Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-51/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1804/2019 saylı mülki iş üzrə qəbul etdiyi 11 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25000 (iyirmi beş min) ABŞ dolları və 13000 ABŞ dolları faiz dərəcəsinin, cəmi 38000 ABŞ dolları pulun ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi manata məzənnəsinə uyğun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 27 kv.metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 2(006)-1804/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata məzənnəsinə uyğun manat hesabı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manatın cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi, tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 27 kv.metr olan 9 nömrəli iki otaqlı mənzilə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62000 manat müəyyən edilməklə açıq hərracda satılması, əldə olunan vəsaitdən cəmi 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 manatın İddiaçı ödənilməsi, qalan məbləğin X3 verilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 manatın cavabdeh X2 alınaraq "xxxx" MMC-yə ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X6 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Belə ki, X9 ölən gün, yəni 18.09.2018-ci il tarixdə həmin etibarnamə qüvvədən düşmüşdür. Bundan başqa iddiaçı Əsgər X4 olsa belə, o halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim edilməli idi. Lakin, iddiaçı həmin şəhadətnaməni məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməmişdir. Məhkəmənin istinad etdiyi "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə hesabatı isə ekspert rəyi deyildir və əsas kimi qəbul edilə bilməz. Bundan başqa iddiaçı əslində faizə pul verən şəxsdir və 10.06.2017-ci il tarixli kredit və ipoteka müqaviləsini bağlamaqda məqsədi, niyyəti cavabdehin əmlakına, yəni evinə yiyələnməkdən ibarət olmuşdur. Həmin borcun əksər hissəsi faiz şəklində qaytarılmış, lakin bu zaman da iddiaçı cavabdehin etibarından sui-istifadə edərək, onu aldatmış, bu barədə heç bir yazılı qəbz verməmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İş materiallarına əsasən müəyyən olunur ki, X10 (əvəzinə etibarnamə əsasında nümayəndəsi İddiaçı) ilə X6 arasında notariat qaydasında təsdiq edilmiş 10 iyun 2017-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borc alan X6 həmin tarixdə borc verən X5 25.000 ABŞ dolları məbləğində borc pul almış və borcu 10 iyul 2017-ci il tarixinədək qaytarmağı öhdəliyinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında eyni tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X3 məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzili borc verən qarşısında ipoteka ilə yüklü edilmişdir. Borc verən X10 12.09.2018-ci il tarixdə vəfat etmiş və İddiaçı, X11, X8 və X13 onun vərəsələri kimi müəyyən edilmişdir. İddiaçı bildirir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, qaytarmaqdan yayınmış və bununla da müqavilə şərtlərini birtərəfli qaydada pozmuşdur. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, əvvəla iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olubolmaması məsələsinə qiymət verilməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, kredit müqaviləsi üzrə borc verən X10 12.09.2018-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələrinin müraciəti əsasında Bakı şəhərinin notariusu X14 tərəfindən vərəsəlik işi açılmış və İddiaçı, X11, X8 və X13 vərəsələr kimi müəyyən edilmişdir. X1, X8 və X13 ayrı-ayrılıqda notariat qaydasında təsdiq edilmiş ərizələr verərək, 10 iyun 2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 ABŞ dolları pulu ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 27 kv.m 9 nömrəli iki otaqlı mənzilə yönləndirilməsinə və ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə edilmiş borcun İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirmişlər. Göründüyü kimi vərəsə İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcuddur. İddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, tərəflər arasında borc (kredit) müqaviləsinin bağlanması və iddiaçı tərəfindən cavabdehə 1 ay müddətinə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində borc verməsi yazılı qaydada tərtib olunmuş və notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsi ilə təsdiq olunur. Eyni zamanda müqavilədə göstərilən icra müddəti (pulun qaytarılması tarixi) çatmış, lakin cavabdeh tərəfindən kredit borcu ödənilməmişdir. Bu baxımdan kollegiyası hesab edir ki, iddiaçı həmin müqavilə üzrə ödənilməmiş 25000 ABŞ dolları əsas borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Eyni zamanda tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan mənzilə yönəldilərək, açıq hərracdan satılmasını və tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malikdir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin yalnız məhkəmə ekspertizası rəyi əsasında müəyyən edilməsi isə hər hansı qanunla müəyyən edilməmişdir. Eyni zamanda, "xxxx" MMC tərəfindən əmlakın qiymətləndirilməsinin həyata keçirməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə tam uyğundur. Həmçinin cavabdeh borc məbləğinin əksər hissəsini iddiaçıya qaytardığını bildirsə də, bunu təsdiq edən heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerini yetirə bilməmişdir. Bundan başqa məhkəmə aktlarının elektron bazasına əsasən müəyyən olunur ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında bağlanmış 10.06.2017-ci il tarixli kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (2(005)-380/2020 nömrəli, 03.03.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı X6 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli 2(103)- 5145/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 mart 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X6 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.12.2021-ci il tarixli 2(102)-3047/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1804/2019 saylı mülki iş üzrə qəbul etdiyi 11 iyun 2019-cu il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-51/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-51/2022
05.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver