Məhkəmə qərarları › İş №2(103)-5054/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5054/2022

20.07.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5054/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(001)-1071/2022 saylı iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı icarə obyektinin boşaldılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin tələblərinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq əvvəlki vəziyyətdə İddiaçı təhvil verilməsi, qətnamə icra olunanadək əldə çıxmış faydaya görə hər ay 2000 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizə ilə müraciət edərək, iddianın əldən çıxmış fayda hissəsində cavabdehdən onun xeyrinə 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 manatın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyriyaşayış sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Bakı şəhərində Cavabdeh ilə arasında imzalanmış müqaviləyə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyi-yaşayış sahəsi cavabdehə icarəyə verilmişdir. xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin 9-cu maddəsinə görə, icarəçi icarə müddəti bitdikdən sonra icarəyə götürdüyü sahəni əvvəlki vəziyyətdə icarəyə verənə qaytarmağı öz öhdəsinə götürür. Müqavilənin müddətinin bitməsindən 1 ay keçmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi ona təhvil verilməmişdir. Tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə ərizə ilə müraciət olunmuş, müqavilənin müddətinin uzadılmayacağına dair məlumat verilmiş və xx.xx.2021-ci il tarixədək qeyri-yaşayış sahəsinin əvvəkli vəziyyətində təhvil verilməsi tələb olunmuşdur. xx.xx.2021-ci il tarixdə qeyi-yaşayış sahəsinin xx.xx.2022-ci il tarixdən etibarən yenidən icarəyə verilməsinə dair yeni icarəçi Məmmədov Vüsal Məmmədqulu oğlu arasında müqavilə imzalanmış, lakin xəbərdarlıq olunmasına baxmayaraq qeyriyaşayış sahəsinin cavabdeh tərəfindən təhvil verilməməsi səbəbi ilə onun tərəfindən öhdəliyini icra etmək mümkün olmamış və əldə olunacaq faydadan məhrum olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(001)-1071/2022 saylı iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh əldən çıxmış faydanın əvəzi olaraq 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 (altı min) manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsinin boşaltması və əvvəlki vəziyyətdə İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi və ya iş üzrə icraata xitam verilməsi barədə yeni məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Ona görə ki, qeyd olunan sahə xx.xx.2016-ci il tarixli icarə müqaviləsi əsasında ona aylıq 500 manata icarəyə verilmiş, ötən müddət ərzində icarə haqqının artırılması barədə tərəflər arasında hər hansı mübahisə və narazılıq mövcud olmamış, o, orada VÖEN alıb sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq idman sağlamlıq mərkəzi kimi istifadə etmişdir. Pandemiya ilə əlaqədar bir çox sahələr, o cümlədən idman zalları bağlanılmış, nəticədə isə fəaliyyət göstərmədiyi və qazanc əldə edə bilmədiyinə görə aylıq kirayə haqlarını ödəyə bilməmiş və maddi zərərə uğramışdır. Bundan başqa, o, hər iki tərəfin fərdi sahibkar olması barədə sübutu məhkəməyə təqdim edib sahibkarlıqla bağlı mübahisələrə kommersiya məhkəmələrində baxılmalı olması barədə rəsmi qaydada ərizə ilə məhkəməyə müraciət etsə də, onun həmin ərizəsinə məhkəmə ümumiyyətlə hüquqi qiymət verməmişdir. İddiaçının ona pretenziya məktubu iddia ərizəsi məhkəməyə veriləndən sonra çatmış, o, iddiaçının icarə münasibətləri ilə bağlı təmsil etdiyi şəxslə dəfələrlə danışıb obyektin təhvil götürülməsini təklif etsə də, həmin şəxs iddiaçının ərinin razılığını gözlədiyini bildirmişdir. Məhkəməyə iddianı verəndən sonra pretenziya göndərməyin nə adı var. Obyekti istəyirsənsə, gəl obyektinə yiyə dur. Bundan başqa, qeyri-yaşayış sahəsi formal olaraq iddiaçının adına bağlanılmış, iddiaçı həmin qeyri-yaşayış sahəsinin yerini də bilmir. Həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, nədəki ondan sonrakı müddətdə iddiaçını tanımamış və görməmişdir. İddiaçının onun bağladığı icarə müqaviləsində aylıq icarə haqqının məbləği 500 manat olduğu halda, məhkəmənin hansı əsasla aylıq 2000 manat icarə haqqını əldən çıxmış fayda kimi tutması qanunvericiliyin tələblərinə zidd olmaqla işin hallarına uyğun gəlmir. Məhkəmə ən azından araşdrımayıb ki, iddiaçının təqdim etdiyi icarə müqaviləsi formal görüntü naminə bağlanılıb. İcarə obyekti boşaldılmadan hansı sahibkar hansısa sahəni icarəyə götürmək istəyər, ağlabatan deyil. Məhkəmə araşdırmır ki, həmin müqavilədə icarəyə götürən Vüsal Məmmədov adlı şəxsin ümumiyətlə sahibkarlıq fəaliyyəti ilə məşğul olamsı üçün VÖEN-ni varmı? Məhkəmənin heç bir araşdırma aparmadan yalnız formal bağlanılmış icarə müqaviləsinə istinad etməsi qondarma və ədalətsiz qətnamənin qəbul edilməsinə əsas olmuşdur. Belə çıxır ki, tərəf həmin müqavilədə 10000 manat da yazsaydı məhkəmə həmin məbləği əldən çıxmış fayda kimi ondan tutmalı idi? Birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin kommersiya mübahisəsi olmasını, hər iki tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, qeyri-yaşayış sahəsinin mübahisənin məhkəmə araşdrıması dövründə artıq iddiaçıya təhvil verilməsini, dəfələrlə təklif edilməsinə baxmayaraq iddiaçının sahəni yerində qəbul etmədiyini və digər sübutları araşdırmamış, birtərəfli qaydada işə baxaraq qərəzli və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(001)-1071/2022 saylı iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı (İsmayılov Amin İsmayıl oğlu-nümayəndəsi) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixədək 500 manat aylıq icarə haqqı ödəmək şərti ilə “icarəçi” Cavabdeh icarəyə vermişdir. İş materiallarında olan İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Cavabdeh ünvanlanmış İcarə müqaviləsinin müddətinin uzadılmamasına dair ərizənin surətindən görünür ki, xx.xx.2016-cı il tarixli icarə müqaviləsinin uzadılmaması barədə və icarəyə verilmiş qeyri-yaşayış sahəsinin təhvil verilməsi bildirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı (İsmayılov Amin İsmayıl oğlu-nümayəndəsi) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixədək 2000 manat aylıq icarə haqqı ödəmək şərti ilə “icarəçi” Məmmədov Vüsal Məmmədqulu oğluna icarəyə vermişdir. İcarə müqaviləsinin xx.xx.2022-ci il tarixdə qüvvəyə minməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 704.1-ci maddəsinə əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. "Broniovski Polşaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporroq və Lonnrotun İsveçrəyə qarşı» məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunan qanunvericiliyin normalarını əsas götürərək məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 316.7 kv.m olan qeyri-yaşayış sahəsini boşaldaraq, müqavilədə nəzərdə tutulan qaydada əvvəlki vəziyyətdə İddiaçı təhvil verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Məhkəmə kollegiasi iddianın əldən çıxmış fayda hissəsində cavabdehdən onun xeyrinə 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 manatın ödənilməsi hissəsində qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı digər şəxslə qeyd edilən əmlakın icarəyə verilməsinə dair müqavilə bağlamış və həmin müqavilədə aylıq icarə haqqı 2000 manat qeyd edilmişdir. Cavabdeh müqavilə üzrə nəzərdə tutulan qaydada və müddətdə icarə predmeti olan əmlakı təhvil verməməsi səbəbindən, iddiaçı real əldə edə biləcək gəlirlərdən məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Belə olan halda məhkəmə haqlı olaraq qeyd etmişdir ki, əldən çıxmış faydanın əvəzi, yəni 2022-ci ilin yanvar, fevral və mart ayları üzrə hər ay 2000 manat olmaqla, cəmi 6000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Eyni zamanda, kollegiya apellyasiya şikayətinin hazırki mübahisənin ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olması barədə dəlilə münasibətdə isə qeyd edir ki, tərəflərin sahibkar kimi VÖEN-ə malik olması hələ o demək deyil ki, hazırki mübahisə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Hazırki halda isə tərəflərdən hər ikisinin sahibkar kimi VÖEN-ə malik olsa da, mübahisə təflərin hər ikisinin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(001)-1071/2022 saylı iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(001)-1071/2022 saylı iş üzrə 25 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar