Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5102/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC ilə cavabdeh arasında 17.03.2016-cı il tarixdə bağlanmış 197469 saylı nisyə-satqı müqaviləsinə əsasən ona “Samsung Galaxy S7edge” markalı mobil telefonun nisyə satıldığını, cavabdehin, sadə qarantiya şərtlərinə uyğun olaraq əldə etdiyi mobil telefona görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini bildirmiş, buna görə də ondan 516 manat əsas, 155 manat cərimə olmaqla ümumilikdə 671 manat (altı yüz yetmiş bir) manat borcun və 30 manat dövlət rüsumunun MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh İddiaçı xeyrinə 516 manat əsas, 15 manat cərimə olmaqla cəmi 531 manat məbləğində borcun, habelə dövlət rüsumuna görə 30 manatın, ümumilikdə 561 (beş yüz altmış bir) manatın tutulması, ekspertiza tədqiqatının dəyəri olan 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, işə səthi yanaşdığı, telefonda istehsal qüsurunun olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının vaxtı və yeri barədə cavabdehin məlum olan ünvanına göndərilən bildiriş onun həmin ünvanda yaşamadığı qeydi yazılmaqla məhkəməyə geri qaytarılmış, lazımi qaydada məlumatlandırılmış iddiaçı isə nümayəndəsini göndərməmişdir. İşin halları və şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq, işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə qətnamənin yalnız qeyd olunan hissəsini mübahisələndirmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilməmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı ilə Cavabdeh arasında 17.03.2016-cı il tarixdə müqavilə bağlanmış, MMC Cavabdeh 401 manat ilkin ödəniş, 6 ay müddətində hər ay 167 manat (sonuncu ay 165 manat) ödəməsi şərtilə qiyməti 1401 manat olan “Samsung Galaxsy S7edge” markalı telefon satmış, cavabdeh öhdəliklərini lazımı qaydada icra etməyərək borcunu ödəməkdən yayınmış, buna səbəb kimi mobil telefonun ekranında yaranmış qüsurun iddiaçı tərəfindən aradan qaldırılmamasını göstərmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza tədqiqatı əsasında müəyyən olunmuşdur ki, “Samsung Galaxy S7edge” markalı mobil telefon işlək vəziyyətdədir və onun ekran hissəsinin kristal təbəqəsində olan qüsurların (qara rəngli ləkələr) yaranma səbəbi xüsusi texniki avadanlıqlardan istifadə edilməklə aydınlaşdırıla bilər. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur. Telefonun ekranında istehsalçı qüsuru səbəbindən ləkələrin əmələ gəlməsi ilə bağlı cavabdehin irəli sürdüyü arqumentlə bağlı kollegiya qeyd edir ki, həmin halı sübut etmə yükü onun üzərinə düşsə də, o, malın qüsurlu olmasına dair iddiaçıya vaxtında müraciət (bildiriş verilməsi) etməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 583.2-ci maddəsinə əsasən, əgər alıcı müqavilə ilə qarantiya müddəti müəyyənləşdirilmiş əşyadan istifadə etmək imkanından satıcıdan asılı səbəblərə görə məhrum olarsa, qarantiya müddətinin axımı satıcı müvafiq səbəbləri aradan qaldırdıqdan sonra başlanır. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, qarantiya müddəti əşyada aşkar edilmiş qüsurlara görə ondan istifadənin mümkün olmadığı müddət qədər artırılır, bu şərtlə ki, əşyanın qüsurları haqqında satıcıya bu Məcəllənin 595-1-ci maddəsində müəyyənləşdirilmiş qaydada bildiriş verilsin. Həmin Məcəllənin 595.1-ci maddəsinə görə, alıcı alqı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. Məcəllənin 595.2-ci maddəsinə görə, bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-310/2020 saylı iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5102/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5102/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver