Məhkəmə qərarları › İş №2(103)-5118/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5118/2022

19.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5118/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1187/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, qardaşı oğlu X8 tərəfindən 2015-ci ildə xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və ona hədiyyə etdiyi Abşeron rayonu Fatmayı kəndində yerləşən 8 sot torpaq sahəsinin Cavabdeh tərəfindən 85.000 ABŞ dollarına satılaraq mənimsənildiyi pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 oktyabr 2010-cu ildə Cavabdeh ilə rəsmi nikah müqaviləsi bağlamışdılar. Nikahları Bakı Şəhəri Qaradağ rayonu qeydiyyat şöbəsində xx.xx.2010-cu ildə qeydiyyata alınmış və onlara 1 №-li 612635 №-li qeydiyyat haqqında şəhadətnamə verilmişdir. Birgə nikahlarından iki azyaşlı uşaqları var. Qardaşı oğlu X8 2015-ci ilə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Fatmeyi kəndində yerləşən 8 sot torpaq sahəsini ona hədiyyə etmişdir. Bu barədə Abşeron rayonu 2 saylı notariat kontorunun xüsusi notarisu X11 tərəfindən daşınmaz əmlakın bağışlanılmasına dair xx.xx.2015-ci il tarixdə müqavilə bağlanaraq reyesterdə 4Ə-№ ilə qeydi aparılmışdır. Müqavilədən göründüyü kimi notariat hərəkətlərin aparılması zamanı Cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən zaman ona verdiyi xx.xx.2013-cü il tarixli etibarnaməyə əsasən nümayəndəsi qismində iştirak etmişdir. Həmin torpaq sahəsi ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş çıxarışa əsasən tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. Arvadı Cavabdeh xx.xx.2013-cü il tarixdə ona verdiyi etibarnamə ilə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu Fatmayı kəndində yerləşən 8 sot torpaq sahəsini 2015-ci ilin sentyabr ayında 85.000 ABŞ dollarına vətəndaş X1. Tərəflər arasında torpaq sahəsininin alqı-satqısı müqaviləsi xx.xx.2015-ci il tarixdə Sumqayt “Asan Xidmət” mərkəzində notariat kontorunda rəsmiləşdirilərək reyestrdə 4Ə-29,19 №-ilə qeyd edilmişdir. Torpaq sahəsinin alqı-satqı müqaviləsindən göründüyü kimi torpağın alqı-satqısı zamanı satıcı tərəf olaraq onun əvəzindən nümayəndəsi qismində Cavabdeh iştirak etmişdir. Həmin dövrdə o, məhkum edildiyindən Cavabdeh onun tapşırığı ilə ona verdiyi etibarnamə əsasında ona məxsus olan torpaq sahəsinin satışından əldə edilmiş 85.000 ABŞ dollarından 23.000 ABŞ dollarını (47.000 manat) pulu bacısı X6 məxsus olan və "xxxx" ASC-də ipoteka ilə yüklü edilmiş və satılması üçün hərraca çıxarılmış Bakı şəhəri Nəsimi rayonuna 28 May küçəsi ev 14 mənzil 18 hərracdan satın almışdır. O, nümayəndəsi Cavabdeh tapşırmışdır ki, həracdan satın alınan həmin mənzili daşınmaz əmlakın dövlət reysteri xidmətində tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırsın. Cavabdeh ona məxsus olan pul vəsaiti hesabına hərracdan satın alınmış mənzili onun adına aldıracağına dair söz vermişdir. Cəzaçəkmə müssisələrində saxlanılan zaman hərracdan satın alınmış həmin mənzilin tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata olduğuna dair vəd vermişdir. Cavabdeh onun həyat yoldaşı olduğundan, o, onun verdiyi məlumata inanmışdı. Lakin, cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldıqdan sonra, yəni 20 noyabr 2020-ci ildə bilmişdir ki, Cavabdeh onun şəxsi pul vəsaiti ilə alınmış mənzili Daşınmaz Əmlakın Dövlət Reysterində ********** nömrə ilə xx.xx.2017-ci ilə dövlət qeydiyyatına tam mülkiyyət hüququ ilə öz adına qeydiyyata aldırmış və bu barədə Seriya RX № ******* nömrəli Çıxarış verilmişdir. Cavabdehin dediyinə görə o, pulun qalan hissəsini mənzilin təmirinə, bir hissəsini isə ailənin tələbatlarının ödənilməsinə xərcləmişdir. O, bunu bilən kimi, dərhal cavabdehdən tələb etmişdir ki, onun şəxsi pulu hesabına alınmış mənzili onun mülkiyyətinə qaytarsın, lakin cavabdeh onun pul vəsaiti hesabına almış əmlakını ona geri qaytarmaqdan imtina edir. Bununla da cavabdeh onun qanuvericilikdə təsbit edilmiş mülkiyyət hüququnu pozur. Cavabdeh bu cür qanundan kənar hərəkətləri barəsində artıq bir neçə məhkəmə qətnamələri mövcuddur. Bundan əlavə cavabdeh xəbəri və razılığı olmadan X5 ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsində formal olaraq daşınmaz əmlakın 15000 manata qiymətləndirilərək satıldığı göstərilmişdir. Hansı ki, cavabdehin özü həmin torpağı 85.000 manata satdığını və həmin pulun 47.000 manatını bacısının adına ipotekada olan Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 14 mənzil 18-in hərracdan çıxarılmasına verildiyini, bir hissəsini həmin mənzilin təmirinə bir hissəsinin isə övladlarının və özünün şəxsi ehtiyaclarını ödədiyini bildirmişdir. "xxxx" MMC tərəfindən torpaq sahəsinin xx.xx.2021-ci il tarixdə qiymətləndirilərkən bazar dəyəri 96.000 manat təşkil etdiyi, aşkar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1187/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh, tərəfimdən verilmiş 13 mart 2013-cü il tarixli etibarnamə ilə müəyyən edildiyi istiqamətdə (torpaq sahəsini 85.000 ABŞ dollarına satmaq və daha sonra torpaq sahəsinin satışından əldə edilmiş 85.000 ABŞ dollarından 23.000 ABŞ dollarına bacısı X6 məxsus olmuş ünvan 1 ünvanında yerləşən 14 saylı evin 18 saylı mənzilin hərrac vasitəsilə əldə edərək tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırmaq) hərəkət etməmiş, tapşırığı qəsdən vicdanla icra etmədiyi nəticəsində ona 85.000 ABŞ dolları məbləğində zərər dəymişdir. Qardaşıgillə münasibətim pis olsa idi, qardaşı oğlu ona torpaq bağışlamazdı. Məhkəməyə təqdim etdiyi mütəxəssis rəyindən də görünür ki, mübahisəli torpağın dəyəri 15.000 manat ola bilməz. Həmin əmlakın real dəyəri 96.000 manat təşkil edir. Bu isə ona dəlalət edir ki, cavabdehin niyyəti onu aldatmaq, pulunu mənimsəmək olmuşdur. Arvadı bacısına məxsus olan mənzili həqiqətən də hərracdan almışdır. Lakin, cavabdeh öz izahatında qeyd etdiyi pulun mənbəyinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə bu halda yalnız cavabdehin izahatı ilə kifayətlənir. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, guya satışdan əldə olunan pul vəsaitini onun həbsdə olduğu müddətdə ehtiyaclarına ödəmişdir. Bunu təkzib edən sübutu o, məhkəməyə təqdim etmiş, lakin, cavabdeh bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, məhkəmə bu məsələni araşdırmamişdı. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş heç bir sübutu və cavabdehin etiraf xarakterli izahatını nəzərə almamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1187/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və Cavabdeh gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı məhkəməyə teleqram və ərizə ünvanlayaraq səhətində olan problemlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəmə kollefiyasına təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1187/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Hazırki halda İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşıdıraraq aşağıdakı müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı CÇM-nin rəisi Murtuz Sadıxov tərəfindən verilmiş 13 mart 2013-cü il tarixli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə vermək, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və ya ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, təqdim etməyi, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi Cavabdeh 3 il müddətinə, xx.xx.2016-cı il tarixədək etibar etmişdir.(İ.vər. 78) İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2ində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi tam paylı mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 101 nömrəli vərəqində ********** nömrə ilə xx.xx.2015-ci il tarixdə qeydiyyat alınmışdır.(İ.vər. 25) İş materiallarında olan, Sumqayıt regional “ASAN xidmət” mərkəzi notariat ofisində Reyestrdə 4Ə-2919 № ilə qeyd edilmiş, AN-İ № ******* saylı, 13 sentyabr 2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, satıcı Cavabdeh (İddiaçı əvəzinə) mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona (onlara) məxsus hissəsindən göstərilən hissəni (hissələrini) alıcı X3 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 15.000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsini İddiaçı nümayəndəsi kimi Cavabdeh imzalamışdır.(İ.vər. 73 - 74) İş materiallarında olan, “ASAN xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu X9 tərəfindən "xxxx" ASC ASAN Sumqayıt şöbəsinə ünvanlanmış ərizəyə əsasən, notarius X5 tərəfindən notariat qaydasında təsdiq ediləcək daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə ödənilməli olan 15.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubuna əsasən Cavabdeh verilməsi üçün bankda olan AZ85MUGA**********02400AZM37 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir.(İ.vər. 85) İş materiallarında olan, xx.xx.2015-ci il tarixli mədaxil orderindən görünür ki, X5 tərəfindən xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən AZ85MUGA**********02400AZM37 hesabına 15.000 manat məbləğində pul köçürülmüşdür.(İ.vər. 82) İş materiallarında olan, "xxxx" MMC-nin Hərracın nəticələri haqqında Y-273 nömrəli protokolunun surətindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin sifarişi, "xxxx" MMC-nin təşkilatçılığı ilə 07 iyun 2017-ci il tarixdə X7 məxsus ünvan 1 14 saylı evin 18 saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzil ilkin satış qiyməti 77.000 manat və son qiymət 40903 manat olmaqla Cavabdeh satılmışdır.(İ.vər. 83) İş materiallarında olan, "xxxx" MMC tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin qiymətləndirilməsi barədə” xx.xx.2021-ci il tarixli hesabatın surətindən görünür ki, ünvan 2ində yerləşən 0,08 ha torpaq sahəsinin 26 avqust 2021-ci il tarixə olan bazar dəyəri 96.000 (doxsan altı min) manat təşkil edir.(İ.vər. 5 - 20) İşin mübahisəsis halları ondan ibarətdir ki, Cavabdeh İddiaçı tərəfindən verilmiş 13 mart 2013-cü il tarixli etibarnaməyə əsasən hərəkət edərkən iddiaçıya məxsus torpaq sahəsini xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirmiş, müqavilə tərəfləri torpaq sahəsinin 15.000 manata satılması barədə razılığa gəlmişlər. İddiaçı istinad etdiyi hallara görə isə, o, Cavabdeh özünə məxsus torpaq sahəsini satmaq və daha sonra torpaq sahəsinin satışından əldə ediləcək 85.000 ABŞ dollarından 23.000 ABŞ dollarına bacısı X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 14 saylı evin 18 saylı mənzilini hərrac vasitəsilə əldə edərək tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırmaq üçün etibarnamə vermişdir. İddiaçının bildirdikləri özü-özlüyündə əsaslı olduğu halda belə onunla cavabdeh arasında yaranmış münasibətlər tapşırıq müqaviləsinin dispozisiya şərtlərinə uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq hüquq münasibətlərini tənzimləyən 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Göründüyü kimi xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh (İddiaçı əvəzinə) ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsini alıcı X3 mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində satıcıya 15.000 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsini İddiaçı nümayəndəsi kimi (tərəfindən 3 il müddətinə verilmiş 13 mart 2013-cü il tarixli etibarnaməyə əsasən) Cavabdeh imzalamışdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini satarkən, tərəflər etibarlı ailə münasibətlərində olmuşlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik iddianın əsasını təşkil edən halların sübut edilməsi yükünü iddia edən tərəfin üzərinə qoyur. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiacı İddiaçı apelyasiya şikayətinin əsas dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə sübutetmənin bütünlüklə iddiaçının üzərinə qoyulması qanunun tələbindən irəli gəlməməklə, məhkəmənin əsassız nəticəyə gəlməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə üzrə verilmiş apelyasiya şikayətini nəzərə alaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan başqa iddiacı İddiaçı apelyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, o, Cavabdeh torpaq sahəsinin 15.000 manata yox, 85.000 ABŞ dolları məbləğinə satılmasına dair tapşırıq vermiş, həmin torpaq sahəsi həqiqətən də 85.000 ABŞ dolları məbləğinə satılmış, lakin bu pul Cavabdeh tərəfindən mənimsənilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır: sübutlar birlikdə dəyəndirilməlidir. Lakin, iddiacı İddiaçı apelyasiya şikayətinin həmin dəlillərini də təsdiq edən hər hansı mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmiş və bununla da Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan başqa iddiaçının apelyasiya şikayətinin dəlillərinə görə cavabdeh, onun tərəfindən verilmiş 13 mart 2013-cü il tarixli etibarnamə ilə müəyyən edildiyi istiqamətdə (torpaq sahəsini 85.000 ABŞ dollarına satmaq və daha sonra torpaq sahəsinin satışından əldə edilmiş 85.000 ABŞ dollarından 23.000 ABŞ dollarına bacısı X6 məxsus olmuş ünvan 1 ünvanında yerləşən 14 saylı evin 18 saylı mənzilin hərrac vasitəsilə əldə edərək tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırmaq) hərəkət etməmiş, tapşırığı qəsdən vicdanla icra etmədiyi nəticəsində ona 85.000 ABŞ dolları məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 778.2-ci maddəsinin tələblərinə görə tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, baş vermiş alqı-satqı nəticəsində Cavabdeh 85.000 ABŞ dolları məbləğinə əsassız olaraq varlandığı halı işdə olan sübutlara əsasən öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının “əldə edilmiş 85.000 ABŞ dollarından 23.000 ABŞ dollarına bacısı X6 məxsus olan ünvan 1 ünvanında yerləşən 14 saylı evin 18 saylı mənzilinin hərrac vasitəsilə əldə edərək tam mülkiyyət hüququ ilə onun adına qeydiyyata aldırmaq” məzmunlu tapşırığı ilə əlaqədar isə qeyd etmişdir ki, istinad edilən alqı-satqı müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış, müqavilənin bağlanması və iddiaçının adından edilməli olan digər hərəkələrin həyata keçirilməsi üçün cavabdehə verilmiş 13 mart 2013-cü il tarixli etibarnamənin müddəti 14 mart 2016-cı il tarixdə bitmişdir. Göründüyü kimi iddiaçının, müddəti 14 mart 2016-cı il tarixdə bitən 13 mart 2013-cü il tarixli etibarnamə ilə xx.xx.2015-ci il tarixdə torpaq sahəsinin satışı nəticəsində əldə ediləcək pul ilə 3 ildən sonra, yəni 07 iyun 2017-ci il tarixdə müvafiq icra sənədinə əsasən keçiriləcək açıq hərracda məhz 23.000 ABŞ dolları ilə iştirak etmək üçün tapşırığın verilməsinə istinadı ağlabatan deyildir. Belə ki, 2015-ci ildə tapşırıqları verən İddiaçı bankın məhkəməyə müraciət edəcəyini, tutmanın ipoteka predmetinə yönəldiləcəyini, ipoteka predmetinin 23.000 ABŞ dollarına satılacağını bilməsi həm ağlabatan, həm də inandırıcı deyildir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, hazırki işdə Cavabdeh tərəfindən etibarnamə ilə müəyyən edilmiş tapşırıqların düzgün icra olunmaması halları müəyyən edilməmiş, iddiaçının cavabdeh tərəfindən qəsdən və ya ehtiyatsızlıq səbəbindən tapşırığı vicdanla yerinə yetirilməməsinə dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Bundan başqa, İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsə də, məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, İddiaçı apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırda yoxlanılan hissədə faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1187/2022 saylı, 05 may 2022-ci il tariхli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1187/2022 saylı, 05 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar