Məhkəmə qərarları › İş №2(103)-507/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-507/2025

22.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-507/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: cehiz, qızıl-zinət əşyaları tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaları dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2524/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “qızıl-zinət və ev əşyalarının dəyərinin müəyyən edilməsi” barədə hesabatına əsasən, bir ədəd qab Fantaziya komplekt 14 qram 585 əyar 1400 manat dəyərində, dörd ədəd üzük 6 qram 585 əyar 350 manat dəyərində, bir ədəd sırğa 8 qram 585 əyar 850 manat dəyərində, bir ədəd tək sırğa 6 qram 585 əyar 650 manat dəyərində, bir ədəd komplekt sırğa 11 qram 585 əyar 1000 manat dəyərində, bir ədəd üzük 9 qram 585 əyar 800 manat dəyərində, bir ədəd ət maşını (eurolux) 200 manat dəyərində, bir ədəd tost makinası (eurolux) 40 manat dəyərində, bir ədəd madonna servis 125 manat dəyərində, bir ədəd blendir (eurolux) 40 manat dəyərində, iki ədəd kondinsoner (toshiba) 2000 manat dəyərində, bir ədəd böyük xalça merinos 300 manat dəyərində, bir ədəd kiçik xalça merinos 200 manat dəyərində, yorğan-döşək 200 manat dəyərində, bir ədəd qazan dəsti (unico) 100 manat dəyərində, bir ədəd elektrik somavarı (eurolux) 100 manat dəyərində, bir ədəd video kamera (sony) 200 manat dəyərində və bir ədəd foto aparat (sony)150 manat dəyərində olmaqla ümumilikdə 8705 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçının iştirakı ilə mənzildən əşyaların boşaldılması həyata keçirilmişdir. İş materiallarına qızıl-zinət əşyalarının görüntüsünü əks etdirən fotoşəkillər təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının və ya onların dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, Cavabdeh İddiaçı xeyrinə 18 adda qeyd olunan əmlakların: 1. bir ədəd qab Fantaziya komplekt 14 qram 585 əyar 1400 manat dəyərində, 2. dörd ədəd üzük 6 qram 585 əyar 350 manat dəyərində, 3. bir ədəd sırğa 8 qram 585 əyar 850 manat dəyərində, 4. bir ədəd tək sırğa 6 qram 585 əyar 650 manat dəyərində, 5. bir ədəd komplekt sırğa 11 qram 585 əyar 1000 manat dəyərində, 6. bir ədəd üzük 9 qram 585 əyar 800 manat dəyərində, 7. bir ədəd ət maşını (eurolux) 200 manat dəyərində, 8. bir ədəd tost makinası (eurolux) 40 manat dəyərində, 9. bir ədəd madonna servis 125 manat dəyərində, 10. bir ədəd blendir (eurolux) 40 manat dəyərində, 11. iki ədəd kondinsoner (toshiba) 2000 manat dəyərində, 12. bir ədəd böyük xalça merinos 300 manat dəyərində

13. bir ədəd kiçik xalça merinos 200 manat dəyərində, 14. Yorğan-döşək 200 manat dəyərində 15. bir ədəd qazan dəsti (unico) 100 manat dəyərində, 16. bir ədəd elektrik somavarı (eurolux) 100 manat dəyərində, 17. bir ədəd video kamera (sony) 200 manat dəyərində, 18. bir ədəd foto aparat (sony) 150 manat dəyərində, ümumi 8705 manat natura şəklində alınaraq verilməsi və ya 8705 manat əmlakların dəyərinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiacı İddiaçı Cavabdeh ilə rəsmi olaraq xx.xx.2006-cı il tarixdə Suraxanı rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Cavabdeh tərəfindən İddiaçı qarşı nikahın pozulması tələbi üzrə iddia qaldırmışdır, halhazırda e-2(010)1241/2024 saylı mülki iş Suraxanı Rayon Məhkəməsinin icraatındadır. Bununla yanaşı, iddiaçı gəlin köçərkən yuxarıda adları qeyd olunan özünə məxsus cehiz əşyalarını cavabdehin yaşadığı ünvana gətirmişdir. Münasibətləri pozulduqdan sonra qeyd olunan əmlaklar hal-hazıradək həmin evdədir. Cavabdeh evə çəkilən xərcin ona düşən hissəsini və əmlakları verməkdən imtina edir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbində qeyd edilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçı evdən gedərkən qızılları aparıb, lakin sonra cavabdeh iddiaçıdan zorla qızılları geri alıb. Bir braslet və bir sepi cavabdeh iddiaçıya qaytarıb. İş materillarında olan qızıl-zinət əşyalarının şəkillərini iddiaçı cavabdehin evində çəkmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, qeyd etdi ki, tələb ediln qızıl-zinət əşyalarının hamısını iddiaçıya qaytarmış, digər əmlakları isə ev satılarkən iddiaçı tərəf özü yığıb aparmışdır. Bundan əlavə evi satandan sonra iddiaçıya 37000 manat pul da ödəmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirdi və qeyd etdi ki, iddia tələbində qeyd olunan əmlakların heç biri cavabdehdə deyildir. Qızıl-zinət əşyalarını cavabdeh aparmışdır. Digər əmlaklar isə ev satılan zaman aparılmışdır. Hətta ev satılan zaman da cavabdeh tərəfindən hallalıq məqsədilə iddiaçıya 37 000 (otuz yeddi min) manat məbləğində pul verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2524/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə iddia tələbində qeyd olunan qızıl-zinət əyşalarına münasibətdə qeyd etmişdir ki, iddiaçı hazırki tələbdə cavabdehlə ailə münasibətləri pozulduqdan sonra cavabdehin ona məxsus olan qızıl-zinət əşyalarını ondan geri aldığını bildirir. Tələbin əsası kimi qızıl-zinət əşyalarının görüntüsünü əks etdirən fotoşəkilə isitnad edir və bildirir ki, həmin fotoşəkil cavabdehin evində çəkilmişdir və qızıl-zinət əşyaları onda qalmışdır. İddiaçı tərəf izahatında bildirmişdir ki, (iddiaçının vəkili və nümayəndəsi Vəkil1) əvvəl iddiaçı evi tərk edərkən qızılları özüylə aparsa da, sonradan onları cavabdehə qaytarmışdır. İddiaçının nümayəndəsi və vəkili M.D. Hacıyev cavabdehin evində olarkən isə cavabdeh fotoşəkildə əks olunan, qutunun içərisində olan qızılları ona göstərmiş, həmin qızılların şəkilini çəkəndən sonra isə qızılları təhvil verməkdən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin qeyd olunan hissəsinə dair dəlilləri ilə razılaşmır və hesab edir ki, iddiaçının bildirdikləri inandırıcı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bir dəfə cavabdehin evinə gəlmiş, həmin vaxtı digər ev əşyaları iddiaçı tərəfindən daşınmışdır. İşə əlavə edilən xx.xx.2024-cü il tarixi qeyd edilmiş fotoşəkillərdən görünür ki, həmin tarixdə müftəlif məişət əşyaları cavabdehə məxsus evdən daşınmış, eyni zamanda təhvil verilən əşyaların arasında iki ədəd zinət əşyası da olmuşdur. Belə olan halda, cavabdehin iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının iddiaçının nümayəndəsinə göstərməsi, onların şəklinin çəkilməsinə şərait yaratması, sonra isə onları verməkdən imtina etməsi ağılabatan deyil. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən həmin fotoşəkilə (iş materialı, səhifə 11) nəzər saldıqda görünür ki, həmin şəkil 16.43-də Whatsap proqramı vasitəsi ilə göndərilmişdir. Deməli, həmin şəkil nümayəndə tərəfindən çəkilməmiş, digər şəxs tərəfindən ona göndərilmişdir. Bütün bu deyilənlərə əsasən, məhkəmə o qənaətə gəlir ki, tələb edilən qızıl-zinət əşyaları cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Məhkəmə iddia tələbinin cehiz (məişət) əşyaları hissəsinə münasibətdə isə bildirmişdir ki, iddiaçı həmin əşyaların cavabdehin evində qaldığını bildirsə də, lakin iş materillarında olan fotoşəkillər və tərəflərin izahatı zamanı müəyyən edilmişdir ki, tərəflər yaşadığı həmin ev satılan zaman iddiaçı həmin əşyaları evdən boşaldaraq aparmışdır. Eyni zamanda fotoşəkillərdən daha sonra evin boş vəziyyətdə olduğu, yalnız divarda kondisionerin qaldığı müəyyən edilir, hansı ki ev satılarkən həmin kondisionerlə birgə satılmışdır. Bundan başqa, həmin əşyaların cehiz əşyaları olması da sübut olunmur. Belə ki, iddiaçı tələbində bildirir ki, xx.xx.2006-cı ildə nikaha daxil olmuş, gəlin köçərkən həmin əşyaları cavabdehin yaşadığı ünvana gətirmişdir. Tələb edilən həmin əşyaların məhz cehiz əşyaları olması və 2006-cı ildə iddiaçı tərəfindən gətirilməsi də iddiaçı tərəfindən sübut edilməmişdir. Göründüyü kimi iddia tələbi qeyd olunan hissədə də öz təsdiqini tapmır. Məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddia tələbi tam şəkildə əsassızdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Halbuki məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyaları tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddlərinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2, 666.1, 666.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 78.1, 88, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2524/2024 saylı qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, dövlət tərəfindən tanınan hüququn rayon məhkəməsi tərəfindən rədd edilməsi və iddiaçını çıxılmaz vəziyyətə salması tam əsassız və qanuna ziddir. Belə ki, məhkəmənin iddianı təmin etmədiyi hissəyə aid əşyalar iddiaçının mülkiyyət və sərəncamına aiddir, və həmin əşyaların cavabdehdə saxlanılması qanunvericiliyin normalarına zidd olmaqla iddiaçının hüquqlarını pozaraq, məhdudlaşdırmaq deməkdir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Belə ki, iddiaçı iddianın təmin edilmədiyi hissədə göstərilən əmlakları valideynləri tərəfindən cehiz olaraq almışdır. Bu səbəbdən həmin əşyalar sırf iddiaçının mülkiyyətinə aiddir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin, məhkəmə tərəfindən sübutlar tam qiymətləndirilməmiş, ötəri baxılmışdır. Bu səbəbdən, məhkəmə prosessual hüquq normalarına riayət etməməklə tərəfindən verilən iddianı tam təmin etməmişdir. Həmin sözügedən sübutlar Cavabdeh ilə İddiaçı birgə nikahdan olan övladı X2 tərəfindən Whatsapp üzərindən səs yazıları ilə aparılmış və bütün bu səs yazıları Suraxanı Rayon Məhkəməsinə təqdim edilmişdir. Lakin, təqdim edilmiş əsaslı dəlillərə baxılmadan, həmin sübutlar içərisində olan adi bir fotoşəkilə istinad edilərək iddia təmin edilməmişdir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə heç təqdim edilən sübutlara əsaslanmamış, cavabdehin mövqeyinə əsaslanaraq qərar qəbul etmişdir. Bu isə halhazırda iddiaçını çıxılmaz və əlverişsiz mövqeyə salmaqdadır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə formal qətnamə çıxarılmış, iddiaçının konstitusion hüququ olan gözlənilən mülkiyyət hüququnun kobud şəkildə pozulmasına məhkəmə tərəfindən əhəmiyyət verilməmiş, bundan əlavə iş materilları ilə təsdiq edilən kifayət qədər saxtalaşdırılma hallarına qiymət verilməmiş və yekun olaraq iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Hesab edilir ki, təqdim edilmiş Whatsapp səs yazılarına istinad edilmədiyindən iddia təmin edilməmiş, iddiaçı çıxılmaz vəziyyətə düşmüşdür. Ona görə də, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2524/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barəsində yeni qətnamə çıxarılması xahiş edilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı rəsmi qaydada məlumat verilmiş, iddiaçı məhkəməyə teleqramm ünvanlayaraq apellyasiya şikayətini müdafiə etməsini bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi İ. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. İİİ. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Maddə 127. Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri İ.Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İddiaçı ona hədiyyə olunan qızıl-zinət əşyalarının cavabdeh tərəfindən ona verildikdən sonra sonuncu tərəfindən geri alınmasını, bunun məhkəməyə təqdim edilmiş Whatsapp səs yazıları ilə təsdiq olunmasını bildirsə də, kollegiya qeyd edir ki, iddiaçının bu tələb üzrə məhkəməyə təqdim etdiyi səs yazıları və foto görüntülər həmin əşyaların hal-hazırda cavabdehin qanunsuz sahibliyində olmasını təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, səs yazılarının mətnindən hansı əşyaların, nə vaxt, harada və kimə qaytarılmasını, foto görüntünün isə nə vaxt, harada, hansı məqsədlə, kim tərəfindən çəkilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cehiz əşyaları ilə bağlı dəlilləri üzrə qeyd edir ki, tədqiq olunan sübutlardan görünür ki, uzun müddət nikahda olan iddiaçı tələb etdiyi əşyaların nikahdan əvvəl alınaraq ona hədiyyə şəklində verilməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, tərəflərin yaşadıqları mənzil satıldığından iddiaçının özünə məxsus əşyaları mənzildən aparması faktı isə əşyalar onun tərəfindən mənzildən çıxarılarkən çəkilən foto görüntülərlə öz təsdiqini tapmışdır. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 2524/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar