Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5117/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə (Açar sözlər: pulun depozitə qəbul edilməsi) Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Rasim Bəgülovun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pulun depozitə qəbul edilməsi vəzifəsinin üzərinə qoyulması tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(006)-1078/2022 saylı qətnaməsindən iddiaçı, həmçinin cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə 13 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2012-ci il tarixdə doğulmuşdur.
2. "xxxx" ASC ilə X1 mənafeyini təmsil edən İddiaçı arasında bağlanmış xx.xx.2014 tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilənin surətindən görünür ki, müqavilənin 1.3-cü bəndinə əsasən müqavilənin predmetinə uyğun olaraq, əmanətçi 1500 AZN məbləğində pulunu Banka müddətli depozitə qoyur. Bank isə həmin pulu Əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada Əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən Banka depozitə qoyulan pulun ona qaytarılması nəzərdə tutulmuşdur.
3. Həmin müqavilənin 1.6-cı bəndində əsasən uşaq 10 yaşına çatanadək depozit məbləği 100 (bir yüz) manat məbləğindən az olamamaq şərti ilə artırıla bilər.
4. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə ilə əmanətçiyə ödənilən faizlər illik 20,14% dərəcəsi ilə hesablanır və müddətin sonunda Əmanətçinin müvafiq bank hesabına köçürülür.
5. "xxxx" ASC-nin Nəsimi Filialının rəhbərliyinə X2 tərəfindən ünvanlanmış ərizəpretenziyanın surətindən görünür ki, ******************** saylı depozit hesabına onun tərəfindən vəsaitin ödənilərək artırılmasına bank tərəfindən maneələr yaradılmamasına göstəriş verilməsini xahiş etmişdir.
6. "xxxx" ASC-yə X2 tərəfindən ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, iddiaçı müqavilə öhdəliklərinə əməl edərək ******************** saylı depozit hesabına onun tərəfindən vəsaitin ödənilərək artırılmasına yaradılmış süni maneələrin aradan qaldırılması və pulun depozitə qəbul olunması üçün 3 gün ərzində üzərlərinə götürdükləri öhdəliyə əməl edilməsini bankdan xahiş etmişdir.
7. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış şikayət məktubunun surətindən görünür ki, iddiaçı uşaq əmanət (depozit) hesabı haqqında 03 dekabr 2014-cü il tarixli müqaviləyə uyğun olaraq ******************** saylı hesaba əmanətin qəbul edilməsi üçün Azərbaycan Beynəlxalq Bankına göstəriş verilməsini xahiş etmişdir.
8. "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına və İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, 04-15206/2021 saylı cavab məktubunun surətinə əsasən, Bank bildirmişdir ki, uşaq əmanəti müqaviləsi üzrə əmanətə vəsait əlavə edilməsi imkanı məhsulun bitmə müddətinə əsasən tənzimlənir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" ASCyə qarşı "pulun depozitə qəbul edilməsi vəzifəsinin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014cü il tarixli uşaq əmanət (depozit) müqaviləsi üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi öhdəliyinin, depozitə qəbul ediləcək məbləğə xx.xx.2021-ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 03 dekabr 2014-cü il tarixdə "xxxx" ASC-nin Nəsimi filialı ilə əmanətçi X1 adından onun mənafeyini təmsil edərək Uşaq əmənət (depozit) hesabı haqqında müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən ******************** saylı hesaba 1500 (bir min beş yüz) manat vəsait ödənilmişdir. Həmin Müqavilənin 1.6-cı maddəsində göstərilir ki, uşaq 10 yaşına çatanadək depozit məbləği 100 (bir yüz) manat məbləğindən az olamamaq şərti ilə artırıla bilər . İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilənin şərtlərinə uyğun olaraq depozit məbləğini artırmaq istəsə də, bankın əməkdaşları tərəfindən pul vəsaiti depozitə qəbul edilməmişdir. Bunun səbəbi ilə maraqlandıqda bankdaxili qərarın olması səbəbindən hesaba mədaxilin mümkün olmadığını bildirmişlər. İddiaçı xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə ərizə-pretenziya məktubları ilə müraciət etsə də bank tərəfindən cavab verilməmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. "xxxx" ASC Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoruna və iddiaçıya 30 noyabr 2021-ci il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, uşaq əmanəti müqaviləsi üzrə əmanətə vəsait əlavə edilməsi imkanı məhsulun bitmə müddətinə əsasən tənzimlənir. Həmin cavab məktubu ilə cavabdeh Azərbaycan Beynəlxalq Bankı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etmişdir.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, e-2(006)- 1078/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2014 tarixli Uşaq əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, depozitə qəbul ediləcək məbləğə xx.xx.2021-ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə öz qətnaməsini iddianın rədd edilməsi hissəsində onunla əsaslandırmışdır ki, depozitə qəbul ediləcək məbləğə xx.xx.2021-ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdeh "xxxx" ASCnin üzərinə qoyulması hissəsində iddiaçı tərəfindən həmin tarixdə onun Banka depoziti hansı məbləğdə artırmaq niyyəti ilə müraciət etməsini təsdiq edən əsaslı sübut təqdim edilməmişdir. Halbuki, bu hal ilə qətiyyən razılaşmırıq. Belə ki, məhkəmədə cavabdeh tərəfin nümayəndəsinin sorğusuna cavab olaraq iddiaçı tərəf bildirmişdir ki, 10000 (on min ) manat ödəmək istəmişlər və bu onların hüququdur, müqavilədə minimal məbləğ 100 manat nəzərdə tutulsada, maksimum məbləğ nəzərdə tutulmamışdır. Yəni iddiaçı istəsə 20000 manat da ödəyə bilər.
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə bankın sağlamlaşdırılma prosesi başlanmışdır. Həmin Fərmana əsasən sağlamlaşdırma prosesi keçən bankın maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün yüksək faiz xərclərinin azaldılması qarşıya qoyulan əsas məqsədlərdən biri olduğu üçün, bank iddiaçının əmanətə qoyulan məbləğini artırmaqdan imtina etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəflər arasında imzalanmış müqavilə şərtlərinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanının hüquqi əhəmiyyətinə fikir vermədən, iddia tələbini təmin etməklə qanuni əsası olmayan qətnamə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətilərinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
17. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
18. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
23. Maddə 430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
24. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
25. Maddə 944.2. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin.
26. Maddə 946.1. Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə, bank və ya depozit sertifikatı ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin.
27. Maddə 946.2. Bank əmanəti müqaviləsinin yazılı formasına riayət edilməməsi bu müqavilənin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsizdir.
28. Maddə 947.1. Bank əmanəti müqaviləsi əmanətin ilk tələb üzrə verilməsi şərti ilə (tələbli əmanət) və ya əmanətin müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra şərti ilə (müddətli əmanət) bağlanır. Müqavilədə əmanətlərin qanuna zidd olmayan başqa qaytarma şərtləri ilə də qoyulması nəzərdə tutula bilər.
29. Maddə 948.1. Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir.
30. Maddə 948.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bankın tələbli əmanətlər üçün ödənilən faizlərin miqdarını dəyişməyə ixtiyarı vardır. Bank faizlərin miqdarını azaltdıqda faizlərin yeni miqdarı faizlərin azaldılması haqqında əmanətçilərə məlumat verilənədək qoyulmuş əmanətlərə həmin məlumatın verildiyi andan bir ay keçəndən sonra tətbiq olunur, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın.
31. Maddə 948.3. Fiziki şəxs əmanəti müəyyən müddət qurtardıqdan sonra və ya müqavilədə nəzərdə tutulan hallar baş verdikdə qaytarılmaq şərtləri ilə qoyduqda əmanət üçün faizlərin bank əmanəti müqaviləsində müəyyənləşdirilmiş miqdarı bank tərəfindən birtərəfli qaydada azaldıla bilməz. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, bankın hüquqi şəxslə bağladığı bu cür bank əmanəti müqaviləsi üzrə faizlərin miqdarı birtərəfli qaydada dəyişdirilə bilməz.
32. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir.
33. Maddə 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir.
34. Maddə 951. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əmanətçinin əmanət üzrə hesabına dair lazımi məlumat göstərilməklə banka onun adına üçüncü şəxslərdən daxil olmuş pul vəsaiti əmanət üzrə hesaba daxil edilir. Həm də nəzərdə tutulur ki, əmanətçi həmin şəxslərdən pul vəsaiti almağa razılığını ifadə edərək, onlara əmanət üzrə hesaba dair lazımi məlumat vermişdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 6.2-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və yaqəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.
Apellyasiya baxışının hədləri
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməinin qətnaməsinin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, işin hallarından göründüyü kimi, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış xx.xx.2014 tarixli “Uşaq əmanət (depozit) hesabı haqqında” müqavilənin şərtlərinə əsasən depozit məbləğinin uşağın 10 yaşı tamam olanadək 100 (bir yüz) manat məbləğindən az olmamaq şərti ilə artırıla bilməsi nəzərdə tutmuşdur. Lakin cavabdeh bank müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək, depozit məbləğinin artırılmasından əsassız imtina etmişdir. Bu səbəbdən də tərəflər arasında bağlanmış uşaq əmanət (depozit) hesabı haqqında xx.xx.2014 tarixli müqavilə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi öhdəliyi cavabdeh "xxxx" ASCnin üzərinə qoyulmalıdır. İddia tələbi həmin hissədə əsaslıdır.
43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı depozitə qəbul ediləcək məbləğə xx.xx.2021-ci il tarixdən faizin hesablanması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması hissəsində təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddianın həmin hissəsi ilə bağlı iddiaçı tərəfindən həmin tarixdə onun Banka depoziti hansı məbləğdə artırmaq niyyəti ilə müraciət etməsini təsdiq edən əsaslı sübut təqdim edilməmişdir.
44. İddiaçının apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iş üzrə cavabdehin üzərinə qeyri-dəqiq vəzifələr qoyula bilməz.
45. Cavabdehin apellyasiya şikayətinə münasibətdə kollegiya bildirir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən bank öz üzərinə üzrə illik faiz dərəcəsinin 20,14 faiz olmaqla depozitə qəbul edilməsi öhdəliyini götürmüşdür. Həmin müqavilə "xxxx" ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 nömrəli Fərmanından öncə bağlanılmış, Bankın sağlamlaşdırılması üçün həyata keçirilən tədbirlər qeyd edilən müqavilə şərtlərinin icrasından imtina etməyə əsas deyildir, bu tədbirlər əmanətçilərin hüquqlarının pozulması ilə nəticələnməməlidir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
47. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1078/2022 saylı iş üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.