Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5090/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən çıxarılma və həmin sahənin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X2 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2480/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh X4 İddiaçı xeyrinə 80000 (səksən min) manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Qətnamə icraya yönəldilmiş, icra mərhələsində borclu X7 ünvan 1 ünvanında istifadəsində olan 535 kv.m torpaq sahəsində inşa edilmiş 2 ədəd bir mərtəbəli fərdi yaşayış evini, yəni biri 175,2 kv.m tikili, digəri isə 141,5 kv.m yarımtikilini İddiaçı təhvil vermişdir. Borclunun arvadı olan Cavabdeh yazılı ərizə verərək buna öz razılığını bildirmişdir.
2. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2480/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
3. X14 xx.xx.2022-ci ildə vəfat etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh icra məmurunun xx.xx.2021-ci tarixli aktı əsasında borc əvəzinə iddiaçıya verilmiş ünvan 1 ünvanında yerləşən sahəsi 175,2 kv.m və 141,5 kv.m olan yaşayış sahələrindən, habelə 535 kv.m torpaq sahəsindən çıxarılması və həmin sahələrin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci ildə ona məxsus “Mercedes Benz” markalı avtomobili nəvəsinin kirvəsi, mərhum X6 30.000 (otuz min) manata satmış, lakin həmin avtomobilin əvəzinə natura qaydasında istifadəsində olan ünvan 1 ünvanında yerləşən həyətinin bir hissəsini, 0,25 ha torpaq sahəsini və 1 ədəd yarımçıq tikilini vermişdir. X1 müəyyən problemləri olduğuna görə xx.xx.2017-ci il tarixdə 30.000 (otuz min) manat, xx.xx.2018-ci il tarixdə 50.000 (əlli min) manat hissə-hissə borc pul almış, xx.xx.2018-ci il tarixədək borcu qaytaracağına söz vermişdir. Bundan sonra X4 avtomobilin əvəzinə aldığı 0,25 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizə ilə rəsmiləşdirmiş, Z.Hacıyev həmin ərizədə ünvan 1 ünvanında yerləşən həyətinin bir hissəsi, 0,25 ha torpaq sahəsini istifadəsinə verdiyini və gələcəkdə heç bir iddiasının olmayacağını bildirmişdir. Həmçinin, borc olaraq aldığı 80.000 (səksən min) manatı qaytara bilmədiyinə görə tərəfindən borc tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmə iclasında X7 iddia tələbini qəbul etmiş və maddi çətinliyi olduğu üçün borcu qaytarmaq imkanı olmadığını bildirmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2480/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək X4 80.000 (səksən min) manat pul vəsaitinin xeyrinə tutulması qət edilmişdir (hakim Ramilə Xəzri). Qeyd olunan qətnamə üzrə verilmiş icra sənədi əsasında Xəzər rayon icra şöbəsində müvafiq qaydada icraata başlanılmış (icra məmuru Elmir Məmmədov), borcluya verilmiş könüllü icra müddətində o, borc əvəzinə ünvan 1 ünvanında istifadəsində olan 535 kv.m torpaq sahəsində inşa edilmiş 2 ədəd bir mərtəbəli fərdi yaşayış evini, yəni biri 175,2 kv.m tikili, digəri isə 141,5 kv.m yarımtikilini iddiaçıya təhvil vermişdir. Bu barədə icra məmurlarının, hal şahidlərinin və borclu X5 iştirakı ilə xx.xx.2021-ci il tarixdə müvafiq akt tərtib olunmuş, sonuncu həmin evlə bağlı heç bir iddiasının olmayacağını bildirmiş və iddiası da olmamışdır. Borclu təhvil-təslimdən sonra fərdi yaşayış evlərinin, həyətə giriş qapısının açarlarını da iddiaçıya təhvil vermişdir. Zakir Hacıyev həmin ünvanda həyat yoldaşı ilə yaşamışdır. Hətta ev təhvil verilən zaman Zakir Hacıyev arvadı Cavabdeh evlərin və torpaq sahəsinin borc əvəzinə ona (iddiaçıya) verilməsinə etirazının olmaması barədə ərizəni də təqdim etmişdir. X7 iddiaçının nəvəsinin kirvəsi olduğuna və başqa yerdə özünə ev inşa etdirdiyinə görə müvəqqəti olaraq (təxminən bir il) həmin evlərdən birində yaşamağı xahiş etmiş, iddiaçı isə dərin ailəvi münasibətlər olduğuna görə razılıq vermişdir. Buna baxmayaraq, iddiaçı da həmin yaşayış sahələrində məskunlaşmış, hər iki evə iddiaçıya məxsus məişət avadanlıqları, geyim və s. əşyalarını yerləşdirmiş, istənilən vaxt həmin evlərə daxil olmuşdur. Hazırda da hər iki evdə ona məxsus məişət avadanlıqları, geyim və s. əşyalar vardır. O, həmin yaşayış sahələrinə məskunlaşdıqdan sonra yarımçıq tikilini tamamlamış və tam yaşayış sahəsi vəziyyətinə gətirmişdir. xx.xx.2022-ci il tarixdə X7 qəflətən öldükdən sonra onun arvadı Cavabdeh borc əvəzinə iddiaçıya verilmiş fərdi yaşayış evlərinə və torpaq sahəsinə daxil olmağına mane olmuş, giriş qapılarının açarlarını dəyişmiş və hazırda da iddiaçını həmin yaşayış sahələrinə buraxmır, bununla da onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Mübahisəli yaşayış sahəsinin qazlaşdırılması, həmin ünvanda qaz sayğacının quraşdırılması üçün xx.xx.2019-cu il tarixdə onunla "xxxx" QSC arasında müqavilə bağlanmış və tərəfindən 262 manat xidmət haqqı ödənilmişdir. Həmçinin, bildirir ki, o, hazırda ünvan 2 ünvanında pasport qeydiyyatındadır.
6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2626/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia rədd edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının mübahisəsini etdiyi mənzilə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158, 146.3, 180, 337.4, 394, 528, 529.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini müdafi etdilər və onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər.
13. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.
15. Maddə 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
18. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
19. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
20. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
21. Maddə 529.8. Tərəflərin razılaşması ilə öhdəliyə icra əvəzinə peşman haqqı verilməsi (pul ödənilməsi, əmlak verilməsi və i.a.) ilə xitam verilə bilər. Peşman haqqının miqdarını, habelə onun verilməsi müddətlərini və qaydasını tərəflər müəyyənləşdirirlər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
25. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
26. İşin mübahisəsiz halları ondan ibarətdir ki, X7 iddiaçıdan aldığı 80.000 manat məbəğində borcu qaytara bilmədiyi üçün borcun tutulması tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin 2(003)-2480/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və icra mərhələsində X14 iddiaçıdan aldığı 80.000 manat məbəğində borcu qaytara bilmədiyinə görə borcun ona məxsus ünvan 4 ünvanında yerləşən tikililərlə əvəzləşdirilməsini təklif etmiş, borclunun arvadı Cavabdeh buna öz razılığını bildirmiş və tələbkar da bu təkliflə razılaşmışdır. Bundan sonra icra məmuru tərəfindən bu məsələ aktlaşdırılmış və icra sənədinin tam icra olunduğu nəzərə alınaraq xx.xx.2021-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmiş, qərarın surəti işə baxan məhkəməyə göndərilmiş və məhkəmə tərəfindən qəbul edilərək işə əlavə olunmuşdur.
27. Apellyasiya baxışı zamanı icra işinin sənədlərinin surətləri Xəzər Rayon İcra Şöbəsindən tələb edilib öyrənilmiş və müəyyən edilmişdir ki, sözügedən icra sənədi əsasında X7 borc əvəzinə ünvan 4 ünvanında istifadəsində olan 535 kv.m torpaq sahəsində inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evini, yəni biri 175,2 kv.m olan tikili, digəri 141,5 kv.m olan yarımtikilini iddiaçıya təhvil vermişdir. Bu barədə akt tərtib edilmiş və həmin əmlaklar ona təhvil verilmiş, borclu və tələbkar icra icraatna xitam verilməsini xahiş etmişlər. Xəzər Rayon İcra şöbəsinin icra məmuru Elmir Məmmədovun xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi icra olunduğundan icra sənədinin icraatına xitam verilmişdir.
28. Hazırda iddiaçı həmin tikilidən borclunun arvadı Cavabdeh çıxarılmasını tələb edir.
29. Cavabdeh isə mübahisəli yaşayış və torpaq sahəsinin iddiaçıya heç bir aidiyyətinin olmadığına, həmin yaşayış və torpaq sahəsinin mərhum əri X5 atasına məxsus olduğuna, əri ilə birlikdə həmin yaşayış sahəsində yaşadığına, ərinin ölümündən sonra mübahisəli əmlakın cavabdehin və mərhumun qardaşı X8 və onun ailə üzvlərinin sahibliyində və istifadəsində olduğuna istinad etmişdir.
30. Birinci instansiya məhkəməsi iddiaçının mübahisəli əmlaklara mülkiyyət hüququnun olmadığına və hazırkı iddianı qaldırmağa subyektiv hüququnun yaranmadığına istinad edərək iddianı rədd etmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən tikililər daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydə alınmasa da, onlar faktiki olaraq mövcuddur və tərəflərin mübahisələndirmədiyi hal kimi cavabdehin ərinin istifadəsində olmuş, məhkəmə qətnaməsinin icrası mərhələsində sözügedən əmlaklar sonuncu tərəfindən borc əvəzi kimi iddiaçıya verilmiş, icra icraatına icra sənədi icra olunduğundan xitam verilmişdir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, ləğv edilməmişdir və hazırda qüvvədədir. Bu baxımdan, iddiaçının həmin tikililər üzərində əmlak hüquqları vardır və ona görə də həmin tikililərə daşınmaz əmlakın dövlət reyestrində qeydiyatdan keçib-keçməməsindən asılı olmayaraq “əmlak” kimi yanaşılmalı və qiymət verilməlidir.
32. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir: Həmin Qanunun 20.2, 20.4, 20.5, 20.7-ci maddəsinə görə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. İcra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır.
33. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı məhkəməyə göndərilsə də, məhkəmə hər hansı pozuntu müəyyən etmədiyindən qərarı ləğv etməmişdir. Ən azından qərarın bu günədək qüvvədə olması və heç kim tərəfindən mübahisələndirilməməsi məhkəmə kollegiyasına bu qənaətə gəlmək üçün əsas verir. Bu baxımdan icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın qüvvədə olmasına baxmayaraq hazırkı iş üzrə iddianın birinci instansiya məhkəməsi tərəfindən rədd olunması anlaşılan deyil.
34. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz əmlak hüquqlarının müdafiəsi ilə bağlı hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və birinci instansiya məhkəməsinin belə bir hüququn olmaması əsası ilə iddianı rədd etməsi qanunsuzdur.
35. Mülki Məcəllənin 158.2, 158.4-cü maddələrinin tələbinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
36. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olan tələblərini də əhatə edə bilər.
37. «Akimova Azərbaycana qarşı» işində də (iş № 19853/03.xx.xx.2008-ci il) Avropa Məhkəməsi ərizəçinin mənzilə köçməsinə dair verilmiş orderə məhz bu konteksdən yanaşaraq, onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğunu və həmin maddənin təsiri altına düşdüyünü müəyyən etmişdir.
38. «Axverdiyev Azərbaycana qarşı» işində də (iş № 76254/11. xx.xx.2015-ci il) Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də o, torpağa müdaxilə zamanı formal olaraq mülkiyyət hüququna malik olmamışdır. Bu zaman ərizəçinin torpağa mülkiyyət hüququnun əldə olunmasına dair «hüquqi gözləntisi» olmuşdur, torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər «mülki marağa» malik olmuşdur. Buna görə də həmin işdə Məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinə əsasən ərizəçinin «mülkiyyəti» olmuşdur.
39. Qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, mübahisəli əmlaklar müvafiq qaydada reyestrdə qeydə alınmasa belə, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür və iddiaçının «mülkiyyəti» hesab olunur.
40. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
41. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
42. Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
43. Cavabdehin mübahisəli tikilidə qalmağı, oradan çıxmamağı iddiaçının bir mülkiyyətçi kimi mənzilə dair hüquqlarını həyata keçirməsinə mane olur, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur.
44. Məhkəmə kollegiyası işin müəyyən edilən faktiki hallarını və sadalanan qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır (MPM-nin 385.1.1, 385.1.4-cü maddələri).
45. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Cavabdeh ünvan 1 ünvanında 535 kv.m torpaq sahəsində yerləşən sahəsi 175,2 kv.m və 141,5 kv.m olan tikililərdən (evdən) çıxarılsın və həmin sahələr boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.