Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5125/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-803/2023 nömrəli 19 aprel 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(010)-265/2021 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X12 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, X7 ilə X13 arasında olan nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X5 anası X2 yanında qalması, X8 xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(010)-949/2021 saylı qətnaməsi ilə X2 X12 qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması və ya həmin əşyalar olmadıqda dəyərin ödənilməsi tələbinə dair, X10 X4 qarşı əşyaların qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə, ilkin iddia qismən təmin edilmiş, X4 məxsus olan uşaq döşək dəsti, servis 3 dəst, çay dəsti (versace), meyvə qabı -2 lepkalı, 2 gümüş, 6 sadə, 5 gül qabı,qrafin 6 rumkalı, balaca lepkalı konfet qabı 2 ədəd, Bakal dəsti 12 ədəd, 2 stəkanlı su Qrafini, 6 stəkanlı qrafin, 3 ədəd çay dəsti, 12 ədəd çay stəkanı, 24 ədəd nəlbəki, 12 ədəd mürəbbə qabı, 12 ədəd konfet qabı, 12 ədəd bakal, 24 ədəd stəkan, 10 ədədpadnus, çamadan qaşıq dəsti, 50 ədəd qaşıq-çəngəl, 2 ədəd mərtəbəli qab, 7 ədəd şirniyyat qabı, 24 ədəd kasa, 12 ədəd duz qabı, 4 dəst qazan dəsti, 2 dənə qazan böyük, 5 ədəd ləyən, plasmas 10 ədəd, qaz peçi, moyka, ədviyyat qabı, 48 ədəd balaca boşqab sadə, 12 ədəd böyük, 2 ədəd çaydan, dəm çayniki, altı şamlı qab, lampa xrustal, kofe dəsti, 3 ədəd stol üstü saat, 1 ədəd divar saatı, palto 2 ədəd, gödəkçə 3 ədəd, pençək 3 ədəd, şalvar 10 ədəd, köynək 30 ədəd, paltar 20 ədəd, uşaq paltarları, ayaqqabı 20 çüt, çanta 10 uşaq məktəb ləvazimatı, kosmetika, bijuteriyalar, şərf 10 ədəd, yataq otağı mebeli, Qonaq otağı mebeli (2 skaf, 1 masa, 8 stul, 1 divan), uşaq otağı mebeli, (2 çarpayı, 1 dolab, kompüter stolu, 1 tumba), mətbəx mebeli, dəhliz qarderobu, xalça 3 ədəd böyük, 5 balaca, Soyuducu vestel, tozsoran Samsung, paltaryuyan indesit, soba, mikser, ətçəkən maşın, noutbook, pərdə 7 ədəd, mətbəx stolu, su daşı, döşək 5 ədəd, yorğan 6 ədəd, yastıq 14 ədəd, yataq örtüyü, yataq örtüyü uşaq üçün 2 ədəd, yun ədyal 2 ədəd, yataq örtüyü 3 ədəd, pastel dəsti 15 ədəd, əl-üz dəsmalı 15 ədəd, süfrə 7 ədəd, matras 3 ədəd, uşaq beşiyi 1 ədəd, 1 çılçıraq kiim cehiz əşyaları, brilyant qaşlı dəst (üzük sırğa) 1 ədəd (3500 manat), qızıl toy dəsti (boyunbağı sırğa üzük, qolbaq) 1 dəst (3200 manat), sırğa hədiyyə - 1 ədəd (450 manat), qızıl üzük – 1 ədəd, (150 manat), tək qaş üzük 1 dəst – (150 manat), X8 alınaraq X4 qaytarılması, birgə nikah dövründə əldə edilmiş televizorun dəyərinin yarısı – 350 manat məbləğində pul vəsaiti X8 tutularaq X4 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia təmin edilməsi, X12 məxsus olan 1 ədəd soyuducu İNDESİT markalı, 10 litrlik qədimi samovar, 1 ədəd qədimi 2*3 ölçüdə xalça, 1 ədəd xalça 8*1.2 ölçüdə, 1 ədəd altı yerlik stol, 1 ədəd stolüstü kompüter dəsti (monitor, klavitura, maus) əşyaları X1 alınaraq, X12 qaytarılması qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-3793/2022 saylı qətnaməsi ilə cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 949/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı cavabdeh X12 münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə saxlanılan brilyant qaşlı dəst (üzük sırğa) - 3500 manat; qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq) - 3200 manat; sırğa hədiyyə -1 ədəd - 450 manat; nişan üzüyü - 1 ədəd - 450 manat; qızıl üzük 1 ədəd -150 manat; tək qaş üzük 1 ədəd -150 manat olmaqla qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə X13 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanına gəlin köçmüşdür. Həmin mənzildə həyat yoldaşı ilə birlikdə Cavabdeh və qaynı Vüqar Abbasovla yaşamışlar. Birgə nikah dövründə ailə münasibətinə daxil olduqdan bir il sonra, yəni 2013-cü ildə Abşeron rayonu, 1 nömrəli X11 ərazisində yerləşən torpaq sahəsi almışlar və oranı təmir etdikdən sonra, həmin yeni ünvana köçərək orada yaşamışlar. Yeni ünvana köçdükləri zaman, öz qızıl zinət əşyalarını keçmiş qaynanası Cavabdeh saxlamış, belə ki, yeni köçdüyü evin yerləşdiyi ərazidə oğurluq halları tez-tez baş verdiyindən orada saxlanılması təhlükəli olmuşdur. Bu səbəbdən əsas qızıl-zinət əşyalarını saxlanılması üçün qayınanasına vermişdir. Daha sonra Azər Abbasovla münasibətləri kəskinləşmiş, xasiyyətlərində uyğunsuzluq yaranmış, bu da ailələrinin dağılmasına səbəb olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və xx.xx.2013-cü il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X6 iddiaçının yanında qalması müəyyən edilmişdir. Eyni zamanda iddiaçı o, keçmiş həyat yoldaşı X12 qarşı cehizlərin qaytarılması ilə birlikdə qızıl-zinət əşyalarının və ya həmin əşyalar olmadıqda dəyərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azər Abbasovdan o cümlədən qızıl-zinət əşyalarından qızıl toy dəsti (üzük, qolbağ, sırğa, sep) 3200 manat, brilyant qaşlı dəst hədiyyə (üzük sırğa) 1 ədəd 3500 manat, sırğa qızıl hədiyyə, üzük firuzə qaşlı (hədiyyə) nişan üzüyü 350 manat, qızıl üzük hədiyyə, tək qaş üzük hədiyyə, qızıl uşaq qolbağı 3 ədəd (hədiyyə) cavabdehdən alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-949/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək qızıl-zinət əşyaları hissəsində brilyant qaşlı dəst (üzük sırğa) 1 ədəd (3500 manat), qızıl toy dəsti (boyunbağı sırğa üzük, qolbaq) 1 dəst (3200 manat), sırğa hədiyyə - 1 ədəd (450 manat), qızıl üzük - 1 ədəd, (150 manat), tək qaş üzüyün 1 dəst - (150 manat), cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3793/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq Suraxanı Rayon Məhkəməsinin 2(010)-949/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, ilkin iddia tələbinin qızılzinətlə bağlı təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbinin qızıl-zinətlə bağlı cavabdeh X12 münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması və iddiaçıya əsl olan cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməsi qət etmişdir. Apellyasiya instansiya məhkəməsi bələ hesab etmişdir ki, hazırkı mülki işin materialları ilə də müəyyən olunur ki, iddiaçının ilkin iddia tələbi qızıl-zinət hissəsində əsl olmayan cavabdehə - X12 qarşı irəli sürülmüşdür, belə ki, rayon məhkəməsində işə baxılarkən də müzakirələr zamanı iddiaçı tərəf davamlı olaraq qızıl-zinət əşyalarının qayınanasında - Cavabdeh olmasını bildirmişdir. Eyni zamanda rayon məhkəməsində şahid kimi dinlənilmiş qayınanası Cavabdeh qızılları müvəqqəti saxladığını, lakin sonra qaytardığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş şahid Cavabdeh izahatında göstərmişdir ki, “qızıl toy dəsti almış, briliant qaşlı dəst olmamış, sırğa qızılı ad günündə vermiş, firuzə dəsti qızılı görmüş, amma qaynanasında olmamış, həri üzüyünü qaynanası almış, ama qaynanasında olmamış, qızıl üzük, tək qaş üzük qızıllar İddiaçı evində olub. Uşaq qolbaqlarını bibisi almışdır. Qalanları özündə olmuşdur. O biri qızıllar onun evində olub. Onda qalan qızılları getməkdən 1 ay əvvəl götürüb. Ayrı paketdə olub qızıllar. Cavabdeh heç bir şəkil göndərməmiş, qızılları gəlib özü götürmüşdür. Götürülən qızılların siyahısını Günel Hacıyevə özü yazmışdır. Siyahıdan qızılları götürmüşdür. Toy olanda verilən qızıllar Cavabdeh olmayıb. Komplekt almışdır. Gül sırğası alınmışdır. Ad günündə dəst qızıl almış, bacısı qızıl üzük alıb üstündə kəpənək. Qolbaq və sep də almışdır, qızılları götürəndə o yanında olmayıb. Şəkil çəkəndə də olmamış. Gəlib qoyub kağıza mücrüyə. Yaddaşla bağlı problemi var. Qızıllar hamısı bir yerdə idi. Gəlin Cavabdeh evinə gəlib gedirdi. Gəlinlə aralarında problem olmamışdır.” Cavabdeh əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verərkən etiraf etmişdir ki, həqiqətən də, İddiaçı yeni ünvana köçərkən ehtiyat üçün qızıl-zinət əşyalarını onda saxlamışdır, lakin sonra qızıl-zinət əşyalarını ondan götürmüş və bacısına vermişdir. Eyni zamanda götürdüyü qızılları siyahıya almış və həmin siyahını məhkəməyə təqdim etmişdir. Siyahıda göstərilən qızıllar iddia tələbinin predmetinə aid deyil. Belə ki, həmin siyahıda olan qızıllar Cavabdeh saxlanılan qızılların bir hissəsi olmuşdur və siyahının tutulmasında da əsas məqsəd o, olmuşdur ki, hansı qızıllar götürülüb və hansı qızılların cavabdehdə saxlanılmasını öz aralarında dəqiqləşdirsinlər.
6. "xxxx" MMC-nin 255/E saylı xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin müraciətinə əsasən qiymətləndirilmiş qızılların və əşyaların bazar dəyəri brilliant qaşlı dəst (üzük sırğa) 3500 manat, qızıl toy dəsti (boyunbağı sırğa, üzük, qolbaq) – 3200 manat, sırğa hədiyyə - 300 manat, nişan üzüyü – 450 manat, qızıl üzük – 150 manat, tək qaş üzük 150 manat, televizor (smart 123 ekran) – 700 manat, 2 ədəd çılçıraq – 80 manat dəyərləndirilir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 aprel 2023-cü il tarixli 2(010)-803/2023 nömrəli qətnaməsi ilə (hakim Rübabə Qafarova) iddia qismən təmin edilmiş, Cavabdeh brilyant qaşlı dəst (üzük, sırğa), qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), sırğa hədiyyə, qızılzinət əşyalarının naturada qaytarılması mümkün olmadıqda onların dəyəri olan olan 7150 manat məbləğində pulun alınaraq iddiаçı İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə göstərmişdir ki, iddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş və hər iki tərəfin iştirakı ilə tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən, həmçinin X21un, Günay Hacıyevanın ifadələrindən müəyyən olunur ki, iddia olunan qızıl-zinət əşyaları – brilyant qaşlı dəst (üzük sırğa), qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), sırğa hədiyyə, nişan üzüyü, tək qaş üzük mövcud olmaqla iddiaçı X4 məxsus olmuş, onun tərəfindən istifadə olunmuşdur. Siyahıda 5ci yerdə qeyd olunan 1 ədəd qızıl üzüyə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin üzüyün mövcud olduğuna dair hər hansı sübut təqdim etməmişdir.
9. Aprel ayında, iddiaçı Günel Abbasova bacısı Günay Hacıyevaya getdiyi toyda taxmaq məqsədilə ona məxsus və qaynanasında saxlanılan qızıl-zinyət əşyalarının bir qismini vermiş və bu barədə iddiaçı tərəfindən şəxsən qəbz yazılmışdır. Həmin qızıl-zinyət əşyalarını bacısı İddiaçı verməzdən əvvəl, iddiaçı öz bacısına qızılzinyət əşyalarında seçim etmək üçün Whatsapp yazışması elektron tətbiqi vasitəsilə onun özünə məxsus olan, cavabdehdə saxlanılan bütün qızıl əşyalarını fotoçəkiliş edərək, onların fotoşəkillərini göndərmişdir. Məhkəmə iddiaçının izahatına əsasən müəyyən edir ki, siyahıda dördüncü yerdə qeyd edilən nişan üzüyü iddiaçının özündədir. Mövcudluğu məhkəmə tərəfindən müəyyən edilən siyahıda 6-cı yerdə qeyd edilən tək qaş üzüyün isə cavabdehə saxlanca verilməsini tədqiq edilmiş fotoşəkillərə əsasən müəyyən etmək mümkün deyil.
10. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə yaşadığı evi yas yerinə rayona getmək məqsədilə tərk etmiş, həmin rayonda qalarkən telefonla cavabdehin oğlu olan keçmiş əri ilə mübahisəsi olmuş və ondan sonra yaşadığı evə qayıtmamışdır və hazırkı günə qədər övladları ilə birlikdə valideynlərinin evində yaşayır. İddiaçı cavabdehin oğlu ilə birgə yaşadığı evini tərk edəndə, daimi əsaslarla tərk etməsini, bir də qayıtmamasını və gələcəkdə cavabdehin oğlu ilə boşanmasını planlaşdırmamış, özü ilə cehiz əşyalarını və mübahisə predmeti olan qızıl-zinət əşyalarını götürməmişdir. Nə şəxsi əmlaklarını, nə də ki, qızıl-zinət əşyalarını götürmək imkanı olmadığından sonradan cavabdehin oğlu olan Abbasov Azərə qarşı iddia qaldıraraq ondan tələb etmişdir.
11. Məhkəmə vurğulamışdır ki, şahid Abbasov Azər ifadəsində “aprel ayında anasının ona iddiaçının qızılları götürdüyünü deməsini” bildirsə də, iddiaçı ilə keçmiş həyat yoldaşı (hazırki işdə şahid) X13 arasında avqust ayında aşağıdakı məzmunda telefon danışığı baş tutmuşdur: “Günel: paltarları yığacam, başqa da bir şey lazım deyil hələ ki.. Azər: Nizaminin də, sənin də veşlərini yığıb hamısını upakovkalayıb verəcəm sənə.. Günel: Mən razı deyiləm, sən evdə olanda gəlib özüm yığacam sənin nəyinə lazımdı..qızıllarımı da gətir..mümkünsə.. Azər: qızıllar..həə.. Günel: Qızıllar mamanda.. Azər: qızıllar.. hə..mamadadı.. Günel: üzüyünü götürə bilərsən.. Azər: Mən sənə başlayanda nə dedim gəl dost kimi da.. Günel: Mən sənə nə deyirəm ki, bir sey deyirəm?!..”. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 24 avqust 2020-ci il tarixdə aparılmış Whatsupp yazışmasında iddiaçının keçmiş həyat yoldaşı (hazırki işdə şahid) X13 qeyd edir ki: “Günel İrşaddan hər gün zəng eliyirlər, əgər ödəmirsizsə, mənim də imkanım çatmır. Qızılları sabah aparım satım, irşadı tam bağlıyım. Mənə sabaha bir cavab ver de, o meseleye görə Bakıya gəlmişəm.” Yuxarıda qeyd edilənlər qızıl-zinət əşyalarının saxlanılması üçün verilmiş cavabdehdən götürülmədiyini təsdiq edir.
12. Yuxarıda göstərilənlər məhkəməyə belə nəticəyə gəlməyə imkan verir ki, vindikasiya iddiasının 1-ci, 2-ci və 3-cü komponentləri hazırki işdə mövcuddur və işin halları ilə təsdiq olunur. Yəni, iddiaçı ona məxsus qızıl-zinət əşyalarına (brilyant qaşlı dəst (üzük, sırğa), qızıl toy dəsti (boyunbağı, sırğa, üzük, qolbaq), sırğa hədiyyə) faktiki sahiblikdən məhrum olmuşdur və iddiaçının sahibliyindən çıxmış həmin əşyalar cavabdehin faktiki sahibliyindədir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, sonuncu dəfə iddiaçı qızılları ondan tələb edəndə, iddiaçının oğlu Azər Abbasovla boşanma ərəfəsində olduğunu bilsə də, iddiaçıya qarşı pis rəftar etməmiş, ondan qızılları gizlətməmiş, iddiaçının ilk tələbi ilə qızılları ona vermiş, lakin siyahı da tərtib etdirmişdir ki, sonradan əsassız tələb irəli sürülməsin. Bundan əlavə, iddiaçının tələbi ilə saxlamaq üçün ona verilən 1000 manat pulu da iddiaçıya vermişdir. Belə olan halda, iddiaçıdan qızıl gizlətməsi, onu iddiaçıya vermək istəməməsi inandırıcı görünmür. İddiaçı özü də qızılları siyahı üzrə aldığını, əlavə olaraq 1000 manat pulu da aldığını etiraf etdiyinə görə, onun qızıllarının qalması ağlabatan deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. İddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
30. İddiaçı qızıl-zinət əşyalarını tələb etmişdir.
31. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.
32. Həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübut etmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı, qaytarılmasını tələb etdiyi qızıl-zinət və digər əşyalarının iddia ərizəsində göstərdiyi sayda olduğunu, həmin əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir (MPM-nin 14.2, 77.1 m.).
33. Məhkəmə kollegiyası nəzərə alır ki, tələb olunan qızıl-zinət əşyalarının mövcudluğu və iddiaçıya məxsus olması mübahisə doğurmamışdır.
34. İddiaçıya məxsus qızıl-zinət əşyaları təhlükəsizlik məqsədi ilə qayınanasına (hazırki iş üzrə cavabdehə) məxsus evdə saxlanılmışdır.
35. Bu əsasla iddiaçı hazırda qızıl-zinət əşyalarını qayınanasından tələb edir.
36. Cavabdeh isə bildirir ki, həmin qızıllar iddiaçı tərəfindən sıyahı tərtib olunmaqla aparılmışdır. Onda siyahıda göstərilənlərdən əlavə qızıl olmamışdır, hazırda da hər hansı qızıl onda qalmamışdır.
37. Müəyyən edilmişdir ki, aprel ayında, iddiaçı Günel Abbasova bacısı Günay Hacıyevaya getdiyi toyda taxmaq məqsədilə ona məxsus və qaynanasında saxlanılan qızıl-zinyət əşyalarının bir qismini vermiş və bu barədə iddiaçı tərəfindən şəxsən qəbz yazılmışdır. Həmin qızıl-zinət əşyalarını bacısı İddiaçı verməzdən əvvəl, iddiaçı öz bacısına qızıl-zinyət əşyalarında seçim etmək üçün Whatsupp yazışması elektron tətbiqi vasitəsilə onun özünə məxsus olan, cavabdehdə saxlanılan bütün qızıl əşyalarını fotoçəkiliş edərək, onların fotoşəkillərini göndərmişdir.
38. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı öz yaşadığı evdən yas yerinə rayona getmək üçün tərk etmişdir. İddiaçının rayona yas yerinə gedərkən qızıl-zinət əşyalarını özü ilə aparması inandırıcı və ağlabatan hesab edilmir.
39. X21 (iddiaçının keçmiş əri) ifadəsində “aprel ayında anasının ona iddiaçının qızılları götürdüyünü deməsini” bildirsə də, iddiaçı ilə Azər Abbasov arasında avqust ayında aşağıdakı məzmunda telefon danışığı baş tutmuşdur: “Günel: paltarları yığacam, başqa da bir şey lazım deyil hələ ki.. Azər: Nizaminin də, sənin də veşlərini yığıb hamısını upakovkalayıb verəcəm sənə.. Günel: Mən razı deyiləm, sən evdə olanda gəlib özüm yığacam sənin nəyinə lazımdı.. qızıllarımı da gətir.. mümkünsə.. Azər: qızıllar..həə.. Günel: Qızıllar mamanda.. Azər:qızıllar.. hə..mamadadı.. Günel: üzüyünü götürə bilərsən.. Azər: Mən sənə başlayanda nə dedim gəl dost kimi da.. Günel: Mən sənə nə deyirəm ki, bir sey deyirəm?!..”. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 24 avqust 2020-ci il tarixdə aparılmış Whatsupp yazışmasında Azər Abbasov qeyd edir ki: “Günel İrşaddan hər gün zəng eliyirlər, əgər ödəmirsizsə, mənimdə imkanım çatmır. Qızılları sabah aparım satım, irşadı tam bağlıyım. Mənə sabaha bir cavab ver de, o meseleye görə Bakıya gəlmişəm.”
40. Göründüyü kimi iddiaçının keçmiş əri ziddiyətli ifadələr verərək, əvvəlcə aprel ayında anasının, hazırki iş üzrə cavabdehin iddiaçının qızılları götürdüyünü ona bildirdiyini desə də, daha sonra avqust ayında özü iddiaçı ilə danışarkən qızılları aparıb satacağını bildirmişdir.
41. Buradan aydın olur ki, qızıllar həmin vaxt da cavabdehin saxlancında olmuşdur, yəni cavabdehin “iddiaçının siyahıda qeyd edilərək onda olan qızılları götürməsi” barədə dəlilləri bununla təkzib edilmişdir. Həmçinin cavabdeh tərəf qeyd etdiyi siyahını məhkəməyə təqdim edə bilməmişdir.
42. Belə olan halda Kollegiya hesab edir ki, məhkəməni gəldiyi nəticə düzgün olmuşdur, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-803/2023 nömrəli iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.