Məhkəmə qərarları › İş №2(103)-5125/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5125/2024

26.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5125/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququ, kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5 ünvanında yerləşən 3 otaqlı, yaşayış sahəsi 38,71 m2 olan 54 saylı mənzil Nəsimi rayon X9 İcraiyyə Komitəsinin verdiyi 032836 saylı xx.xx.1989-cu il tarixli order əsasında X5 verilmiş, orderdə onun özünün, əri X2, oğulları Cavabdeh1 və İddiaçı adları göstərilmişdir.

2. Cavabdeh1 ilə X3 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış, nikahdan sonra arvada “Muxtarova” soyadı verilmiş, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5 ünvanında yerləşən 54 saylı mənzilə gəlin köçüb orada yaşamağa başlamış, nikahlarından xx.xx.2012-ci il tarixdə Xədicə, xx.xx.2014-cü il tarixdə Maral adını verdikləri uşaqları dünyaya gəlmişdir.

3. Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında, X10, X11 və Cavabdeh1 isə ünvan 3 ünvanında qeydiyyatdadırlar.

4. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5 ünvanında yerləşən 54 saylı mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

5. Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5 ünvanında yerləşən 54 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir.

6. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5 ünvanında yerləşən 54 saylı mənzildə hazırda Cavabdeh1, Cavabdeh2 və onların övladları (Xədicə və Maral Muxtarovalar) yaşayırlar.

7. Həmin mənzil 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir, ümumi sahəsi 66,11 m , yaşayış sahəsi isə 38,71 m2 təşkil edir. 2

8. "xxxx" MMC-nin verdiyi arayışda göstərilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binalarının 9-cu mərtəbəsində orta təmirli 3 otaqlı mənzillərin (ümumi sahəsi 66,11 m2, yaşayış sahəsi 38,71 m2) orta aylıq kirayə dəyəri 15 avqust 2024-cü il tarixinə 450 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdeh1 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin və onun övladı - xx.xx.2014-cü il təvəllüdlü X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna 30 000 (otuz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Sonradan iddiaçının nümayəndəsi (vəkili) Cavabdeh2 da cavabdeh qismində göstərdiyi iddia ərizəsinə əlavə təqdim etmiş, Cavabdeh1 və övladı - xx.xx.2014-cü il təvəllüdlü X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna 30 000 (otuz min) manat kompensasiya ödənilməklə xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, övladları X4 və X6 mənzildən çıxarılmaları və Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənzilin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini dəqiqləşdirmiş, Cavabdeh1 və övladları - xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2014-ci il təvəllüdlü X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna 30 000 (otuz min) manat kompensasiya ödənilməklə xitam verilməsi və Cavabdeh1, Cavabdeh2, övladları X4 və X6 mənzildən çıxarılmaları, Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənzilin boşaldılıb ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur, mənzilə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsində qyediyyata alınmış və Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Mənzilin ümumi sahəsi 66.11 kv.m, yaşayış sahəsi isə 38.71 kv.m təşkil edir, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. İddiaçı ailəlidir və bir övladı vardır. Cavabdeh1 iddiaçının qardaşıdır və öz ailəsi-həyat yoldaşı və iki qızı ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilində yaşayır. Cavabdeh1 iddiaçının mülkiyyət hüquqlarını pozduğu üçün, iddiaçı ona məxsus yaşayış evindən tam istifadə edə bilməyərək, mülkiyyətinin üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnu həyata keçirə bilmir. Cavabdeh1 ailə üzvləri ilə birlikdə qanunda nəzərdə tutulmuş mülkiyyət hüquqlarını pozduğundan iddiaçı ona məxsus mənzildən kompensasiya verilməklə çıxarılmalarını və mənzilin boşaldılaraq ona təhvil verilməsini istəyir. Həmin ərazidə eyni şəraitli mənzilin kirayə haqqı 300 manat civarındadır və cavabdehə 30 000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməsi tamamilə ədalətlidir. Çünki cavabdeh ailə üzvləri ilə birlikdə həmin pul vəsaiti ilə 9-10 il müddətində həmin ərazidə eyni ilə hazırda yaşadıqları mənzillə eyni şəraitdə olan evdə kirayə qala və hətta 30 000 manatla ilkin ödəniş edərək mənzil ala bilər. İddiaçı dəfələrlə Cavabdeh1 ilə aralarında olan mübahisəni məhkəmədən kənar həll etməyə çalışsa da, bütün müraciətləri cavabsız qalmışdır və bu səbəbdən də məhkəməyə müraciət etmek məcburiyyətində qalmışdır.

13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5, 54 saylı mənzil 1989-cu ildə order əsasında yaşamaq üçün anasına və onun ailə üzvlərinə verilmiş, onun da həmin orderdə ad və soyadı yazılmış, həmin vaxtdan anası və atası ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. Hal-hazırda həmin mənzildə o, həyat yoldaşı və azyaşlı övladları ilə birlikdə yaşayır. İddiaçı isə artıq uzun müddətdir ki, o evdə yaşamır. İddiaçı ilk öncə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5, 54 saylı mənzili banka girov qoyaraq pul götürməyi ona təklif etmiş, sonradan isə mənzilin satılması və dəyərinin aralarında bölünməsi ilə bağlı özəlləşdirilməsini təklif etmişdir. Buna görə də mənzilin qardaşının adına özəlləşdirilməsinə etiraz etməmişdir.

15. Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 ilə 2010-cu ildə rəsmi nikaha daxil olaraq ünvan 3 ünvanında yaşamışdır, hazırda da həmin mənzildə həyat yoldaşı və azyaşlı övladları ilə birlikdə yaşayır. İddiaçı onlara təklif etmişdir ki, evi özəlləşdirib satsınlar və ev satılandan sonra əldə olunun məbləğin 30%-ni özü götürəcəyini, qalan hissəni isə onlara verəcəyini bildirmişdir. Buna görə də Cavabdeh1 öz qardaşına inanaraq evin onun adına özəlləşdirilməsinə etiraz etməmişdir. Lakin ev özəlləşdirildikdən sonra iddiaçı fikrini dəyişmiş, ev satıldıqdan sonra əldə olunan məbləğin 50%-ni onlara verəcəyini bildirmişdir. Hal-hazırda isə onlara 30 000 manat kompensasiya təklif edir. Onlar 30 000 manat kompensasiya ilə özlərinə heç bir şərait qura bilməzlər. Buna görə də iddia tələbinin rədd olunmasını xahiş edir.

16. Birinci instansiya məhkəməsinin 27 may 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunması, Cavabdeh1, onun övladları X4 və X6 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilinə dair istifadə hüququna İddiaçı tərəfindən 30 000 (otuz min) manat məbləğində kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi, Cavabdeh1, onun övladları X7 və X1 ödənilməsi və onların Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən istifadə hüququna xitam verilməsinin eyni vaxtda icra edilməsi, Cavabdeh1, onun övladları X4 və X6 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, 5 saylı evin 54 saylı mənzilindən çıxarılmaları və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir

17. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

17.1. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən mənzil 1989-cu ildə order əsasında yaşamaq üçün tərəflərin valideynlərinə verilmiş və həmin mənzil xx.xx.2023-cü ildə İddiaçı adına özəlləşdirilmişdir. Cavabdeh1 1989-cu ildən mübahisəli mənzildə yaşayır və onun həmin evə istifadə hüququ qüvvədən düşmüş Mənzil Məcəlləsinin tələblərinə əsasən yaranmışdır. Cavabdeh1 2010-cu ildə nikaha daxil olmuşdur. 2010-cu ildən həmin mənzildə digər Cavabdeh2 yaşamış və birgə nikahlarından iki övladları doğulmuşdur. Hal-hazırda həmin mənzildə cavabdehlər və onların iki azyaşlı övladları birgə yaşayır. Cavabdeh tərəf öz izahatında həmin mənzilin satılması ilə bağlı olaraq iddiaçı ilə razılaşdıqlarını və buna görə də mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. 17.2. İddiaçı tərəfindən məhkəməyə mütəxəssis rəyi təqdim olunaraq mübahisəli mənzil qiymətləndirilmiş və həmin mənzilin orta bazar qiyməti 84 300 manat təşkil etmişdir. Həmçinin həmin mənzilin fotoşəkilləri təqdim olunmuş və müəyyən olunmuşdur ki, mənzil orta təmirlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərin hazırkı yaşadıqları mənzilə yaranmış istifadə hüququnun əvəzləşdirilməsi kimi təklif olunan 30 000 manat kompensasiya ağlabatan və ədalətlidir.

18. Mövqeyini əsaslandırarkən məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, 149-cu, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü, 54-cü, Mülki Məcəllənin 135-ci, 139-cu, 140-cı, 141-ci, 152-ci, 157-ci, 228.1-ci, 228.2-ci maddələrinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokoluna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında "Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarlarına istinad etmişdir.

19. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətlərini, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığı, təklif olunan kompensasiya məbləğinin yetərsiz olduğu, kompensasiya məbləğinin iddiaçının təqdim etdiyi əsassız qiymətləndirmə rəyi əsas götürülməklə hesablandığı arqumentləri ilə əsaslandırmışlar.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

20. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz göndərilmiş, etirazda şikayətin əsassız olduğu, formal mülahizələrlə əsaslandırıldığı bildirilmişdir. Apellyasiya baxışı, izahatlar

21. Məhkəmə iclasında iştirak edən Fuad və Səbinə Muxtarov(a)lar apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

27. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

28. Maddə 4. Dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir.

29. Maddə 5. Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır.

30. Maddə 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

31. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

32. Maddə 87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

33. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

01 oktyabr 2009-cu il tarixindən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

34. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

35. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

36. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.

37. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

45. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 5 ünvanında yerləşən 3 otaqlı 54 saylı mənzil xx.xx.1989cu il tarixli order əsasında X5 ayrılmış, orderdə onun oğulları Fuad və İddiaçıların da adları qeyd edilmiş, Cavabdeh1la xx.xx.2020-cu il tarixdə nikaha daxil olan Cavabdeh2 (Süleymanova) həmin mənzilə gəlin köçüb orada yaşamağa başlamış, mənzil xx.xx.2023cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçirilmişdir.

47. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göndərilən sənədlərdən aydın olur ki, mənzil, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən İddiaçı adına özəlləşdirilmiş, özəllşmə zamanı Cavabdeh1 buna yazılı razılığını vermişdir.

48. Beləliklə, cavabdehlərə qarşı yönələn iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir.

49. Nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəlir və bu hüquqa xitam verilməsi zamanı elə kompensasiya ödənilməlidir ki, hüquq sahibinin mülkiyyətçinin hesabına müəyyən müddət daxilində başqa yerdə, istifadə hüququ olan mənzildəki şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən yerdə yaşamaq imkanı əldə etsin.

50. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin təklif olunan 30 000 manat kompensasiya məbləğinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə istifadə hüququ olan mənzilə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verdiyinə dair gəldiyi nəticə əsaslıdır.

51. Belə ki, həmin məbləğlə cavabdehlər təqribən 6 il müddətinə oxşar yaşayış sahəsi ilə təmin edilmiş olurlar, bu isə ağlabatan dövr kimi qəbul edilə bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehlər əmək qabiliyyətlidirlər və göstərilən müddət ərzində özlərinə məxsus yaşayış sahəsi əldə edə bilərlər. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği mənzilin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə mənzil almağın mümkün olubolmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1000/2024 saylı iş üzrə 27 may 2024-cü il tarixli qətnaməsi dəyişdirmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid olunsun. Qətnamədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar