabdeh1 MMC arasında notarial qaydada bağlanmış 02 aprel 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzili 30.000 manata almışdır. Aralarında olan razılığa əsasən mənzil ona tam təmirli olaraq satılmışdır. Belə ki, bu binada olan bütün mənzillər təmirli olaraq satılır. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı Cavabdeh1 MMC daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib qiyməti ilə razılaşdığı vəziyyətdə 01 oktyabr 2019-cu il tarixinədək alıcının faktiki sahibliyinə verməli idi. Lakin binanın tikintisi başa çatmasına baxmayaraq, satıcı Cavabdeh1 MMC öz üzərinə düşən öhdəliyi yerinə yetiməyərək heç bir əsaslı səbəb göstərilmədən bu günə qədər mənzili ona təhvil verməmişdir. Belə ki, dəfələrlə şifahi qaydada danışıqlar aparsalarda da, cavabdeh onun mənzilə daxil olmağına şərait yaratmamış, mənzilin əsassız olaraq ona təhvil verilməsindən imtina etməklə onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Nəticədə cavabdehin təqsiri ucbatından 01.10.2019-cu il tarixdən kirayədə yaşamağa məcbur olmaqla maddi zərərə məruz qalmışdır. Onun çəkdiyi maddi zərərin birbaşa səbəbkarı cavabdeh olduğundan sonuncu tərəfindən bu zərər tam olaraq ona ödənilməlidir. Cavabdeh1 MMC ilə aralarında notarial qaydada bağlanmış 02 aprel 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi 6 saylı Notarait Kontorunda bağlanmış və o, mənzilin dəyərini 30 000 manatı notariusun “xxxx” ASC-nin Sahil Filialında olan depozit hesabına ödəmişdir və bu barədə ona qəbz verilmişdir. Lakin, 02 aprel 2019-cu il tarixdə Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri onu aldadaraq əlavə 40000 manat ödəniş etməli olduğunu və nəticədə ona 2 otaqlı deyil, 4 otaqlı mənzil verəcəklərini bildirmişlər. O, cavabdehin verdiyi vədə inanaraq əlavə 40000 manat ödəniş etmişdir. Lakin, cavabdehin vəzifəli şəxsləri ödənişi vergidən yayınmaq üçün notariusun depozit hesabına deyil, onların öz hesabına ödəməli olduğunu bildirmişlər. O isə cavabdehin yalan vədlərinə inanaraq 40 000 manatı nağd qaydada cavabdeh şirkətə ödəyib və bu barədə kassa mədaxil orderi tələb etmiş və almışdır. Heç bir hüquqi əsas olmadan ondan alınmış 40 000 manat pul cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh1 MMC-nin vəzifəli şəxslər ilə onu Bakı şəhəri Cavabdeh2 vəzifəli şəxsləri tanış etmişlər. Belə ki Sovetski adlanan ərazidə onun mülkiyyətində ünvan 1 ünvanda 3 saylı mənzil olmuşdur. Həmin mənzili alqı-satqı müqaviləsinə əsasən 70200 manata Bakı şəhəri Cavabdeh2 dövlət nəfinə almışdır. Bu zaman o, həmin pula ev ala bilməyəcəyini bildirdikdə İcra Hakimiyyətinin məsul şəxsləri onu “Cavabdeh1’ MMC ilə tanış etmişlər və orada ucuz mənzil ala biləcəyini bildirmişlər. Nəticədə yuxarıda qeyd etdiyi mənzili almış və alqı-satqı baş tutmuşdur. Lakin, ucuz mənzil alacağına inanaraq aldadılmışdır, belə ki, 70000 manat pul ödəyərək 2 otaqlı mənzili belə əldə edə bilmir. Məcbur qalaraq bir müddəl qohumlarının evlərində, daha sonra kirayədə yaşayır. Hesab edir ki, cavabdehin təqsiri ucbatından kirayədə yaşadığından çəkdiyi xərclər cavabdehdən tutularaq ona ödənilməlidir. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirab və sarsıntılar keçirmiş, bu səbəbdən cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi kimi 100 000 (yüz min) manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, 2019-cu ilin oktyabr ayından etibarən o, dəfələrlə cavabdehin qanunsuz hərəkətləri nəticəsində günlərlə, saysız hesabsız şəkildə cavabdehin olduğu ünvana gedib-gəlmişdir, cavabdehlə danışıqlar aparmış, vaxt itirmişdir və əsəbi gərginlik keçirmişdir. Bütün bunlar ona əsəb və stres yaşatmış, o, uzun müddət psixoloji gərginlik altında olmuş, onu daha da əsəbləşdirmiş, keçirdiyi iztirabı daha da dərinləşdirmişdir. Bunlar da onun şüurunda müəyyən mənfi psixi reaksiyalara səbəb olmuşdur. Həmçinin, Cavabdeh1 MMC cavabdeh İddiaçı Məsim qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Məsim qızı ilə Cavabdeh1 MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilin alqısatqısına dair 02 aprel 2019-cu il tarixli, AN-i ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd olunan mənzilin iddiaçıya verdiyi 30 000 manat məbləğində pul vəsaitinin geri qaytarılması yolu ilə Cavabdeh1 MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə Azərbaycan Respublikası Mənzi X7 tabeliyində olan “xxxx” MMC arasında sosial evlərin tikintisi ilə əlaqədar 30.07.2017-ci il tarixli “İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” MMC-nin təqdim etdiyi, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanındakı 0.17 ha torpaq sahəsində 3 yaşayış binasının “xxxx” MMC tarəfindən 30.12.2018- ci il tarixədək tikilməsi, 1 binanın “xxxx” MMC-yə təhvil verilməsi, digər 2 bina üzrə mənzillərin satışının isə tikintini aparan “xxxx”MMC tərəfindən həyata keçirilməsi nəzərdə tulmuşdur. Tikinti işləri aparılarkən 50 faiz payla “xxxx” MMC-nin təsisçisi olmuş Potsyus Pavilas özünə məxsus ******* ABŞ dolları məbləğində pulu tikintinin aparılması üçün MMC-nin digər təsisçisi Elçin Ələkbərova vermişdir. Aralarında olan razılaşmaya uyğun olaraq təqdim edilən sərmayə əsasında binalar inşa edilib onlara düşən binalardakı mənzillər satıldıqdan sonra qoyulmuş sərmayə qaytarılmalı və əldə olunmuş gəlir yarı bölünməli olmuşdur. “xxxx” MMC-nin təsisçisi Litva Respublikasının vətəndaşı Potsyus Povilas və Mənzil X10 Azərbaycan Respublikasının Baş Prokurorluğuna “xxxx” MMC-nin təsisçisi Elçin Ələkbərovun qanun pozuntularına yol verməsi barədə daxil olmuş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nin sabiq direktoru X21 təsisçi Elçin Ələkbərovla əlbir olaraq sonuncunun tapşırığı ilə 18 oktyabr 2018-ci il tarixdə X11 28 nömrəli binanın 25-ci mənzilini, 26 avqust 2019-cu il tarixdə isə X3 28 nömrəli binanın 6-cı mənzilini müvafiq olaraq 65000 və 75000 manat müqabilində sataraq, notarial qaydada təsdiq edilən ‘Daşınmaz əmlakın alqısatqısı” müqavilələrində isə yalandan olaraq hər bir mənzilin satış qiymətinin 30000 manat olmasını göstərmişdir. Bundan başqa, yatırdığı sərmayənin əvəzini ala bilmədiyinə görə narazı qalan “xxxx” MMC-nin digər təsisçisi Potsyus Povilasın hüquq mühafizə orqanlarına şikayətinin qarşısını almaq üçün Mail İbadov əlbir olduğu Elçin Ələkbərovun tapşırığına əsasən 15 may 2018-ci il tarixli müqavilələrlə X5 və X2 adına rəsmiləşdirilmiş ümumilikdə 150 092 manat dəyərində olan 20 və 24 saylı mənzilləri, 5 iyul 2018-ci il il tarixdə X1 adına rəsmiləşdirilmiş ümumilikdə 178858,35 manat dəyərində olan 65 və 68 saylı mənzilləri, 4 oktyabr 2018-ci il tarixdə X14 və X12 adına rəsmiləşdirilmiş ümumilikdə 60000 manat dəyərində olan 31 və 36 nömrəli mənzilləri 20 dekabr 2019-cu il tarixli müqavilələrlə Potsyus Povilasın adına da rəsmiləşdirmişdir. Beləliklə göründüyü kimi, “xxxx” MMC-nin təsisçisi X13 və X21 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirdiyindən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni nənafelərinə mühüm zərər vurduğundan, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyindən əməllərində külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə səlahiyyətlərindən sui-stifadə və vəzifə saxtakarlığı cinayətlərinin tərkib əlamətləri müəyyən edilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Mənzil X10 və Potsyus Povilasın müraciətləri əsasında toplanmış 02/2-7839-20 nömrəli material üzrə X13 və X15 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.3.2, 308 1 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və cinayət işi üzrə ibtidai istintaqın aparılması Baş idarənin İstintaq idarəsinə həvalə edilmişdir. Qeyd olunanlardan və iddiaçının iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı da digər şəxslər kimi “xxxx” MMCnin sabiq rəhbərliyinin cinayətkar niyyətlərinin qurbanı olmuş, iddiaçını aldatma yolu ilə, yəni sonuncu ilə notarial qaydada alqı-satqı müqaviləsi bağlayaraq 30000 manat əldə etdikdən sonra 2 otaqlı mənzili 4 otaqlı mənzilə əvəz etmək vədi verərək dələduzluq yolu ilə əlavə olaraq 40000 manat məbləğində vəsaiti qanunsuz olaraq ələ keçirmişlər. Halbuki, qeyd olunmalıdır ki, iddiaçıya vədd olunan 4 otaqlı mənzil “xxxx” MMC-nin tikdiyi binaların heç birində mövcud deyildir. Ümumiyyətlə MMC tərəfindən tikilən binalar sosial evlər olduğu üçün həmin binalarda otaqların sayı 3-dən çox deyildir. Başqa sözlə desək, iddiaçı ilə alqısatqı müqaviləsinin uydurma əqd kimi, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasında əsas məqsəd “xxxx” MMC-nin pul vəsaitlərinin dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirməkdən ibarət olmuşdur ki, bu əqd də əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməlidir. Alqı-satqı müqaviləsinin etibarsız olmasına dəlalət edən hallardan biri kimi alqı-satqı yolu ilə satılan 62,6 kv.m sahəsi olan tam təmirli mənzilin 30000 manat məbləğə satılmasını qeyd etmək olar. Məlum məsələdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında yerləşən sosial təmirli mənzillərin 1 kv.m sahəsinin 1000 manatdan aşağı olması qeyrimümkündür və bazar qiymətlərinə ümumiyyətlə uyğun deyil. Bu faktı xxxx-nın rəsmi internet saytına daxil olmaqla da görmək olar. Belə ki, həmin internet saytından aydın görünür ki, xxxx-nın həyata keçirdiyi sosial evlər layihəsində 3 otaqlı təmirli mənzillərin qiyməti 60000 - 62000 manat civarından başlayır. İddiaçının aldığı 30000 manat dəyərində isə 3 otaqlı deyil, yalnız 1 otaqlı mənzilləri əldə etmək olar. Qeyd olunanlardan aydın olur ki, iddiaçı ilə “xxxx” MMC-nin sabiq rəhbərliyi arasında bağlanmış alqı-satqı müqaviləsi mənzilin alqı-satqısının həyata keçirilməsi məqsədi ilə deyil, MMC-nin pul vəsaitlərinin dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirməkdən ibarət olmuşdur. Buna sübut kimi, MMC-nin sabiq rəhbərliyinin iddiaçıya əlavə olaraq 40000 manat pul müqabilində təqdim etdikləri saxta kassa mədaxil orderlərini də göstərmək olar. Belə ki, iddiaçıya təqdim edilən kassa mədaxil orderi qanunvericiliyin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada ciddi uçot hesabat blankında deyil, özünə uyğun qaydada tərtib edilən formada olmuş və üzərində MMC-nin rəsmi möhürü əvəzində sənədlər üçün ştamp ilə təsdiq edilmişdir. Həmin iddiaçının əlavə verdiyi 40000 manat pul vəsaiti isə MMC-nin hesabına mədaxil edilməmiş, sabiq rəhbərliyi tərəfindən dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirilmişdir ki, bunun da nəticəsi olaraq iddiaçı cavabdeh “xxxx" MMC-nin sabiq rəhbərliyi barəsində istintaq olunan cinayət işi üzrə zərərçəkmiş kimi tanınmalı və həmin fakta da cinayət mühakiməsi müstəvisində qiymət verilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilin daxili təmir işləri, su, elektrik, istilik xətləri, mətbəx mebeli, avadanlıq və daxili qapılar olmaq şərti ilə İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, Cavabdeh1 MMC-dən 2000 (iki min) manat məbləğində mənəvi zərərin, 1,20 manat (bir manat iyirmi qəpik) dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilk iddia qalan hissədə, qarşılıqlı iddia isə tam rədd edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” MMC ilə xxxx-nın tabeliyində olan “xxxx” MMC arasında sosial evlərin tikintisi ilə əlaqədar 30.07.2017-ci il tarixli “İnvestisiya sahəsində birgə sahibkarlıq fəaliyyəti haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “xxxx” MMC-nin təqdim etdiyi, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanındakı 0.17 ha torpaq sahəsində 3 yaşayış binasının “xxxx” MMC tərəfindən 30.12.2018-ci il tarixədək tikilməsi, 1 binanın “xxxx” MMC-yə təhvil verilməsi, digər 2 bina üzrə mənzillərin satışının isə tikintini aparan MMC tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Tikinti işləri aparılarkən 50 faiz payla “xxxx” MMC-nin təsisçisi olmuş Potsyus Pavilas özünə məxsus ******* ABŞ dolları məbləğində pulu tikintinin aparılması üçün MMC-nin digər təsisçisi Elçin Ələkbərova vermişdir. Aralarında olan razılaşmaya uyğun olaraq təqdim edilən sərmayə əsasında binalar inşa edilib onlara düşən binalardakı mənzillər satıldıqdan sonra qoyulmuş sərmayə qaytarılmalı və əldə olunmuş gəlir yarı bölünməli olmuşdur. “xxxx” MMC-nin təsisçisi Litva Respublikasının vətəndaşı Potsyus Povilasın və Mənzil X10 Azərbaycan Respublikasının Baş Prokurorluğuna “xxxx” MMC-nin təsisçisi Elçin Ələkbərovun qanun pozuntularına yol verməsi barədə daxil olmuş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-nin sabiq direktoru X21 təsisçi Elçin Ələkbərovla əlbir olaraq sonuncunun tapşırığı ilə 18 oktyabr 2018-ci il tarixdə X11 28 nömrəli binanın 25-ci mənzilini, 26 avqust 2019-cu il tarixdə isə X3 28 nömrəli binanın 6-cı mənzilini müvafiq olaraq 65000 və 75000 manat müqabilində sataraq, notarial qaydada təsdiq edilən “Daşınmaz əmlakın altı-satqısı” müqavilələrində isə yalandan olaraq hər bir mənzilin satış qiymətinin 30000 manat olmasını göstərmişdir. Beləliklə göründüyü kimi, “xxxx” MMC-nin təsisçisi X13 və X21 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirdiyindən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üztünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi ilə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurduğundan, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etdiyindən əməllərində külli miqdarda ziyan vurmaqla dələduzluq, vəzifə səlahiyyətlərindən sui- istifadə və vəzifə saxtakarlığı cinayətlərinin tərkib əlamətləri müəyyən edilmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikasının Mənzil X10 və Potsyus Povilasın müraciətləri əsasında toplanmış 02/2-7839-20 N-li material üzrə 16 iyul 2020-ci il tarixdə X13 və X15 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmış və cinayət işi üzrə ibtidai istintaqın aparılması Baş idarənin İstintaq idarəsinə həvalə edilmişdir. Eyni zamanda, cinayət işi üzrə təqsirləndirilən şəxs X13 barəsində müvafiq məhkəmənin qərarı ilə həbs, X21 barəsində isə başqa yerə getməmək barədə iltizam qətimkan tədbirləri seçilmişdir. Qeyd olunanlardan aydın olur ki, “xxxx” MMC-nin sabiq cinayətkar rəhbərliyin cinayət əməllərində digər epizodlarla yanaşı mənzillərin faktiki olaraq baha qiymətə satmasına baxmayaraq daha sonra öz cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə görünüş üçün eyni mənzillərin notarial qaydada alqı-satqısını 2 dəfə aşağı qiymətlə bağlanması olmuşdur. Bu da həmin notarial qaydada bağlanmış müqavilələrin etibarsızlığına əsas olan halların yaranmasına səbəb olmuşdur. Başqa sözlə desək, iddiaçı ilə alqı-satqı müqaviləsinin uydurma əqd kimi, yəni ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasına əsas məqsəd “xxxx” MMC-nin pul vəsaitlərinin dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirməkdən ibarət olmuşdur ki, bu əqd də əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməlidir. İddiaçı X8 cavabdehlər "xxxx” MMC-yə və Bakı şəhəri Cavabdeh2nə qarşı müqavilə əsasında aldığı Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması, müqavilə üzrə öhdəliklərin yerinə yetirilərək qeyd olunan mənzili tam təmirli olaraq ona təhvil verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması və digər tərəbləri barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində 2020-ci ildə iddia qaldırıldığı vaxtda “xxxx” MMC onun sabiq cinayətkar rəhbərliyi ilə iddiaçı arasında bağlanmış 2 aprel 2019-cu il tarixli. AN-i ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin mövcud olmasından xəbərdar olmuşdur ki, bu hal da əqdin etibarsızlığı ilə bağlı 1 illik müddətin ötürülməməsinə dəlalətədir. Lakin təəssüflər olsun ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmadan və məsələyə düzgün hüquqi qiymət vermədən 1 illik müddətin keçməsi qənaətinə gəlmişdir. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış 01.04.2019-cu il tarixli müqavilədə mənzilin dəvəri 79189 manata razılasdırılmasına baxmayaraq, tərəflər arasında həmin mənzil barəsində notariat qaydasında müqavilə bağlandığından, həmin müqavilə qüvvədə olduğundan və eyni zamanda iddiaçının həmin mənzil üzərində xüsusi mülkiyyət hüquqları qabaqcadan dövlət qeydiyyatına alındığından iddiaçı müqavilə notariat qaydasında bağlandığı andan həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Məhkəmənin qətnamə qəbul edərkən belə bir qənaətə gəlməsi, yəni hazırda mübahisələndirilən eyni mənzilə dair eyni vaxtda iki fərqli müqavilənin bağlanması və həmin müqavilələrin eyni vaxtda qüvvədə olmasının qəbul etməsi başa düşülən deyil və heç bir məntiqə sığmır. Halbuki, qeyd olunan fakt bilavasitə əməldə cinayət əlamətlərini özündə əks etdirən tərkibin mövcud olmasından xəbərdar edir. Belə ki, Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanmasında əsas epizodlardan biri kimi eyni mənzillər ilə bağlı eyni vaxtda iki fərqli müqavilələrin mövcud olması olmuşdur. Məhz bu səbəbdən də “xxxx” MMC iş üzrə məhkəmə araşdırmasının tam, hərtərəfli və obyektiv aparılması məqsədi ilə bu fakta cinayət mühakimə icraat qaydasında hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxararaq bu barədə cinayət işi üzrə ibtidai istintaq aparan Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilməsi barədə vəsatət təqdim etmiş, lakin birinci isntansiya məhkəməsi tutarlı əsas gətirmədən vəsatəti təmin etməmişdir. Eyni zamanda, hazırda mübahisələndirilən mənzilə dair eyni vaxtda iki müqavilənin, həm alqısatqı müqaviləsinin, həm də ki podrat müqaviləsinin mövcud olması müqavilənin hər hansı birinin uydurma əqd kimi heç bir hüquqi nəticə yaratmadan yalnız görünüş üçün bağlanmasına dəlalət edir ki, bu da yalnız həmin alqı-satqı müqaviləsi ola bilər. Çünki, həmin müqavilənin etibarsız olmasına dəlalət edən hallardan biri kimi alqı-satqı yolu ilə satılan 62,6 kv.m sahəsi olan tam təmirli mənzilin 30000 manat məbləğə satılmasını qeyd etmək olar. Məlum məsələdir ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında yerləşən sosial təmirli mənzillərin 1 kv.m sahəsinin 1000 manatdan aşağı olması qeyri-mümkündür və bazar qiymətlərinə ümumiyyətlə uyğun deyil. Bu faktı xxxx-nın rəsmi internet saytına daxil olmaqla da görmək olar. Belə ki, həmin internet saytından aydın görünür ki, xxxx-nın həyata keçirdiyi sosial evlər layihəsində 3 otaqlı təmirli mənzillərin qiyməti 60000 - 62000 manat civarından başlayır. İddiaçının aldığı 30000 manat dəyərində isə 3 otaqlı deyil, yalnız 1 otaqlı mənzilləri əldə etmək olar. Həmçinin, alqı-satqı müqaviləsində göstərilən məbləğin mənzilin dəyərinə uyğun olmadığını, yəni hüquqi nəticə yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığını tərəflər arasında bağlanmış 1 aprel 2019-cu il tarixli fərdi müqavilə belə təsdiq edir. Həmin Müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 m2 olan 52 saylı mənzilin tikintisini öhdəsinə götürmüşdür. Mənzilin satış qiyməti 79189 manata razılaşdırılmışdır. Məhkəmə qətnaməsindən görünür ki, məhkəmə mübahisə predmeti olan mənzilin dəyərinin 1 aprel 2019-cu il tarixli müqaviləyə əsasən 79189 manat olduğunu, həmin dəyərinin 30000 manat hissəsini notarial qaydada alqı-satqı müqaviləsi bağlanan zamanı bankın depozit hesabı vasitəsi ilə nağdsız qaydada iddiaçı tərəfindən “xxxx” MMCyə ödənildiyini, qalan 40000 manat hissəsini isə sonradan nağd qaydada ödənildiyini, qalan 9189 manat hissəsinin isə iddiaçı tərəfindən bu günədək “xxxx” MMC-yə ödənilmədiyini qəbul etmişdir. Bununla bağlı, bildiririk ki, mənzilin dəyərinin 30000 manat hissəsinin “xxxx” MMC-nin bank hesabına ödənildiyi sübut olunsa da, 40000 manat hissəsinin isə ödənilməsinə dair məhkəməyə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə isə iddiaçının 40000 manat ödənişin həyata keçirilməsi ilə bağlı təqdim etdiyi kassa mədaxil orderi qanunsuz və əsassız olaraq sübut kimi qəbul etmişdir. Halbuki, iddiaçıya təqdim edilən kassa mədaxil orderi qanunvericiliyinin tələblərinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada ciddi uçot hesabat biankında deyil, özünə uyğun qaydada tərtib edilən formada olmuş və üzərində MMC-nin rəsmi möhürü əvəzində sənədlər üçün ştampı ilə təsdiq edilmişdir. Həmin 40000 manat pul vəsaiti isə MMC-nin bank hesabına mədaxil edilməmiş, sabiq rəhbərliyi tərəfindən dələduzluq yolu ilə qanunsuz olaraq ələ keçirilmişdir ki, bunun da nəticəsi olaraq iddiaçı “xxxx” MMC-nin sabiq rəhbərliyi barəsində istintaq olunan cianyət işi üzrə zərərçəkmiş kimi tanınmalı və həmin fakta da cinayət mühakiməsi müstəvisində qiymət verilməlidir. Bundan başqa, qeyd olunmalıdır ki, yuxarıda göstərilən məsələlərin, yəni eyni mənzilə dair iki müqavilənin mövcud olması, qanunla nəzərdə tutulmuş qaydada kassa mədaxil orderinin verilməməsi və iş üzrə əhəmiyyət kəsb edən digər halların aydınlaşdırılması və obyektiv məhkəmə araşdırıılmasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 MMC-nin təsisçiləri X13 və Potsyus Povilas, MMC-nin direktoru X15 şahiq qismində məhkəmə baxışına dəvət edilməsinə dair vəsatət təqdim edilsə də, məhkəmə bu dəfə də vəsatəti əsassız olaraq təmin etməmişdir ki, bu fakt da məhkəmənin iş üzrə düzgün, obyektiv və hərtərəfli araşdırma aparmaq niyyətində olmadığını bir daha sübut edir. Bundan əlavə, məhkəmə qətnaməsində göstərmişdir ki. məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliklərinin təhlükəlik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə isin sair diqqətəlaiq hallarını nəzərə alaraq mənəvi zərərin məbləğinin 2000 manat məbləğində müəyyən olunmasını ağlabatan və ədalətli hesab edir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin təmsilçiləri hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə iddiaçı və digər cavabdehin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüququ normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın Cavabdeh1 MMC-yə qarşı qismən təmin olunması və qarşılıqlı iddianın rədd edilməsi hissələrində yoxlanılır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanılmış 02 aprel 2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzil Cavabdeh1 MMC tərəfindən İddiaçı Məsim qızına 30000 manata satılmışdır. İddiaçı Məsim qızı ilə Cavabdeh1 MMC arasında bağlanmış “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında” 01 aprel 2019-cu il tarixli fərdi müqavilədən görünür ki, Cavabdeh1 MMC Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 4-cü mərtəbə, 2 otaqlı, ümumi sahəsi 62.6 m2 olan 52 saylı mənzilin tikintisini öhdəsinə götürmüşdür. Mənzilin satış qiyməti 79189 manata razılaşdırılmışdır. “xxxx” ASC-yə məxsus 01 aprel 2019-cu il tarixli ödəniş orderindən görünür ki, İddiaçı Məsim qızı tərəfindən alqı-satqı müqaviləsi üzrə 30000 manat ödənilmişdir. 02 aprel 2019-cu il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı Məsim qızı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzil üçün 40000 manat pul ödənilmişdir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzil üzərində İddiaçı Məsim qızının xüsusu mülkiyyət hüququ qabaqcadan qeydiyyata alınmışdır. 01 sentyabr 2019-cu il tarixli yaşayış sahəsinin kirayəsi haqqında müqavilədən görünür ki, X6 tərəfindən ünvan 4 ünvanlı ev İddiaçı Məsim qızına aylıq 500 manat məbləğə kirayə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia üzrə iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə sahiblik və istifadə hüququnun tanınması hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə həmin hissədə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən torpaq sahəsi (üzərindəki tikilmiş və ya tikintisi başa çatmayan tikinti obyektləri də daxil olmaqla) ilə bağlı hər hansı hüququn əldə edilməsinə yönəlmiş tələbləri təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi barədə təminat qeydi aparıla bilər. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydinin aparılmasının xüsusiyyətləri bu maddənin tələbləri nəzərə alınmaqla, bu Məcəllənin 144-1-ci maddəsində müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, X8 ilə Cavabdeh1 MMC arasında mübahisəli mənzilin əldə edilməsinə dair notarial qaydada müqavilə bağlandığından və ilk iddia üzrə iddiaçının həmin mənzilə hüququnun qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığından Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə sahiblik və istifadə hüququnun məhkəmə qaydasında tanınması barədə iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən qalan hissədə ləğv edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Mülki işin materiallarından göründüyü kimi tərəflər öz iradə ifadələri ilə müqavilə bağlamış və hər bir tərəf müqavilənin şərtləri ilə razı olduqlarını ifadə etmək üçün müqaviləni şəxsən imzalamışlar. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbində etibarsız hesab edilməsi tələb edilən müqavilə bağlanarkən Mülki Məcəllənin şərtlərinə əməl olunmuş və həmin əqdin etibarsız sayılmasına hər hansı əsaslar mövcud deyildir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əqdi mübahisələndirmək üçün mülki qanunvericiliklə müəyyən edilmiş bir illik müddəti ötürmüşdür. Bu səbəbdən, birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-in cavabdeh X4 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Bundan əlavə Məhkəmə kollegiyası ilk iddianın mübahisəli mənzilin təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi və mənəvi ziyanın tutulması hissəsində qismən təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, mübahisəli mənzilin satışı təklifində mənzilin tam təmirli və mebellə satılması göstərilmiş, iddiaçı həmin təkliflə razılaşmış və bu şərtlərlə tərəflər arasında müqavilə bağlanmışdır. 01.04.2019-cu il tarixli müqavilənin 2.1-ci bəndinə əsasən podratçı olan Cavabdeh1 MMC müqavilədə göstərilən bütün şərtləri icra edib 6 ay müddətində sifariçi X4 Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8 ünvanında, 28 saylı bina, 2-ci giriş, 2 otaqlı, ümumi sahəsi 62.6 kv.m olan 52 saylı mənzili daxili təmir işləri, su, elektrik, istilik xətləri, mətbəx mebeli, avadanlıq və daxili qapılar olmaq şərti ilə təhvil verməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq hal-hazıradək qeyd edilən mənzil iddiaçıya təhvil verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınmasının təmin edilməsi hissəsində ləğv edilməli və ilk iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(004)- 212/2021 saylı qətnaməsi qismən – ilk iddianın Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 8, bina 28, giriş 2, 52 saylı mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınmasının təmin edilməsi hissəsində ləğv edilsin. İlk iddia ərizəsi həmin hissədə təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar