Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5118/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-742/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İ̇ddiaçı İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 8000 manat olan brilyant dəst (bir ədəd sırğa, üzük, sep, qolbaq), qızıl qolbaq - 650 manat, qızıl boyunbağı-800 manat, qızıl üzük-650 manat, cəmi 10100 dəyərində qızıl-zinət əşyalarının, əşya olmadıqda isə onların dəyərinin Cavabdeh alınaraq ona qaytarılması və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-742/2020 saylı, xx xxxxxx 2020ci il tarixli tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı həmin qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iş araşdırılmamışdır, qızıl-zinət əşyalarının qiyməti şişirdilmişdir, eyni zamanda iddiaçıda evin açarı olduğu üçün o evdə olmadığı vaxt iddiaçı həmin qızılları gəlib özü götürüb. Bu səbəbdən, işin yenidən araşdırılmasını, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı ilə 2017-ci il tarixdə ailə qurmuş və 2018-ci ilin avqustun 19-da iddiaçı evi tərk etmişdir. Evdən çıxanda o, hamilə olduğu üçün sabah anası ilə birlikdə həkimə gedəcəyini bildirmişdir. İddiaçı evdən çıxanda anasının aldığı qızılları və nişan üzüyünü özü ilə götürmüşdür. Həmin vaxtdan sonra isə iddiaçı zəng edərək qayıtmayacağını bildirmişdir. Daha sonra iddiaçının atası qızının əşyalarını götürmək üçün şərait yaradılmasını xahiş etmiş, onlar da imkan vermişlər, qohumları da gəlib iddiaçının paltarlarını və digər əşyalarını yığıblar. Eyni zamanda, evin açarından biri onda, biri isə iddiaçıda olmuşdur hesab edir ki, iddiaçı qızılların yerini bildiyi üçün gəlib qızıllarını özü götürüb. Bundan əlavə, rayon məhkəməsi qızıl-zinət əşyalarının dəyərini mütəxəssis rəyinə əsaslanmaqla müəyyən etmişdir ki, həmin qiymətin şişirdildiyini bildirdi. Bu səbəbdən, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili C.Talıbova apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, cavabdeh iddiaçının qızıl əşyalarını götürməsi barədə sübut vermədiyi üçün şikayət əsassızdır, eyni zamanda, cavabdeh birinci instansiya məhkəməsində həmin qızılları satdığını və təhsil haqqını ödədiyini bildirmişdir. Bu səbəbdən, şikayətin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan fotoşəkillərdən İddiaçı üzərində qızıl-zinət əşyalarının olduğu görünür. “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 0261/20/FS nömrəli “zinət əşyalarının qiymətləndirilməsinə dair mütəxəssis rəyi”ndən görünür ki, 1 ədəd 750 əyarlı qızı-brilyant dəst (sırğa, üzük, boyunbağı, qolbaq), hər birisi 585 əyarlı olmaqla 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl üzük olmaqla, 4 ədəd zinət əşyalarının ümumilikdə dəyəri 8830 (səkkiz min səkkiz yüz otuz) manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ümumi qəbul olunmuş qaydaya (adətə) görə ər evinə gəlin gedən qadınlar qızıl-zinət əşyalarını adətən ər evində saxlayırlar. Cavabdeh həmin qızıl-zinət əşyalarının mövcudluğunu mübahisələndirmir, lakin cavabdeh apellyasiya şikayətinin birinci dəlili kimi qeyd edir ki, iddiaçıda evin açarı olduğu üçün o, həmin qızıl-zinət əşyalarını özü gəlib evdən götürmüşdür. Hazırkı halda qızıl-zinət əşyalarının saxlanıldığı yerdən, yəni cavabdehin evindən aparıldığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili, yəni, iddiaçıda evin açarı olduğu üçün onun həmin qızıl-zinət əşyalarını özünün gəlib evdən götürməsi barədə dəlili ehtimala əsaslanır və cavabdeh həmin hala dair əsaslı, şübhədənkənar və təkzibolunmazlıqla bağlı tələblərə cavab verən sübut təqdim edə bilmir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin digər dəlili, yəni qızıl-zinət əşyalarının qiymətinin şişirdilməsi ilə bağlı qeyd edir ki, rayon məhkəməsi tərəfindən qızılzinət əşyalarının dəyərinin müəyyən edilməsi üçün ekpertiza təyin edilmiş və bununla bağlı “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 0261/20/FS nömrəli “zinət əşyalarının qiymətləndirilməsinə dair mütəxəssis rəyi”ndən görünür ki, 1 ədəd 750 əyarlı qızı-brilyant dəst (sırğa, üzük, boyunbağı, qolbaq), hər birisi 585 əyarlı olmaqla 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl üzük olmaqla, 4 ədəd zinət əşyalarının ümumilikdə dəyəri 8830 (səkkiz min səkkiz yüz otuz) manat təşkil edir. Beləliklə, rayon məhkəməsi tərəfindən araşdırma zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisəli qızıl-zinət əşyaları iddiaçı tərəfindən götürülməmiş və hal-hazırda cavabdehin sahibliyindədir, iddiaçıya hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları sonuncunun mülkiyyəti olmaqla, o həmin əmlak üzərində mülkiyyət hüququnun realizəsinə yaradılan hər hansı maneəni əgər həmin əmlak digər şəxsin onun iradəsinə zidd sahibliyindədirsə geri tələb etməklə həmin əmlak üzərində mülkiyyət hüququnun müdafiəsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən, müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı (qismən) təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-742/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5118/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5118/2020
30.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver