Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5089/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı özgənin qanunsuz sahibliyindən mülkiyyətin müdafiəsi, qeyriyaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(003)-1448/2021 №-li qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən A tikilisinin ümumi sahəsi 68.3 kv.m. olan təsərrüfat otağının cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, həmin təsərrüfat otağının boşaldılaraq ona təhvil verilməsi və təsərrüfat otağından istifadə edilməsinə yaradılan maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən A tikilisinin üzərinə həbs qoyulmaqla həmin təsərrüfat otağından istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan olunmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(003)-1448/2021 №-li qərardadı ilə mülki iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri haqqında ərizəsi təmin olunmamışdır. İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(003)- 1448/2021 №-li qərardadından şikayət verərək qərardadın ləğv edilməsi, iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 aprel 2021-cu il tarixli, 2(005)- 1448/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək, rədd olunmasını xahiş edən cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Xəzər Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə isə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci və 158.1.2-ci maddələrinin tələbinə görə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək olar. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddianı təmin etmə tədbirinin görülməsini xahiş etmiş, lakin əmlakdan istifadə edilməsinin cavabdehə qadağan edilməsi iddia tələbinin bir hissəsini əhatə etdiyindən, hazırki vəziyyətdə mübahisənin qabaqcadan mahiyyəti üzrə həll edilməsi demək olacaqdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddianın təmini tədbiri olaraq ünvan 1 ünvanında yerləşən A tikilisinin üzərinə həbs qoyulmaqla həmin təsərrüfat otağından istifadə edilməsinin cavabdehə və digər şəxslərə qadağan olunmasına dair qərardad qəbul edilməsinə hüquqi əsaslar olmadığından, iddiaçının ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İddiaçı səlahiyyətli nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5089/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5089/2021
20.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver