Məhkəmə qərarları › İş №2(103)-5106/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5106/2022

26.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5106/2022 26.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” ilk iddiasına; cavabdehin iddiaçıya qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2022-ci il tarixli qətnamədən cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, cavabdehin özünün və vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: (TƏSVİRİ HİSSƏ) a) İddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” üzrə yaranmış borcun ödənilməsi məqsədi ilə 15.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh 2018-ci ilin may ayında iddiaçıya müraciət edərək borca pul istəmişdir. İddiaçı cavabdehə imtina etməmiş, cavabdeh ilə birlikdə xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri 5 saylı Notariat Kontoruna gedərək cavabdeh ilə “Kredit müqaviləsi” bağlamış və müqavilə əsasında cavabdehə 15.000 manat məbləğində pulu borc vermişdir. Həmin müqavilə üzrə cavabdeh üzərinə öhdəlik götürmüşdür ki, aldığı borcu 6 ay müddətində qaytaracaq. Lakin buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş iddiaçıya olan borcu, iddiaçı tərəfindən ona dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq qaytarmamışdır. Bu səbəbdən, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) Qarşılıqlı iddia barədə məlumat

3. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək onunla iddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İlk iddiaya qarşı etirazı özündə ehtiva edən qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə əslində görünüş üçün bağlanmışdır. Belə ki, Türkiyə Respublikasının vətəndaşı olan cavabdeh saç ustasıdır. 2002-ci ildə işləmək üçün Bakıya gəlmiş və 2015-ci ildə iddiaçı ilə tanış olmuşdur. İddiaçının “Türk Star” gözəllik salonu var idi və o, cavabdehə, həmin salonda işləməyi, bunun əvəzində qazancının yarısını ona (iddiaçıya) verməyi, bunun üçün isə aralarında borc müqaviləsinin bağlanmasını təklif etmişdir. Cavabdeh iddiaçının təklifi ilə razılaşmış və xx.xx.2015-ci il tarixdə cavabdeh ilə iddiaçı arasında yazılı “İcarə müqaviləsi” bağlanmışdır. Aralarında olan razılığa görə iddiaçı ilə cavabdeh arasında notarial qaydada “Kredit müqaviləsi” bağlanmalı idi. Həmin vaxt cavabdehin Azərbaycan Respublikasında yaşamaq üçün icazə müddəti başa çatdığı üçün iddiaçı ilə ilk dəfə cavabdehin özü ilə deyil, arvadı (iş üzrə tərəf olmayan) X1 ilə xx.xx.2015-ci il tarixdə “Kredit müqaviləsi” bağlamışdır. Həmin müqavilədə qeyd edilmişdir ki, Z.Qənbərova iddiaçıdan guya 9.000 manat məbləğində pulu 1 ay müddətinə borc almışdır. Bundan sonra, yəni xx.xx.2016-cı il tarixdə cavabdeh özü iddiaçı ilə “Kredit müqaviləsi” bağlamışdır. Müqavilədə qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan guya 12.500 manat məbləğində pulu 4 ay müddətinə borc almışdır. Aralarında bağlanmış sonuncu müqavilə isə xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” olmuşdur. Bu müqavilədə isə qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan guya 15.000 manat məbləğində pulu 6 ay müddətinə borc almışdır. Bu müqavilə bağlandıqdan qısa bir zaman ərzində cavabdeh ilə iddiaçının münasibətləri pisləşmiş və cavabdeh iddiaçıdan icarəyə götürdüyü gözəllik salonunu iddiaçıya qaytararaq iddiaçı ilə aralarında olan iş birliyini pozmuşdur. Lakin iddiaçı hər vəchlə cavabdehin işinə maneə olmağa çalışır, ona işləməyə imkan vermir. Cavabdehə qarşı qaldırdığı əsassız iddia ilə də məqsədi cavabdehin işinə maneə olmaq və ona təsir etməkdir. Cavabdeh bildirir ki, o, Azərbaycan Respublikasının qanunlarını bilmir və iddiaçı bundan istifadə etmiş, borc müqaviləsinə imza etdirməyə nail olmuşdur. Əslində, cavabdeh, iddiaçıdan borc almamış, belə bir müqavilə bağlamaq niyyətində olmamışdır.

5. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ilk iddiaya etiraz edərək “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” ilk iddia ilə Rayon Məhkəməsinə müraciət etsə də, bu kimi iddianın irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Buna görə də, ilk iddia hər bir halda təmin edilməməlidir.

c) İlk iddia üzrə iddiaçının qarşılıqlı iddiaya olan münasibəti

7. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) qarşılıqlı iddiaya etiraz edərək işə baxmış Rayon Məhkəməsinə bildirmişdir ki, cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” görünüş üçün bağlanmamışdır. Müqavilə, onda nəzərdə tutulmuş real münasibətlərin rəsmiləşdirilməsi üçün bağlanmış və cavabdeh ondan 15.000 manat məbləğində pulu həqiqətən də borc almışdır. Buna görə də o hesab edir ki, qarşılıqlı iddia rədd edilməli, ilk iddia isə təmin edilməlidir.

8. Bundan başqa nəzərə alınmalıdır ki, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmiş və o, “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” ilk iddianı 3 illik iddia müddəti çərçivəsində, yəni heç 2 il keçmədiyi zamanda məhkəməyə vermişdir.

d) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə ilk iddianın təmin edilməsini, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan borcun ödənilməsi məqsədi ilə 15.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qarşılıqlı iddianın isə təmin edilməməsini qət etmişdir.

10. İlk iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin mövqeyi onunla əsaslandırılmışdır ki, borcalan olan cavabdeh kreditor olan iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün mülki məsuliyyət daşıyır. İlk iddia üzrə iddiaçı iddia müddətini ötürməmişdir. İlk iddia əsaslıdır.

11. Qarşılıqlı iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni isə Rayon Məhkəməsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” etibarsız deyil. Qarşılıqlı iddia əsassızdır.

e) Apellyasiya şikayəti barədə məlumat

12. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddianın təmin rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Əsasları qarşılıqlı iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.

f) Apellyasiya baxışı iclasında tərəflərin iştirakı

14. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.

15. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək şikayətinin dəlillərinə etiraz etdi və ilk iddianın məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi.

g) İş üzrə olan sübutlar

16. İşdə olan sənədlərdən görünür ki, ilk iddia üzrə cavabdeh (apellyator) Türkiyə Respublikasının vətəndaşıdır.

17. Tərələrin bildirdiklərindən müəyyən edilir ki, cavabdeh, 2002-ci ildə işləmək üçün Türkiyədən Respublikasından Azərbaycan Respublikasına gəlmiş və 2015-ci ildə Bakı şəhərində iddiaçı ilə tanış olmuşdur. İddiaçının “Türk Star” gözəllik salonu var. Onlar razılığa gəlmişlər ki, cavabdeh həmin salonda işləyəcək. xx.xx.2015-ci il tarixdə cavabdeh ilə iddiaçı arasında yazılı “İcarə müqaviləsi” bağlanmışdır.

18. Cavabdeh bildirir ki, iddiaçı ilə onun arasında razılıq olmuşdur ki, o, həmin salonda işləməli və bunun əvəzində qazancının yarısını iddiaçıya verməli idi. Bunun üçün isə iddiaçı təklif etmişdir ki, aralarında borc müqaviləsi bağlansın.

19. Cavabdeh həmçinin bildirir ki, o iddiaçının təklifi ilə razılaşmışdır. Həmin vaxt onun Azərbaycan Respublikasında yaşamaq üçün icazə müddəti başa çatdığı üçün iddiaçı ilə ilk dəfə cavabdehin özü ilə deyil, arvadı (iş üzrə tərəf olmayan) X1 arasında xx.xx.2015ci il tarixdə “Kredit müqaviləsi” bağlamışdır.

20. İddiaçı ilə Z.Qənbərova arasında notarial qaydada bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilədə qeyd edilmişdir ki, Z.Qənbərova iddiaçıdan 9.000 manat məbləğində pulu 1 ay müddətinə borc almışdır.

21. İddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış “Kredit müqaviləsindən” görünür ki, həmin müqavilədə qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan 12.500 manat məbləğində pulu 4 ay müddətinə borc almışdır.

22. İddiaçı ilə cavabdeh arasında xx.xx.2018-cı il tarixdə notarial qaydada bağlanmış “Kredit müqaviləsindən” görünür ki, həmin müqavilədə qeyd edilmişdir ki, cavabdeh iddiaçıdan 15.000 manat məbləğində pulu 4 ay müddətinə borc almışdır.

(ƏSASLANDİRİCİ HİSSƏ)

h) Məhkəmənin mövqeyi

23. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) bildirir ki, o, xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsini” iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) təkidi ilə, iddiaçının, aralarında olan iş münasibətlərindən istifadə edərək onu aldatması və ona edilmiş təsirlər nəticəsində bağlamışdır. Buna görə də, müqavilə Mülki Məcəllənin 339-cu maddəsinin tələblərinə zidd olduğu üçün etibarsız sayılmalıdır.

25. Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər (maddə 339.1.). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (maddə 339.2.). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (maddə 339.3.). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (maddə 339.4.).

26. Məhkəmə, cavabdehin istinad etdiyi və yuxarıda qeyd edilmiş maddi hüquq normasının tələblərini nəzərə alaraq qeyd edir ki, onun göstərdiyi əsaslarla müqavilənin (sazişin, əqdin) etibarsız hesab edilməsi üçün cavabdeh sübut etməlidir ki, o, iddiaçının onu aldatması və ona təsir etməsi nəticəsində müqaviləni bağlamışdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddələr 14.2. və 77.1.). Lakin sübut etmə yükü üzərinə düşən cavabdeh bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.

27. Məhkəmə bildirir ki, əqd o zaman etibarsız hesab edilə bilər ki, Mülki Məcəllədə nəzərdə tutulmuş şərtləri pozmaqla bağlanmış olsun və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmasın. İşin faktiki hallarından isə müəyyən olunur ki, tam fəaliyyət qabiliyyətli olan cavabdeh iddiaçı ilə xx.xx.2018-ci il tarixdə notariat qaydasında “Kredit müqaviləsi” bağlayarkən özünün sərbəst iradə ifadəsini nümayiş etdirmiş, müqaviləni imzalamışdır. Müqavilənin şərtləri kifayət qədər aydın və səlis şəkildə ifadə olunmuşdur.

28. Cavabdeh qeyd edilən xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsinin” etibarsız hesab edilməsi üçün onun arvadı Z.Qənbərova ilə iddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsinə”, onun özü ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada bağlanmış “Kredit müqaviləsinə”, habelə iddiaçının başqa şəxs ilə bağladığı “Kredit müqaviləsinə” istinad etsə də, bu kimi müqavilələrin mövcud olması iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsinin” cavabdehin aldadılması ilə bağlanmasına dəlalət etmir çünki, apellyasiya baxışı zamanı iş üzrə cavabdeh müqavilənin sonunda yazılmış “15.000 (on beş min) manat pulu aldım” cümləsinin şəxsən onun tərəfindən yazıldığını, azərbaycan dilini başa düşdüyünü, bu dildə sərbəst danışa və yaza bildiyini bildirdi. Odur ki, Məhkəmə, qeyd edilən həmin müqavilələri qarşılıqlı iddianın əsaslı olmasına dəlalət edən sübut kimi qəbul etmir.

29. Göstərilənlərə əsasən müəyyən edilir ki, qarşılıqlı iddia əsassızdır. Rayon Məhkəməsi qarşılıqlı iddianı əsassız hesab edərək təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

30. İş üzrə tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsi” cavabdehin bildirdiyi kimi etibarsız deyil.

31. Məhkəmə qeyd edir ki, “Kredit müqaviləsi” bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. “Kredit müqaviləsində” belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Borcverən olan iş üzrə iddiaçı “Kredit müqaviləsi” üzrə pulu borcalan olan cavabdehə təhvil vermiş və cavabdeh “Kredit müqaviləsinin” sonunda 15.000 manat məbləğində pulu aldığını yazmaqla borcun alındığı etiraf etmişdir. Bununla da, müqavilə bağlanmış hesab edilir.

32. Məhkəmənin mövqeyinə görə, borcverən olan iddiaçı cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi, yəni müqavilədə qeyd edilən pul məbləğini cavabdehə borc vermiş, borcalan olan cavabdeh isə, həmin pul məbləğini 6 ay ərzində qaytarmaq barədə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

33. Məhkəmə bildirir ki, Mülki Məcəlləsinin tələblərinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.).

34. Qeyd edilən maddi hüquq normalarının işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, borcalan olan cavabdeh kreditor olan iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün mülki məsuliyyət daşıyır. İlk iddia əsaslıdır. Rayon Məhkəməsi ilk iddianı əsaslı hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

35. Cavabdeh bildirir ki, ilk iddia üzrə iddiaçı ona qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” ilk iddia ilə Rayon Məhkəməsinə müraciət etsə də, bu kimi iddianın irəli sürülməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Buna görə də, ilk iddia hər bir halda təmin edilməməlidir.

36. İddiaçı isə bildirir ki, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” müddəti xx.xx.2018-ci il tarixdə bitmiş və o, “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” ilk iddianı 3 illik iddia müddəti çərçivəsində, yəni heç 2 il keçmədiyi zamanda məhkəməyə vermişdir.

37. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2.). Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 374.1.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2.). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (maddə 377.3.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2.).

38. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir.

39. İş materiallarından görünür ki, ilk iddia ərizəsi xx.xx.2020-ci il tarixdə, yəni 3 illik iddia müddəti çərçivəsində Rayon Məhkəməsinə verilmişdir.

40. Odur ki, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən ilk müzakirə edilən məsələnin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, ilk iddia üzrə iddiaçı iddia müddətini ötürməmişdir. Rayon Məhkəməsi bu nəticəyə gəlməkdə və 15.000 manat məbləğində pulu cavabdehdən iddiaçının xeyrinə tutmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin qətnamənin müzakirə edilən bu hissəsinə aid dəlili əsassızdır.

h) Apellyasiya baxışının nəticəsi

41. Beləliklə də, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

42. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

(NƏTİCƏVİ HİSSƏ)

45. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 aprel 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar