Məhkəmə qərarları › İş №2(103)-5051/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5051/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5051/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “TuranBank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(009)-984/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müracəit edərək, ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda istifadədə olan 0.050464 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 432.6 kv.m. ümumi, 215,9 kv.m. yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə dair qiymətləndirmənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(009)-984/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin hakimi Namidar Misirzadə tərəfindən çıxarılmış 02.11.2015-ci il tarixli, 2(011)-699/2015 saylı qətnamədə qeyd edilmişdir ki, ipoteka müqaviləsinə əsasən əmlakı 1.000.000 (bir milyon) manat dəyərində qiymətləndirilmişdir. Hərrac zamanı əmlakının 780.000 qiymətləndirilməsi onda böyük narazılıq yaratmışdır. Axı iddiaçı və tələbkar olan «TuranBank» açıq səhmdar cəmiyyətinin iştirakı ilə mütəxəssis rəyi və müvafiq qaydalar əsasında əmlakın 1.000.000 manat qiymətləndirildiyi halda bu məbləğ necə ola bilər ki, 780.000 manat kimi qiymətləndirilir. Bu qiymətləndirilmə hansı qurumun, hansı mütəxəssisin rəyi və mülahizəsi əsasında dəyərləndirilmişdir. İşin obyektiv həlli üçün fərdi yaşayış evinin dəyərinin qiymətləndirilməsinə dair məhkəmə əmtəəşünaslıq, məhkəmə tikinti inşaat və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilməklə daşınmaz əmlakın real dəyəri müəyyən edilməlidir. O, izahat verməkdən məhrum edilməklə məhkəmə prosesi onun və nümayəndənin iştirakı olmadan keçirilmiş, bununla da çəkişmə prinsipi pozulmuşdir. İşə baxan məhkəmə bütün bu halları nəzərə almadan kobud prosessual qanun pozuntuları ilə qətnamə çıxarmışdır. Məhkəmə iclasında üçüncü şəxs “TuranBank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmamışdır. Apellyasiya isntansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsinə dair ekspert rəyi alınması barədə qərardad qəbul edilmiş, rəyin verilməsi “xxxx» MMC-yə həvalə edilmişdir. “xxxx»MMC-nin 26 saylı, 10.04.2015-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, ünvan 2 ünvanda istifadədə olan 0.050464 ha torpaq sahəsində yerləşən, 2 mərətəbəli, 432,6 kv.metr ümumi, 215,9 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri, ünvan 1 ünvanda istifadədə olan 0,050464 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 432.6 kv.metr ümumi, 215,9 kv.metr yaşayış sahəsindən ibarət 6 otaqlı fərdi yaşayış evinin bazar dəyərinin 780000 manat təşkil etməsi müəyyən edilmişdir. Beləliklə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmeti olan iddiaçıya məxsus əmlakın ilkin satış qiyməti məhkəmə tərəfindən müəyyən edilməklə qətnamədə göstərilmişdir, ona görə də, iddiaçını qeyd olunan dəlili əsassızdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Əvvəla, iddiaçı mübahisələndirilən fərdi yaşayış evinə dair qiymətləndirmənin ləğv edilməsini tələb etsə də bununla bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı vardır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.11.2015-ci il tarixli, 2(011)-699/2015 nömrəli qətnaməsi ilə mübahisəli fərdi yaşayış evinin dəyəri 1.000.000 (bir milyon) manat deyil, 780000(yeddi yüz səksən min) manat müəyyən edilmişdir. Həmin işdə evin qiymətləndirilməsi keçirilmiş və “xxxx” MMC-nin 10.04.2015-ci il tarixli rəyi ilə evin dəyəri 780000(yeddi yüz səksən min) manat müəyyən edilmişdir. İpoteka müqaviləsində evin dəyərinin 1.000.000 (bir milyon) manat olduğu göstərilə bilər. Lakin “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələbinə əsasən həmin işdə yenidən qiymətləndirmə keçirilərək ipoteka predmetinin ilkin satış qiyməti 780000(yeddi yüz səksən min) manat müəyyən edilmişdir. İddiaçı bu qiymtədən narazı idisə həmin işdə bunu mübahisələndirə bilərdi, lakin mübahisələndirməmiş, hazırki yeni iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə aktı ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Çünki, mübahisələndirilən fərdi yaşayış evinin ilkin satış qiymətinin qanuniliyi həmin məhkəmə aktı ilə təsdiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərardadı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktı ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni qiymətləndirmənin etibarlı olması, həmin qiymətləndirmə rəyində göstərilən qiymətlə evin hərraca çıxarılmalı və tutmanın ipoteka predmetinə yönəldilməli olduğu və s. hallar qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bu baxımdan qiymətləndirmənin ləğv edilməsi tələbi də açıq-aşkar əsassız olduğundan şikayət təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(009)- 984/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar