Məhkəmə qərarları › İş №2(103)-5094/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5094/2023

05.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5094/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: icraata xitam, publik hüquq, mübahisənin inzibati məhkəməyə aidiyyati) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, cavabdeh (iddiaçı) Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyətin müdafiəsi, qeyri-yaşayış sahəsinin boşaldılması”, Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (nümayəndəsi) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 569 saylı sərəncamı ilə, Binə qəsəbəsi, Karqanov küçəsində yerləşən mülkün Bakı şəhəri tikinti inventarlaşdırma bürosundan Dadaşov Ağa-Əli Ağadadaş oğluna ilkin qeydiyyat vəsiqəsi verilməsinə icazə verilməsi və əlavə tikinti texniki pasportda qeydə alınması qərara alınmışdır.

2. Bakı şəhəri 31-ci dövlət notariat kontorunun verdiyi xx.xx.1993-cü il tarixli KN-1-116 reyesir nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Binə qəsəbəsi, Karqanov küçəsi ev 1 X8 adına qeydiyyatdan keçmişdir.

3. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamı ilə, Binə qəsəbəsi, N.Abbasov küçəsində yerləşən “A” yaşayış evinin 2 yaşayış otağı - 37,55 kv.m, köməkçi sahə 43,4 kv.m, torpaq sahəsində təsərrüfat tağı 19,8 kv.m, ayaqyolu-tövlə 14,8 kv.m, təsərrüfat otağı 68,3 kv.m., cəmi torpaq sahəsi 419,2 kv.m-dən ibarət olan 1 saylı mülkün ilkin hüquqi qeydiyyata alınması, həmin mülkə mərhum Dadaşev Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsindən xahiş edilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019cu il tarixli çıxarışa görə, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa görə, ünvan 2 və evə aid 0,04192 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir.

6. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbi Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

7. “Bələdiyyə torpaqlarının mülkiyyətə verilməsi haqqında” xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinə görə, Cavabdeh fərdi ev tikilməsi məqsədi ilə Binə qəsəbəsində torpaq sahəsi satılmışdır.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi 1 saylı fərdi yaşayış evi xx.xx.1993-cü il tarixdə Dadaşov Ağa-Əli Aqadadaş oğlunun adına ilkin qeydiyyatdan keçmiş, 91 saylı DNK-nin xx.xx.1993-cü il tarixli KN-1-116 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sinə əsasən X8 adına qeydə alınmış, 7 saylı DNK-nin 2v-310 reyesir nömrəli xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır və hazırda həmin şəxsin mülkiyyətindədir.

9. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi 1 saylı fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, lakin elektrik verilişi xəttinə texniki xidmət göstərilməsinə heç bir maneə törətmir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

10. Abbasova X7 Balaş Əlikram oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağının Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, həmin təsərrüfat otağının boşaldılıb ona təhvil verilməsi və təsərrüfat otağından istifadə edilməsinə yaradılan maneələrin Cavabdeh qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi və ona aid bütün tikililər 1932-ci ildən babası X5 məxsus olmuş, babası 24 oktyabr 1980-ci il tarixində vəfat etmiş, babasının vəfatından sonra ünvan 2 ünvanında yerləşən yaşayış evini o və digər vərəsələr vərəsəlik qaydasında qəbul etmişlər. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamına əsasən ünvan 2 ünvanında yerləşən “A” yaşayış evi 2 yaşayış otağı-37.55 kv.metr, köməkçi sahə 43.4 kv.metr, torpaq sahəsində təsərrüfat otağı 19.8 kv.metr, ayaqyolu-tövlə-14.8 kv.metr, təsərrüfat otağı 68.3 kv.metr, cəmi torpaq sahəsi 419.2 kv.metrdən ibarət olmaqla ilkin hüquqi qeydiyyata alınması, həmin mülkə mərhum Dadaşov Ağa-Əli Ağadadaş oğlunun adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi üzərində sahəsi 67.50 kv.metr olan ev onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hazırda mülkiyyətindədir. Çıxarışda əks olunmuş torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən texniki pasport tərtib edilmişdir. ünvan 2 ünvanında yerləşən yaşayış evinin “A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını (Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamında öz əksini tapmışdır) həmin evdə yaşayan X2 qardaşı Cavabdeh dükan kimi işlətmək üçün xahiş etmiş, müvəqqəti olaraq həmin təsərrüfat otağından Baıaı Məmmədovun istifadə etməsinə razılıq vermişdir. Lakin Cavabdeh həmin təsərrüfat otağından mülkiyyətçi olaraq onun iradəsi əleyhinə istifadə edir, orada internet klub açaraq həm onun, həm də ətrafda yaşayan insanların narahatlığına səbəb olan hərəkətlərə yol verir. Dəfələrlə Cavabdeh “A” tikilisində yerləşən evin hasarına bitişik, ümumi sahəsi 68.3 kv.metr olan təsərrüfat otağını boşaldılaraq təhvil verməsini tələb etməsinə baxmayaraq, o, tikilini boşaltmaqdan və təhvil verməkdən imtina etmişdir. Bu isə onun mülkiyyət hüquqlarını pozur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində xüsusi mülkiyyətində olan təsərrüfat otağından istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir. Bu səbəblə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş ********** nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında Dadaşova X13 mülkiyyətində olan fərdi ev olmuş, həmin evə bitişik olan istifadəyə yararsız vəziyyətdə mübahisəli tikili mövcud olmuşdur. Lalə Dadaşovanın evinə hər hansı bir aidiyyatı olmasa da 1994-1995-ci illərdə o, Lalə Dadaşovanın da razılığı ilə həmin tikilinin yerində 68.3 kv.m təşkil edən bina tikmiş, tam təmir etdirmiş və onu dükan kimi işlətməyə başlamışdır. 2000-ci ildə Lalə Dadaşova vəfat etmişdir. Onun vəfatından sonra bacısı övladları Xatirə və X11 evini İddiaçı nümayəndəsi X6 əri X1. Mübahisəli tikili həmin vaxt alqı-satqının predmeti belə olmamış, onların arasında belə bir razılıq olmamış, yalnız həyət evini və torpaq sahəsini Əlibaxış Məmmədova satmışlar. Bundan sonra tərəfindən tikilmiş, təmir olunmuş, hazıradək istifadəsində və sahibliyində olan tikilini sənədləşdirmək istəyəndə tikilinin yerləşdiyi torpaq sahəsinin Bakı şəhəri Xəzər rayonu (Əzizbəyov) Binə qəsəbəsinin mülkiyyətində olduğu ona məlum olmuşdur. Baki şəhəri Əzizbəyov (Xəzər) rayon Binə Bələdiyyəsinə muraciət etmiş, Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Binə Bələdiyyəsi ilə aralarında xx.xx.2004-cü il tarixdə alqı satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Əzizbəyov (Xəzər) rayon Binə Bələdiyyəsinin 02 iyul 2004-cu il tarixli sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov (Xəzər) rayonu Binə Bələdiyyəsinin 02 iyul 2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən torpaq sahəsi ona satılmışdır. Ona alqı-satqı müqaviləsinin bir nüsxəsi, torpaq sahəsinin cizgi xəritədən çıxarışı, Əzizbəyov (Xəzər) rayonu Binə Bələdiyyəsinin 84 sayli xx.xx.2004-cü il tarixli sərəncamı təqdim olunmuşdur. İddiaçı ona qarşı qaldırdığı iddia üzrə keçirilən məhkəmə prosesində ona məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Binə Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin üzərində tərəfindən tikilmiş, təmir olunmuş, onun istifadəsində, sahibliyində olan 68.3 kv.m olan tikilinin bir hissəsinə Əmlak Məsələlər Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsindən İddiaçı adına çıxarış verilmişdir. Çıxarışa əsas kimi Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyət Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamı göstərilmişdir. Məhkəmə mülki işi araşdırarkən ekspertiza təyin etmişdir. Mütəxəssis rəyindən da aydın olur ki, İddiaçı adına qeydiyyatdan keçmiş torpaq sahəsinin bir hissəsi onun istifadəsində və sahibliyində olan, Binə Bələdiyyəsi tərəfindən ona ayrılmış torpaq sahəsinin ərazisi ilə üst ustə düşür. Əzizbəyov Rayonu İcra Hakimiyyəti Başçısının 18 noyabr 2008-cı il tarixli sərəncamına əsasən Dadaşev Ağa-Əli Ağadadaş oğluna məxsus Binə qəsəbəsi, N Abbasov küçəsi ünvanında qeyda alınması nəzərdə tutulmuş ünvanla onun istifadəsində olan əmlak eyni deyildir, bu tikilinin Dadaşev Ağa-Əli Ağadadaş oğluna yaşayış evinə hər hansı bir aidiyyatı yoxdur. Ona görə də hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Huquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən İddiaçı adına verilmiş ********** №-li, xx.xx.2022-ci i qeydiyyat tarixli çıxarış etibarsız hesab edilməlidir. Belə ki, 2008-ci ildə Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncam verməsi qanuna uyğun deyil, çünki mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Həmin mulkiyyət üzərində sərəncam vermək hüququ da mülkiyyətçiyə məxsus ola bilər. Dadaşov Ağa-Əli Ağadadaş oğluna məxsus Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanında qeydə alınması nəzərdə tutulmuş ünvanla onun istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin üst-üstə düşməsi tamamilə absurddur, qanuna uyğun sənədləşdirilməmişdir.

14. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən sözügedən iddia tələbləri (mülki işlər) bir icraatda birləşdirilmişdir.

15. Məhkəmənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən aldığı xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, elektron kadastr məlumat bazasına əsasən **********66-10301 reyestr nömrəli, 10 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan 419 kv.m torpaq sahəsinin cənub-şərq istiqaməti tərəfdən 32 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olan 63 kv.m qeyri-yaşayış sahəsi ilə üst-üstə düşür.

16. Birinci instansiya məhkəməsinin 18 may 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağının xəritədə qeyd edilən hissəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması və həmin təsərrüfat otağının boşaldılaraq Xatirə Məmmədovaya təhvil verilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən “A” tikilisinin ümumi sahəsi 32 kv.metr olan təsərrüfat otağından istifadə ilə bağlı İddiaçı maneələrin yaradılmasının qadağan olunması, İddiaçı iddia tələbinin qalan hissədə, həmçinin Cavabdeh iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 17.1. İddiaçı mülkiyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi 1 saylı fərdi yaşayış evində xüsusi mülkiyyətində olan 68,3 kv.m təsərrüfat otağından istədiyi kimi istifadə edə, ona sahiblik edə bilmir. Cavabdeh isə həmin mülkdən çıxmaqdan imtina edir. Cavabdeh mübahisəli torpaq sahəsinin ona bələdiyyə sənədi ilə ayrıldığını bildirsə də, öz etirazını əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, onun bu dəlili məhkəmə iclasında öz təsdiqini tapmamışdır. 17.2. Mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalıdır. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması (kirayə, əvəzsiz istifadə və s.) və digər qanuni halları aid etmək olar. 17.3. Hər bir halda qeyd olunan əmlakın xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmasının işin mübahisəsiz halı olması nəzərə alınmaqla cavabdehin mübahisəli təsərrüfat otağından istifadə hüququ olmadığından Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi, 1 saylı fərdi yaşayış evinin 32 kv.m təsərüfat otağından çıxarılmalı, həmin əmlakı boşaldılaraq iddiaçıya təhvil verilməlidir. 17.4. Mübahisəli əmlakın Cavabdeh bələdiyyə tərəfindən ayrıldığını bildirsə də, iddiaçı öz dəlilini əsaslandıran hər hansı əsaslı və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı həmin mülkə dair çıxarış və texniki pasport məxsusdur.

18. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 148.2-ci, 152-ci, 157-ci, 337-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinə, Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinad etmişdir.

19. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, İddiaçı iddia tələbinin rədd, özünün iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, Bakı şəhər İcra Hakimiyyətinin Xatirə Məmmədovaya verilmiş xx.xx.2022-ci il tarixli çıxarış üçün əsas təşkil edən sərəncamı vermək səlahiyyətinə sahib olub-olmadığını araşdırmadığını, bununla bağlı verdiyi sorğulara cavab almadan əsassız qərar çıxardığını, İddiaçı məxsus əmlakla onun istifadəsində olan əmlakın eyni olmadığını nəzərə almadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

21. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, İddiaçı nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

22. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs – Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti – nümayəndəsini məhkəməyə göndərməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

25. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

26. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə.

27. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir.

28. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

30. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

31. Maddə 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

32. Maddə 387.3. Bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir.

“İnzibati icraat haqqında” Qanun

33. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

34. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

İnzibati Prosessual Məcəllə

35. Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

36. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.

37. Maddə 2.2.2. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı

38. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər).

Apellyasiya baxışının həddi

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

41. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onların rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin İddiaçı iddia tələbinin qismən təmin, Cavabdeh iddia tələbinin rədd olunması ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni İddiaçı mübahisələndirməmiş, Cavabdeh isə yalnız qeyd edilən hissələrlə bağlı apellyasiya şikayəti vermişdir. Başqa sözlə qətnamənin, İddiaçı iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi hazırkı apellyasiya baxışı çərçivəsində yoxlanılmır.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

42. İşin hallarından görünür ki, mübahisəsi gedən tikilinin yerləşdiyi 0,041920 ha torpaq sahəsi İddiaçı adına hər hansı mülki-hüquqi əqd əsasında deyil, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 861 saylı sərəncamı əsasında qeydə alınmış, İddiaçı xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışda Dövlət mülkiyyətində olduğu göstərilən həmin sahə, xx.xx.2022-ci il tarixli çıxarışla onun xüsusi mülkiyyətinə verilmişdir.

43. Beləliklə, Cavabdeh “çıxarışın etibarsız hesab olunması” tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; Cavabdeh isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (sərəncamın) qanunsuz olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinə dair inzibati orqan olan Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş çıxarış Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən tərtib edildiyi üçün həmin münasibətlər publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

44. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə Cavabdeh iddia tələbinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilməli, həmin tələb üzrə icraata xitam verilməlidir.

45. Məhkəmə kollegiyası, həmçinin MPM-in 262.3-cü maddəsinə əsasən Cavabdeh izah edir ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciəti əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə, o cümlədən müvafiq sərəncamı inzibati məhkəmədə mübahisələndirə bilər.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-39/2023 saylı iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsi “Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilsin. Cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbi üzrə icraata xitam verilsin. Cavabdeh izah olunsun ki, o, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciəti əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın qərar(lar)ından, yaxud hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə, o cümlədən müvafiq sərəncamı inzibati məhkəmədə mübahisələndirə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar