Məhkəmə qərarları › İş №2(103)-5060/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5060/2025

06.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5060/2025 06.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-2951/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Sadə yazılı formada bağlanan xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 qəsəbəsində, Maştağa yolu ünvanında yerləşən fərdi yaşayış evini 30.000 manata X2 almışdır.

2. 21.01.2020-ci il tarixli “Əmanət Müqaviləsi”nə əsasən X3 26.000 manatı 12 ay müddətinə illik 12%-lə "xxxx" ASC-yə əmanət qoymuşdur.

3. Sabunçu Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş gəlinidir. Oğlu 2014-cü ildə ailə qurmuş və 2022-ci ildə nikahı pozulmuşdur. Hazırkı cavabdeh ərə gələrkən iddiaçıya məxsus ünvan 1 ünvanı köçmüşdür. İddiaçı özünə məxsus evi 70.000 manata satdıqdan sonra oğlu və gəlininə 20.000 manat pul vermiş və onlar Zabrat qəsəbəsində ev almışlar. Digər oğlu Arifə də 20.000 manat pul vermişdir. Özü isə Bələdiyyə sənədi ilə Sabunçu rayonu, A.Atabayev (Novaya) küçəsində 30.000 manat fərdi yaşayış evi almışdır. Lakin bir müddət sonra cavabdeh onun pulu ilə alınmış evi sataraq onun yaşadığı evə köçmüşlər. Hazırda cavabdehin nikahı pozulsa da o, iddiaçının evindən çıxmır və iddiaçıya da həmin evdə yaşamağa imkan vermir. Bu səbəbdən də iddiaçı həmin evin dəyərinin cavabdeh alınması üçün məhkəməyə müraciət etmişdir.

6. İddiaçı məhkəmə iclaslarında bildirmişdir ki, cavabdeh onun keçmiş gəlinidir. Cavabdehin isə hazırda yaşadığı mənzil onun mənzilidir. O, həmin mənzili öz evini sataraq almışdır. Lakin cavabdeh onu həmin mənzildə yaşamağa qoymur. Bu səbəbdən mənzilə dair verdiyi pulu geri tələb edir. Hazırkı mənzil alınan vaxt başqa mənzildə yaşamışdır. Lakin bir müddət mübahisəli mənzildə yaşasa da sonradan problemlər olmuş deyə evdən çıxmışdır.

7. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, o, ailə qurarkən iddiaçıya məxsus evə gəlin köçüb. Sonradan həmin ev satılıb. Ev satıldıqdan sonra keçmiş həyat yoldaşına 20.000 manat pul verilib. Qalan pulu isə iddiaçı digər oğlu ilə birgə götürüb Ramana qəsəbəsində ev alıblar. Onlar isə Zabratda ev alıb. Zabratdakı evi 30.000 manata alsalar da, həmin pulun 20.000 manatı iddiaçının oğlu, qalan 10.000 manatı isə onun atası vermişdir. Hətta o, qızıllarını sataraq həmin evi təmir ediblər. Daha sonra Zabratdakı evləri çox balaca olduğuna görə, həm də uşaqlar böyüdüyündən, təxminən 2 il sonra həmin evi satmışlar. Keçmiş yoldaşı pulu banka qoymuş və onlar kirayədə yaşamağa başlamışlar. Həmin dövrdə keçmiş həyat yoldaşına ipoteka düzəltməyi söz vermişdilər. Həmin növbəni gözlədikərinə görə bir il kirayədə yaşayıblar. İpoteka düzələndən sonra bankdakı pulu götürərək 55.000 manat dəyərində ev alınmalı idi. Lakin bir gecənin içində onu boşanmaq adı ilə atasının evinə göndəriblər. İki həftə sonra barışmaq üçün, ailə dağılmasın deyə yenidən kirayədə yaşadığı mənzilə qayıdıb. O, evə qayıdanda keçmiş həyat yoldaşı əlində sənədlərlə gəlib ki, anasının adına ev alıb və ona bildiriblər ki, razılaşmaq istəmirsə, uşaqları da götürüb getməlidir. O da ailəsi dağılmasın deyə razılaşıb evdə qalmışdır. İki həftə sonra keçmiş həyat yoldaşı qaynanası ilə birlikdə hazırkı evi 26.000 manata almış və onlar 2020-ci ildə hazırkı mübahisəli evə köçmüşlər. Həmçinin bildirmişdir ki, iddiaçı heç vaxt həmin evdə yaşamayıb. Sadəcə 2 il bundan əvvəl gəldi ki, birgə yaşamaq istəyir. O da razılaşmış, 3 ay ərzində birgə yaşayandan sonra aprel ayında öz istəyi ilə əşyalarını yığıb və getmişdir. İddiaçını evdən qovmamışdır. O, razı olmasa da, keçmiş həyat yoldaşı evi öz anasının adına aldı. Ev alınandan orada özü yaşayır. İddiaçı digər oğlu ilə Ramanada olan evdə yaşayırdı. 30.000 manatı bankdan iyun-iyul ayında götürüblər ki, sentyabrda ev alsınlar. Mənzildən çıxarılma ilə bağlı məhkəmədə iş olmuş, lakin iddiaçı sonra o işə baxılmasını istəməmişdir. Evi 33.000 manata almışlar. Sonra o evi də 33.000 manata sataraq pulu Banka qoymuşdular.

8. Məhkəmə iclasında Şahid qismində ifadə verərək bildirmişdir ki, o, ev alqısatqısı ilə məşğuldur. İddiaçının oğlu Fərid ona müraciət edərək ev axtardığını bildirib. O da ev tapdıqdan sonra onlara məlumat verib. Fərid pulu ödəyərək evi alıb.

9. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 2951/2025 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədova) iddia ərizəsi təmin edilməmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əmlakın ona məxsus olduğunu bildirmiş və cavabdehin onu mənzildə yaşamağa imkan vermədiyini bildirsə də cavabdehə qarşı mənzilə bağlı iddia qaldırmaq əvəzinə cavabdehdən mənzilin pulunu tələb edir. Halbuki, iddiaçı cavabdehə hər hansı bir məbləğdə pul verməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı özünə məxsus evi satdıqdan sonra 20.000 manat pulu oğlu Fərid İbrahimova vermiş və sonuncu tərəfindən 2016-cı ildə 30.000 manata yeni ev alınmışdır. Hazırkı mübahisəli ev isə həmin ev satıldıqdan sonra alınan evdir.

11. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəmədə öz iddia tələblərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir mötəbər, tutarlı sübut təqdim etməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 158.1.2, 164, 165.1, 385.1, 442, 739.1, 1096.1-ci maddələrinə, X9 Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 82, 106.3, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı cavabdehdən pul geri tələb etmək kimi iddia qaldırmamışdır. Burada iddia cavabdehin törətdiyi deliktə görə (özbaşınalıq) iddiaçıya dəymiş ziyan barədədir. Məhkəmə isə bunu pulun geri tələb edilməsi kimi təqdim etməklə iddianın rədd edilməsi kimi yanlış əsas qoymuşdur. Cavabdeh hazırda zəbt etdiyi evin iddiaçı tərəfindən 30.000 manat alınmasını təsdiq etsə də, guya ki, atasının 10.000 manat verməsi barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı tərəfindən MPM-nin 76,77 və 88ci maddələrinə əməl edilərək şahid dəvət edilmiş və şahid işin hallarını təsdiq etmişdir. Lakin məhkəmə burada təhrifə yol vermişdir. Belə ki, şahid bildirdi ki, evi Fəridlə birgə gələn Raziyə xanım alıb. Bu, həmçinin, tərəfindən məhkəmə təqdim edilən Bələdiyyə tərəfindən verilmiş sənədlə təsdiq edilir. Cavabdeh tərəfindən davam edən özbaşınalıq səbəbindən iddiaçının mənzilə daxil ola bilməməsi səbəbindən iddiaçının iddia qaldırması üçün iddiaçı ilə cavabdeh arasında borc münasibətləri olmalı deyildi. Tamamilə yanlış olaraq məhkəmə yazır: “Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı məhkəmədə öziddia tələblərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir mötəbər, tutarlısübut təqdim etməmişdir.” Halbuki, iddiaçının mənzili 30.000 manata almasını həm dinləndirilmiş şahid, həm hətta cavabdeh təsdiq etmişdir. Bundan başqa, məhkəmə iclasında cavabeh özü bildirdi ki: “Bu evdən çıxmaq fikrim yoxdur. Ev mənim uşqalarımındır” Həmçinin, məhkəməyə təqdim edilmiş Sabunçu rayon 12-ci PŞ-ndən arayışdan görünür ki, iddiaçı ilə cavabdeh arasında münaqişə mövcuddur. Beləliklə, məhkəmə iddiaya baxış zamanı iddiaçı və cavabdehin, həmçinin şahidin izahatı ilə təsdiq edilmiş materialları, həmçinin məhkəməyə təqdim edilmiş sənədləri inkar edərək bununla da MPM-nin 76, 77.1, 88-ci maddələrini pozmuş, bununla da MPM-nin 385-387-ci maddələrini pozaraq qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Hazırkı işdə iddia təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Hazırda iddiaçı onun pulu ilə alınmış evdə cavabdehin yaşadığına, oğlu ilə nikahları pozulsa da, iddiaçının evindən çıxmadığına, cavabdehin özbaşınalığı səbəbindən iddiaçının mənzilə daxil ola bilməməsinə istinad edərək cavabdehdən 30.000 manat məbləğində pul tələb edir və tələbinin hüquqi əsası kimi mülki hüquq pozuntusu (delikt) ilə bağlı mülki qanunvericiliyin normalarına istinad edir.

23. Qeyd edilməlidir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması, əməlin təqsirli olaraq törədilməsi, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması və zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması.

24. Cavabdehin bildirdiklərinə görə, iddiaçı həmin evdə onunla 3 ay ərzində birgə yaşayandan sonra öz istəyi ilə əşyalarını yığıb getmiş, o, iddiaçını evdən qovmamışdır. İddiaçı onun mənzildən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmiş, lakin sonra həmin işə baxılmasını istəməmişdir.

25. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan da görünür ki, iddiaçı cavabdehə qarşı “mənzildən çıxarılma” tələbi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixdə nümayəndəsi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən, cavabdehin hər hansı hüquqa zidd, təqsirli hərəkət, yaxud hərəkətsizliyi nəticəsində iddiaçıya 30.000 manat məbləğində ziyan dəyməsi müəyyən edilmir.

27. İddiaçının sahibi hesab etdiyi fərdi yaşayış evindən iradəsinə zidd məhrum edilməsi sahibliyin müdafiəsi haqqında iddianın irəli sürülməsinə əsas ola bilər.

28. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

29. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 2951/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar